Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3745/2021 08.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evin alqı-satqısına görə alınmış behin qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasmda baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı evin alqı-satqısına görə alınmış behin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ev almaq istəyərkən Bakıxanov qəsəbəsi Həsən bəy Ağayev küçəsi, ev 9, mənzil 2-nin satıldığı barədə elanı görüb evin sahibi olan Cavabdehla əlaqə saxlamışdır. Evin qiymətini Cavabdehla 70000 ABŞ dollarına razılaşmışdır. Əmir evə görə 10000 ABŞ dollar beh istəmişdir. O cavabdehə beh olaraq 200 və 500 ABŞ dolları olar və üstəlikdə birdən evin alqı-satqısı alınmaz demişdir. Cavabdeh isə cavab olaraq ona “alınmadığı halda evi satıb pulunu qaytararam” demişdir. O da evi almaq fikrində olduğu üçün evə görə Əmirə 10000 ABŞ dolları vermişdir. Sonra isə gedib Gürcüstandan evə görə 60000 ABŞ (altmış min amerika dolları) gətirərək Əmirə vermək istəyəndə, cavabdehin ona satmaq istədiyi evini qapısının və istifadəsində olan telefon nömrəsinin bağlı olduğunu görmüşdür. Bundan narahat olmağa başlamışdır. Həmin müddət ərzində dəfələrlə ona zəng etsə də, onun telefonu bağlı olduğundan onunla heç bir əlaqə yarada bilmirdi. Bu səbəbdən hər gün almaq istədiyi evə gəlib, yoxlayırdı ki, bəlkə Əmiri orada tapar. Bir gün həmin evə gələndə evin təmir edildiyini görmüşdür. Evin kimin tərəfindən təmir edildiyini soruşanda isə, bir nəfər özünü evin yeni sahibi kimi qələmə vermişdir. Həmin evi onun aldığını demiş, evdə olan şəxs isə ona “Əmir evi mənə satandan sonra da başqa şəxslərə də bu evi satmaq məqsədi ilə maklerə müraciət etmişdi. Həmin makler məni tanıdığından tez mənə xəbər verdi. Bu səbəbdən mən də tez gəlib evi təmir etməyə başladım” demişdir. Həmin şəxs ona Əmirin bu evi satmaq məqsədi ilə müxtəlif şəxslərdən beh aldığını, beh alandan sonra da beh qaytarmamaq üçün telefonunu və satdığı evi daimi olaraq bağlı saxladığını bildirmişdir. Həmin şəxs Əmirin sözügedən evdən əşyalarını aparan taksi sürücüsü barədə də ona məlumat vermişdir. O, həmin taksi sürücüsünü axtarmağa başlamışdır. Nəhayət xeyli müddətdən sonra həmin taksi sürücüsünü tapıb onun vasitəçiliyi ilə Əmirin Ramanada yaşadığı evə getmişdir. Əmir onları görən kimi narahat olmağa başlamışdır. Onlara “istəyirsiz bu evi satıb pulunuzu qaytararam” demişdir. Bir neçə gün sonra Əmirə verdiyi pulu almaq üçün yenidən Ramanaya gedəndə, həmin evin də Əmir tərəfindən başqa şəxsə satıldığının və burdan da qaçıb gizləndiyinin şahidi olmuşdur. Bu səbəbdən məcburiyyət qarşısında qalıb Sabunçu rayon 13-cü Polis bölməsinə ərizə ilə müraciət etmişdir. Ərizəsi əsasında 13-cü polis bölməsində cinayət işi başlanmasının rədd edilməsi barədə 09 iyun 2016-ci il tarixdə qərar qəbul olunaraq, mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Göründüyü kimi cavabdeh ondan evə görə beh adı ilə pul götürmüş, sonra da gizlənərək, guya evin pulunu vaxtında gətirmədiyi səbəbindən evi satdığını bildirmişdir. Üstəlik pulunu qaytaracağını vəd etsə belə onu heç yerdə tapa bilmir. Ona görə də məcbur qalıb məhkəməyə müraciət edəsi olmuşdur. Göstərilənlərə əsasən Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Həsən bəy Ağayev küçəsi ev 9, mənzil 2-nin alqı-satqısına görə ondan beh adı ilə avans kimi alınan 10000 ABŞ dollarının Cavabdeh alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İşə məhkəmədə baxılan zaman iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Həsən bəy Ağayev küçəsi ev 9, mənzil 2-nin alqı-satqısına görə ondan beh adı ilə avans kimi alınan 10000 ABŞ dollarından, yəni - AZN ekvivalenti ilə 17000 manatdan (on yeddi min) cəmi 6500 manatını qaytardığını nəzərə alaraq, iş üzrə Cavabdeh qalıq 10500 AZN-in də (on min beş yüz) alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, latın əlifbasını bilmir. Əmir isə ona hansısa sənədə imza etdirərək həmin kağızın beh müqaviləsi olduğunu bildirmişdir. İndi isə ona məlum olur ki, ümumiyyətlə onunla Əmir arasında heç bir beh müqaviləsi bağlanmamışdır. 10000 ABŞ dollarını ondan şəxsən Əmir qəbul etmişdir. Bunu istər istintaqda, istərsə də məhkəmədə etiraf etmişdir. Ev almaq barədə o, Əmirin həyat yoldaşı ilə heç bir söhbət etməmişdir. Ev alqı-satqısı danışığında Əmirin həyat yoldaşı ümumiyyətlə iştirak etməmiş, həmişə deyirdi ağır xəstədir, xəstəxanada yatır. 10000 ABŞ dollarını da həyat yoldaşının xəstəliyini səbəb gətirərək Əmir ondan götürmüşdür. Həyat yoldaşına isə "sən də şahid olduğun üçün bu sənədə imza et" demişdir. O da onun kimi sənədi oxumadan hansısa bir sənədə imza etmişdir. Hazırda isə Əmir beh adı ilə, elə bır kağız üzə çıxarmışdır ki, həmin kağızda onun ümumiyyətlə imzası yoxdur. Guya beh müqaviləsi onun həyat yoldaşı ilə onun həyat yoldaşı arasında bağlanmışdır. Həyat yoldaşının da vəfat etdiyini bildirir. Əmirin həyat yoldaşının vəfat etməsinin onlara heç bir aidiyyatı yoxdur, ona görə ki, satılan ev Əmirlə, onun həyat yoldaşının ümumi birgə mülkiyyəti olmuş, vəfatına qədər də bir yerdə birgə təsərrüfat aparmışlar. Evə görə verdiyi 10000 ABŞ dollarını da ondan Əmir alıb, həyat yoldaşı yox. Əmir evə görə 10000 ABŞ dollarını ondan özünün götürdüyünü istər istintaqda, istərsə də məhkəmədə etiraf edir. Sabunçu rayon 13-cü polis bölməsində cinayət işi başlanmasının rədd edilməsi barədə 09 iyun 2016-ci il tarixdə qərar qəbul olunanda da qərarın 2-ci səhifəsində ikinçi abzasdan əvvəl “pulu qaytarmalı olmasa da, evi satdıqdan sonra Arazın verdiyi pulu qaytaracağını demişdir”. Əmir özü xalası oğlu Tahiri inandırırmışdır ki, pulu qaytaracaqdır. Nəhayət 2017ci ildən başlayaraq həmin puldan xalası oğlu Tahirin vasitəçiliyi ilə hissə-hissə ona ödəniş də etmişdir. Tahirin bildirdiyinə görə Əmir ona 2016-ci ildə heç bir ödəniş etməmişdir. 2017-ci ildə Əmir 2500 manat, 2018-ci ildə 2500 manat, 2019-cu ilin yay ayında 500 manat və həmin ilin təxminən noyabr-dekabr ayında da 500 manat ödəniş etmişdir. O, Gürcüstan vətəndaşı olduğu üçün cox vaxt Gürcüstanda olurdu. Ona görə də Əmir ona olan borcunu xalası oğlu Tahirin vasitəçiliyi ilə qaytarırdı. 2020-ci ildən bu günə kimi isə Əmir ona olan borcundan heç bir ödəniş etməmişdir. O, polis idarəsinə ərizə ilə müraciət edəndə, həmin ərizəsində Əmirlə onun arasında bağlanmış beh müqaviləsindən və beh müqaviləsinə görə Əmirin ondan 10000 ABŞ dolları pul aldığını və qaytarmadığını demişdir. Əmir polis idarəsində onunla arasında heç bir beh müqaviləsinin olmadığını, hətta beh müqaviləsinin həyat yoldaşıla onun həyat yoldaşı arasında bağlandığını da bildirməmişdir. Ona görə də iddia ərizəsində də cavabdeh qismində Əmirdən evin alqısatqısına görə ondan aldığı behin qaytarılmasını tələb etmişdir. İstər polis idarəsinə, istərsə də məhkəməyə müraciət edəndə elə bilirdi ki, onunla Əmir arasında beh müqaviləsi bağlanmış, çünki cavabdeh ona buna inadırmışdır. Əmirin məhkəməyə təqdim etdiyi beh müqaviləsi ilə tanış olandan sonra başa düşmüşdür ki, cavadbeh onunla ümumiyyətlə beh müqaviləsi bağlamamış, ona özünün tərtib etdiyi hansısa formal bir kağıza imza etdirmişdir. Hazırda həmin kağızı da Əmir üzə çıxarmır. Həyat yoldaşını da şahid qismində özünün tərtib etdiyi hansısa başqa bir sənədə imza etdirmişdir. Həmin vaxt Əmirin ona qarşı belə inandırıcı hərəkətlər etməsi, bəlkə də bu cür işlərdə səriştəli olması, digər tərəfdən ev almaq sevinci gözlərini elə bağlamışdır ki, nə o, nə də həyat yoldaşı Əmirin beh müqaviləsi kimi qələmə verdiyi sənədin sürətini belə ondan götürməmişdir. Hətta həmin vaxt onlar Əmirdən həyat yoldaşının sağlamlıq durumunu soruşanda onun vəziyyətinin əvvəlki kimi ağır olduğunu, məhz evidə bu səbəbdən satdığını bildirmişdir. Hətta onlar ona allahdan şəfa da diləmişdirlər. Həmin vaxt Əmirin həyat yoldaşının xəstə olduğunu onlara düz deyirdi, yoxsa aldadırdı, onu da bir allah bilir, bir də Əmir özü. İndi isə ortaya çıxartdığı beh müqaviləsinin qadınlar, yəni Əmirin həyat yoldaşı ilə onun həyat yoldaşının bağladığını göstərir. Evi almaq istəyən, evə görə Əmirlə danışıq edən, pulu Əmirə verən o olduğu halda neçə oldu ki, şahid kimi onunla gedən həyat yoldaşı, ev danışığında heç vaxt olmayan, Əmirin dediyi kimi “ölüm ayağında olan” Əmirin həyat yoldaşı ilə müqavilə bağlamışdır. Əgər bu hal ona məlum idisə, istər polisə müraciət edəndə, istərsə də iddia ərizəsində Əmirin həyat yoldaşı ilə bağladıqları müqaviləni mübahisələndirərdi, nəinki Əmiri. Hətta evin Əmirin həyat yoldaşının adına olmasını da məhkəmə gedişində bilmişdir. Düzdür onun maddi problemləri yarandığı üçün o evin pulunu gec düzəltmiş və hətta bir ara əmisi oğluna evi ala bilməyəcəyini, lakin evə beh verdiyini bildirərək evin onun tərəfindən alınmasını ona təklif etmişdir. Əmisi oğlu da onunla birlikdə gedib evə baxmış, lakin sonradan evi almaq üçün onunda pul düzəldə bilməməsi səbəbi ilə evi almaqdan imtina etmişdir. O da, bundan sonra pul düzəldərək evi almaga gəldikdə isə evin artıq başqa şəxsə satıldığını görmüşdür. Göründüyü kimi Əmir ev satmaq adı ilə onun 10000 ABŞ dollarına qanunsuz olaraq sahib olmuşdur. Həmin puldan isə ona cəmi 6500 manat pul qaytarmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili X3 iddia tələbini müdafiə edərək iddiaçı ilə oxşar məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh iddiaçının etibarından sui-istifadə edərək aldatmışdır. İddiaçı hesab etmişdir ki, mənzilin alqı-satqı müqaviləsi məhz onunla cavabdeh arasında bağlanılmışdır. Lakin məhkəmə iclasında bəlli olmuşdur ki, tərəf beh müqaviləsi bağlanılarkən da iddiaçını aldadaraq, tərəflərin həyat yoldaşları arasında bağlanılmışdır. Belə olan halda hesab edirlər ki, artıq iddia tələbinə beh tələbi kimi deyil, pul tələbi kimi qiymət verilməlidir. Çünki beh müqaviləsi formal olaraq tərəflərin həyat yoldaşları arasında bağlanılsa da, pulu cavabdehə məhz iddiaçı vermiş və cavabdeh özü də şəxsən pulu sayaraq qəbul etmişdir. Əgər verilmiş pul məbləği cavabdeh tərəfindən qəbul edilməsəydi, sonradan sonuncu iddiaçıya beh müqaviləsi üzrə müəyyən məbləğdə ödənişlərdə geri qaytarılmazdı. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, İddiaçı ona qarşı “evin alqı-satqısına görə alınmış behin qaytarılması tələbinə dair” iddia qaldıraraq ondan 10000 ABŞ dolları alınaraq ona verilməsi tələbi ilə qətnamə qəbul edilməsini istəmişdir. İddia ərizəsi ilə razı deyildir, ona öz etirazını bildirir. İddiaçı iddia edir ki, guya o şəxsi evini ona satmaq üçün 10000 ABŞ dolları beh almış, yerdə qalan 60000 dolları gətirib vermək istədikdə onu tapmamış, o da, iddiaçıdan qaçıb gizlənmişdir. İddiaçı biləndə ki, o evi başqasına satmış, axtarıb onu Ramana qəsəbəsində tapmış, ondan verdiyi beh pulu tələb etdikdə, o evi satıb ordan da çıxıb gedərək onu yenə aldatmşdır. Bundan sonra məcbur olub Sabunçu rayon 13-cü polis Bölməsinə müraciət etmişdir. Orada da cinayət işi başlamağı rədd edib, ona mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyyə ediblər. İddiaçı habelə iddia ərizəsində göstərir ki, guya ondan başqa şəxslərdən də evi satmaq bəhanəsi ilə beh adı ilə pul alıb, sonra da həmin şəxslərdən də qaçıb gizlənmişdir. İddiaçı iddia ərizəsində göstərdikləri yalandır, o faktları təhrif edir, hətta iddia ərizəsində ona böhtan atır. İlk olaraq onu qeyd edir ki, İddiaçı qəsdən onların evi nə vaxtdan almaq istədiklərini, evi almaq üçün nə vaxt beh verdiyini, bu zaman aralarında hansı söhbətlərin olduğunu göstərmir. Həqiqətdə isə Arazgil evi almaq üçün 2015-ci ilin mart ayının axırlarından onlara gəlib getmiş, bu zaman başqa yaxın qohumlarını da evə baxmaq üçün gətirmiş, onların da rəylərini bilmək istəmişlər. Onlar, yəni Araz, həyat yoldaşı, qayınanası, qayınatası, anası, bacısı evi almaq üçün ümumi rəyə gəlib qərar qəbul etmişlər. Ev onun arvadının mülkiyyətində olmuş, lakin evin kişisi kimi bütün söhbətlər əlbətdə arvadı ilə yanaşı onunda iştiraki ilə olmuşdur. Onlar evlərini təcili satmalı olduğundan həmin dövr üçün o ərazidə o cür evlərin bazar qiymətindən də aşağı 70000 ABŞ dollarına satmağa razılaşmışlar. Arazgil onlara xeyli vaxt verilməsini istəmiş, onlar isə bildirmişdirlər ki, evi təcili satırlar, evlə də maraqlananlar çoxdur. Onda Araz onlara 30000 ABŞ dolları beh təklif etmişdir. O, razı olmamış, real alıcı olacaqsa evi satacağını bildirmişdir. Onda Araz 10000 ABŞ dolları beh təklif etmiş, yerdə qalan pulu iki aya verəcəyini vəd etmişdir. O soruşandakı yerdə qalan pulu vaxtında ödəmək üçün nəyə arxayındır, iddiaçı bildirmişdir ki, Hövsanda, Zabratda torpaq sahələri, Gürcüstanda evləri var təcili onları satacaqdır. Anası, bacısı da bildirmişlər ki, onlar Arazı darda qoymazlar. 17.04.2015-ci ildə Arazın arvadı ilə satıcı kimi evin mülkiyyətçisi olan onun arvadı arasında beh müqaviləsi bağlanmışdır. Beh müqaviləsinin şərtinə görə Arazgil iki aya pulun yerdə qalanını da ödəyib evi almalı idilər. Həmin müddət ərzində onlar fikirlərini dəyişsələr evi satmasalar behin 2 mislini alıcıya verməli, iki ay müddətində o gəlib evi almazsa beh kimi ödənilmiş məbləğ onlarda qalırdı. O, iddiaçıdan xahiş etmişdir ki, bu işlə ciddi məşğul olsun, əks təqdirdə problem yaranar. O da söz vermişdir ki, bu gündən ancaq bu işlə məşğul olacaqdır. O, zəng edib ondan bu barədə soruşanda iddiaçı onu hər dəfə arxayın edirdi ki, narahat olma tezliklə pulu düzəldib gətirəcəkdir. Amma şərtləşdiyi vaxtda yəni 17.06.2015-ci ildə o pulu düzəldib gətirməmişdir. Ona bildirəndə ki, belə olan halda onun behi batır, dedi ki, cəhənnəmə batsın. Əvəzində Arazın qayınatası bir nəfər tanımadığı şəxlə gəlib onunla görüşmüş və xahiş etmişdir ki, onlara yenə vaxt versin, pulu düzəldib gətirsinlər beh batmasın. Onlar əvvəl razı olmamışdır. Onda Arazın qayınatası demişdir ki, qızının evi dağılacaqdır. Onun bu sözü ona təsir etmiş və demişdir ki, yaxşı beh öz qüvvəsində qalır, amma ləngitməyin, bizi pis vəziyyətə qoyub, ziyana salırsınız. Onlar razı qalıb getmişlər. Onu da qeyd edir ki, beh müqaviləsi bağladıqdan təxminən biri həftə sonra ev alqı-satqısı ilə məşğul olan bir tanışı evə baxıb almaq üçün bir nəfərlə onlara gəlmişdir. Onlar artıq ev üçün beh aldıqlarını bildirmişdirlər. Həmin şəxs xahiş etmişdir ki, ev və həyətə baxmağa ona icazə versin. O da etiraz etməmişdir. Onun evdən çox xoşu gəlmişdir. Bildirmişdir ki, nağd evə 75000 ABŞ dolları elə indi verməyə hazırdır. O isə bu halda onlar beh verənə 2 misli qədər, yəni 20000 ABŞ dolları qaytarmalı olduqlarını bildirmişdir. Odur ki, bunu edə bilməyəcəklər. Həmin şəxs və onu gətirən makler çox peşman olub getmişlər. O, yenə tez-tez Araza zəng edib maraqlanırdı. Araz hər dəfə üzürxahlıq edib, tezliklə pulu tapıb çatdıracağını deyirdi. Sonra da dedi ki, evə başqa müştəri tapar, verdikləri behi də tapacaqları müştərinin puluna hesablamağı ondan xahiş etmiş, əvvəl razı olmamış, sonradan humanistlik edib razı olmuşdur. Araz yenə vaxt istəmişdir. Təxminən sentyabr ya oktyabr ayının əvvəllərində Araz ona zəng edib evin əmisi oğlu tərəfindən alınacağını, əmisi oğlunun da evə baxmaq istədiyini bildirmişdir. Əmisi oğlu kimi təqdim etdiyi şəxs də Arazla gəlib evə baxmışdır. Həmin şəxs də evi bəyənmişdir. Araz ona bildirmişdir ki, əmisi oğlu evi alar, sonra o da əmisi oğlundan evi alar. O da, öz işinizdir, gəlin qalan pulu 60000 ABŞ dollarını verin bu məsələyə son qoyaq deyı bildirmişdir. Yenə də ondan vaxt istədilər ki, bəs bankdan pul götürəcəklər. Nəhayət noyabr ayının təxminən ortalarında Araz ona zəng edib əmisi oğlunun da pulu düzəldə bilmədiyini xəbər vermişdir. Bundan sonra işi özləri pozub, günahkar olduqları halda müxtəlif vaxtlarda xahiş, həddə-qorxu gəlmək, şantaj yolu ilə verdikləri behi onlardan tələb etməyə başlamışdırlar. O, İddiaçı görə çox zərərə düşmüşdür. Başqa əlverişli təklif və variantlardan məhrum olmuşdur. Nəhayət də evi 05.01.2016-cı ildə dəyər-dəyməzinə 58000 manata satmışlar. 05.02.2016-cı ildən evdən köçərək Ramana qəsəbəsində məskunlaşmışlar. Bundan sonra Araz, həyat yoldaşı, qaynanası Ramana qəsəbəsindəki evlərinə gələrək, onu, həyat yoldaşını, uşaqlarını nalayiq küçə söyüşləri ilə təhqir edib, evindən tezliklə meyitlərin çıxacağı, behi qytarmayacaqları təqdirdə onları ölümlə hədələyib, evlərinə od vuracağlarını bildirib, çox böyük narahatçılıqlar yaratmışlar, pulu qaytarmaq üçün Novruz bayramına qədər vaxt qoyub getmişlər. O, ailəsinin, uşaqlarının, özünün, əmlakının real təhlükədə olduğunu görüb Sabunçu rayon 12-ci polis bölməsinə 16.03.2016-cı ildə müraciət etmişdir. Bu məsələ yoxlanarkən iddiaçının onlara qarşı etdiyi qanunsuzluqlar tam təsdiq olsa da, şikayətini sonradan geri götürmüşdür. Bundan sonra 26.03.2016-cı il tarixli qərarla ərizəsi üzrə toplanan təhqiqat materialları üzrə cinayət işi başlama rədd edilmişdir. Həmin təhqiqat üzrə izahat verərkən Araz, həyat yoldaşı, qayınanası, qayınatası etiraf etdilər ki, behdən sonra qalan pulu düzəldə bilmədiklərindən evi ala bilməmişlər. Bu hal həmin material üzrə qəbul edilmiş qərarda öz əksini tapmışdır. Onlar öz əməllərindən əl çəkməmişlər. Yenə ona qarşı müxtəlif forma və metodlarla təzyiq və şantajları davam etdirməyə başladılar. 23.05.2016-cı ildə İddiaçı Sabunçu RPİ-nin 13cü polis bölməsinə müraciət edərək ona qarşı dələduzluq etdiyini bildirmişdir. Bu zamanda ona müxtəlif formalarda təzyiqlər edilməyə başlandı ki, pulu qaytarmasa ona pis olar. Özünü Arazın xalası oğlu kimi təqdim edən Tahir adlı şəxs aktiv rol oynayırdı. Onunla və ona yaxın olan adamlarla tez-tez əlaqə saxlayan bu şəxslə aralarında yaxşı mənada müəyyən münasibətlər yarandı. Belə razılığa və qərara gəldilər ki, o imkan daxilində AZN ilə Araza müəyyən qədər pul qaytarsın. Tahir deyirdi ki, Araz ona vaxtında bu məsələ barəsində desəydi ona kömək edərdi o evi alardı, bu məsələ də belə şəkil almazdı. İddiaçı iddia ərizəsində göstərir ki, guya o, Ramana qəsəbəsindəki evi də satıb qaçıb ondan gizləndiyinə görə məcbur olub Sabunçu rayon 13-cü Polis bölməsinə ərizə ilə müraciət etmişdir. Lakin bunlarda yalandır. İddiaçı 23.05.2016-cı ildə 13-cü polis bölməsinə müraciət etmişdir. 01.06.2016-cı ildən Sabunçu r-nu Polis idarəsinin istintaq şöbəsinin müstəntiqi bu işlə məşğul olumağa başlamışdır. 09.06.2016-cı ildə toplanmış material üzrə cinayət işi başlanmağı rədd edilmişdir. İstintaq şöbəsində də o iddiaçı haqqında ətraflı izahat vermişdir. O, Ramana qəsəbəsindəki evi 10.09.2016-cı ildə satmış, 10.10.2016-cı ildə həmin evdən köçmüşlər. Göründüyü kimi İddiaçı o, Ramana qəsəbəsindən köçəndən 5 ay əvvəl 13-cü Polis bölməsinə müraciət etmişdir. İddiaçı ona görə Ramana qəsəbəsindəki evdən köçməyindən sonra məcbur olub 13-cü polis bölməsinə müraciət etməsi haqqında yalan yazır ki, o Ramana qəsəbəsindən köçənə qədər ona 2 dəfəyə, artıq iddiaçının tanışı Tahirə 5000 manat pul vermişdir. Bundan sonra isə 2017-ci ilin müxtəlif vaxtlarında Tahir vasitəsi ilə Araza 3 dəfə, hər dəfə də 500 manat pul göndərmişdir. 2 dəfə pulu şəxsən Tahirə özü, bir dəfə də qohumu vasitəsi ilə vermişdir. Arazla tez-tez telefonla əlaqə saxlayırdılar. Amma bir dəfə Arazla telefonla danışanda ondan yerdə qalan pulun nə vaxt verəcəyini soruşduqda o, bildirmişdim ki, ona 6500 manat verilib qalan 3500 manatı da imkan olanda verəcəkdir. Növbəti telefon danşıqlarının birində o Araza ona verdiyi 6500 manat haqda qəbz verməsini, bundan sonra yerdə qalan 3500 manatı ona verəcəyini dedikdə iddiaçı bundan imtina etmişdir. Bundan sonra o qalan pulu ödəməmişdir. Bundan başqa bildirir ki, beh müqaviləsi onun həyat yoldaşı ilə iddiaçının həyat yoldaşı arasında bağlanmışdır. Düzdür, behi evin kişisi kimi o sayaraq qəbul etsə də, müqaviləni həyat yoldaşı imzalamışdır. Onlar bütün əməliyyatlarda bir yerdə iştirak etmişlər. Arazda onlara bildirmişdir ki, o Gürcüstan vətəndaşı olduğu üçün evi arvadının adına alacaqlar, buna görədə müqavilə tərəfi olaraq arvadı şıxış edəcəkdir. Hesab edir ki, iddiaçının belə bir iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Bundan başqa o, iddiaçının beh kimi verdiyi puldan çox hissəsini ona qaytarmışdır. Belə ki, o həmin puldan 2016-cı ilin iyun və sentyabr aylarında geri qaytarmışdır. Bundan başqa da, iddiaçı ona qarşı məhkəmədə pul tələbinə dair iddia qaldırmaq üçün qanunvericiliklə müəyyən edilmiş müddəti də, ötürmüşdür. Qeyd edilənlərə əsasən iddia rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, iddiaçı onun xalası oğludur. Belə ki, xalası oğlu sözü gedən mənzilin alq-satqısı üçün cavabdehə beh vermiş, sonra isə qalan hissəsini düzəltmək üçün ona bir müddət verilməsini xahiş etmişdir. İddiaçı həmin qalan məbləği düzəltdikdən sonra cavabdehə məxsus mənzilə gəlmiş, lakin evin başqa şəxsə satıldığının şahidi olmuşdur. Bir müddət cavabdehi axtarmış və nəhayət onu tapmışdır. Cavabdeh evin alqı-satqısına görə verilmiş behdən ona 2017-ci ilin iyul-avqust ayında 2500 manat, 2018-ci il tarixdə 2500 manat, 2018-ci ilin axırında müxtəlif vaxtlarda iki dəfə 500 manat, sonuncu dəfə isə 2019-cu ilin axırında vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, onlar sözü gedən mənzilin elanını internetdə görmüş və həmin ev onun anasıgilə yaxın olduğundan almaq qərarına gəlmişlər. Bu səbəbdən də həmin evi görmək üçün sözü gedən ünvana getmiş, lakin orada olan zaman cavabdehin yoldaşını görməmişlər. Evi çox bəyəndiklərindən almaq qərarına gəlmişlər. İlk öncə cavabdehə az miqdarda beh verilməsini təklif etsələr də, cavabdeh yoldaşının xəstə olmasını bildirərək, onlarda beh şəklində 10000 ABŞ dolları istəmiş və onlar cavabdeh ilə razılaşmışlar. Daha sonra cavabdeh behi almaq üçün onun atasının evinə gəlmişdir. Cavabdeh onlara behin verilməsini rəsmiləşdirməyi təklif etmiş və ona da şahid kimi imza etməsini bildirmişdir. O, da müqaviləni oxumadan şahid kimi imza etmişdir. Daha sonra yoldaşı evin qalan məbləğini düzəltmək üçün Gürcüstan Respublikasına getmişdir. Pul tam hazır olduqdan sonra onlara cavabdehə məxsus evə gəlmiş, lakin cavabdehin həmin ünvanda olmadığının, oradan köçdüyünü və evi başqa şəxsə satıldığının şahidi olmuşdur. İş materiallarında olan: 17.04.2015-ci il tarixli beh müqaviləsindən görünür ki, satıcı X8 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 2 nömrəli mənzili alıcı X2 mülkiyyətinə verməyi, alıcı isə mənzili qəbul edib əvəzində müəyyənləşdirilmiş 70000 ABŞ dolları məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Alıcı müqavilə üzrə satıcıya alqı-satqı müqaviləsinin icrasını təmin etmək üçün 10000 ABŞ dolları məbləğində beh vermişdir. Alıcı 2 ay müddətində, yəni 17.06.2015-ci il tarixədək müqavilə üzrə öhdəliyi yerinə yetirməzsə beh qismində ödənilmiş 10000 ABŞ dolları məbləği satıcıda qalmasını, satıcı isə qeyd olunan 2 ay müddətində alqı-satqı müqaviləsinin bağlanmasından imtina edərsə aldığı behin iki mislini alıcıya ödəməyi öhdəsinə götürmüşdür. 05.01.2016-cı il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X8 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 2 nömrəli mənzili mustafayev Nəriman Ayzəli oğluna satmışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 26.03.2016-cı il tarixli qərardan görünür ki, vətəndaş Cavabdeh 12-ci Polis Bölməsinə müraciəti əsasında toplanmış təhqiqat materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 09.06.2016-cı il tarixli qərardan görünür ki, İddiaçı 23.05.2016-cı il tarixdə Sabunçu RPİ-nin 13-cü PB-nə ərizə ilə müraciət edərək, Cavabdeh özünə məxsus evini ona satmaq adı ilə 10000 ABŞ dollarını alaraq dələduzlu etməsi barədə müraciət etmiş, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, satıcı X8 ilə alıcı X7 arasında bağlanmış 17.04.2015-ci il tarixli beh müqaviləsinə əsasən, satıcı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 2 nömrəli mənzili alıcının mülkiyyətinə verməyi, alıcı isə mənzili qəbul edib əvəzində müəyyənləşdirilmiş 70000 ABŞ dolları məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən alıcı müqavilə üzrə satıcıya alqı-satqı müqaviləsinin icrasını təmin etmək üçün 10000 ABŞ dolları məbləğində beh vermişdir. Alıcı 2 ay müddətində, yəni 17.06.2015-ci il tarixədək müqavilə üzrə öhdəliyi yerinə yetirməzsə beh qismində ödənilmiş 10000 ABŞ dolları məbləği satıcıda qalmasını, satıcı isə qeyd olunan 2 ay müddətində alqı-satqı müqaviləsinin bağlanmasından imtina edərsə aldığı behin iki mislini alıcıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı cavabdehə qarşı evin alqı-satqısına görə ödənilmiş behin geri qaytarılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Həsən bəy Ağayev küçəsi ev 9, mənzil 2-nin alqı-satqısına görə ondan beh adı ilə avans kimi alınan 10000 ABŞ dollarından, yəni - AZN ekvivalenti ilə 17000 manatdan (on yeddi min) cəmi 6500 manatını qaytardığını nəzərə alaraq, iş üzrə Cavabdeh qalıq 10500 AZN-in də (on min beş yüz) alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdeh isə buna etiraz edərək müvafiq mənzilə görə beh müqaviləsinin onların yoldaşları arasında imzalanmasını, ona qarşı iddiaçının məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququnun olmamasını, eləcə də iddia müddətinin ötürülməsini əsas gətirərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı iddia ərizəsində Cavabdeh iş üzrə cavabdeh kimi cəlb edərək ona qarşı da, tələb irəli sürsə də, sonuncuya qarşı məhkəmədə iddia qaldırmaqda haqlı olmamışdır. Belə ki, iş materiallarında olan 17.04.2015-ci il tarixli beh müqaviləsindən görünür ki, satıcı X8 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 2 nömrəli mənzili alıcı X2 mülkiyyətinə verməyi, alıcı isə mənzili qəbul edib əvəzində müəyyənləşdirilmiş 70000 ABŞ dolları məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa məhkəmə iclasında iddiaçıya qanunvericiliklə müəyyən edilmiş qaydada tərəflərin əsl tərəflərlə əvəz edilməsi təklif edilsə də, iddiaçı bundan imtina edərək, təkidlə işə mahiyyəti üzrə baxılmasında israr etmişdir. Azərbaycan Respublikasının MPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının cavabdehı qarşı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməkdə subyektiv hüququ olmamışdır. Belə ki, iş materialları ilə və eləcə də, məhkəmə iclasında dindirilmiş tərəflərin etiraf edici izahatları ilə 17.04.2015-ci il tarixli beh müqaviləsinin X8 ilə X7 arasında bağlanması müəyyən edilmişdir. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarınıı ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasına araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onarın istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının cavabdehə qarşı belə bir iddia qaldırmaq üçün subyektiv hüququ olsaydı belə, iddiaçının iddia tələbinin ümumiyyətlə əsasız yoxdur. Belə ki, 17.04.2015-ci il tarixli beh müqaviləsinin şərtlərinə əsasən, satıcı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 2 nömrəli mənzili alıcının mülkiyyətinə verməyi, alıcı isə mənzili qəbul edib əvəzində müəyyənləşdirilmiş 70000 ABŞ dolları məbləğini ödəməyi, alıcı 2 ay müddətində, yəni 17.06.2015-ci il tarixədək müqavilə üzrə öhdəliyi yerinə yetirməzsə beh qismində ödənilmiş 10000 ABŞ dolları məbləği satıcıda qalmasını, satıcı isə qeyd olunan 2 ay müddətində alqı-satqı müqaviləsinin bağlanmasından imtina edərsə aldığı behin iki mislini alıcıya ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi iddiaçı tərəf cavabdehə sözü gedən mənzilin alınması üçün 10000 ABŞ dolları məbləğində beh versə də, lakin müqavilədə qeyd edilmiş müddətdə mənzilin alınması üçün yerdə qalan pul məbləğini ödəməmişdir. İddiaçı bu müddət ərzində cavabdeh tapa bilmədiyini, cavabdehin mənzili başqa bir şəxsə sataraq ondan qaçıb gizləndiyi bildirsə də, bu barədə məhkəməyə hər hansı bir mötəbər sübutlar təqdim etməmişdir. Bunun əksi olaraq məhkəmə iclasında işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəf mənzilin alınması üçün verilmiş beh müqaviləsindən sonra, razılaşdırılmış müddətdə evin pulunu düzəldə bilməmiş, hətta behin batmaması üçün evin onun tərəfindən alınmasını öz əmisi oğluna da təklif etmiş, sonuncu bu məqsədlə evə baxış keçirtsə də, lazımı məbləği düzəldə bilmədiyindən o da, evin alınmasından imtina etmişdir. İşin bu halı iddiaçı tərəfinin etirafedici izahatları ilə də, təsdiqlənmişdir. İşin halları ilə o da müəyyən edimişdir ki, hətta bundan sonra da cavabdeh tərəf iddiaçının ailə üzvlərinin xahişi ilə uzun müddətdə də, gözləmiş, nəhayət qarşı tərəf öhdəliklərini icra edə bilməməsi səbəbindən mənzil, mülkiyyətçisi tərəfindən digər şəxşə satılmışdır. İşin bu halı iş materiallarında olan mübahisəli mənzilin satılmasına dair 05.01.2016-cı il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi ilə də, təsdiq olunur. Belə ki, müvafiq müqavilədən görünür ki, mübahisəli mənzil tərəflər arasında mənzilin satılmasına dair beh müqavilə bağlanıldığı tarixdən 8 ay sonra satılmışdır. Bundan başqa iddaçı sözü gedən beh müqaviləsindən xəbərsiz olmalarını, belə bir müqaavilənin mövcudluğundan cavabdehin məhkəmə iclasında beh müqaviləsini təqdim etdikdən sonra xəbərdar olmalarını bildirsə də, məhkəmə iddiaçının həmin dəlillərinə tənqidi yanaşaraq qeyd edir ki, işin araşdırılmış halları ilə sonuncuların müvafiq beh müqaviləsindən ən azı 26.03.2016-cı il tarixindən məlumatlı olduqları müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan 26.03.2016-cı il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardadn görünür ki, təhqiqat zamanı vətəndaş X4 izahatında bildirmişdir ki, onlar müvafiq evin alışı üçün Əmir adlı şəxslə tanış olmuş, Əmirin onlardan mənzilə görə 10000 ABŞ dolları məbləğində beh almalarını, beh müqaviləsinin Şəhla tərəfindən onların yanında imzalanmadığını, həmin vaxt müqaviləni oxumadıqlarını, sonradan müqavilənin şərtlərini oxuyandan 2 ay müddətində evi alqı-satqı etməli olduqlarını, evi ala bilmədiklərinə görə behi istəməmələrini, öz günahlarına görə evi ala bilmədiklərini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1 və 6.1.2-cı maddələrinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri də mülki hüquq subyektlərinin iradə sərbəstliyidir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 491.1 və 491.2-ci maddələrinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 492.2 maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət dasıyarsa, beh digər tərəsdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət dasıyarsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləqi nəzərə alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Yuxarıda sadalananlarla yanaşı məhkəmə həmçinin qeyd edir ki, hətta iddia tələbi əsaslı olmuş olsaydı belə iddia, iddia tələbi müddəti ötürülməsi ilə verildiyindən rədd edilməlidir. Belə ki, cavabdehin məhkəməyə təqdim etdiyi vəsatətində qeyd etdiyi kimi, iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürülmüşdür. Məhkəmə cavabdehin bu ərizəsini iddia müddətinin tətbiq edilməsi barədə ərizə kimi qiymətləndirərək hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsini də, mümkün sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03.06.2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Plenum qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır (MM-in 375.2-ci maddəsi). İddiaçı tərəf məhkəmə iclasında cavabdehin ona verilmiş beh məbləğindən sonuncu dəfə 2019-cu ilin noyabr-dekabr aylarında 500 manat məbləğdə geri qaytarılmasını bildirsə də, məhkəməyə bununla bağlı heç bir mötəbər sübut verməmiş, cavabdeh qaytarmamalı olmadığı halda verilmiş behdən 2016-cı ilin iyun ayından başlayaraq, sonuncu dəfə 2017-ci il tarixdə müxtəlif aylarda 3 dəfə 500 manat məbləğində pul qaytardığını etiraf etmiş, həmin tarixdən sonra isə heç bir ödəniş etmədiyini bildirmişdir. Məhkəmə eyni zamanda məhkəmə iclasında şahid qismində dindirilmiş Tahir Xudiyevin verdiyi izahata tənqidi yanaşaraq qeyd edir ki, şahidin izahatında verdiyi hallar iş materialları və işin halları ilə təsdiq edilməmişdir. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1-ci maddələri) Məhkəmə qeyd edir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı evin alqı-satqısına görə alınmış behin qaytarılması tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı evin alqı-satqısına görə alınmış behin qaytarılması tələbinə dair iddiası təmin edilməsin. Məhkəməyə müraciət edilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-3745/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3745/2021
08.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver