Məhkəmə qərarları › İş №2(004)-3691/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3691/2020

10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3691/2020 10.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 7300 manat pulun və və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, hovuz, su nasosları və sair kimi avadanlıqların alqı-satqısı ilə məşqul olur və Cavabdeh2 ilə bir neçə dəfə birlikdə iş görmüşdür. Digər Cavabdeh1 da Cavabdeh2 vasitəsilə tanımışdır. Cavabdeh2 2019-cu ilin mart-aprel aylarında ondan götürdüyü 9200 manat dəyərində müxtəlif avadanlıqlar 1 ay ərzində sataraq pulunu ona qaytarmalı idi. Cavabdeh2 cəmi 1900 manat məbləğində ödəniş etdikdən sonra Cavabdeh1 onunla tanış edərək, qalan mallara görə 7300 manatın onun tərəfindən ödəniləcəyini və Vüqara görə zamin durduğunu bildirmişdir. Aralarında olan razılaşmaya əsasən cavabdehlər 7300 manat məbləğində pulu xx.xx.2019-cu il tarixdə tam qaytarmağı öhdələrinə götürmüşlər. Dəfələrlə cavabdehlərdən malların və ya pulun qaytarılmasını tələb etsə də, 1 ildən çox vaxtın keçməsinə baxmayaraq, cavabdehlər borcun yaxın vaxtlarda qaytarılması barədə dəfələrlə vədlər versələr də, borcun qaytarılmasından yayınmışlar. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək, Cavabdeh2 cavabdeh qismindən çıxarılmasını, 7300 manat pulun və və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 məhkəməyə ərizə təqdim edərək iddianı qəbul etmiş, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Cavabdeh1 İddiaçı Cavabdeh2 tərəfindən götürülmüş mallara görə borclu qaldığı 7300 manatı qaytarmağı öhdəsinə götürsə də, üzərinə düşən öhdəliyi pozmuş, bu günə kimi borcu qaytarmamışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilib iş materiallarına əlavə edilən ərizədən görünür ki, o, iddiaçıya 7300 manat məbləğində borcunun olmasını etiraf etmişdir. Prosessual qanunvericiliyin tələblərinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh1 7300 manat məbləğində borc və 30 manat dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh1 7300 (yeddi min üç yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar