Məhkəmə qərarları › İş №2(004)-3741/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3741/2020

14.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3741/2020 14.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Orucova Nərmin Nəriman qızının katibliyi ilə, İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı“mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 6, 146 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələbini müdafiə edərək izahatında bildirir ki, o, Bakı şəhəri, Yasamal rayonu Yeni Yasamal 2, bina 6, 146 saylı mənzili 2003-cü il tarixdə bağlanmış alğı-satqı müqaviləsinə əsasən cavabdehlərdən almışdır. Həmin ünvandakı mənzil paylı mülkiyyətdədir. Digər iddiaçı Cəmilə onun gəlini, Aydan, Aişə isə nəvələridir. Cavabdehlər alğı-satqı müqaviləsi bağlandıqdan sonra göstərilən ünvandakı mənzildə yaşamasalar da, formal olaraq orada qeydiyyatda qalmışlar. Bunun nəticəsində mənzil və kommunal xidmətlər haqqını artıq məbləğdə ödəməyə məcburdur. Hesab edir ki, cavabdehlər faktiki olaraq müqavilə bağlanan andan mənzildən istifadə etmək hüququnu itirmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş digər İddiaçı1 iclasa gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə xəbər verməmişdir. Belə olan halda məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərini rəhbər tutaraq işə İddiaçı1 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış məhkəmə bildirişi onların məlum olan axırıncı yaşayış yerləri üzrə yerli icra hakimiyyəti orqanına (mənzil kommunal təsərrüfatı birliyi) göndərilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 147-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2003-cü il tarixli, 219306 №-li alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2 Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal, ev 6, 146 saylı mənzili X1. Satıcı həmin müqavilənin 3-cü bəndinə əsasən alıcıya üçüncü şəxslərin hüquqlarından azad əmlakı verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx xxxxxx 2003-cü il tarixdə 4Ə-9-1336 reyestr nömrəli ilə təsdiq edilmiş müqaviləyə dair notariat işindən müəyyən olunur ki, Cavabdeh1 Cavabdeh2 Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal 2 massivi, ev 6, 146 saylı mənzilin satılmasına razılıq vermişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən olunur ki, ünvan 1 ünvanda qeydiyyatda olan İddiaçı2, İddiaçı1, X4 və X5 xx.xx.2012-ci ildə vəfat etmiş X2 qanun üzrə vərəsələridirlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal 2 massivi, ev 6, 146 saylı mənzilin ¼ hissə payı ilə mülkiyyət hüququ üzrə İddiaçı1 və digər payçıların adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. AR DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2020-ci il tarixli arayışa əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 6, 146 saylı mənzil iddiaçıların və iddiaçı Cəmilənin yetkinlik yaşına çatmayan övladlarının paylı mülkiyyətindədir. Cavabdehlərin həmin mənzildə yaşamamaqla qeydiyyatı formal xarakter daşıyır. Məhkəmə qeyd edir ki, iddia təmin edilməli, cvabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 6, 146 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tdutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 6, 146 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 6, 146 saylı mənzilə qeydiyyatının ləğvi üçün əsasdır. Dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar