Məhkəmə qərarları › İş №2(004)-3752/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3752/2022

24.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3752/2022 24.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundova Günay Təyar qızı, İddiaçı Cavabdeh qarşı “mənzilə qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “mənzilə qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında bağlanmış alğı-satqı müqaviləsinin 13-cü maddəsinə əsasən Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi ev 232, 134 saylı mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslər mülkiyyətçinin tələbi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarıla bilər. İnzibati orqan tərəfindən imtina edildikdə, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin həmin orqanın üzərinə qoyulması barədə inzibati məhkəmədə iddia qaldırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, ... yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Hazırki iddia tələbində olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan, orada faktiki olaraq yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. ... Konstitusiya Məhkəməsinin Plenumu bir daha Qərarda qeyd etmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqqədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır. Həmin Qərarın nəticə hissəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyilsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya hansı məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Hesab edirəm ki, ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində rüsum iddiaçıya geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 153, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “mənzilə qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbulu yolverilməz hesab olunsun və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya müvafiq inzibati orqana müraciət etmək hüququnun olması izah edilsin. xx.xx.2022-ci il tarixli, 3255 nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar