Məhkəmə qərarları › İş №2(004)-3661/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3661/2021

22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3661/2021 22.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X12 qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili X16 oğlunun, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı “zaminlik müqaviləsinin ləğv edilməsi tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı “zaminlik müqaviləsinin ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X9 ilə "xxxx" Bank QSC arasında bağlanmış 11.12.2014-cü il tarixli 005R********** saylı kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi üçün onunla bağlanmış 11.12.2014-cü il tarixli zaminlik müqaviləsinin ləğv edilməsi, tərəfindən ödənilmiş 35.194 ABŞ dollarının və həmin məbləğin 5 il özündə saxlanıldığına görə illik 5 faiz olmaqla 8798.50 ABŞ dolları olmaqla, cəmi 43.992.50 ABŞ dollarının ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 05.12.2014-cü il tarixində qardaşı X9 tərəfindən Cavabdeh QSC ilə bağlanmış kredit və ipoteka müqavilələrinə və onun zaminliyi ilə 71000 ABŞ dolları məbləğində kredit götürülmüşdür. Kredit faktiki onun tərəfindən ödənilirdi. 2015-ci ildə baş verən devalvasiyaya qədər ödənişləri daim vaxtında etmişdir. Bankın əməkdaşları krediti manata çevirəcəklərini bildirərək ödənişləri davam etdirməyi məsləhət gördülər. 11.08.2015-ci ildə banka ödəniş qrafıkinə uyğun olaraq, yəni 3625 USD ödəmək məqsədilə yaxınlaşmış, bank əməkdaşı kreditləri manata çevirdiklərini və 975 USD ödəməyinin kifayət olduğunu bildirmişdir. Daha sonra 09.09.2015-ci ildə yenə krediti ödəmək üçün banka yaxınlaşmış, bank əməkdaşı 915 USD ödəməli olduğunu bildirmişdir, beləliklə, eyni sözlərlə aldadaraq 12.10.2015-ci ildə 4036 USD, 11.11.2015-ci ildə 3994 USD və 44.40 AZN ödəniş etmişdir. 10.12.2015-ci ildə 800 AZN almış və mənə bildirmişlər ki, kreditin manata çevrilməsi məsələsi artıq yekunlaşır. Xahiş etmişdir ki, manatla olan ödəniş qrafıki versinlər. Bank əməkdaşı sistemdə problem olduğunu, kreditlərin manata çevrilməsi ilə əlaqədar olaraq hələ ki müştərilərə ödəniş qrafıklərinin təqdim edə bilmədiklərini bildirdi. 2015-ci ilin sonunda ikinci devalvasiya vaxtı ödəniş etmək və ödəniş qrafıkini əldə etmək üçün yenə banka yaxınlaşmış, bankın əməkdaşları bildirmişdir ki, krediti manata çevirənədək heç bir ödəniş etməsin, belə ki, onsuz da heç kəs ödəniş etmir. Cavabdeh onu aldadaraq müqaviləni manatla deyil, ABŞ dollar ilə bağlamışdır. O da aldadıldığını 2015-ci ilin fevral ayında manatın devalvasiyasından sonra bilmişdir. Bununla yanaşı qardsaşı, maddi vəziyyətinin pisləşməsi ilə bağlı aidiyyəti qurumlara da rəsmi olaraq müraciətlər etmiş, lakin heç bir nəticəsi olmamışdır. Təsadüfi deyildir ki, tərəflər arasında bağlanmış müqavilələrdə tərəflərin hüquq və vəzifələri xüsusi qeyd olunsa da, üstünlük hüququ bankda saxlanılmış, ancaq hüquqları qeyd edilmiş, vəzifələri barədə heç bir müddəa yazılmamışdır. Əksinə kredit alanın isə ancaq vəzifələri göstərilmiş, hüquqlarının olması barədə heç bir bənd əlavə edilməmişdir. Bu hal onu göstərir ki, bank müqavilənin standart şərtlərini özü üçün vacib hesab edərək kredit alanın hüquqlarını kobud şəkildə pozmuşdur. Bundan başqa qeyd edir ki, qardaşı Rövşən Sultanovun iddia tələbi üzrə keçirilmiş məhkəmə proseslərinin nəticəsində sonradan ona məlum olmuşdur ki, iddiaçı Rövşən Sultanovun iddiası üzrə keçirilən məhkəmə prosesləri tamamilə saxtalaşdırılmış, yəni Rövşən Sultanovun da xəbəri olmadan ona məlum olmayan hallar baş vermişdir. Belə ki, ona sonradan məlum olmuşdur ki, qardaşının iddiası üzrə keçirilən məhkəmə proseslərində onun tərəfindən verilmiş vəsatətlər guya təmin edilməmiş, lakin iş materialları ilə tanış olan zaman məlum olmuşdur ki, onun vəsatətlərində qeyd etdiyi bütün sənədlər əslində tələb edilərək iş materiallarına əlavə edilmişdir və bütün bunlar da iddiaçının əleyhinə istifadə edilmişdir. Banka ödədiyi kreditlər barədə çıxarışı dəfələrlə istəməsinə baxmayaraq, bank heç bir sənəd təqdim etməmişdir. Kredit müqaviləsinə dəyişikliyin edilməsi yalnız zamin olaraq onun və borcalan X3 iştirakı ilə edilməli və imzalarla təsdiq edilməlidir, əks halda kredit müqaviləsinə hər hansı dəyişiklik edilə bilməz və reyestrə də məlumat ötürülə bilməz. Bu isə bank tərəfindən sənədlərin saxtalaşdırılmasıdır. Maliyyə Bazarlarına Nəzarət Palatasına kredit müqaviləsi ilə əlaqədar müraciət etdikdə onlar da həmin qanun pozuntusunu aşkar etdi, onların əməkdaşları bank ilə əlaqə saxlayaraq saxta sənədlə bağlı iradlarını bildirmişlər (lisenziyanın ləğv olunması ilə üzləşəcəklərini banka bildirmişlər) və bankın qanun çərçivəsində məsuliyyət daşıdığını onlara çatdırmışlar və yazılı surətdə 01.05.2017-ci il tarixində Palata tərəfindən Accessbankdan nə əsasa kredit müqaviləsinə dəyişiklik edildiyi barədə sorğu göndərdilər. Accessbank isə bir neçə gün sonra yəni 08.05.2017-ci il tarixində onlara və X8 X14 Tariyel İsmayılovun imzası ilə cavab məktubu göndərdi. Məktubda dəyişikliyin tərəflər arasında imzalanmış ödəniş qrafiki əsasında həyata keçirildiyi bildirilirdi. 13.11.2018-ci il tarixdə Maliyyə Palatasına yazılı müraciət etmişdir. Problemin həll olunduğu bildirilmiş, nə bankdan, nə də X2 hüquqlarını pozan dəyişdirilmiş kredit müqaviləsinin bir nüsxəsini ala bilməmişdir. Bank ona saxta 4036 USD məbləğində ödəniş cədvəli təqdim etmiş olsa da, X6 4031 USD məbləğində aylıq ödəniş cədvəli təqdim etmişdir. Bu isə dövlətdən yalnız onun adından hər ay 5 USD oğurlanması deməkdir. Bu hallar barədə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edilmiş və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən də müraciəti cavabsız qalmamış, Xidmət tərəfindən 06.04.2018-ci il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasından məsələnin dəqiqləşdirilməsi və məlumat verilməsi tələb edilmiş, lakin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin belə müraciəti cavabsız qalmış, məlumat gizlədilmişdir. Yuxarıda göstərilən faktlardan məlum olur ki. bank tərəfindən qanunsuz olaraq, özbaşına səkildə, birtərəfli qaydada veni müqavilə və qrafik tərtib edilmiş, həmin müqaviləni saxta olaraq guya X9 ilə bağlamış və o da, zamin olaraq guya müqaviləyə razılıq bildirmişdir. Belə bir hal olmamışdır. Belə olan halda bank tərəfindən bağlanmış veni müqavilə və öhdəliyə zamin durması mümkün olmamışdır. Bu səbəbdən zaminlik müqaviləsi etibarsız hesab edilməlidir. Həmçinin, zamin olaraq şəxsən tərəfindən, qəbzlərə imza edilməklə 35.194 ABŞ dolları pul banka ödənilmişdir. Buna səbəb həmin dövrdə devalvasiya olduğuna görə, pulu göttürən ödəniş qabiliyyətini itirmiş və zamin olaraq öhdəliyə kömək məqsədi ilə pullar ödəmişdir. Belə olan halda bank pulunu 5 il müddətində qanunsuz olaraq özündə saxladığına görə illik 5 faiz olmaqla cəmin ödədiyi pulun 5 ilə görə 25 faizi miqdarında əldən çıxmış fayda kimi pul ödəməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili X10 iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Ağamirov Mirağa iddia tələbini qəbul etməyərək, məhkəməyə verdiyi izahatında göstərdi ki, hazırki mübahisəyə birbaşa aidiyyəti olan qanuni qüvvəsini almış qətnamə var. Odur ki, hazırki tələb tamamilə əsassızdır. Cavabdehin nümayəndəsi iddia tələbinin əsassız hesab edilib, təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə AR Mülki Məcəlləsinin 385.1, 386.1, 390, 424-cü maddələrini rəhbər tutaraq, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1313/2017 saylı, 04.12.2017-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 cavabdeh "AccessBank” QSC-yə qarşı “müqavilələrin etibarsız hesab olunması” tələbinə dair iddiasının rədd edilməsi, iddiaçı Cavabdeh QSC-nin cavabdehlər X5, İddiaçı və X7ma qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiasının qismən təmin edilməsi, 46527,91 ABŞ dolları əsas borc, 9486,52 ABŞ dolları faiz borcu, 1000 ABŞ dolları cərimə borcu, cəmi 57014,43 ABŞ dolları, 61 manat məhkəmə xərcinin X4 və İddiaçı müştərək qaydada tutularaq “AccessBank" QSC-yə ödənilməsi, tutmanın İddiaçı məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 8E 25 nömrəli mənzilə yönəldilərək, həmin mənzilin açıq hərracdan satılması, ipoteka predmetinin ilkin satış qiymətinin 110.000 manat məbləğində müəyyən edilməsi qət ediimişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.02.2019-cu il tarixli, 2(103)- 2206/2019 saylı qətnaməsi ilə iddiaçı X3 apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04.12.2017-ci il tarixli qətnaməsi iddiaçı X5 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20.09.2019-cu il tarixli, 2(102)-5291/2019 saylı qərarı ilə iddiaçı X3 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.02.2019-cu il tarixli, 2(103)-2206/2019 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti qismən təmin edilmiş, qətnamə cərimə borcuna dair hissədə dəyişdirilmiş, cərimə borcu 300 ABŞ dolları məbləğində müəyyən edilmiş, qətnamənin digər hissəsi dəyişdirilmədən saxlanılmışdır. Mülki prosessual qanunverciliyinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Hazırda İddiaçı müvafiq zaminlik müqaviləsinin ləğv olunması tələbi ilə məhkəməyə müraciət etsə də, məhkəmə qanuni qüvvəsini almış qətnamə ilə qanuniliyi və hüquqi nəticələri tanınan müqavilənin ləğv edilməsini məqbul saymır. Məhkəmənin gəldiyi qənaətə görə, hazırki mülki iş üzrə verilmiş iddia tələbi əsassız və qanunsuz olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı “zaminlik müqaviləsinin ləğv edilməsi tələbinə dair” iddia tələbi təmin edilməsin. İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar