Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3698/2024 05.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Xudayev Kərim Bahəddin oğlu, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsinin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, “1. 1991-ci il oktyabrın 18-dək Azərbaycan SSR Nazirlər Soveti yanında “X1 Mühafizə edən Baş İdarə (“Qlavlit”) ittifaq - respublika tabeliyində olan, ancaq dövlət büdcəsindən maliyyələşdirilən dövlət orqanı - yuxarıda göstərilən tarixdən sonra isə 1998-ci ilə qədər (idarənin adı dəyişilmişdir) Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mətbuatda və digər kütləvi informasiya vasitələrində X2 edən Baş İdarə - respublika tabeliyində olan, ancaq dövlət büdcəsindən maliyyələşdirilən dövlət orqanı – olmuşdur. 2. ”Qlavlit”-in və “Baş İdarə”-nin redaktorlarının, baş redaktorlarının hamısı həmin idarənin aparatında işləmişlər. 3. “Qlavlit”-in və “Baş İdarə”-nin yeganə fəaliyyətini - senzura fəaliyyətini - bilavasitə həyata keçirən, senzura funksiyasını yerinə yetirən mütəxəsisslər - həmin idarədə işləmiş redaktorların və baş redaktorların hamısı olmuşdur“ hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1944-cü ildə anadan olmuşdur. Ali təhsili var. S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini bitirmiş, ixtisası iqtisadçıdır. 1972-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında mətbuatda və digər kütləvi informasiya vasitələrində X2 edən Baş İdarədə (bundan sonra “Qlavlit”-də), 18 oktyabr 1991-ci ildən isə (idarənin adı dəyişmişdir) Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mətbuatda və digər kütləvi informasiya vasitələrində X2 edən Baş İdarədə (bundan sonra “Baş İdarə”- də redaktor, baş redaktor, 1-ci dərəcəli redaktor vəzifələrində 6 avqust 1998-ci ilə kimi işləmişdir. 2005-ci ildən sabiq dövlət qulluqçusu kimi yaşa görə ona əmək pensiyası təyin edilmişdir. 1 noyabr 2023-cü il tarixindən dövlət qulluqçusu kimi pensiyasının ödənişi dayandırılmışdır. Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından aldığı məktuba əsasən həmin idarəyə getmiş və “Qlavlit”-də gördüyü işlər haqqında ətraflı məlumat vermişdir. Ona cavab belə olub ki, narazılığı varsa, məhkəməyə müraciət edə bilər, onun gördüyü işləri dövlət qulluğuna aid etmək olmaz. Dövlət qulluğunda işlədiyini sübut etmək üçün Dövlət Arxivinə və Ədliyyə Nazirliyinə (vəkilim vasitəsilə) müraciət etmişdir ki, ona arxivdə ola bilən “Qlavlit”-in və 'Baş İdarə'-nin nizamnaməsini, ştat cədvəlini və s. sənədlərinin sürətini versinlər. Lakin heç bir istədiyi sənədlər arxivlərdə tapılmayıb. Bundan sonra, AR Nazirlər Kabinetinə müraciət etdikdə ona demişlər ki, onların öz arxivləri yoxdur, bütün sənədlər Dövlət Arxivinə mühafizəyə göndərilir. Buna görə də, onun dövlət qulluğu vəzifəsində işləmiş olduğunu aydınlaşdırmaq üçün tələbində sadaladığı hüquqi əhəmiyyətli faktlar müəyyən edilməlidir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, qeyd olunan hüquqi əhəmiyyətli fakta münasibətdə ərizənin yolverilməzliyinə görə ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən edildi ki, hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilməsi tələb olunanların xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi mümkün deyildir. Bununla yanaşı ərizəçinin hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilməsini tələb etdikləri aydın və dəqiq ifadə olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.4. ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; 307.2.7. bədbəxt hadisə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; 307.2.10. atalığın etiraf olunması faktının; 307.2.10-1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. Sadalananlara nəzər yetirdikdə görmək olur ki, şəxsin hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilməsini tələb etdikləri 307.2-ci maddənin dairəsinə düşmür. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.5-ci bəndinə əsasən hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4-cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2-ci və 153.2.1- ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd edilməlidir ki, “ərizəyə məhkəmə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda, yaxud iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olmasını, habelə qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş aktların iddia icraatı qaydasında mübahisələndirilməsinin yolverilməzliyini ehtiva edir. Odur ki, məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası MPM-in 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 153.2.1, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-3698/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3698/2024
05.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver