Məhkəmə qərarları › İş №2(004)-3741/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(004)-3741/2021

30.06.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3741/2021 30.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X8 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin açarlarının təhvil verilməsi və yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin təhvil verilməsi və mənzilə köçürlmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 571-ci məhəllədə yerləşən, 106 saylı, sahəsi 140,2 kv.m olan mənzilinin açarlarını Cavabdeh MTK alınaraq onun sahibliyinə verilməsi və Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 571-ci məhəllədə yerləşən, 106 saylı mənzilinin istifadəsinə yaradılmış bütün maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-720/2020 saylı, 12.02.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı xeyrinə cavabdeh X5 30.000 (otuz min) ABŞ dolları əsas, 3000 (üç min) ABŞ dolları faiz borcu, ümumilikdə 33.000 (otuz üç min) ABŞ dolları məbləğində kredit borcunun (qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq) və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 15 manat hissəsinin əvəzi tutularaq ödənilməsi, tələbin X4 məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 571 -ci məhəllədə yerləşən, 106 saylı, sahəsi 140,2 kv.m olan mənzilə yönəldilməsi və evin ilkin satış qiyməti 100.000 (yüz min) manat müəyyən edilməsi qət edilmişdir. Qətnamə 22 sentyabr 2020-ci il tarixdə qanuni qüvvəyə minmiş və icra olunması üçün Yasamal rayon İcra və probasiya şöbəsinə həvalə edilmişdir. İcra vərəqəsinin icrasını təmin etmək üçün, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 571 -ci məhəllədə yerləşən, 106 saylı, sahəsi 140,2 kv.m olan mənzil hərrac vasitəsi ilə satılması üçün Hərrac Mərkəzi “xxxx” MMC-yə həvalə edilmişdir. Yasamal rayon İcra və Probasiya Şöbəsinin 17/72-206083/34-28613 saylı, 22.12.2020-ci il tarixli sifariş məktubuna əsasən X7 məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 571 -ci məhəllədə yerləşən, ümumi sahəsi 140,2 kv.m olan 106 saylı mənzilin qiyməti 100.000 (yüz min) manat olmaqla 22.01.2021-ci il tarixdə ipoteka saxlayan iddiaçının etibarnamə əsasında nümayəndəsi X1. Daha sonra Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 571 -ci məhəllədə yerləşən 106 saylı mənzilə mülkiyyət hüququm Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyster Xidmətinin Hüquqları Dövlət Qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrinin ********** nömrəli, 08 aprel 2021ci il tarixli çıxarışı ilə təsdiq olunaraq iddiaçının adına rəsmiləşdirilmişdir və hazırda onun mülkiyyətindədir. Qeyd olunan əmlakı öz adına rəsmiləşdirdikdən sonra mənzilənə baxmağa getmişdir. Lakin, ona verilən mənzilin açarı ilə qapını açmaq mümkün olmamışdır. Məsələni araşdırmaq üçün binanı inşa edən MTK-nın ofisinə yaxınlaşmış, ofisdə ona deyilmişdir ki, 106 saylı mənzilin giriş qapısının açarı dəyişdirilmiş və müqavilə əsasında başqa birinə satılmışdır. Kimə satılması ilə bağlı müqavilənin surətini istədikdə ona müqavilənin surətini verməkdən imtina etdilər. Mülkiyyətində olan mənzilinə daxil olmaq, ondan istifadə etmək, mənzilindən faydalanmaq və ümumilikdə mülkiyyət hüququmdan məhrum edildiyimə görə o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh MTK-na qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh heç bir səbəb göstərmədən məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmişdir. Məhkəmə İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və Cavabdeh MTK-nın lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə Cavabdeh MTK-nın nümayəndəsinin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş 04.03.2016-cı il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə X6 və X9 arasında kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanmış 04.03.2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən X3 mülkiyyətində olan və ipoteka müqaviləsi bağlanarkən bazar qiyməti 30.000 manat məbləğində qiymətləndirilən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 571-ci məhəllə, 106 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12.02.2020-ci il tarixli, 2(103)-720/2020 saylı icra vərəqəsindən görünür ki, İddiaçı xeyrinə cavabdeh X5 30.000 (otuz min) ABŞ dolları əsas, 3000 ABŞ dolları faiz borcu, ümumilikdə 33.000 (otuz üç min) ABŞ dolları məbləğində kredit borcu (qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq) və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 15 manat hissəsinin əvəzi tutularaq ödənilməli, tələb X4 məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 571-ci məhəllədə yerləşən, 106 saylı, sahəsi 140,2 kv.m. olan mənzilə yönəldilməli, evin ilkin satış qiyməti 100.000 manat müəyyən edilməlidir. Qətnamə 22 sentyabr 2020-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İş materiallarına əlavə olunmuş 22.01.2021-ci il tarixdə Hərrac Mərkəzi “xxxx” MMC tərəfindən Yasamal rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış məktubun surətindən və ona əlavə olunmuş Hərracın yekunları barədə protokolun surətindən görünür ki, X7 məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 571-ci məhəllədə yerləşən, ümumi sahəsi 140.2 kv.m olan 106 saylı mənzil qiyməti - 100000 ( bir yüz min) manat olmaqla İpoteka saxlayan İddiaçı etibarnamə əsasında nümayəndəsi X2 ( AA0042261 17.02.2019 Asan 4 ) satılmışdır. İş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 571-ci məhəllə, 106 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına 08.04.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12.02.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı xeyrinə cavabdeh X5 ümumilikdə 33.000 (otuz üç min) ABŞ dolları məbləğində kredit borcunun və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 15 manat hissəsinin əvəzi tutularaq ödənilməsi, tələb X4 məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 571-ci məhəllədə yerləşən, 106 saylı, sahəsi 140,2 kv.m. olan mənzilə yönəldilməsi, evin ilkin satış qiymətinin 100.000 manat müəyyən edilməsi qət edilmiş, qətnamə 22 sentyabr 2020ci il tarixdə qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş, 22.01.2021-ci il tarixdə Hərrac Mərkəzi “xxxx” MMC tərəfindən hərrac keçirilmiş, sözügedən mənzil ipoteka saxlayan İddiaçı etibarnamə əsasında nümayəndəsi X2 ( AA0042261 17.02.2019 Asan 4 ) satılmış, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 571-ci məhəllə, 106 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına 08.04.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və hal-hazırda mənzil iddiaçının mülkiyyətindədir. Lakin Cavabdeh MTK qanunsuz və əsassız olaraq mənzilin açarlarını mənzilin mülkiyyətçisi olan iddiaçıya verməmiş, İddiaçı onun mülkiyyətində olan mənzildən istifadəsinə maneələr yaratmışdır. Cavabdehin qanunsuz müdaxiləsi nəticəsində iddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur. Bu səbəbdən iddiaçı ona qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən isə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.4 cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Sözügedən Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 571-ci məhəllədə yerləşən, 106 saylı, sahəsi 140,2 kv.m olan mənzilinin açarlarının verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulmalı, Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 571-ci məhəllədə yerləşən, 106 saylı, sahəsi 140,2 kv.m olan mənzilindən istifadə edilməsində yaradılan maneələr aradan qaldırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 571-ci məhəllədə yerləşən, 106 saylı, sahəsi 140,2 kv.m olan mənzilinin açarlarının iddiaçıya verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulsun. Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 571ci məhəllədə yerləşən, 106 saylı mənzildən İddiaçı istifadəsinə yaradılmış maneələr aradan qaldırılsın. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar