Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3649/2025 22.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı nümayəndəsi (əri) Nümayəndə, Cavabdeh K.Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh K.Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbinə qarşı “əmrin ləğv olunması, işə bərpa, ödənilməmiş dövrə görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh K.Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbinə qarşı “əmrin ləğv olunması, işə bərpa, ödənilməmiş dövrə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh K.Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi vəzifəsində 13 ildir işləyir, işlədiyi ixtisas üzrə ümumi iş stajı 25 il təşkil edir. 04 mart 2025-ci il tarixdə .Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya komissiyasının qərarı ilə iddiaçının tutduğu vəzifəyə uyğun olmadığı qərara alınmışdır. Attestasiya komissiyasında iddiaçıya verilən suallar, komissiyanın şərtinə uyğun tələb edilən əsərlərin ifası, verilən tapşırıqlar iddiaçı tərəfindən tam dəqiq və yüksək profesionallıqla icra edilsə də, komissiya bunu nəzərə almamış və uzun müddət işlədiyi vəzifədən azad edilmişdir. Cavabdeh işəgötürən tərəfindən qəbul edilmiş attestasiya komissiyasının qərarı Əmək Məcəlləsinin 66-cı maddəsinin tələblərinə ziddir. Belə ki, həmin maddənin tələbində barəsində attestasiya keçirilməyən şəxslərin dairəsi müəyyən edilmişdir. Həmin maddənin 8-ci bəndinə əsasən eyni vəzifəsə (peşədə) azı 3 dəfə attetasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər attestasiya olunmayan işçilər kateqoriyasına aid edilir. İddiaçı hazırki attestasiyaya qədər 3 dəfə və daha çox attestasiyadan müvəffəqiyyətlə keçdiyi üçün onun barəsində qəbul edilmiş qərar ləğv edilməlidir. Göstərilənlər nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi xahiş edilir. Sübutların əldə edilməsi məqsədilə sorğunun verilməsi, cavabdeh tərəfdən müvafiq sənədlərin əldə edilməsi, iddiaçı tərəfin şəxsən məhkəmə iclasında iştirak etməsinin təmin edilməsi və işə baxan hakimin xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək əmək məzuniyyətin olması, bu səbəbdən məhkəmə iclasının təyin edilməsinin yubanması əsası ilə, mübahisəyə 2 aylıq prosessual müddət ərzində baxmaq mümkün olmamışdır. İddiaçı nümayəndəsi (əri) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh K.Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbinin nümayəndəsi X2 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh K.Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbinin 35 nömrəli 01 aprel 2025-ci il tarixli əmrinə əsasən müəyyən edilir ki, K.Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi İddiaçı 02 aprel 2025-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilsin və onunla bağlanmış əmək müqaviləsinə xitam verilsin. İş materiallarına əlavə edilmiş İddiaçı Attestasiya vərəqəsinə əsasən müəyyən edilir ki, İddiaçı Sumqayıt Orta İxtisas Musiq Məktəbini bitirmişdir. İxtisasartırmada iştirak etməmişdir. Ümumi stajı 25 il 5 ay, çalışdığı təşkilatda əmək stajı 13 il təşkil edir. Əvvəllər attestasiya keçirilməmişdir. Vərəqədə qeyd edilmiş 7 suala cavab verə bilməmişdir. İş materiallarına məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən İddiaçı barədə keçirilmiş attestasiyanın video görüntüləri təqdim edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı normalar çıxış edir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 64-cü maddəsi:
1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulan məqsədlə əmək şəraitindən asılı olmayaraq işəgötürən müvafiq normativ hüquqi aktla müəyyən edilmiş qaydada iş yerlərinin attestasiyasının keçirilməsini və attestasiyanın aparılması nəticələrinə dair sənədlərin surətinin 10 iş günü müddətində məlumat üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim olunmasını təmin etməlidir.
2. İşəgötürən müvafiq iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədi ilə, habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya texnologiyanın tətbiqi zamanı iş yerlərinin attestasiyasını keçirməlidir. Bu məqsədlə həmkarlar ittifaqları təşkilatının nümayəndələrindən, əməyin mühafizəsi xidmətlərinin və əməyin təşkili üzrə peşəkar mütəxəssislərdən ibarət iş yerlərinin attestasiyası komissiyası yaradılır.
3. İş yerlərinin attestasiyasının keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən normativ hüquqi aktla tənzimlənir. Əmək Məcəlləsinin 65-ci maddəsi:
1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.
2. Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər.
3. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz.
4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir.
5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. 5-1. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçi attestasiyadan keçirildikdə, idarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müəyyən edilən müvafiq vəzifəli şəxsi və ya struktur bölməsinin nümayəndəsi attestasiya komissiyasının iclasında iştirak etməlidir.
6. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır.
7. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər.
8. Bu maddə ilə müəyyən edilmiş işçilərin attestasiyası keçirilməsinin digər qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən normativ hüquqi aktla tənzimlənir. Qeyd: Bu Məcəllənin 65-ci maddəsinin 5-1-ci hissəsində və 187-ci maddəsinin 4-cü hissəsində “idarə, müəssisə və ya təşkilat” dedikdə, dövlət və bələdiyyə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları başa düşülməlidir. Əmək Məcəlləsinin 66-cı maddəsi: Aşağıdakı işçilərin attestasiyası keçirilmir: vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlilliyi müəyyən edilmiş işçilər; Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş işçilər; bir vəzifədə (peşədə) beş ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olan işçilər; hamilə qadınlar; uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); yaşı 18-dən az olan işçilər; bir vəzifədə (peşədə) faktik olaraq bir ildən az müddətdə çalışan işçilər; eyni vəzifədə (peşədə) azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər; kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan hallarda attestasiya olunmayan işçilər; Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilər; “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sertifikatlaşdırmaya cəlb edilən təhsilverənlər.[116] Əmək Məcəlləsinin 67-ci maddəsi:
1. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər.
2. İşəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər.
3. İş yerlərinin attestasiyasının keçirilməsi nəticəsində onların kütləvi şəkildə ixtisar edilməsi yolverilməzdir.
4. İş yerinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərin əmək müqavilələri ləğv edilə bilməz.
5. İşçilərin və iş yerlərinin attestasiya komissiyalarının qərarlarını qanunsuz, əsassız, qərəzli və qeyri-obyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilər.
6. Attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır. Əmək Məcəlləsinin 71-ci maddəsi:
1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Cavabdeh K.Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbinin 35 nömrəli 01 aprel 2025-ci il tarixli əmrinə əsasən, K.Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi İddiaçı 02 aprel 2025-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilsin və onunla bağlanmış əmək müqaviləsinə xitam verilsin. İşçi İddiaçı Attestasiya vərəqəsinə əsasən, İddiaçı Sumqayıt Orta İxtisas Musiq Məktəbini bitirmişdir. İxtisasartırmada iştirak etməmişdir. Ümumi stajı 25 il 5 ay, çalışdığı təşkilatda əmək stajı 13 il təşkil edir. Əvvəllər barəsində attestasiya keçirilməmişdir. Vərəqədə qeyd edilmiş 7 suala cavab verə bilməmişdir. Məhkəmə tərəfindən İddiaçı şəxsən məhkəmə iclasına dəvət edilmiş və xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə baxış iclasında izahatı alınmış, attestasiya ilə bağlı müvafiq suallara cavab vermişdir (iclasın audio-video qeydləri mövcuddur). Mülki işin mübahisəsiz hallarına əsasən İddiaçı Attestasiya vərəqəsində qeyd edilmiş sualların ən azı 4-nə cavab verə bilmədiyini qəbul etmişdir. O, bunu attestasiya keçirilən otaqda şəxslərin sayının çox olması və həyəcanlanmağı ilə izah etmişdir. Məhkəmə qeyd edir ki, göstərilən arqumentlər işçinin Attestasiya komissiyasının suallarına cavab vermək iqtidarında olmamağa əsas vermir. İddiaçının cavab verə bilmədiyi sualların mahiyyətinə baxaraq məhkəmə hesab edir ki, həmin suallar tələbə yetişdirən musiqi müəllimi üçün çətin suallar olmamışdır. Əksinə, həmin sualların cavablandırılmaması və ya verilmiş cavablar ixtisaslı şəxsin peşəkarlığı barədə sual doğurur. Borokko dövrünün bəstəkarları, romantik bəstəkarlar, Motsartın hansı məktəbin nümayəndəsi olması barədə suallar bura aiddir. Musiqi ilə maraqlanan ixtisassız şəxslər də həmin suallara cavab vermək iqtidarında ola bilərlər. İşçinin müəllim kimi öz işini yaxşı həyata keçirtməsi onun ixtisası üzrə müvafiq ixtisas biliklərinə malik olmamasına haqq qazandırmır. Əmək müqaviləsi üzrə işçi həm əmək funksiyalarını layiqincə həyata keçirtməli, həm də ixtisası üzrə biliklərə malik olmalıdır. Attestasiyanın məqsədi əmək kollektivinin peşəkarlığının və hazırlığının artırılması, qənaətbəxs biliyə malik olmayan şəxslərin işdən kənarlaşdırılması, ixtisaslı, savadlı yeni kadrların işə cəlb edilməsidir. Nəzərə alınmalıdır ki, iddiaçının işləmiş olduğu məktəb incəsənət, mədəniyyət baxımından cəmiyyətin aparıcı, həssas qurumlarındandır. İddiaçının Əmək Məcəlləsinin 66-cı maddəsinin təsiri altına düşməsi barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı əvvəllər 3 dəfə attestasiyadan keçdiyini bildirsə də, bu barədə əsaslı mülahizə təqdim etməmişdir ki, məhkəmə də həmin istiqamətdə araşdırma apararaq müvafiq materialların əldə edilməsi üçün sorğular hazırlasın. İşçi barədə işəgötürən tərəfindən müəyyən dioqnostik qiymətləndirilmələrin (sınaq, yoxlama və s.) aparılması attestasiya institutundan fərqləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi, mülki icraatda “formal həqiqət”in müəyyən edilməsi prinsipi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Əmək mübahisələrində sübutetmə yükü daha üstün və güclü tərəf olan işəgötürənin üzərində olsa da, hazırki mülki iş üzrə mülki işin mübahisəsiz halları cavabdehi müvafiq hissələrdə sübutetmə yükündən azad etmişdir. İddiaçı iddia tələbində göstərilən xüsusatları sübuta yetirə bilməmişdir. Məhkəmə yalnız mülki işdə olan sənədlər əsasında qərar qəbul etməyi zəruri hesab edir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara və proses iştirakçılarının izahatlarına əsasən yuxarıda qeyd olunan hüquqi əsaslar nəzərə alınmaqla hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Cavabdeh K.Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbinə qarşı “əmrin ləğv olunması, işə bərpa, ödənilməmiş dövrə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər.
Sədrlik edən: Fariz Əlizadə