Məhkəmə qərarları › İş №2(004)-3756/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3756/2025

11.07.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3756/2025 11.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, İddiaçı, Cavabdeh "N.X14" MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "N.X14" MMC-yə qarşı "əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "N.X14" MMC-yə qarşı "əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, N.Tusi adına X3 Cəmiyyəti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 28-k nömrəli əmrin ləğv edilməsi, N.X14 MMC-də yardımçı bölmədə 1.0 ştat vahidi ilə bağban vəzifəsinə bərpa olunmağına, əmək kitabçasında aparılan düzəlişin aradan qaldırılmasına, məcburi iş buraxma dövrü üçün əmək haqqının cavabdehdən tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bir müddət öncə tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinə əlavə iş saatlarına cəlb edilməsi ilə bağlı şikayətlər edilmişdir. Şikayəti əsasında da müvafiq araşdırılma başladılmış və onun 13:00-dan 14:00- dək nahar fasiləsi olmaqla iş vaxtının 11:00-dan 16:00-dək 4 saat müəyyən edildiyi halda 6 saat olaraq işlərin yerinə yetirilməsinə cəlb edilməsi, bununla da normal əmək və istirahət rejimimin pozulduğu müəyyən edilmiş, nəticədə cavabdeh müəssisənin direktoru X9 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsinə əsasən MN ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati cərimə haqqında qərar qəbul edilmişdir. Məhkəmənin nəzərinə çatdırı ki, o, xx.xx.2009-cu il tarixindən cavabdeh müəssisədə bağban vəzifəsi üzrə işə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixində 227-k nömrəli əmr ilə tutduğu vəzifədən azad edilmiş, bir neçə gün sonra isə xx.xx.2023-cü il tarixində yardımçı bölmədə 1.0 ştat vahidi ilə bağban vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli, 28-K nömrəli əmr ilə işdən azad edilmişdir. Əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən işçilərin sayı vəya ştatları ixtisar edildiyinə görə işdən azad edilməsi barədə sözügedən əmr qəbul edilmişdir. Qeyd edir ki, mövcud əmrin qəbul edilməsinə əsasən müəssisə ilə aralarındakı çoxsaylı narazılıqların və haqsızlıqların olması, onun də bütün bunlara göz yummaması olmuşdur ki, bunun da nəticəsində bir növ cəza tədbiri kimi o, işdən kənarlaşdırılmışdır. Göründüyü kimi cavabdeh müəssisə tərəfindən ştatın ixtisarı ilə bağlı əmr qəbul edilsə də bu əmr əsassızdır. Məlumdur ki, bu gün müəssiələrin xüsusilə də tibb müəssisəsinin həyətində daxil və çöl ərazilərində yaşıllıq ərazilər mütləqdir ki, burada da sual yaranır ki, bu ştat ləğv edilərsə o zaman həmin yaşıllıq sahələrinə, bitkilərə və ağaclara kim qulluq edəcək. Göründüyü kimi əmr təmamilə əsassızdır. Ömrünün 20 ilini bağban kimi, o cümlədən müxtəlif dövlət müəssisələrində, dövlətin yaşıllaşdırma və abadlıq sahələrində sərf etmiş, təcrübəli və fədakar bir əməkçidir. Nəsirəddin Tusi adına tibb müəssisəsinin nəzdində bağban vəzifəsində çalışmış, ərazidəki ağaclara, gül kollarına, landşaft zonalarına və ümumiyyətlə yaşıl mühitə qayğı göstərmişdir. Əvvəlki münasibətlərdən sonra cavabdeh cərimə edildiyi üçün işəgötürənin əsl niyyətinin “ixtisar” bəhanəsi altında əmək münasibətlərinə qanunsuz son qoymaq olduğu aşağıdakı arqumentlərlə açıq-aşkar sübuta yetirilir: Əgər doğrudan da bağban ştatı ləğv edilmişdisə, onda müəssisənin ərazisində olan onlarca ağaca, gül kollarına, ot örtüyünə və digər landşaft obyektlərinə kim qulluq edir? Bağ və yaşıllıq ərazisi - öz-özünə qulluq etmir. Belə obyektlərin baxımsız qalması, xüsusilə tibb müəssisəsi kimi ictimai əhəmiyyətli obyekt üçün: • təhlükə yaradır (qurumuş ağac budaqları, alaq, allergenlər və s.), • estetik və sanitar baxımdan problem doğurur, • inzibati məsuliyyətə belə səbəb ola bilər. Əgər həmin işlər başqası tərəfindən həyata keçirilirsə - bu, açıq şəkildə sübut edir ki, əmək funksiyası real olaraq qalıb. Bu isə fəaliyyətin saxlanıldığı, yalnız vəzifə adının kağız üzərində “ləğv edildiyi” deməkdir. Əmək Məcəlləsinin 74-cü maddəsinə əsasən, vəzifə üzrə əmək funksiyası faktiki saxlanılırsa, ixtisar yalnız formal xarakter daşıyır və belə xitam qanunsuz sayılır. Onun - 81 yaşı var. Ölkədə yaşlı nəslin əmək bazarından sıxışdırılması halları təəssüf ki, geniş yayılıb. Bu hal yaş əsaslı ayrı-seçkilik deməkdir və qanunvericiliklə qadağandır. Ümumilikdə 50 illik iş təcrübəsi olan, öz əli ilə saysızhesabsız ağac əkmiş, o ağacları böyütmüş bir bağbanın bu şəkildə - kağız üzərində ştat “ləğv olundu” deyə işsiz qoyulması, həm də işçi hüququna və ləyaqətinə ziddir. Hazırki halda, ona heç bir alternativ iş təklif edilmədən əmək münasibətlərinə xitam verilib. Bu isə əlavə pozuntu və məsuliyyət yaradır. Məhkəmə iclasında iştirak edən İddiaçı idda ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, işində hər zaman məsuliyyətli olmuşdur. Hazırda da iş qabiliyyətinə malikdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "N.X14" MMC-nin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, onun rədd edilməsini məhkəmədən xahiş etmiş, izahatında bildirmişdir ki, ləğv olunan ştatı açmaq cərimə ödəməklərinə səbəb ola bilər. İşçinin işdən azad olunması qanuna uyğun aparılmışdır. Ona qarşı rəhbərlik tərəfindən qərəzli mövqe olmayıb. Bağban vəzifəsi ixtisara düşüb. Bundan sonra 04 fevral tarindən 9 həftə gözlənilərək, sonda iddiaçı işdən azad edilmiş, ona son-haqq hesab köçürülmüşdür. Yeni bağban vəzifəyə təyin edilməyib, hazırda həmin vəzifədə heç kim işləmir. Bağban ştatına hal-hazırda zərurət yoxdur. İddiaçının əmək kitabçasında edilən texniki səhv də düzəldilib. İddiaçının 81 yaşı var. Çalışmanın son yaş həddi də 65 yaşdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə fondu tərəfindən verilmiş 034054 nömrəli vəsiqədən görünür ki, İddiaçı xx.xx.1989-cu ildən müddətsiz 2-ci dərəcəli əlillik müəyyən edilmişdir. İddiaçı məxsus xx.xx.1972-ci il tarixli əmək kitabçasından görünür ki: "N.X14" MMC-nin xx.xx.2009-cu il tarixli, 50 nömrəli əmrinə əsasən, İddiaçı "N.X14" MMC-nin ştat cədvəlinə əsasən 1.0 vahid şərtilə 3 ay sınaq müddəti ilə bağban vəzifəsinə qəbul edilmişdir. "N.X14" MMC-nin xx.xx.2019-cu il tarixli 192-K nömrəli əmrinə əsasən, İddiaçı ştat cədvəlinə əsasən 0.5 ştat vahidinə keçirilmişdir. "N.X14" MMC-nin xx.xx.2023-cü il tarixli, 227-K nömrəli əmrinə əsasən, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən İddiaçı əmək müqaviləsinə xitam verilməklə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. "N.X14" MMC-nin xx.xx.2023-cü il tarixli, 51 nömrəli əmrinə əsasən, İddiaçı əmək müqaviləsi əsasında Yardımçı bölmədə bağban vəzifəsinə 1.0 ştat vahidi ilə qəbul edilmişdir. "N.X14" MMC-nin xx.xx.2025-ci il tarixli 02 nömrəli əmrindən görünür ki, N.X11 rentabelliyinin aşağı düşməsi, dövriyyənin azalması və nəticədə maliyyə borclarının yaranması səbəbindən müəssisənin ştat cədvəli və işçilərin aylıq əmək haqları, işçinin gördüyü iş yenidən təhlil olunması, işəgötürən və işçi arasında qarşılıqlı razılaşmaya əsasən müvafiq işçilərin aylıq əmək haqlarına müvəqqəti olaraq dəyişiklik edilməsi, 1.0 ştat vahidi ilə bağban vəzifəsi zəruriyyət olmadığı üçün xx.xx.2025-ci il tarixindən ixtisar edilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq həmin vəzifəni tutan işçiyə ən azı 9 təqvim həftəsi olmaqla öncədən yazılı xəbərdarlıq elan olunması əmr edilmişdir. "N.X14" MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, 07 aprel 2025-ci il tarixində həm müəssisənin maliyyə vəziyyətində yaranmış çətinliklər, həm də bu ştatın mövcudluğuna zəruriyyət olmadığı üçün bağban ştatı ixtisar olunacaqdır. Əmək Məcəlləsinin 70-cı maddəsinin “b " bəndinə əsasən bağban ştatı ixtisar olunduğu üçün onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində xitam veriləcəkdir. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinə uyğun olaraq son haqq-hesab ona sonuncu iş günü ödəniləcəkdir. xx.xx.2025-ci il tarixli “N.X14" MMC-nin Kadrlar şöbəsinin müdiri X1 və Qeydiyyat bölməsinin müdiri X4 iştirakı və şahidliyi ilə tərtib olunmuş “işçinin iş yerinin gözlənilən ixtisarı ilə bağlı xəbərdarlığı almaqdan imtina etməsi barədə” aktdan görünür ki, 01 fevral 2025-ci il tarixində Kadrlar şöbəsinin iş otağına dəvət olunan Yardımçı bölmənin bağbanı İddiaçı işçilərin sayının azaldılması və ştatların ixtisarı ilə bağlı xx.xx.2025-ci il tarixli xəbərdarlıqla tanış olmaqdan və sənədi imzalayıb bir nüsxəsini almaqdan imtina etdi. İşçi imtinasının səbəbini rəhbərliyin ona qarşı qərəzli yanaşması ilə izah etdi. Xəbərdarlığın mətni Kadrlar şöbəsinin müdiri X2 tərəfindən ucadan oxunaraq məzmunu İddiaçı diqqətinə çatdırıldı. Aktda yazılanları imzaları ilə təsdiq edirlər. İddiaçı tərəfindən Bakı şəhəri X7 Xidmətinin İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Nəsrəddin Tusi adına klinikada işlədiyi bağban vəzifəsində fəaliyyət göstərməyinə köməklik edilməsini xahiş etmiş, bildirmişdir ki, eyni vəzifədə 10 ildən artıqdır ki, fəaliyyət göstərir, lakin son zamanlarda Nəsrəddin Tusi hospitalına təzə təyin olunmuş direktor bilərəkdən bağbanlığı ləğv etmək, onu işindən azad elmək istəyir. Onu dəfələrlə təhqir edir. Bununla bağlı ölçü götürülməsini xahiş edir. "N.X14" MMC-nin xx.xx.2025-ci il tarixli, 28-K nömrəli əmrinə əsasən, "N.X14" MMC Təsərrüfat heyətinin Bağbanı İddiaçı ilə bağlanmış xxxxxxx000201 nömrəli Əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildiyinə görə xx.xx.2025-ci il tarixdən xitam verilməsi, ƏM-nin 144-cü maddəsinin ikinci hissəsinə əsasən istifadə etmədiyi əmək məzuniyyətinə görə 40 təqvim günü ödənilməsi və işçi ilə son haqq-hesab aparılması əmr edilmişdir. "N.X14" MMC tərəfindən İddiaçı oğuna ünvanlanmış xx.xx.2025-ci il tarixli 23 nömrəli məktubdan görünür ki, onun xx.xx.2025-ci il tarixli mediasiya prosesinin tətbiqi barədə təklifini qəbul edə bilməyəcəklər. Qeyd edilmişdir ki, müəssisənin maliyyə durumu ilə bağlı bəzi ştatlar bağban ştatı da daxil olmaqla ixtisar edilmişdir. Bağban ştatına halhazırda zərurət yoxdur. Ştatın ixtisar olunacağı barədə ona öncədən qanunauyğun şəkildə məlumat verilmiş və son haqq-hesab tam şəkildə aparılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, cəmiyyətin rəhbərliyi tərəfindən xx.xx.2025-ci il tarixində Xidmətin Bakı şəhər idarəsinə daxil olunmuş sənədlərdən onunla cəmiyyətin işəgötürəni arasında xx.xx.2023-cü il tarixində bağlanmış əmək müqaviləsinin qüvvədə olduğu, lakin 13:00dan 14:00-dək nahar fasiləsi olmaqla iş vaxtının 11:00-dan 16:00-dək 4 saat müəyyən edildiyi halda 6 saat olaraq işlərin yerinə yetirilməsinə cəlb edilməsi, bununla da normal əmək və istirahət rejiminin pozulduğu məlum olmuşdur. Bu səbəbdən də cəmiyyətin direktoru X9 barəsində Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsinə əsasən MN ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati cərimə haqqında qərar qəbul edilmişdir. Həmçinin tərəflərindən xx.xx.2025-ci tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və Məşğulluq" altsısteminə baxış keçirilərkən onunla cəmiyyət işəgötürəni arasında xx.xx.2023-cü il tarixində bağlanmış əmək müqaviləsinin xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən qüvvədən salındığı müəyyən edilmişdir. Bu səbəbdən tərəfimizdən cəmiyyətin rəhbərliyinə yenidən müvafiq qaydada müraciət olunaraq əmək müqaviləsinə xitam verilməsinə dair sənədlərin araşdırmaya təqdim olunması və müraciətinizlə bağlı yenidən münasibət bildirilməsi tələb olunmuşdur. Məlumat üçün bildirilmişdir ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 01.01,2026-cı il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün deyildir. Onun tərəfindən ətraflı izahat və müvafiq sənədlər, həmçinin cəmiyyətin rəhbərliyi tərəfindən əmək müqaviləsinə xitam verilməsinə dair sənədlər X10 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edildiyi təqdirdə müraciətinə yenidən baxılaraq cavab veriləcəkdir. Müraciətində qeyd edilən məsələlərin həlii ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Bakı 13 saylı Mediasiya Təşkilatının MŞB/13/2025-00420 nömrəli, xx.xx.2025-ci il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 11-ci maddəsinə əsasən, Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; c) işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək; ç) işgüzar keyfiyyətinə, əməyinin nəticələrinə, peşəkarlıq səviyyəsinə uyğun olaraq işçini müvafiq vəzifələrə (peşələrə) irəli çəkmək; d) işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək; e) işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək; ə) bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək; f) əmək kollektivi ilə və ya həmkarlar ittifaqları təşkilatı ilə kollektiv müqavilə bağlamaq və bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə nəzarət etmək; g) əmək müqaviləsi bağlayarkən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və müddətə sınaq müddətini müəyyən etmək; ğ) işçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması məqsədilə əlavə təhsil müəssisələrində əlavə təhsilini təşkil etmək. 46.1-ci maddəsinə əsasən, Əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. 68-ci məddənin 1-ci bəndinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 70-ci maddənin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddənin 1-ci bəndinə əsasən, İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 71-ci maddənin 3-cü bəndinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 76.1-ci maddəsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 77.1-ci maddəsinə əsasən, İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi müddətində rəsmi xəbərdar edilməlidir. 77.2-ci maddəsinə əsasən, Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. 77.3-cü maddəsinə əsasən, Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında işdənçıxarma müavinəti ödənilir. 83.1-ci maddəsinə əsasən, Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 84-cü maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada - təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "N.X14" MMC-nin xx.xx.2009-cu il tarixli, 50 nömrəli əmrinə əsasən, İddiaçı "N.X14" MMC-nin ştat cədvəlinə əsasən 1.0 vahid şərtilə 3 ay sınaq müddəti ilə bağban vəzifəsinə qəbul edilmişdir. "N.X14" MMC-nin xx.xx.2019-cu il tarixli 192-K nömrəli əmrinə əsasən, İddiaçı ştat cədvəlinə əsasən 0.5 ştat vahidinə keçirilmişdir. "N.X14" MMC-nin xx.xx.2023-cü il tarixli, 227-K nömrəli əmrinə əsasən, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən İddiaçı əmək müqaviləsinə xitam verilməklə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. "N.X14" MMC-nin xx.xx.2023-cü il tarixli, 51 nömrəli əmrinə əsasən, İddiaçı əmək müqaviləsi əsasında Yardımçı bölmədə bağban vəzifəsinə 1.0 ştat vahidi ilə qəbul edilmişdir. "N.X14" MMC-nin xx.xx.2025-ci il tarixli, 28-K nömrəli əmrinə əsasən, "N.X14" MMC Təsərrüfat heyətinin Bağbanı İddiaçı ilə bağlanmış xxxxxxx000201 nömrəli Əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildiyinə görə xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. Hazırda iddiaçı əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən qüvvədə olan əmək qanunvericiliyinə əməl edilmişdir və müqaviləyə xitam verilməsi əsaslı olmuşdur. Belə ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilmə əsası kimi işçilərin sayı və ya ştatları ixtisar edildiyinə göstərilmişdir. İşin hallarından görünür ki, "N.X14" MMC-nin xx.xx.2025-ci il tarixli 02 nömrəli əmrindən görünür ki, N.X11 rentabelliyinin aşağı düşməsi, dövriyyənin azalması və nəticədə maliyyə borclarının yaranması səbəbindən müəssisənin ştat cədvəli və işçilərin aylıq əmək haqları, işçinin gördüyü iş yenidən təhlil olunması, işəgötürən və işçi arasında qarşılıqlı razılaşmaya əsasən müvafiq işçilərin aylıq əmək haqlarına müvəqqəti olaraq dəyişiklik edilməsi, 1.0 ştat vahidi ilə bağban vəzifəsi zəruriyyət olmadığı üçün xx.xx.2025-ci il tarixindən ixtisar edilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq həmin vəzifəni tutan işçiyə ən azı 9 təqvim həftəsi olmaqla öncədən yazılı xəbərdarlıq elan olunması əmr edilmişdir. İşəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77.1-ci maddəsinin tələbi gözlənilərək, işçiyə xx.xx.2025-ci il tarixdə bağban ştatının ixtisar olunacağı barədə 9 təqdim həftəsi öncədən xəbərdarlıq edilmiş, lakin işçi həmin xəbərdarlığı almaqdan imtina etmiş, bu barədə xx.xx.2025-ci il tarixli akt tərtib edilmişdir. Həmçinin iddiaçı tərəfindən Bakı şəhəri X7 Xidmətinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun məzmunundan da görünür ki, onun ştatın ixtisar olunacağı barədə məlumatı olmuşdur. Bundan başqa iddiaçı bildirmişdir ki, cavabdeh hospitalın rəhbəri onlar barədə şikayət ünvanlayaraq cərimə edilmələrinə səbəb olduğundan ona qarşı qərəzli mövqedə duraraq onun çalışdığı bağban ştat vahidini ixtisar etməklə onu işdən azad etməyə çalışır, bundan başqa 81 yaşı olduğuna görə ona qarşı ayrı-seçkiliyə yol verilərək, onu işdən qanunsuz olaraq çıxarmışlar. Lakin işin hallarından da görünür ki, işçinin işdən azad edilməsinin səbəbi onun əmək pensiyası yaşına çatması deyil, ştat vahidinin ixtisarı ilə bağlı olmuşdur. İddiaçı Bakı şəhəri X7 Xidmətinin İdarəsinə hospitalın direktoru barəsində şikayət ünvanlamamışdan əvvəl ştat vahidinin ixtisar olunacağı barədə xəbərdar olunmuşdur. Göründüyü kimi, iddiaçı ona qarşı qərəzli olduqlarına görə işəgötürən tərəfindən onun işdən azad edilməsinə dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Halbuki hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin Məhkəmə hesab edir ki, işəgötürən tərəfindən tərəflər arasında bağlanmış əmək müqaviləsinin xitam edilməsi zamanı Əmək Məcəlləsinin 84-cü maddəsində nəzərdə tutulan əmrin (sərəncamının, qərarının) məzmunda göstərilməli olan məlumatların hər birinə əməl edilmiş, həmçinin əmrdə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi kifayət qədər əsaslandırılmışdır. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsi “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Qeyd olunan qanunvericilik normaları müqavilənin ləğv edilməsini işəgötürənin səlahiyyətinə buraxır. Ona görə də məhkəmə hesab edir ki, əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürən tərəfindən verilmiş əmr qanunvericiliyin normalarına əməl olunaraq verildiyindən və işçinin işdən çıxarılması barədə kifayət qədər əsas olduğundan iddia təmin edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "N.X14" MMC-yə qarşı "əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi" tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "N.X14" MMC-yə qarşı "əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar