Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3685/2022 12.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Sadıqov Cəlil Cəfərbala oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 Seyran oğlunun, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29.000 (iyirmi doqquz min) manat borc məbləğinin və dövlət rüsumu üçün ödənilmiş 174 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o mebel istehsalı ilə məşğul olur. Elə həmin fəaliyyət növü ilə məşğul olan Cavabdeh ilə 2021-ci ilin iyun ayında tanış olmuşdur. Tanışlıqdan bir neçə vaxt sonra onunla cavabdeh arasında söhbət əsnasında cavabdeh mebel sənayesində istifadə olunan dəzgahı iki ay müddətində onun istifadəsində olan sexdə işlək şəkildə quraşdırmağı öhdəsinə götürmüşdür. Qeyd olunan dəzgahın ümumi dəyərinin 33.500 manat olmaqla qiymətlənməsinə dair aralarında şifahi olaraq razılaşma əldə edilmişdir. xx.xx.2021-ci il tarixdə şifahi razılaşmaya əsasən nəzərdə tutulmuş 33.500 manatın 29.000 manatını müxtəlif yerlərdə şahidlərin yanında cavabdehə nəğd şəkildə ödəmişdir. Eyni zamanda cavabdeh göstərilən müddət ərzində dəzgahı təhvil verməyəcəyi halda ödənilən məbləği tam şəkildə qaytaracağına söz vermişdir. Şifahi razılaşmada nəzərdə tutulan 2 ay müddət başa çatsa da cavabdeh müəyyən bəhanələr gətirərək gah Bakı şəhərində olmadığını, gah da dəzgahı yaxın günlərdə quraşdıracağı bəhanəsi ilə görüşməkdən yayınmışdır. Sonuncu dəfə Cavabdeh 2021-ci ilin noyabr ayında onunla görüşmək və borcunu 10 gün ərzində qaytarmaq istədiyini bildirmişdir. Bununla bağlı onlar arasında telefon danışıqları olmuş, həmin danışıqlar zamanı cavabdeh özü həqiqətən borcunun olduğunu etiraf etmişdir. Lakin cavabdeh vədinə əməl etməmiş, hətta cavabdeh onunla əlaqələrini kəsərək onun telefon zənglərini cavabsız qoymuşdur. Bu səbəbdən o, ilkin olaraq xx.xx.2021-ci il tarixində DİN-nin 102 xidmətinə və xx.xx.2021-ci il tarixdə Sabunçu rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin aidiyyəti orqanlar tərəfindən ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. O, verilmiş suallara əsasən bildirdi ki, mebel istehsalı ilə məşğul olan tanışı X2 vasitəsi ilə Cavabdeh ilə tanış olmuşdur. Cavabdehlə onun arasında hər hansı yazılı müqavilə bağlanmamışdır. Onlar arasında 2021-ci ilin may ayında əldə edilmiş şifahi razılaşmaya əsasən o, cavabdehə ona mebel istehsalında istifadə edilməsi üçün zəruri olan dəzgahın düzəldilməsi müqabilində ilkin ödəniş olaraq ümumi məbləğin 60-70% həcmində pul verməli, dəzgahın dəyərinin qalan hissəsini isə təhvil verildikdə tam ödəməli idi. Onlar ümumilikdə dəzgahın dəyərini 33.500 manata razılaşmışlar. xx.xx.2021-ci il tarixdə o, 28.000 manat pulu bir neçə dəfəyə hissə-hissə olmaqla tam şəkildə cavabdehə ödəmişdir. Qalan 4500 manatı isə cavabdehin zəhmət haqqı kimi razılaşdıqlarından, həmin məbləği dəzgah tam şəkildə təhvil verildikdən sonra ödəməyi nəzərdə tutmuşlar. Bununla yanaşı razılaşmaya görə cavabdeh dəzgahın düzəldilməsi ilə bağlı zəruri olan materialları onun verdiyi pulun müqabilində özü təmin etməli idi. Cavabdehin ona verdiyi məlumata görə materiallar xarici ölkələrdən sifariş edilmişdi. Lakin həmin materialların haradan, necə və hansı məbləğdə sifariş edilməsi barədə məlumatı olmamışdır. Onun məhkəməyə sübut olaraq təqdim etdiyi videogörüntülərdə cavabdeh ondan 28.000 manat aldığını təsdiq etmişdir, qalan 1000 manatı isə o, cavabdehə videoçəkilişdən sonrakı tarixlərdə ödəsə də, buna dair sübutu məhkəməyə təqdim edə bilmir. Çünki ödənişlər edərkən cavabdehdən ona inandığı üçün qəbz tələb etməmişdir. İddiaçı həmçinin izahatında qeyd etmişdir ki, cavabdehin icranı gecikdirməsi səbəbiylə o, artıq mebel sexinin fəaliyyətini dayandırmış və cavabdehə düzədilməsi sifariş edilən dəzgaha münasibətdə marağı itmişdir. Əlavə olaraq o, cavabdeh haqqında maraqlandıqda öyrənib bilmişdir ki, cavabdeh onun tanışı X1 da bu formada aldadıb pulunu mənimsəmişdir. Göstərilənlərə əsasən iddiaçı tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 Seyran oğlu iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının vəkili izahatında bildirdi ki, işin faktiki hallarından göründüyü kimi tərəflər arasında mülki hüquq münasibətləri podrat müqaviləsinə əsasən yaranmışdır. Podrat müqaviləsinə əsasən cavabdeh sifarişçiyə zəruri olan malın hazırlanması üçün materialları özü təmin etməli idi. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və 2021-ci ilin sentyabr ayında qeydə alınmış videogörüntülərdən göründüyü kimi, tərəflər mebel sexi üçün zəruri olan dəzgahın hazırlanmasını ümumi olaraq 33.500 manata razılaşdırmışlar, həmin tarixə qədər isə artıq 28.000 manat iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. İddiaçının bildirdiyinə görə o, əlavə 1000 manatı cavabdehə sonrakı tarixlərdə ödəmişdir. Həmçinin tərəflərin razılaşmasına görə ilkin olaraq dəzgahın ümumi məbləğinin 60-70% hissəsinin cavabdehə ödənilməsi, qalan məbləğin, yəni ustanın zəhmət haqqı olan 4500 manat məbləğin isə dəzgah iddiaçıya tam şəkildə təhvil verildikdən sonra iddiaçı tərəfindən cavabdehə ödənilməsi, sifarişin iki ay müddətində icra edilməsi ilə bağlı tərəflər razılaşmışlar. Pulun ödənilməsindən artıq bir ildən artıq müddət keçməsinə baxmayaraq cavabdeh dəzgahı iddiaçıya təhvil verməmiş, bununla da razılaşmaya əsasən müəyyən edilmiş iki aylıq müddət ərzində öhdəliyinin icrasını təmin etməmişdir. Öhdəliyin icrası iddiaçı tərəfindən tələb edilməsinə baxmayaraq cavabdeh icradan imtina etmişdir. Hazırda isə iddiaçının dəzgaha marağı itdiyindən ödənilmiş pul vəsaitinin cavabdeh tərəfindən geri qaytarılmasını tələb edir. Bundan başqa, məhkəmə baxışı zamanı cavabdeh ilkin izahatında ümumiyyətlə dəzgahın düzəldilməsi ilə bağlı iddiaçıdan sifariş götürmədiyini, yalnız mövcud dəzgahın təmirinə görə, yəni lampasının dəyişdirilməsinə görə təxmini olaraq 1300-1500 manat aldığını, həmin vəsaiti isə qeyd olunan materiala sərf etdiyini bildirmişdir. Daha sonra isə iddiaçının təqdim etdiyi videogörüntü tədqiq edildikdən sonra cavabdeh çıxılmaz vəziyyətdə qalıb borcunu qismən etiraf etməklə, guya dəzgahın hazır olduğunu və iddiaçının öz öhdəliyini tam icra etməməsi səbəbiylə onun icranı gecikdirdiyini bildirmişdir. Halbuki, işin faktiki hallarından göründüyü kimi, 2021-ci ilin sentyabr ayında artıq razılaşdırılmış ümumi məbləğin 60-70%-dən artıq hissəsi iddiaçı tərəfindən tam ödənilib. Dolayısı ilə iddiaçı öz öhdəliyini tam icra edib. Həmin vaxtdan isə artıq uzun müddət keçibdir. Eyni zamanda cavabdeh məhkəməyə gömrük sənədlərini sübut olaraq təqdim etsə də, işin faktiki halları ilə görünür ki, o, özü dəzgah, avadanlıq hazırlanması işi ilə məşğul olur. Onun sexində bir çox dəzgahı vardır. Hansı materialın hansı sifarişçinin dəzgahı üçün sifariş verildiyini müəyyən etmək mümkün deyildir. Bütün bunlar göstərir ki, cavabdeh qeyri-səmimi izahatlar verməklə onun verdiyi məlumatlar həqiqəti əks etdirmir. Həmçinin bildirir ki, Sabunçu rayon Polis İdarəsində cavabdeh ifadə verməyə gələndə, o, pulu aldığını etiraf etmiş və pulu qaytaracağını bildirmişdir. Bundan başqa, cavabdehin başqa şəxslərlə də oxşar məsələ ilə əlaqədar problemləri yaranmışdır. Belə ki, şahid X2 özü də izahatında cavabdehlə narazılıqlarının olmasını bildirmişdir. Beləliklə, iddiaçının vəkili iddia tələbinin əsaslılığı məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, məhkəməyə təqdim olunmuş sübutlarla təsdiq olunduğundan təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh ilkin izahatında iddia tələbinə etiraz edərək bildirmişdir ki, o, iddiaçı tərəfindən iddia edilən dəzgahın düzəldilməsi ilə bağlı sifariş götürməmiş, yalnız mövcud dəzgahın təmirinə görə, yəni lampasının dəyişdirilməsinə görə təxmini olaraq 1300-1500 manat almış, həmin vəsaiti isə qeyd olunan materiala sərf etmişdir. Ona görə də iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Növbəti məhkəmə iclaslarında iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntü tədqiq edildikdən sonra Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, qeyd olunan videogörüntü 2021-ci ilin sentyabr ayında qeydə alınmışdır. Həqiqətən də o, iddiaçının sifarişi əsasında mebel istehsalı üçün dəzgah düzəltməyi öhdəsinə götürmüşdür. Onlar ilkin olaraq dəzgahın dəyərini 38.000 manata, ilkin ödəniş olaraq 60-70% hissəsinin ödənilməsi ilə bağlı razılığa gəlmişlər. Lakin sonradan iddiaçı dəzgahın baha olmasını əsas gətirdiyindən son olaraq 33.500 manata, icra müddətini isə ödəniş olduqdan sonra iki ay müddətinə razılaşmışlar. Çünki o, materialları xarici ölkələrdən sifariş etdiyi üçün ona minimum 2 ay müddət lazım idi. Razılaşdırılmış 33.500 manatın 4500 manatı onun zəhmət haqqı kimi nəzərdə tutulmuşdur. Sözügedən 38.000 manat məbləğində pula razılaşma ilə bağlı isə qeyd edir ki, onlar həmin məbləğ barəsində danışanda onun 70%-nə dair razılığa gəlmiş, lakin sonradan iddiaçı bildirmişdir ki, onların pulu yoxdur, ona görə də onun zəhmət haqqını ayrıca, materialları isə ayrıca verəcəklər. O da razılaşmış, materialları alıb-gətirmələrini, ondan sonra avadanlığı hazırlayıb təhvil verəcəyini bildirmişdir. Həmin materialların alınması, gətirilməsində o da onlara kömək etmişdir. Beləliklə, razılaşmışdılar ki, onlar pulu tam ödədikdən və materialları tam təhvil verdikdən 2 ay sonra dəzgah təhvil veriləcəkdir. Lakin sentyabr ayında çəkilmiş videodan da aydın olur ki, onlar həmin vaxt ödənişi tam etməmişdilər və elə həmin gün verdikləri pulla gedib 1 ay gömrükdə qalan materialları götürmüşdür. Bundan başqa qeyd edir ki, iddia ərizəsi verilməmişdən qabaq o iddiaçı ilə telefon vasitəsilə danışaraq, ona dəzgahın hazır olduğunu, ona görə də gəlib götürməsini və ona 4.500 manat ödəniş edilməsini bildirmişdir. Lakin onlar gəlib dəzgahı təhvil almamış və pulu ödəməmişlər. İddiaçı ona demişdir ki, dəzgah artıq ona lazım deyil, ona heç bir pul ödəməyəcəkdir, yalnız dəzgahı sexə qoyub işlək vəziyyətə gətirdikdən sonra pulunu ödəyəcəkdir. Halbuki, yalnız tam ödəniş olunduğu təqdirdə onun həmin dəzgahı aparıb onların sexinə qoyacağına dair əvvəlcədən razılaşmışdılar. Bundan başqa cavabdeh qeyd etmişdir ki, iddiaçı ondan Sabunçu rayon Polis İdarəsinə şikayət edəndə, dəzgah tam hazır olmuş, sadəcə onun kiçik bir detalı – dəmir döşəkcəsi çatışmamışdır. O, həm iddiaçının özünə, həm də polis orqanında izah etmişdir ki, həmin sonuncu materialın qoyulub dəzgahın tam hazır olması üçün 2.000 manat pul çatışmır. Hətta sonradan onu o, özü almış və dəzgahı tam hazır etmişdir. Daha sonra da həm iddiaçıya, həm də onun qohumu olan Vüqar adlı şəxsə zəng edərək dəzgahın tam hazır olmasını bildirmişdir. Beləliklə, iddiaçının özünün ödənişləri gecikdirməsi və öhdəliyini tam icra etməməsi səbəbindən sifariş vaxtında icra edilməmiş və gecikmişdir. Həmçinin nəzərə alınmalıdır ki, sözügedən materiallar xüsusi olaraq Çindən gətizdirilmişdir və onların ölkəyə idxalı bir neçə ay müddətə çəkə bilir. Belə olan halda, həmin materiallar olmadan razılaşdıqları kimi 2 ay ərzində dəzgahın təhvil verməsi mümkün ola bilməzdi. Bundan başqa, iddiaçının göstərməsinə əsasən onun Rövşən adlı şəxslə narazılığı olmamışdır. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil1 iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, cavabdeh aldığı 28.000 manat məbləğində pulun hamısını dəzgahın hazırlanması üçün zəruri olan materiallara xərcləmişdir. Dəzgahın tam hazır olub, təhvil verilməməsinin səbəbi təxminən 500-600 manat əlavə xərclərin tələb olmasıdır. Sonuncu dəfə iddiaçı 1400-1500 manat lampaya pul vermişdir, həmin lampa artıq dəzgahın üzərinə quraşdırılmış vəziyyətdədir. Cavabdehin məhkəməyə təqdim etdiyi əlyazma ilə olan qeydlərdən görünür ki, iddiaçı cavabdehə xx.xx.2021-ci il tarixdə 17.500 manat, daha sonra xx.xx.2021-ci il tarixdə 6.000 manat ödəniş etmişdir. Aralarındakı ilkin danışığa əsasən, məbləğ 38.000 manat olmuşdur. Həmin məbləğin 60-70%-ni ödəməklə dəzgahın təhvil verilməsinə dair razılığa gəlmişlər. Lakin daha sonra 33.500 manata razılığa gələndə cavabdeh bildirmişdir ki, həmin məbləğin 60-70% ilə avadanlığı düzəldə bilməyəcək, çünki pulun böyük bir hissəsi elə təkcə avadanlığın qiyməti edəcəkdir. Həmçinin iddiaçı tərəfindən 2021-ci ilin sentyabr ayında qeydə alınmış gizli videoçəkiliş zamanı, dəzgaha lampa hələ quraşdırılmamış və həmin gün iddiaçı tərəfindən pul ödənildikdən sonra cavabdeh materialları gedib gömrükdən götürmüş və quraşdırmışdır. Məhkəməyə təqdim edilmiş fotoşəkillərdə də dəzgahın hazır versiyası göstərilmişdir. Bundan başqa, cavabdeh iddiaçıdan aldığı bütün pulu yalnız dəzgahın hazırlanmasına və onun materiallarının alınmasına sərf etmişdir. Hazırda dəzgahın tam hazır olması üçün kiçik məbləğ qalmasına baxmayaraq iddiaçı tərəf qalan pulu ödəməkdən imtina etmişdir. Belə ki, hazırda iddiaçının dəzgaha marağının itməsi səbəbindən onun pulu ödəməkdən imtina etməsi cavabdehin öhdəliyini pozması kimi qiymətləndirilə bilməz. Hətta cavabdeh iddiaçı ilə danışıqlarında təklif etmişdir ki, iddiaçı dəzgahı cavabdehin icarəyə götürdüyü sexdə təhvil ala və zəhmət haqqını isə hissə-hissə ona ödəyə bilər. Lakin iddiaçı bu şərtlərlə də razılığa gəlməyərək qalan pulu ödəməkdən imtina etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, iddiaçı onun qardaşıdır. Qardaşı mebel istehsalı ilə məşğul olmuş, son dövrlər işləri yaxşı getmədiyi üçün birlikdə həmin işə sərmayə qoyaraq inkişaf etdirmək qərarına gəlmişlər. İlkin olaraq isə dəzgahı yeniləməyi qərara almışlar. Onlara Cavabdeh nömrəsini qardaşının uzun müddətdir tanıdığı Rövşən adlı şəxs vermişdir. Onlar cavabdehlə ilk öncə telefon vasitəsilə, daha sonra isə görüşüb danışmışlar. Görüşə cavabdeh özünün idarə etdiyi "Cadillac Escalade" minik markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə və tanımadığı bir nəfər şəxslə birlikdə gəlmişdir. Bu zaman qardaşının yanında onunla birlikdə oğlu da olmuşdur. Danışıqlar zamanı onlar cavabdehlə dəzgahın hazırlanmasını 33.500 manata razılaşmışlar. Cavabdeh iki ay ərzində yeni bir dəzgah hazırlayıb onlara verəcəyini bildirmişdir. İlkin olaraq 29.000 manat ödəməyi, qalan 4500 manat olan zəhmət haqqını isə dəzgah təhvil veriləndə ödəməyi razılaşmışlar. 29.000 manat məbləği onlar müxtəlif vaxtlarda qardaşı və oğlu ilə birlikdə görüşüb vermişlər. Cavabdeh isə razılaşmada nəzərdə tutulan 2 ay müddət başa çatsa da, dəzgahı hazırlamamış və söz verdiyi kimi pulu onlara qaytarmamışdır. Daha sonra cavabdehlə əlaqə saxlamaq mümkün olmadığından onlar Sabunçu rayon Polis İdarəsinə müraciət etmişlər. Verilmiş suallara əsasən şahid bildirmişdir ki, 2021-ci ilin sentyabr ayında qeydə alınmış videogörüntüdəki danışıqlarda o da iştirak etmişdir. Həmin vaxt cavabdeh 28.000 manat pulu almasını qəbul etmişdir. Danışıqlardan da görünür ki, artıq pulun ödənilməsindən 2-3 ay vaxt keçməsinə baxmayaraq cavabdeh öhdəliyini icra etməkdən yayındığı üçün ondan tam icranı tələb etmişlər. Lakin cavabdeh işlərin tamamlanması üçün əlavə 1000 manat istədiyindən, sonuncu 1000 manat vəsait cavabdehə videoçəkiliş qeydə alındıqdan sonra verilmişdir. Bütün bunlara baxmayaraq cavabdeh tərəfindən öhdəliyin razılaşdırılmış müddətdə gecikdirməsi səbəbindən onlar sexdəki fəaliyyətlərini dayandırmışlar. Belə ki, dəzgah olmadığından onların fəaliyyəti faktiki dayanmış vəziyyətdə olduğu üçün gəlir əldə etməmiş, buna baxmayaraq icarə haqqı ödəmək məcburiyyətində qalmışlar. Bu səbəbdən də tamamilə işi dayandırdıqlarından sifariş verilmiş dəzgaha maraqları itmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirmişdir ki, fərdi qaydada mebel istehsalı sahəsində çalışır və tərəfləri iş fəaliyyəti ilə bağlı tanıyır. Belə ki, iddiaçıya yeni dəzgah lazım olduğu üçün onun xahişi ilə usta kimi tanıdığı Cavabdeh ilə tanış etmişdir. Lakin tərəflər arasında aparılan danışıqlarda iştirak etməmişdir, ona görə də cavabdehin iddiaçıdan nə qədər pul almasını bilmir. Yalnız iddiaçının söhbətlərindən eşitmişdir ki, 29000 manat pul verilib. Eyni zamanda, bu sahədə çalışdığı üçün hesab edir ki, bu tip dəzgahların ümumi dəyəri 20.000-30.000 manat aralığında dəyişir. Bu isə dəzgahın funksionallığından asılıdır. Şahid həmçinin onunla da cavabdeh arasında dəzgahın təhvil verilməsi ilə bağlı narazılıqların olmasını təsdiq etdi. Məhkəmə tərəflərin və şahidlərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarında olan sənədləri araşdırıb, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Sabunçu rayon Polis idarəsinə ünvanlanmış müraciəti əsasında Sabunçu RPİ-nin 15-ci PB-nin sahə inspektoru Rafael Məmmədov tərəfindən tərtib edilmiş arayışdan müəyyən edilir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə polis idarəsinə müraciət edərək Cavabdeh ilə birlikdə dəyəri 33.500 manat olan dəzgahın hazırlanaraq quraşdırılması üçün 2 ay müddətinə razılaşmalarını, lakin hazıradək vədinə əməl etməməsini və pulunu qaytarmamasını bildirmişdir. Araşdırma zamanı həmin məlumatın mülki xarakterli olmasını müəyyən edərək məhkəməyə müraciət edilməsi izah edilmişdir. İddiaçı işə əlavə edilmiş Sabunçu RPİ-nə ünvanlanan xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, o, cavabdehə 29.000 manat verdiyini bildirmişdir. Həmçinin işə əlavə edilmiş Nəsimi RPİ-nin 20-ci PB-nin xx.xx.2021-ci il tarixli qərarından müəyyən edilir ki, İddiaçı müraciəti əsasında aparılan araşdırma nəticəsində cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan və məhkəmənin sorğusuna əsasən Sabunçu RPİ-nin 15-ci PB-nin və Nəsimi RPİ-nin 20-ci PB-nin verdiyi cavab məktublarından müəyyən edilmişdir ki, aparılan araşdırmalar zamanı Cavabdeh izahatları alınmamışdır. Lakin iddiaçı tərəfindən məhkəməyə sübut olaraq təqdim edilmiş flaş kartdakı xx.xx.2021-ci il tarixdə gizli olaraq qeydə alınmış videogörüntü məhkəmə baxışı zamanı tədqiq edildikdə, cavabdeh görüntüdəki şəxsin özü olmasını təsdiq etmişdir. Həmçinin cavabdeh görüntülərdə aparılan danışıqlardakı qeyd olunan 28.000 manat pul vəsaitinin onun tərəfindən iddiaçıdan alınmasını etiraf etmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilir ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn mülki hüquq münasibətləri yaranmışdır. Həmçinin tərəflərin izahatlarına və digər sübutlara əsasən müəyyən edilir ki, tərəflərin arasında işin mübahisəsiz halları aşağıdakılardan ibarətdir: iddiaçı tərəfindən mebel istehsalı üçün zəruri olan dəzgahın hazırlanması məqsədilə cavabdehə 28.000 manat pul vəsaiti ödənilmişdir. Tərəflər dəzgahın ümumi dəyərini 33.500 manata razılaşmışlar. Həmçinin öhdəliyin iki ay müddətinə icra edilməsi, ilkin olaraq dəzgahın ümumi dəyərinin 60-70%nin, dəzgah təhvil verildikdən sonra isə qalan məbləğin cavabdehə ödənilməsi ilə bağlı razılığa gəlmişlər. Həmçinin işin faktiki halları ilə müəyyən edilir ki, dəzgahın hazırlanması üçün zəruri olan materiallar cavabdeh tərəfindən təmin edilməlidir. Hazırda iddiaçı iddia edir ki, cavabdehin öhdəliyini gecikdirməsi səbəbiylə onun icraya marağı itmiş, ona görə də onun tərəfindən cavabdehə ödənilməsi iddia edilən 29000 manat pul vəsaitinin tam şəkildə qaytarılmasını tələb edir. Cavabdeh iddia edir ki, iddiaçı tərəfindən öhdəlik tam icra edilmədiyindən onun tərəfindən icra gecikdirilmişdir. Hazırda isə verilmiş sifariş əsasında dəzgah tam hazır vəziyyətdə olmasına baxmayaraq iddiaçı icranı təhvil almaqdan imtina edir. İddiaçının tələbi əsassız olduğundan rədd edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.5-ci maddəsinə görə Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 443.6-cı maddəyə görə Əgər əlavə müddətin təyin edilməsinin hər hansı nəticə verməyəcəyi aydındırsa və ya zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan dərhal istifadəyə hər iki tərəfin mənafeləri əsas götürülməklə haqq qazandıran xüsusi hallar mövcuddursa, əlavə müddət təyin edilməsi zərurəti yoxdur. 443.7-ci maddəyə görə Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 445.1-ci maddəyə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəyə görə aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.8-ci maddəyə görə kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır. 447-ci maddəyə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2-ci maddəyə görə aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. 447.3-cü maddəyə görə aşağıdakı hallarda müqavilədən imtina yolverilməzdir: 447.3.1. öhdəliyin pozuntusu cüzi olduqda; 447.3.2. öhdəliyin pozulması üçün tamamilə və ya əsasən kreditorun özü məsuliyyət daşıdıqda; 447.3.3. öhdəliyin qarşısında borclu tərəfindən artıq irəli sürülmüş və ya müqavilədən imtina edildikdən dərhal sonra irəli sürüləcək qarşılıqlı tələb olduqda. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı mebel istehsalı ilə məşğul olur və Cavabdeh ilə 2021-ci ilin iyun ayında tanış olmuşlar. Tanışlıqdan bir neçə vaxt sonra aralarında cavabdeh mebel sənayesində istifadə olunan dəzgahı iki ay müddətində onun istifadəsində olan sexdə işlək şəkildə quraşdırmağı öhdəsinə götürərək dəzgahın ümumi dəyərinin 33.500 manat olmaqla qiymətləndirilməsinə dair aralarında şifahi olaraq razılaşma əldə etmişlər. İddiaçı xx.xx.2021-ci il tarixinə şifahi razılaşmaya əsasən nəzərdə tutulmuş 33.500 manatın 28.000 manatını cavabdehə nəğd şəkildə ödəmişdir. Eyni zamanda cavabdeh göstərilən müddət ərzində dəzgahı təhvil verməyəcəyi halda ödənilən məbləği tam şəkildə qaytaracağına söz vermişdir. Şifahi razılaşmada nəzərdə tutulan müddət başa çatsa da cavabdeh borcunu ödəməkdən yayınmışdır. Bununla da onun təqsirli hərəkətləri nəticəsində icra gecikdirilmişdir. İşin hallarını və iş materiallarına əlavə olunmuş sənədləri araşdırıb, həmçinin şahidlərin ifadələrini də nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən 28.000 manat məbləğində pul vəsaitinin tutulması hissəsində əsaslıdır. Belə ki, iddiaçı cavabdehə əlavə olaraq 1000 manat ödəniş etməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Ona görə də, 28.000 manat məbləğində pul vəsaitinin tutulması hissəsində iddia tələbi təmin olunmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdeh məhkəmədə irəli sürdüyü dəlillərə dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Eyni zamanda cavabdehin məhkəmə verdiyi ilkin izahatında iddia tələbini rədd etməsi və videogörüntü tədqiq edildikdən sonra 28.000 manat pulun alınmasını etiraf etməsini məhkəmə onun öhdəliyinin icrasında imtinası kimi qiymətləndirir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin irəli sürdüyü dəlillər əsassız olmaqla rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 28.000 manat məbləğində pul vəsaiti və 174 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 28.174 (iyirmi səkkiz min yüz yetmiş dörd) manat tutularaq İddiaçı xeyrinə ödənilməli və iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216- 220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 28.000 manat məbləğində pul vəsaiti və 174 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 28.174 (iyirmi səkkiz min yüz yetmiş dörd) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-3685/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3685/2022
12.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver