Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3717/2024 19.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar Xidmətinin nümayəndələri X4, X2 və X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar Xidmətinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar Xidmətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar Xidmətinin 48 nömrəli, xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi, Müdafiə Nazirliyinin Mənzil İstismar Xidmətinin mənzil bölməsinin müdiri vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o 2018-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar Xidmətində müxtəlif vəzifələrdə işləmişdir. İşlədiyi son günə qədər heç bir intizam tənbehi olmamışdır. Hadisədən bir neçə vaxt əvvəl rəhbərliklə aralarında səbəbsiz soyuq münasibət yaranmışdır. Hadisədən iki gün əvvəl ona rəhbərlik tərəfindən zəng olunaraq iş otağının artıq bağlandığı və işə gəlməməyi barədə xəbərdarlıq olunmuşdur. Həftənin bazar ertəsi, yəni xx.xx.2024-cü il tarixdə o işdən azad olunması barədə və ona verilmiş evin təslim olunması barədə ərizəsini yazaraq tanışı vasitəsilə iş yerinə göndərmişdir. Özü çox sarsıntı keçirdiyi üçün işə getmək istəməmişdir. İdarədə evin təslim edilməsi barədə ərizə qəbul edilsə də, işdən azad edilmə barədə ərizənin poçt vasitəsilə göndərilməsi bildirilmişdir. O da həmin ərizəni poçt vasitəsilə göndərmişdir. Buna baxmayaraq xx.xx.2019-cu ildə onunla bağlanmış əmək müqaviləsi AR ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən ləğv edilmişdir. Həmin əmr qəti olaraq əsassızdır və qanun normaları kobud pozulmaqla verilmişdir. Belə ki, əmrin forması üzrə AR Əmək Məcəlləsinin tələbləri ilə müəyyən edilmiş qaydalara riayət edilməmiş, onun iş yerini özbaşına tərk etməsi barədə həqiqəti əks etdirməyən məlumat yazılmış, müəssisənin hüquqi ünvanı qeyd olunmamış, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab edilən rəsmi sənədlər göstərilməmiş, belə olan halda həmin əmr qanun tələblərinə zidd tərtib edilmişdir. Daha sonra, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar Xidmətinin nümayəndəsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar Xidmətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinə etiraz təqdim edərək etirazında qeyd etmişdir ki, iddia tələbi əsassız olduğu səbəbindən aşağıda qeyd olunan əsaslara görə rədd edilməlidir. İddiaçı ərizəsində qeyd etmişdir ki, Cavabdeh rəisinin tutduğu vəzifəsindən azad edilməsi üçün verdiyi xx.xx.2024-cü il tarixli 48 nömrəli əmr əsassızdır və ləğv edilməlidir. Lakin 48 nömrəli xx.xx.2024cü il tarixli əmr Cavabdeh tərəfindən düzgün verilmiş və bu zaman Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri pozulmamışdır. Belə ki, İddiaçı 12 fevral 2024-cü il tarixində işə gəlmiş və 08:32 radələrində iş yerini rəhbərliyə demədən üzürsüz səbəbdən tərk edərək iş gününün sonunadək iş yerinə qayıtmamışdır. Bununla bağlı onunla telefon əlaqəsi saxlanılaraq qeyd olunan gündə işə gəlməməsinin səbəbi sorulmuş və buna görə izahat verməli olduğu bildirilmişdir. İddiaçı isə cavabında Mənzil-İstismar xidmətinə gəlməyəcəyini, hər hansı tədbir görmək istəyirlərsə görmələrini deyərək telefon danışığına son vermişdir. İddiaçı xx.xx.2024-cü il tarixində də iş yerinə gəlməmiş, səbəbini öyrənmək üçün onun mobil telefonuna tərəflərindən zənglər edilsə də, İddiaçı telefonu açmamışdır və buna dair komissiya üzvləri tərəfindən “Fərdi əmək mübahisələrinə baxılması” aktı tərtib edilmişdir. Sonradan İddiaçı tərəfindən 12, 13 fevral tarixlərində işdə olmamasını üzrlü səbəb kimi təsdiqləyən hər hansı bir sənəd təqdim edilməmiş, yalnız onun tərəfindən işdən azad olunması üçün xx.xx.2024-cü il tarixli Mənzil-İstismar xidmətinin rəisinə yazdığı ərizə ünvanlanmış və həmin ərizə xx.xx.2024-cü il tarixində Mənzil- İstismar Xidmətinə daxil olmuşdur. Bütün bu müddət ərzində İddiaçı iş yerində olmamış və 23 fevral 2024-cü il tarixində əsaslı olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı daxili intizam qaydasını pozduğuna görə Mənzil-İstismar xidməti rəisinin xx.xx.2024-cü il tarixli 48 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində əsasən (Əmək Məcəlləsinin 72-ci maddənin 3 bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) əsasında əmək müqaviləsinə xitam verilmişdir. Xidmətdə yol verilən nöqsanlara görə İddiaçı Mənzil-İstismar xidməti rəisinin xx.xx.2024-cü il tarixli 10 nömrəli əmri ilə töhmət, eləcə də xx.xx.2024-cü il tarixli 26 nömrəli əmri ilə şiddətli töhmət verilmişdir. Qeyd edilənlər nəzərə alınmaqla, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, iddianı müdafiə edir. İddiaçı cavabdeh təşkilatda 2018-2023-cü illərdə müəyyən vəzifə tutmaqla fəaliyyət göstərmişdir. Bu illər ərzində iddiaçının heç bir intizam tənbehi olmamış, tutduğu vəzifəyə uyğun fəaliyyət göstərmişdir. İdarəyə yeni rəis təyin edilmiş, rəislə işçilər arasında fikir ayrılığı yaranmış, həmin rəis iddiaçını qeyri-qanuni olaraq, heç bir hüquqi əsası olmadan, qərəzli şəkildə işə buraxmamış və heç bir hüquqi əsas olmadan iddiaçının otağının qapısını möhürləmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsi Həmkarlar İttifaqının qabaqcadan razılığı alınmadan ləğv edilmişdir. Əmrdə iddiaçının hər hansı bir hərəkətinə görə iş yerində əmək və icra intizamının normal ahəngini pozması və mülkiyyətçinin, işəgötürənin, ya əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı bir formada ziyan dəydiyi göstərilməmişdir. Bazar günü iddiaçının icazəsi və iştirakı olmadan iş otağının qapısı açılmış, müdaxilələr olunmuşdur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, iddianı müdafiə edir. Nümayəndə və vəkilinin dedikləri ilə razıdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ola bilər ki, Səbuhi müəllim onu Həmkarlar İttifaqının iclasına çağırmışdır. Lakin xatırlamır. xx.xx.2024-cü il tarixdə digər işçi vasitəsi ilə işdən azad olunmağı ilə bağlı və evin təhvil verilməsi ilə bağlı ərizəni göndərmişdir. Evin təhvil verilməsi ilə bağlı ərizəni qəbul etmişlər, lakin işdən azad edilməyi ilə bağlı ərizəni qəbul etməmişlər. Sonradan həmin ərizəni təxmini olaraq xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə göndərmişdir. xx.xx.2024-cü il tarixdə ona Sənan müəllim telefonla bildirmişdir ki, işə gəlməsin. xx.xx.2024-cü il tarixdə işə getmişdir. Ona bildirilmişdir ki, rəhbərliyin qərarı ilə işdən çıxarılmışdır və otağın qapısı möhürlənmişdir. Dövlət qulluqçusu deyil. Hərbi qulluqçu deyil. Son haqq-hesabın nə vaxt ödənildiyini dəqiq xatırlamır. Səhv etmirsə ya fevral, ya da mart ayı idi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar Xidmətinin nümayəndəsi X9 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Əlavə olaraq qeyd etmək istəyir ki, iddiaçıya töhmət və şiddətli töhmət verilmişdir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar Xidmətinin nümayəndəsi X7 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. İlk növbədə qeyd etmək istəyir ki, işdən azad edilməyən işçilərin idarəyə giriş-çıxışına məhdudiyyət qoyulmur. İddiaçı xx.xx.2024-cü il tarixdə 5 dəqiqə işdə olduqdan sonra işdən çıxıb-getmişdir. Şəxsən o, onunla telefonla danışaraq idarəyə gəlməyini və münasibətini üzbəüz bildirməyi tövsiyə etmiş, lakin iddiaçı ona işə gəlməyəcəyini bildirmişdir. İddiaçı Həmkarlar İttifaqı Komitəsinin üzvüdür. Həmkarlar İttifaqı Komitəsinin qərarının olmamasının səbəbi budur ki, onlar telefonla iddiaçı ilə əlaqə saxlasalar da, iddiaçı telefonlara cavab verməmişdir. Onun iştirakı olmadığına görə qərar qəbul edilməsi mümkün olmamışdır. Qeyd etmək istəyir ki, 08 yanvar 2024-cü il tarixində bir neçə işçi sənədlərin icrasında səhlənkar münasibətə görə töhmət almışdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. xx.xx.2024-cü il tarixdə iddiaçının otağının qapısının möhürlənməsi barədə məlumatı olmuşdur. xx.xx.2024-cü il tarixdə otağın qapısı açılan zaman o da iştirak etmişdir. Otaqda müəyyən sənədlər aşkar olunmuşdur. İddiaçının neçənci ildən fəaliyyət göstərdiyini bilmir. İddiaçıya yanvar ayında töhmət verilmişdir. Fərdi əmək mübahisələrinə baxılması üzrə komissiya bu cür mübahisəli məsələlərə baxır. Bu, Həmkarlar yığıncağı olmasa da, Həmkarlar Komitəsinin sədri də həmin Komissiyanın üzvüdür. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar Xidmətinin nümayəndəsi X12 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Hər təşkilatın daxili nizam-intizam qaydaları olduğu kimi, onların təşkilatının da daxili nizam-intizam qaydaları vardır. Həmin nizam-intizam qaydalarına əsasən işçi işə gəlmədikdə və ya hər hansı bir mübahisəli məsələ olduqda Fərdi Əmək mübahisələrinə baxılması üzrə komissiyada işçinin iştirakı ilə həmin məsələyə baxılır. Nizamnamədə də göstərilir ki, Həmkarlar Komitəsi şəxsin özünün iştirakı olmadan həmin şəxs barəsində rəy verə bilməz. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Özü şəxsən iddiaçıya zəng etməmişdir. Tərəfindən Həmkarlar Komitəsinin yığıncağı ilə bağlı iddiaçıya müraciət edilməmişdir. İclasın nəticəsi olaraq həmin akt tərtib edilmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Mənzil-İstismar Xidmətinin hüquq işləri üzrə köməkçisi tərəfindən Mənzil-İstismar Xidmətinin rəisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli Xülasədə qeyd edilmişdir ki, İddiaçı 13 feral 2024-cü il tarixində iş yerində olmaması faktı araşdırılmış və müəyyən olunmuşdur ki, 13 fevral 2024-cü il tarixində İddiaçı həmin tarixdə bütün iş günü ərzində üzrsüz səbəbdən iş yerinə gəlməmişdir. Onunla telefon əlaqəsi saxlanılaraq qeyd olunan gündə işə gəlməməsi ondan soruşulmuş və bununla bağlı izahat verməli olduğu bildirilmişdir. İddiaçı cavabında Mənzil-İstismar Xidmətinə gəlməyəcəyini, barəsində hər hansı tədbir görmək istəyirlərsə görmələrini demişdir. Nəticədə İddiaçı araşdırma zamanı izahatını almaq mümkün olmamış və buna dair akt tərtib edilmişdir. Qeyd edilənlər nəzərə alınmaqla mənzil bölməsinin müdiri vəzifəsində işləyən İddiaçı tərəfindən əmək vəzifəsi kobud şəkildə pozulduğundan onun barəsində AR ƏM-nin 70-ci maddəsinin ç bəndinin tələbinə əsasən tədbir görülməsi təklif edilmişdir. İş materiallarında olan Mənzil-İstismar Xidmətinin rəisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli Raportdan görünür ki, mənzil bölməsinin müdiri İddiaçı 12 fevral 2024-cü il tarixdə saat 08:32-də iş yerini özbaşına tərk etmişdir. Faktla əlaqədar araşdırma aparılması barədə göstəriş verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Mənzil-İstismar Xidmətinin rəisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli Raportdan görünür ki, mənzil bölməsinin müdiri İddiaçı 13 fevral 2024-cü il tarixdə üzrlü səbəb olmadan işə gəlməmişdir. Faktla əlaqədar araşdırma aparılması barədə göstəriş verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Komissiyanın sədri Texniki İstehsalat bölməsinin rəisi polkovnik-leytenant X3, komissiyanın üzvləri Mənzil-İstismar xidmətinin Həmkarlar İttifaqı Komitəsinin sədri X12, hüquqşünas X7, kadrlar üzrə mütəxəssis X13 və mühasib X6 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli Müdafiə Nazirliyinin Mənzil İstismar xidmətində fəaliyyət göstərən Fərdi Əmək mübahisələrin baxılması üzrə komissiyasının Aktında qeyd edilmişdir ki, Cavabdeh rəisinin müavini-baş mühəndisin xx.xx.2024-cü il tarixli 1365 nömrəli və Mənzil İstismar Xidmətinin Şəxsi heyətin uçotu bölməsinin Nizami hissə rəisinin xx.xx.2024-cü il tarixli 1374 nömrəli raportlarına əsasən Mənzil-İstismar Xidmətinin mənzil bölməsinin müdiri İddiaçı 12 fevral 2024-cü il tarixdə saat 8:32 radələrində iş yerini özbaşına tərk etmiş və iş gününün sonunadək işə gəlməmiş, 13 fevral 2024-cü il tarixdə isə bütün iş günü ərzində işə gəlməmişdir. İş gününün sonunda komissiyanın sədri bunun səbəbini araşdırmaq məqsədi ilə komissiya üzvləri yanında mobil telefon vasitəsi ilə İddiaçı zəng etmiş, lakin İddiaçı mobil zənglərə cavab verməmişdir. İş materiallarında olan Mənzil-İstismar Xidmətinin mənzil bölməsinin müdiri İddiaçı tərəfindən Müdafiə Nazirliyi Mənzil Xidmətinin rəisinə ünvanlanmış Müdafiə Nazirliyi Mənzil Xidmətinə xx.xx.2024-cü il tarixində daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, səhhəti ilə əlaqədar olaraq onun tutduğu vəzifədən azad edilməsi xahiş edilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyi Mənzil Xidməti rəisinin “Xidmətdə yol verilən nöqsanlar və təqsirkar vəzifəli şəxslərin cəzalandırılması haqqında” xx.xx.2024-cü il tarixli, 10 nömrəli əmrindən görünür ki, tapşırıqlara laqeyd yanaşaraq xidmətin düzgün təşkil edilməməsi, həvalə edilmiş sənədlərin tərtib edilməsində qüsurlara yol verilməsi, tabeliyində olan şəxslərə zəif nəzarət edilməsi səbəbindən mənzil bölməsinin müdiri İddiaçı töhmət elan edilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyi Mənzil Xidməti rəisinin “Xidmətdə yol verilən nöqsanlar və təqsirkar vəzifəli şəxslərin cəzalandırılması haqqında” xx.xx.2024-cü il tarixli, 26 nömrəli əmrindən görünür ki, 12 fevral 2024-cü il tarixində saat 08:32-08:35 radələrində iş yerini özbaşına, üzrsüz səbəbdən tərk etməsi ilə əlaqədar mənzil bölməsinin müdiri İddiaçı şiddətli töhmət elan edilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyi Mənzil Xidməti rəisinin xx.xx.2024-cü il tarixli, 48 nömrəli əmrindən görünür ki, mənzil bölməsinin müdiri İddiaçı əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsini ç bəndinə (AR ƏM-nin 72-ci maddəsinin a bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) əsasən 23 fevral 2024-cü il tarixindən xitam verilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 148/18 nömrəli əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixindən Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin mənzil bölməsinin mühəndis-mənzil fondu üzrə müfəttişi vəzifəsinə işə qəbul edilmişdir. Müqavilə 1 il müddətinə bağlanmışdır. İş materiallarında olan Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 148/19 nömrəli əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixindən Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin mənzil bölməsinin mühəndis-mənzil fondu üzrə müfəttişi vəzifəsinə işə qəbul edilmişdir. Müqavilə 5 il müddətinə bağlanmışdır. İş materiallarında olan Müdafiə Nazirliyi Mənzil-İstismar Xidməti ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 148 nömrəli əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixindən Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin mənzil bölməsinin müdiri vəzifəsinə işə qəbul edilmişdir. Müqavilə müddətsiz bağlanmışdır. İş materiallarında olan Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin xx.xx.2018-ci il tarixli əmrindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixindən Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin Həmkarlar İttifaqı Komitəsinə üzv qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 148/18 nömrəli əmək müqaviləsinə əsasən İddiaçı xx.xx.2018-ci il tarixindən Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin mənzil bölməsinin mühəndis-mənzil fondu üzrə müfəttişi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə isə Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin mənzil bölməsinin müdiri vəzifəsinə təyin edilmişdir. 12 fevral 2024-cü il tarixdə saat 8:32 radələrində iş yerini özbaşına tərk etməsi və iş gününün sonunadək işə gəlməməsi, 13 fevral 2024-cü il tarixdə isə bütün iş günü ərzində işə gəlməməsi səbəbindən Müdafiə Nazirliyi Mənzil Xidməti rəisinin xx.xx.2024-cü il tarixli, 48 nömrəli əmrinə əsasən mənzil bölməsinin müdiri İddiaçı əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsini ç bəndinə (AR ƏM-nin 72-ci maddəsinin a bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) əsasən 23 fevral 2024-cü il tarixindən xitam verilmişdir. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar Xidmətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar Xidmətinin 48 nömrəli, xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi, Müdafiə Nazirliyinin Mənzil İstismar Xidmətinin mənzil bölməsinin müdiri vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin Əmək Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər Əmək Məcəlləsinin 71.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 71.3-cü maddəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən, aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Əmək Məcəlləsinin 80.2-ci maddəsinə əsasən Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75- ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Məhkəmə qeyd edir ki, əmək hüququnun mühüm təminatlarından biri işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarının məhdud siyahısının qanunvericiliklə müəyyən edilməsidir. Qanunvericilik qanuni əsaslar olmadan işçilərlə əmək müqaviləsini ləğv etməyi qadağan edir. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları isə Əmək Məcəlləsinin 70-ci maddəsində təsbit edilmişdir. Həmin maddədə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin altı əsası nəzərdə tutulmuş və işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması ilə əmək müqaviləsinin ləğv edilməsi bu əsaslardan biri kimi müəyyən edilmişdir. Bu əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırılması isə xüsusi şərt olaraq qeyd edilmişdir. Başqa sözlə, işəgötürən bu barədə əmrdə işçinin təqsirli davranışının nədə ifadə olunmasını (nədən ibarət olmasını) habelə əmək funksiyasına daxil olan hansı işin (öhdəliklərin, xidmətin) yerinə yetirilmədiyini mütləq şəkildə göstərməli və bu lazımi sənədlərlə təsdiq olunmalıdır. Məcəllənin məhz 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinin mümkünlüyü (qanunauyğunluğu), həmçinin konkret şərtlərin mövcudluğundan asılı edilmişdir. Belə ki, bu şərtlərin mövcud olmaması bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsini birmənalı şəkildə istisna edir. Məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən qüvvədə olan əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdik ki, AR ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçi Qənbərov X8 ittifaqının üzvü olmuşdur. Belə ki, Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin xx.xx.2018-ci il tarixli əmri ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2018-ci il tarixindən Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin Həmkarlar İttifaqı Komitəsinə üzv qəbul edilmişdir. Belə olduğu təqdirdə, AR ƏM-nin 80.1-ci maddəsinin tələbi nəzərə alınmaqla, işçi ilə əmək müqaviləsinə qeyd edilən əsasla xitam verilməzdən əvvəl müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmalı idi. Habelə, Əmək Məcəlləsinin 80.2-ci maddəsinə əsasən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etməli, həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməli idi. Lakin belə bir razılığın alınmasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar Xidmətinin nümayəndəsi həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınmamasının əsası kimi Müdafiə Nazirliyinin Mənzil İstismar xidmətində fəaliyyət göstərən Fərdi Əmək mübahisələrin baxılması üzrə komissiyasının Aktına istinad etmişdir. Belə ki, cavabdehin nümayəndəsi Həmkarlar İttifaqı Komitəsinin sədri X5 da Müdafiə Nazirliyinin Mənzil İstismar xidmətində fəaliyyət göstərən Fərdi Əmək mübahisələrin baxılması üzrə komissiyasının xx.xx.2024-cü il tarixli Aktı tərtib edilərkən orada iştirakına istinad edərək, bunu həmkarlar ittifaqı təşkilatının razılığı kimi qiymətləndirmişdir. Lakin məhkəmə qeyd edilən halı qəbul etmir. Belə ki, Əmək Məcəlləsinin 80.1-ci maddəsində birmənalı olaraq qeyd edilmişdir ki, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlaq ittifaqının hər hansı bir üzvünün Fərdi Əmək mübahisələrin baxılması üzrə komissiyanın tərkibində iştirak etməsi həmkarlar ittifaqı təşkilatının razılığı kimi qiymətləndirilə bilməz. Həmçinin, iş materiallarında olan Müdafiə Nazirliyinin Mənzil İstismar xidmətində fəaliyyət göstərən Fərdi Əmək mübahisələrin baxılması üzrə komissiyasının Komissiyanın sədri Texniki İstehsalat bölməsinin rəisi polkovnikleytenant X3, komissiyanın üzvləri Mənzil-İstismar xidmətinin Həmkarlar İttifaqı Komitəsinin sədri X12, hüquqşünas X7, kadrlar üzrə mütəxəssis X13 və mühasib X6 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli Aktının məzmununa nəzər yetirdikdə görmək olur ki, aktın məzmununda hər hansı bir razılıqdan söz açılmamış, sadəcə Mənzil-İstismar Xidmətinin mənzil bölməsinin müdiri İddiaçı 12 fevral 2024-cü il tarixdə saat 8:32 radələrində iş yerini özbaşına tərk etdiyi və iş gününün sonunadək işə gəlmədiyi, 13 fevral 2024-cü il tarixdə isə bütün iş günü ərzində işə gəlmədiyi, iş gününün sonunda komissiyanın sədrinin bunun səbəbini araşdırmaq məqsədi ilə komissiya üzvləri yanında mobil telefon vasitəsi ilə İddiaçı zəng etdiyi, lakin İddiaçı mobil zənglərə cavab vermədiyi öz əksini tapmışdır. Göründüyü kimi sözügedən akt hadisələrin və faktların təsdiqi üçün tərtib olunmuş, İddiaçı əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilməsi üçün razılığın alınması məqsədi daşımamışdır. Buradan da görünən odur ki, İddiaçı əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilərkən Müdafiə Nazirliyinin Mənzil İstismar Xidməti tərəfindən İddiaçı üzvü olduğu Cavabdeh Həmkarlar İttifaqı Komitəsinə təqdimatla müraciət edilməmiş, Cavabdeh Həmkarlar İttifaqı Komitəsinin yazılı razılığı alınmamışdır. Qeyd edilənlərlə yanaşı cavabdehin nümayəndəsi həmkarlar ittifaqının razılığının alınmamasının səbəbi kimi Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri X1 6.4-cü bəndində qeyd edilən aşağıdakı fikri əsas tutmuşdur. Həmin bənddə Həmkarlar İttifaqı Komitəsinin funksiyalarından biri kimi AR ƏM-nin 80-ci maddəsinə uyğun olaraq işəgötürənin yazılı müraciəti əsasında işçinin işdən çıxarılmasına razılıq verilməsi məsələsinə işçinin iştirakı ilə baxılması və müvafiq qərar qəbul etməsi göstərilmişdir. Cavabdeh qeyd edir ki, işçi bununla bağlı məsələdə iştirak etmədiyindən razılıq verilməsi məsələsini təmin etmək mümkün olmamışdır. Məhkəmə ilkin olaraq onu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri X1 6.4-cü bəndi ilə də təsdiq olunur ki, AR ƏM-nin 80-ci maddəsinə uyğun olaraq işəgötürənin yazılı müraciəti əsasında işçinin işdən çıxarılması üçün həmkarlar ittifaqı təşkilatının razılığı olmalıdır. Həmçinin işçinin hüquqlarının qorunmasını təmin etmək üçün işçinin iştirakının təmin edilməsi də əlavə olaraq normada öz yerini tapmışdır. Cavabdeh isə işçinin işdən çıxarılmasına razılıq verilməsi məsələsinə həmkarlar ittifaqında baxılması zamanı işçinin iştirakının təmini üçün zəruri tədbirlər görməmişdir. İclas keçiriləcəyi təqdirdə onun yeri və vaxtı barədə işçi məlumatlandırılmalı idi. Lakin belə bir iclasın təşkil olunması isə öz təsdiqini ümumiyyətlə tapmamışdır. Belə olduğu təqdirdə, İddiaçı əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilərkən İddiaçı üzvü olduğu Cavabdeh Həmkarlar İttifaqı Komitəsinin yazılı razılığı alınmadığından cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar Xidmətinin 23 fevral 2024-cü il tarixli, 48 nömrəli əmri ləğv edilməli və İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməlidir. Azərbaycan Respublikası Əmək Məcələsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə hesab edir ki, 23 fevral 2024-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar Xidməti tərəfindən İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin olunmalı, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar Xidmətinin 23 fevral 2024-cü il tarixli, 48 nömrəli əmri ləğv edilməli və İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməli, 23 fevral 2024-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar Xidməti tərəfindən İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar Xidmətinin 23 fevral 2024-cü il tarixli, 48 nömrəli əmri ləğv edilsin və İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilsin. 23 fevral 2024-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar Xidməti tərəfindən İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-3717/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3717/2024
19.09.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver