Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3748/2020 09.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1530 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehi 2013-cü il tarixdən etibarən tanıyır. İddiaçı 2001-ci il tarixdən diş texniki işləyir. 2013-cü il tarixdən 2020-ci ilin fevral ayına qədər olan müddət ərzində, iddiaçı cavabdehin verdiyi metal keramika, zirkon dişlərinin düzəltmə sifarişlərini düzəldib, ona təhvil verirdi. Cavabdeh isə öz növbəsində pulu ona hissə-hissə olmaqla sonradan ödəyirdi. 2019-cu ilin sonralarından başlayaraq cavabdeh iddiaçıdan təhvil aldığı sifarişlərin pullarını gecikdirməyə başlamışdır. 2020-ci ilin mart ayının əvvəllərində axşam saatlarında cavabdeh iddiaçıya mesaj yazaraq bir gün öncə sifariş etdiyi dişi təcili çatdırmağı tələb etmiş, iddiaçı isə cavabdehə gecə saatlarında sifarişi təhvil verə bilməyəcəyini, gecə vaxtı onu narahat etməməsini, səhər saatlarında sifariş verdiyi dişi kuryer vasitəsi ilə verə biləcəyini bildirmişdir. Bu zaman cavabdeh onunla kobud danışmağa başlayaraq onu layiq olmayan sözlərlərlə təhqir etmişdir. Bu səbəbdən iddiaçı cavabdehə telefonla qeydiyyat apardığı siyahını göndərərək, ona olan borcunu geri qaytarmağı tələb etmiş və onunla birdaha işləməyəcəyini bildirmişdir. Həmin borcun ümumi məbləği 1970 manat təşkil etmişdir. Həmin rəqəmi iddiaçı cavabdehə bildirəndə o onu təhqir etməyə başlamışdır. Həmin məbləğdən cavabdeh iddiaçıya Bakı şəhəri Nərimanov RPİ-nin istintaq şöbəsində iddiaçının şikayətindən sonra 475 manat geri qaytarmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, o, iddiaçını 2013-cü ildən etibarən tanıyır və özü artıq 10 ildir ki, diş həkimi işləyir. İddiaçı isə diş texniki olduğundan o ona diş sifarişləri verirdi. Onlar arasında olan pul münasibətləri əksər hallarda nisyə formasında olmuşdur. Belə ki, o, iddiaçı onun üçün bir neçə sifariş düzəldəndən sonra pulları ona hissə-hissə göndərirmiş. Sonuncu dəfə iddiaçı onu zəng edərək, ona olan ümumi borcunun 275 manat olduğunu bildirmişdir. Onlar arasında olan münaqişələrdən sonra isə iddiaçı həmin borc məbləğinin 970 manat, daha sonra isə polisə şikayət edərək 2000 manat olduğunu bildirmişdir. Onun həqiqətdə iddiaçıya olan borcu 475 manat təşkil etmişdir və o, həmin borcu iddiaçıya Bakı şəhəri Nərimanov RPİ-də nağd olaraq qaytarmışdır. Artıq iddiaçıya heç bir borcunun olmadığını qeyd edərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə tərəfindən iddiaçıya 1500 manat məbləğində borcun mövcüd olmasını təsdiq edən sübutların məhkəməyə təqdim etməsi təklif olunmasına baxmayaraq, iddiaçı cavabdehin hal-hazırda ona həmin məbləğdə borcunun olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan əlavə Bakı şəhəri Nərimanov RPİ-nin istintaq şöbəsində iddiaçının şikayəti əsasında istintaq aparıldığı zaman, cavabdeh öz izahatında da 475 manat məbləğində puldan əlavə borcunun olmadığını qeyd etmişdir. Həmin borc da iddiaçının iddia ərizəsində göstərdiyi kimi cavabdeh tərəfindən ödənilmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Maddəsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia sübut olunmadığından təmin edilə bilməz və rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəh-bər tutaraq məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-3748/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3748/2020
09.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver