Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3718/2024 27.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "mənzilə köçürmə" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "mənzilə köçürmə" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X6 ilə 06 mart 2009-cu il tarixdə ailə həyatı quraraq cehiz əşyalarıyla birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. 16 sentyabr 2011-ci il tarixdə isə nikahları rəsmi qaydada qeydə alınmışdır. O, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçüb X6 ilə birlikdə yaşayan dövrdə əlavə olaraq, həmin ünvanda 5 ev tikmişdilər. Hal-hazırda 5 sot torpağın içərisində 6 ev vardır. X2 15 oktyabr 2022-ci il tarixdə vəfat etmişdir.Hal-hazırda onun cehiz əşyaları ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evlərin birindədir.Cavabdeh mərhum ərinin oğludur. Cavabdeh ona həmin ünvanda yerləşən evdə yaşamağa imkan vermir. O, hal-hazırda İ Qarabağ müharibəsində şəhid olmuş X1 evində yaşayır. Qardaşı oğlunun öz ailəsi və anası həmin evdə yaşadığına görə həmin evdə yaşamağı onun üçün çətindir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, cavabdeh izahatında göstərdikləri şərdir. O, Əli Musayevlə ailə qurub ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Onlar ailə kimi Yasamalda həmin ünvanda yaşamışdılar. Turxan və qardaşına analıq etmiş, Yasamaldakı evlərində birlikdə yaşamışdılar. Bunu məhkəməyə təqdim etdiyi şəkillərdən də görmək olar. Nikahları dövründə həmin ünvanda 2otaqlı fərdi yaşayış evləri tikib, kirayəyə vermişdilər. Həmin evləri birgə vəsaitləri hesabına tikmiş, hətta təmirində də iştirak etmişdir. Cehiz gətirdiyi əşyalar da hal-hazırda kirayə verilən həmin evlərdədir. Mərhum yoldaşı ilə bir müddət sonra Masazırda yaşamışdılar. Yoldaşı ona xəyanət etdiyi üçün bir müddət ayrı yaşamışdılar. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin olunmasını, ünvan 1 ünvanında yerləşən və kirayə verilən 2 otaqlı fərdi yaşayış evinə köçürürlməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, iddiaçı 2008-2009-cu illərdən orada kirayə qalırdı. Atası ilə müansibətləri vardı. Atası ilə ailə qurandan sonra Masazır qəsəbəsinə köçüb orada yaşamışdılar. Sonra atası Binəqədi rayonunda ev elmışdı. Daha sonra atası ilə münasibətləri pozulmuş, atası Masazırdakı evə köçmüş, İddiaçı isə Binəqədidəki evi satmışdı. Daha sonra barışıb bağ evində kirayədə qalırdılar. İddiaçı atası ilə ayrılıb evdən çıxıb getmişdir. Atası öləndən sonra yasa da gəlməmişdi. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəməyə verdiyi izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. İddia tələbini əsassız hesab edir. Qarşı tərəfin iddia qaldırması üçün subyektiv hüququ yoxdur.Evin tikilməsində qarşı tərəf və qarşı tərəfin heç bir əməyi olmamışdır.Təmsil etdiyi şəxs qarşı tərəfin oğulluğudur. Qarşı tərəfin yaşayış yeri də, qeydiyyat yeri də mövcuddur. Xanım həyat yoldaşı vəfat etməzdən əvvəl evi tərk etmişdir.Həmin ev təmsil etdiyi şəxsin anası tərəfindən tikilmişdir. Evin çıxarışı yoxdur. Torpaq sahəsi haqqında da sənəd yoxdur. Onu da qeyd etdi ki,qarşı tərəfə Tovuz rayonundan torpaq sahəsindən də pay verilmişdir. Kommunal xərclər ödəndiyi üçün qeydiyyata salmaq mümkündür. Ev 2009-cu ildən qabaq tikilmişdir. Qarşı tərəf öz izahatında da bildirdi ki, ev o gəlməzdən əvvəl tikilmişdir. Buna görə də qarşı tərəfin iddia qaldırmağa heç bir subyektiv hüququ olmadığını düşünür. Ev Yasamal rayonu ərazisində, Royal Parakın yaxınlığında yerləşir. Onu da qeyd etdi ki, iddiaçı həmin evdə təmir işləri apardığını bildirdi. Həmin təmir işləri üçün pulu hardan tapdığı sual işarəsi altındadır. Atası ailə həyatı qurarkən iddiaçının özünə məxsus torpaq sahəsi vardı, ancaq atasının xəbəri olmadan həmin torpaq sahəsini satmışdı. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid ifadəsində bildirdi ki, iddiaçının yoldaşını yaxından tanıyırdı. Adı Əli idi. Cavabdehi şəxsən tanımır. Adını da eşitməmişdir. İddiaçı tərəflə 2019-2021-ci illərdə tanışlığı olub. 2020-ci ildən sahə rəisi vəzifəsinə gəlmişdir. Ev 2009-2012-ci illərdə tikilib. Evi Əlinin tikdiyini isə hamı bilirdi. Evin tikildiyi torpaq sahəsində sonradan başqa evlər də tikilmişdi. O ev haqqında kimdən sonra kimdən maraqlanılsa, iddiaçının ərinə aid olduğu bildirilibdir. Əli Musayev vəfat etdikdən sonra İddiaçı köməksiz vəziyyətindən istifadə edərək evdən çıxardılar. İddiaçının o evdən nə vaxt, niyə çıxması barədə dəqiq məlumat deyə bilmir. Ancaq həmin ev tikiləndə, iddiaçı yoldaşı ilə qanuni olaraq nikahda idi. İddiaçı da yoldaşının bütün əziyyətini çəkmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X3 ifadəsində bildirdi ki, iddiaçı ilə eyni məhəllədə qalmışdır. Ev yiyəsidir. Hal-hazırda da eyni məhəllədə qalır. İddiaçının heç kəslə ədavəti olmamışdır. Həmin ərazidə 2008-2009-cu illərdən bəri yaşayır. İddiaçının yoldaşını da tanıyırdı. O, iddiaçının yoldaşının verdiyi evlərdən birində kirayə qalırdı. Halhazırda da kirayə qalır. İddiaçı da təxminən 2009-cu ildən həmin ünvanda yaşayır. İddiaçı da onlarla yanaşı olan evdə qalırdı. O, köçəndə həmin ərazidə tikililər var idi. İddiaçının yoldaşı ilə arasında problem olduğunu, evi tərk etdiyini qonşulardan, tanışlardan öyrənmişdilər. O, həmin əraziyə təxminən 2008-ci ilin sonlarından gəlmişdir. İddiaçı yoldaşı ilə təxminən 1 il birgə yaşamışdılar. Məhkəmə iclasında şahid qismində iştirak edən X4 ifadəsində göstərdi ki, həmin ünvanda onlar təxminən 25 ildən çoxdur ki, yaşayırlar. İddiaçını da təxminən 10 ildir ki, tanıyır. İddiaçını həmin ünvanda kirakeş kimi tanıyırdı. İddiaçının yoldaşını tanıyırdı. İddiaçı özü də onlarla qonşuluqda qalırdı. Daha sonra iddiaçının yoldaşını görmədi. İddiaçının hansı tikilidə qaldığını dəqiq deyə bilmir. İddiaçının yoldaşının köçdüyünü 10 il bundan əvvəl öyrənmişdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X5 ifadəsində göstərdi ki, iddiaçını tanıyır. Özü də 1972-ci ildən həmin ərazidə qalır. İddiaçının yoldaşını da ora köçdüyü gündən tanıyır. İddiaçı da həmin ərazidə 2008-2009-cu illərdən kirakeş kimi qalırdı. İddiaçı ilə də heç bir ədavəti olmamışdır. Özü də sanitexnik ustadır. Onlara sanitexnik işləri görmək üçün gedirdi. İddiaçının hansı tikilidə qaldığını dəqiq deyə bilmir. Sanitexnik işlərini nə vaxt gördüyü dəqiq yadımda deyil. Həmin ünvanda əvvəldən bir sıra tikililər var idi. Həmin həyətdə pitimunutka quraşdırmışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən X8 ifadəsində göstərdi ki, tərəfləri tanıyır. Onlarla heç bir ədavəti yoxdur. İddiaçı ilə Masazırda qonşu olmuşdular. Hal-hazırda Masazırda yaşayır. Cavabdehin atasını tanıyırdı. Adı Əli idi. Əlini Tovuzdan tanıyır. Masazırda da, Xırdalanda da Əlinin evində təmir işləri görmüşdür. Yasamalda Əlinin evində də təmir işləri görmüşdür. Yasamaldakı evin ünvanı dəqiq yadında deyil. Həyat evi idi. Orada usta kimi işləmişdi, evləri onlar tikmişdilər. Evlərin tikilmə məqsədi kirayə vermək üçün idi. Evlərin təməlini o və iş yoldaşı atmışdır. Evlər təxminən 2017-2018-ci illərdə tikilmişdir. O, tikintiyə başlayanda həyətdə başqa tikililər yox idi. Məhkəmə proses iştirakçılarının izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı, 046615 saylı Nikah haqqında şəhadətnamədən görünür ki, X6 ilə X7 16 sentyabr 2011-ci il tarixdə rəsmi nikaha daxil olmuş, nikaha daxil olduqdan sonra ərə Musayev, arvada isə Musayeva soyadı verilmişdir. Azərbaycan Respublikası Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 noyabr 2022-ci il tarixli Ölüm haqqında şəhadətnamənin dublikatından görünür ki, X6 15 oktyabr 2022-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş 10 sentyabr 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı 16 sentyabr 2011-ci tarixdə Musayev Əli ilə nikaha daxil olaraq, cehiz əşyalarıyla birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Nikahları dövründə o, yoldaşı ilə birlikdə həmin ünvanda qanunsuz tikililər tikmişdir. Həyat yoldaşı Musayev Əli 15 oktyabr 2022-ci il tarixdə vəfat etdikdən sonra fərdi yaşayış evindən məhrum olunmuşdur. Hazırki mübahisənin predmetini Bakı şəhəri, Yasamal rayonu, Ümüd Əkbərov küç., ev 53 E ünvanında yerləşən fərdi yaşayış evi təşkil edir. Ev özbaşına tikintidir, evə və evin yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd mövcud deyil. Ev hazırda cavabdehin sahibliyindədir. İddiaçıya aid olan məişət əşyaları hal-hazıra kimi həmin evdədir. Məhkəmə tərəfindən keçirilən yerində müayinə zaman müəyyən olunmuşdur ki, ünvan 8 özbaşına tikinti mövcuddur. Həyətə taxta qapı vasitəsilə giriş mümkündür. Dar yolla irəliləyib həyətə meydança açılır. Sol tərəfdə mavi rənglə rəngləşmiş 2 mərtəbəli tikili müəyyən olunmuşdur. İddiaçının bildirdiyinə görə ailə qurduqdan sonra həmin tikiliyə gəlin köçmüş və orada yaşamışdır. Tikilinin birinci mərtəbəsində qıfılla bağlı iki qapı müəyyən olunmuşdur. İddiaçının bildirməsinə görə həmin otaqlar Cavabdeh tərəfindən kirayəyə verilmişdir. Düz istiqamətdə hərəkət etdikdə sol tərəfdə 2-ci tikili müəyyən olunmuşdur. Bir qədər irəli getdikdən sonra qarşıda sol və sağ tərəfdə bitişik, lakin qapıları ayrı olmaqla iki tikili müəyyən edilmişdir. İddiaçı köçülməsini istədiyi evin sol tərəfdəki ev olduğunu bildirmişdir. Ev arakəsmə ilə əhatələnmişdir. Arakəsmə qapıdan daxil olduqda ayrılıqda balaca həyəti olduğu müəyyən edilmişdir. Ev mətbəx kimi istifadə olunan dəhliz, bir qonaq və iki yataq otağı olmaqla 3 otaqdan ibarətdir. İddiaçı yataq otağındakı mebellərin onun cehiz əşyaları olduğunu bildirmişdir. Evdə yaşayan qadın kirayəçi olduğunu, bir ildir orada kirayə yaşadığını, kirayə haqqını Cavabdeh ödədiyini bildirmişdir. Sağ tərəfdə digər tikilinin də iki otaqdan ibarət olması, evin Cavabdeh tərəfindən Babək Osmanov adlı şəxsə kirayə verildiyini və sonuncunun ailəsi ilə birlikdə 3-4 ildir orada kirayə yaşadıqları müəyyən olunmuşdur. Beləliklə, iddiaçının iddiasında göstərdiyi hallar iş materialları ilə, fotoşəkillərlə, yerində müayinə zamanı öz təsdiqini tapmışdır. İddiaçının ailə həyatı qurduqdan sonra gəlin olaraq, həmin ünvana köçməsi mübahisələndirilmir. Cavabdehin hazırki iddianı qəbul etməməsi bir daha iddiaçının həmin evdən yaşamasına maneəçilik törədilməsini təsdiq edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə qeyd edir ki, evə, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin ev üzərində mülkiyyət hüququ, istifadə hüququ və ya digər əşya hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində qeydə alınan hüququ olmadığından onun iddiaçıya qarşı törətdiyi məhrumetmə qanunsuzdur. Belə olduğu halda, məhkəmə hesab edir ki, məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, iddiaçı məhrumedilən evə (yəni ünvan 8 ünvanda yerləşən üç otaqdan ibarət fərdi yaşayış evinə köçürülməlidir. Beləliklə, iddia tələbi təmin edilməli, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Ümüd Əkbərov küç., ev 53 E ünvanında yerləşən üç otaqlı fərdi yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərinə əsasən və AR MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Ümüd Əkbərov küç., ev 53 E ünvanında yerləşən üç otaqlı fərdi yaşayış evinə köçürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-3718/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3718/2024
27.11.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver