Məhkəmə qərarları › İş №2(004)-3757/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3757/2020

01.12.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3757/2020 01.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi ilə, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə barədə ilkin iddia tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı cehiz əşyalarının mənzildən çıxarılması barədə qarşılıqlı iddia tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə barədə ilkin iddia tələbi ilə məhkəməyə müraciət edərək, onun və onun azyaşlı uşaqları - xx.xx.2008-ci il təvəllüdlü X11 və xx.xx.2013-cü il təvəllüdlü X4 Cavabdeh2 məxsus ünvan 5, ev 42 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması və həmin fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2007-ci il tarixdə Cavabdeh1 ilə rəsmi nikaha daxil olmuş və nikah dövründə xx.xx.2008-ci il təvəllüdlü X11 və xx.xx.2013-cü il təvəllüdlü X12 doğulmuşdur. Sonradan münasibətləri pisləşdiyinə görə ayrılmış və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-459/2019 saylı qətnaməsi əsasında nikahları pozulmuş və övladları X11 və X12 onun himayəsində saxlanılmışdır. Nikaha daxil olduğu ilk gündən gəlin olaraq ünvan 5, ev 42 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüşdür. Ayrıldığı günədək, yəni xx xxx 2018-ci il tarixədək həmin evdə yaşamışdır. Həmin vaxt cavabdehlərlə münaqişəli vəziyyətdə olduğuna görə bir yerdə yaşamaq mümkün olmadığından və Cavabdeh2 evin yaxın vaxtda söküləcəyini və verilən kompensasiyadan ev almaq üçün ona da verəcəyini, sökülməyəcəyi təqdirdə isə evin giriş-çıxışını ayıraraq uşaqlarında yaşamaq üçün şərait yaradacağını bildirdiyinə görə müvəqqəti olaraq uşaqlarında birlikdə kirayədə yaşamaq qərarına gəlmişdir. Lakin, cavabdeh verdiyi vədləri yerinə yetirmədiyinə və hazırda onun da, kirayədə yaşamaq üçün maddi imkanı olmadığına görə hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əlavə olaraq qeyd edir ki, məhz yuxarıda qeyd etdiyi səbəblərə görə bu günədək cehiz əşyalarını da, həmin evdən çıxartmamış və hal-hazırda da ordadır. Məhkəmənin nəzərinə çatdırır ki, onda olan məlumata görə adıçəkilən fərdi yaşayış evi təxminən 2014-cü ilədək mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsus olmuş və sonradan Cavabdeh1 fərdi yaşayış evini onun razılığı alınmadan anası- Cavabdeh2 bağışlamışdır. Qanunvericiliyin tələbinə uyğun olaraq, o, mübahisəli mənzilə gəlin kimi köçdüyü andan orada yaşamaqla həmin mənzilə istifadə hüququ əldə etmişdir. Sonradan fərdi yaşayış evinin mülkiyyətçisi dəyişsə də, onun həmin evdə istifadə hüququm saxlanılmışdır. Çünki, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağışlanma müqaviləsi bağlanarkən notariat qaydasında təsdiqlənmiş razılığı alınmamışdır. Qarşılılqı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı cehiz əşyalarının mənzildən çıxarılması barədə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, İddiaçı nikaha daxil olarkən cehiz şəkilində gətirdiyi əşyaları ilə birlikdə xüsusi mülkiyyətində olan ünvan 5, ev 42 ünvanından çıxardılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı ona və Manafov Sabir oğluna qarşı onun və azyaşlı uşaqları xx.xx.2008-ci təvəllüdlü Sabir Sərxan oğlu və xx.xx.2013-cü il təvəllüdlü X4 ona məxsus ünvan 5, ev 42 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması və həmin yasayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edir ki, İddiaçı, oğlu, Cavabdeh1 ilə nikaha daxil olarkən cehiz şəkilində gətirdiyi əşyaları ilə birlikdə xüsusi mülkiyyətində olan ünvan 1 ünvanından çıxardılması tələbinə də, baxılmalıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı xx.xx.2013-ci il tarixli çıxarışa ünvan 5ndə yerləşən 42 saylı evin mülkiyyətçisidir. Oğlu Cavabdeh1 ilə keçmiş gəlini olan İddiaçı 2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşdular. Bakı şəhəri Yasamal Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə oğlu Cavabdeh1 ilə keçmiş gəlini olan İddiaçı arasındakı rəsmi nikah pozulmuşdur. O, oğlunun yaşamağa evi olmadığından bir müddət onun mülkiyyətində olan evdə yaşamağa icazə vermiş, lakin onlara istifadə hüququ verməmişdir. Belə bir hüququ daşınmaz əmlakın reyestrindən qeydiyyatdan keçirtməmişdir. İddiaçı onun mənzilində yaşaması, cehiz əşyalarını onun mənzilində saxlaması qanuna ziddir. İddiaçı onun mənzilində qeydiyyatda qalması əşyalarının onun mənzilində olması onun mülkiyyət hüququnu birbaşa pozur. İşə məhkəmədə baxılan zaman qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və eyni zamanda vəkili qarşılıqlı iddia təlbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, İddiaçı nikaha daxil olarkən cehiz şəkilində gətirdiyi əşyaları yəni kravat, şifoner, termo, 2 ədəd tumba, divan, kreslo, stul, televizor altlığı, 2 ədəd divar küncü mebel, paltar yuyan maşın, qaz peçi, jurnal masası, 2 ədəd çil-çıraq və pərdənin onun xüsusi mülkiyyətində olan ünvan 5, ev 42 ünvanından çıxardılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və eyni zamanda vəkili yenidən qarşılıqlı iddia təlbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, İddiaçı nikaha daxil olarkən cehiz şəkilində gətirdiyi əşyaları yəni - qəhvəyi rəngli bir ədəd yataq dəsti, qəhvəyi rəngli bir ədəd altı gözlü şifoner dəsti, qəhvəyi rəngli tumbuçka yataq dəstinin yanında yerləşən, qəhvəyi rəngli bir ədəd güzgü, bir ədəd 6 şamdanlı xurustal çil-çıraq, iki ədəd qəhvəyi rəngli qonaq otağı üçün divar küncü mebeli, bir ədəd dairəvi masa, bir ədəd stol və üç ədəd stul, bir ədəd 12 şamdanlı çil-çıraq, bir dəst Embawood markalı kreslo divan dəsti, bir ədəd Samsung markalı paltar yuyan maşın, bir ədəd masa üstü dörd gözlü qaz peçi və üç ədəd boz rəngli pərdə dəstinin onun xüsusi mülkiyyətində olan ünvan 5, ev 42 ünvanından çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia tələbini müdafiə, qarşılıqlı iddia tələbinə isə etiraz edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə ilkin iddia tələbini müdafiə edərək məzmununa uyğun izahat verdi və qarşılıqlı iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, iş üzrə tərəflər 2007-ci ildə nikah bağlamış və aralarında olan nikah məhkəmə qaydasında 2018-ci il tarixdə pozulmuşdur. İddiaçı 2018-ci ildən sözü gedən evdən çıxıb getmiş və ayrı yaşamışdır. Ümumilikdə isə mübahisə predmeti olan mənzil vərəsəlik əsasında əldə edilmişdir. İddiaçı qız hal-hazırda da, övladı ilə birlikdə kirayədə yaşayır. Sözü gedən mənzil 2012-ci ildə Sərxanın mülkiyyətinə keçmiş, 1 il sonra isə bağışlama yolu ilə digə cavabdehin adına keçmişdir. İddiaçının yaşamağa başqa mənzili yoxdur və ona məxsus cehiz əşyaları da, həmin mənzildə qalmışdır. Odur ki, ilkin iddia ərizəsinin təmin, qarşılıqlı iddia ərizəsinin isə əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və eyni zamanda vəkili Vəkil ilkin iddia tələbini etiraf etmədi, qarşılıqlı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, ilkin iddia ərizəsi əsasızdır. İlkin iddiaçı Manafova X3 Gülnarə Kərim qızı və Cavabdeh1 qarşı onun və azyaşlı uşaqları xx.xx.2008-ci təvəllüdlü X11 və xx.xx.2013-cü il təvəllüdlü X4 Cavabdeh2 məxsus ünvan 5, ev 42 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması və həmin fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İlkin iddia tələbini qəbul etmirlər. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş RX seryalı ******* saylı xx.xx.2013-ci il tarixli çıxarışa əsasən Cavabdeh2 ünvan 5ndə yerləşən 42 saylı evin mülkiyyətçisidir. Oğlu Cavabdeh1 ilə keçmiş gəlini olan İddiaçı xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşdurlar. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə oğlu Cavabdeh1 ilə keçmiş gəlini olan İddiaçı arasındakı rəsmi nikah pozulmuşdur. O, oğlunun yaşamağa evi olmadığından onlara bir müddət öz mülkiyyətində olan evdə yaşamağa icazə vermişdir. Lakin onlara istifadə hüququ verməmişdir, belə bir hüququ daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçirtməmişdir. İddiaçı Cavabdeh2 mənzilində yaşaması, cehiz əşyalarını onun mənzilində saxlaması qanuna ziddir. İddiaçı onun mənzilində qeydiyyatda qalması əşyalarının onun mənzilində olması onun mülkiyyət hüququnu birbaşa pozur. Bundan başqa hüquqlarını müdafiə etdiyi şəxs öz mənzilindən sərbəst surətdə istifadə edə bilmir. Mənzil hal-hazırda boşdur və tərəflər arasında cehiz əşyalarla bağlı məhkəməyə qədər də, mübahisə olduğundan, iddiaçı əşyaların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə həmin mənzildə heç kim yaşamır. Cehiz əşyaları da, olduğu kimi həmin mənzildədir. Bu isə birbaşa idiaçının mülkiyyət hüquqlarını pozur. Göstərilənlərə əsasən ilkin iddia tləbinin rədd, qarşılılıqlı iddia tələbinin isə təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ilkin iddia tələbi rədd, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-459/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2007-ci il tarixdə Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 835 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2008-ci il təvəllüdlü X11 və xx.xx.2013-cü il təvəllüdlü X4 anaları İddiaçı yanında qalmalarının müəyyən edilməsi qərara alınmışdır. Nikahın pozulması haqqında AZ-İ seriyalı, 349774 nömrəli şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında olan nikan 2020-ci ilin mart ayının 10-da ləğv edilmiş, qadına Manafova soyadı verilmişdir. ƏMDKY DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri,Yasamal rayonu, S.Dadaşov küçəsi, 42 (keçmiş ünvan 22) saylı ünvanda yerləşən fərdi yaşayış evi ilkin olaraq X9 adına qeydiyyatdan keçmişdir. 5 saylı DNK-nın 11669 saylı reyestr nömrəli x xxxxxx 1957-ci il tarixli bağışlama müqaviləsinə əsasən fərdi yaşayış evinin ½ hissəsi Cavabdeh1 Manafoviçin adına qeydiyyatdan keçmişdir. 1 saylı DNK-nın xx xxxxx 1977-ci il tarixli 1K-355 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X7 məxsus ½ hissəsi X8 adına qeydiyyatdan keçmişdir. 19 saylı DNK-nın xx xxxxx 2003-cü il tarixli 40/240 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X8 hissəsindən 1/6 hissəsi X5 adına qeydiyyatdan keçmişdir. 12 saylı DNK-nın 4Ə-03-539 reyestr nömrəli xx xxxxxx 2010-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən X5 1/6 hissəsi X1 adına qeydiyyatdan keçmişdir. 19 saylı DNK-nın 2V-1344 reyestr nömrəli xx xxxxxxxx 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh1 Manaf oğlunun vəfatından sonra sözügedən ünvanın 3/6 hissəsi Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. 12 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq edilən xx xxxxxx 2012-ci il tarixli 4Ə-03-974 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X1 1/6 hissəsi X2 adına qeydiyyatdan keçmişdir. 19 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq edilən 4Ə/1-353 reyestr nömrəli xx xxxxxx 2013-cü il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 3/6 hissəsi Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri,Yasamal rayonu, S.Dadaşov küçəsi. 42 saylı ünvanda yerləşən fərdi yaşayış evinin hazırki mülkiyyətçiləri aşağıdakılardır: X13 2/6 hissə; X6 1/6 hissə və Cavabdeh2 3/6 hissə. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzil 3/6 hissədə cavabdehlərdən Cavabdeh2 mülkiyyətindədir. İddiaçı cavabdehin keçmiş gəlini olmaqla oğlu ilə birgə nikahda olarkən, hazırda ona məxsus mənzildə yaşamış, tərəflər arasındakı nikah Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-459/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən pozulmuş, iddiaçı xx xxx 2018-ci il tarixdən mübahisəli mənzildə yaşamır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» xx.xx.2001-ci il tarixli qərarında göstərilmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1. və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Göründüyü kimi qanun vericilik ailə üzvlərinin dairəsini müəyyən edərək, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə uşaqları və valideynlərini aid etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» xx.xx.2008-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Məhkəmə baxışında yuxarıda sadalanan üç şərtin yerinə yetirilməsi ilə bağlı heç bir hal aşkar edilməmişdir. Eyni zamanda işin halları ilə iddiaçının, mübahisəli mənzilin hazırki mülkiyyətçisi olan Cavabdeh2 münasibətdə ailə üzvü sayılmaması da, müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsində istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Məhkəmə ilkin iddia tələbinə hüquqi qiymət verməyə davam edərək qeyd edir ki, işin halları ilə iddiaçı ilə iş üzrə digər cavabdeh olan Cavabdeh1 arasında rəsmi nikah münasibətlərinin xx.xx.2007-ci il tarixdə, Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində qeydiyyata alınmaqla yaranmasına baxmayaraq, həmin zaman mübahisəli mənzilin cavabdehlərdən Cavabdeh1 mülkiyyətində olmaması, sonuncu tərəfindn həmin mənzilin 3/6 hissəsinin, 19 saylı DNK-nın 2V-1344 reyestr nömrəli xx xxxxxxxx 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh1 Manaf oğlunun vəfatından sonra 2012-ci il tarixdə vərəsəlik yolu ilə qəbul edilməklə adına qeydiyyatdan keçməsi, 19 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq edilən 4Ə/1-353 reyestr nömrəli xx xxxxxx 2013-cü il tarixli bağışlama müqaviləsinə əsasən isə Cavabdeh1 3/6 hissəsinin Cavabdeh2 adına qeydiyyatdan keçməsi də, müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında nikah münasibətləri 2007-ci il tarixdə yaransa da, həmin zaman mübahisəli mənzilin 3/6 hissəsi cavabdehlərdən Cavabdeh1 mülkiyyətində olmadığından, yalnız xx xxxxxxxx 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən tərəflərin birgə nikahları dövründə vərəsəlik yolu ilə sonuncunun mülkiyyətinə keçdiyindən və daha sonra da, tərəflərin birgə nikahları dövründə də, bağışlama yolu ilə özgəninkiləşdirildiyindən, tərəflər arasında 2007-ci il tarixdən yaranmış nikah münasibətləri davam edərək 2019-cu il tarixdə pozulduğundan iddia tələbinə bu hissədə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tədbiq edilməklə qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Bundan başqa işin araşdırılmış halları ilə (şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən) iddiaçının nikah münasibətlərinə girərkən (2007-ci tarixdə) və ailə qurduqdan sonra da, ünvan 4 ünvanda qeydiyyatda olması, mübahisəli mənzilə isə 2014-cü il tarixdə yəni, mübahisəli mənzilin artıq keçmiş qaynanasının mülkiyyətində olduğu zaman pasport qeydiyyatına alınması və hal-hazırda da, həmin ünvanda 2018-ci il tarixdən yaşamasa da, qeydiyyatda qalması müəyən edilmişdir. Məhkəmə qeyd edir ki, yaşayış yeri üzrə qeydiyyat yaşayış sahəsinə hər hansı hüquq, o cümlədən istifadə hüququ yaratmır. Belə ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinin 2-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri üzrə qeydiyyatı yaşayış sahəsinə istifadə hüququ və ya yaşayış sahəsinə digər hüquq əmələ gətirdiyini iddia edən şəxs bu halın hansı qaninvericilik aktında nəzərdə tutulduğunu göstərməlidir. Yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi üçün hüquqi fakt mövcud olmalıdır, hansi ki, qanunvericilik bu hüququn əmələ gəlməsini həmin faktla əlaqələndirmişdir. Göründüyü kimi qanun vericilik ailə üzvlərinin dairəsini müəyyən edərək, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə uşaqları və valideynlərini aid etmişdir. İşin halları ilə müəyyən edilmişdir ki, qarşılıqlı iddia üzrə cavabdeh mənzilin mülkiyyətçisi olan qarşılıqlı iddia üzrə iddiaçının ailə üzvü deyil və cavabdehin mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır. Beləliklə də, məhkəmə ilk iddiaçının dəlillərinin heç bir mötəbər sübutlarla təsdiqini tapmadığını və onun irəli sürdüyü faktiki halların iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamasını nəzərə alaraq ilk iddianın tam əsassız olduğu üçün rədd edilməsi nəticəsinə gəlir. Məhkəmə ilkin iddia tələbini rədd edərkən eyni zamanda qeyd edir ki, işin halları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mübahisəli mənzilin bağşlanmasına dair 4Ə/1- 353 reyestr nömrəli xx xxxxxx 2013-cü il tarixli bağışlama müqaviləsini mübahisələndirilməmişdir. Məhkəmə qarşılıqlı iddia tələblərinə də, hüquqi qiymət verərək hesab edir ki, qarşılıqlı iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı məxsus cehiz əşyaları: qəhvəyi rəngli bir ədəd yataq dəsti, qəhvəyi rəngli bir ədəd altı gözlü şifoner, qəhvəyi rəngli tumbuçka (yataq dəstinin yanında yerləşən), qəhvəyi rəngli bir ədəd güzgü; bir ədəd 6 şamdanlı xurustal çilçıraq; iki ədəd qəhvəyi rəngli qonaq otağı üçün divar künçü mebeli; bir ədəd dairəvi masa; bir ədəd stol və üç ədəd stul; bir ədəd 12 şamdanlı çilçıraq; bir dəst “Embawood” markalı kreslo divan dəsti; bir ədəd “Samsung” markalı paltar yuyan maşın; bir ədəd masa üstü dörd gözlü qaz peçi (sobası) və üç ədəd boz rəngli pərdə dəsti qarşılılqlı iddia üzrə iddiaçı Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 42 saylı evdən çıxarılmalıdır. Belə ki, məhkəm iclasında qarşılqılı iddia üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsində qeyd edilmiş əşyaların həqiqətəndə ona məxsus olmasını və hal-hazırda da, iddiaçıya məxsus mənzildə qalmasını etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə barədə ilkin iddia tələbinə dair iddiası rədd edilməli; qarşılıqlı iddia tələbi təmin edilməli, İddiaçı məxsus cehiz əşyaları: qəhvəyi rəngli bir ədəd yataq dəsti, qəhvəyi rəngli bir ədəd altı gözlü şifoner, qəhvəyi rəngli tumbuçka (yataq dəstinin yanında yerləşən), qəhvəyi rəngli bir ədəd güzgü; bir ədəd 6 şamdanlı xurustal çilçıraq; iki ədəd qəhvəyi rəngli qonaq otağı üçün divar künçü mebeli; bir ədəd dairəvi masa; bir ədəd stol və üç ədəd stul; bir ədəd 12 şamdanlı çilçıraq; bir dəst “Embawood” markalı kreslo divan dəsti; bir ədəd “Samsung” markalı paltar yuyan maşın; bir ədəd masa üstü dörd gözlü qaz peçi (sobası) və üç ədəd boz rəngli pərdə dəsti qarşılılqlı iddia üzrə iddiaçı Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 42 saylı evdən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən də məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə barədə ilkin iddia tələbinə dair iddiası rədd edilsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı məxsus cehiz əşyaları: qəhvəyi rəngli bir ədəd yataq dəsti, qəhvəyi rəngli bir ədəd altı gözlü şifoner, qəhvəyi rəngli tumbuçka (yataq dəstinin yanında yerləşən), qəhvəyi rəngli bir ədəd güzgü; bir ədəd 6 şamdanlı xurustal çilçıraq; iki ədəd qəhvəyi rəngli qonaq otağı üçün divar künçü mebeli; bir ədəd dairəvi masa; bir ədəd stol və üç ədəd stul; bir ədəd 12 şamdanlı çilçıraq; bir dəst “Embawood” markalı kreslo divan dəsti; bir ədəd “Samsung” markalı paltar yuyan maşın; bir ədəd masa üstü dörd gözlü qaz peçi (sobası) və üç ədəd boz rəngli pərdə dəsti qarşılılqlı iddia üzrə iddiaçı Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 42 saylı evdən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar