Məhkəmə qərarları › İş №2(004)-3757/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3757/2021

05.08.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3757/2021 05.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə 20.05.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, onun və uşaqlarının Cavabdeh məxsus Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, ev 3a, 157 saylı mənzilə istifadə hüququnun tanınması və uşaqları ilə birlikdə həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil3 izahat verərək bildirir ki, iddiaçı cavabdeh ilə 28.10.2008-ci il tarixində rəsmi nikaha girməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan 24.06.2010-ci il təvəllüdlü X1 və 13.07.2011-ci il təvəllüdlü X4 adlı 2 övladları vardır. İddiaçı hazırda valideynlərinə məxsus kiçik bir evdə iki uşağı ilə birlikdə yaşamağa məcbur qalmışdır. Uşaqlarının və özünün həmin evdə yaşaması üçün şərait yoxdur. Bundan iddiaçının xəbəri olmadan və gözlənilmədən mənzilin açarı dəyişdirildiyindən iddiaçının və uşaqların yaşamaq üçün zəruri əşyaları da mübahisə predmeti olan mənzildə qalmışdır. İddiaçı heç bir yerdə işləmədiyindən kirayə ev tutmaq və zəruri əşyaları almaq imkanına malik deyil və yaşaya biləcəyi başqa yaşayış yeri yoxdur. O, uşaqları ilə birlikdə mənzilə qayıtsa da mənzilin açarının dəyişdiyini görmüş və mənzilə daxil ola bilməmişdir. Hal-hazıra qədər anasıgildə yaşayır və bu həm özünə, həm uşaqlara çox çətindir. Hesab edir ki, o və uşaqlarının həmin mənzildən istifadə hüququ var və bu hüquqları məhkəmə qaydasında tanınmalı və o, uşaqları ilə birlikdə həmin mənzilə köçürülməlidir. Belə ki, qeyd edilən mənzil, yəni "xxxx" MTK-ya məxsus olan Yasamal rayonu, D.Bünyadzadə küçəsi ev 3a, mənzil 157 da yerləşən mənzil gözlənilən müliyyət hüququ ilə Cavabdeh adına rəsmiləşdirilmişdir. Bu səbəbdən də həmin mənzildə onların istifadə hüququ əmələ gəlmiş və məhkəmə tərəfindən tanınmalıdır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, iddiaçı ilə keçən ilin sentyabrında aralarında münaqişə olmuşdur. İddiaçı atası evinə getmişdir. O, evlərinə getmiş, o isə evə gəlməkdən imtina etmişdir. Evin açarını isə bu söhbətdən altı ay sonra dəyişmişdir. Həmin dövrdə isə açarın biri iddiaçıda olmuş, gəlib əşyalarını bir neçə dəfə aparmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 izahat verərək bildiririr ki, mübahisəli mənzil 2005-ci ildə nikahdan 3 il əvvəl alınmışdır. Həmin mənzil cavabdehin atasının adına dövlət işçisi olduğu üçün verilmiş, sonradan atası oğluna bağışlamışdır. İddiaçı həmin evdə 2008-ci ildən nikaha girəndən yaşamış, keçən ilin sentyabrında evi tərk edərək, atası evinə getmişdir. Qanunvericilik köçürülməni mülkiyyətçinin səlahiyyətinə aid edir. Burada istifadə hüququnun yaranması üçün əsas yoxdur. Konstitusiya Məhkəməsinin qərarına əsasən mənzilə köçürülmə yalnız mülkiyyətçinin razılığı ilə ola bilər. Köçürülmə olması üçün istifadə hüququnun yaranması tanınmalıdır. Hazırda tərəflər arasında boşanma işi gedir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan podratçı- "xxxx" şirkəti ilə sifarişçi - Cavabdeh arasında bağlanmış 12.07.2005-ci il tarixli yaşayış binasının tikintisi haqqında müqavilənin surətinə əsasən podratçı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı və Bünyadzadə küçələrinin kəsişdiyi ərazidə tikilməkdə olan yaşayış binasının 4-cü blok, altıncı mərtəbədə yerləşən iki otaqlı, 157 nömrəli mənzilin tikintisini, sifarişçi isə ümumi sahəsi 92,6 m2 olan mənzilin 98700000 manat olan ümumi dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 12.07.2005-ci il tarixli kassa mədaxil orderinə əsasən Cavabdeh tərəfindən mənzil yaşayış sahəsinin alınması üçün 98700000 manat məbləğində pul "xxxx" şirkətinə ödəmişdir. İş materiallarında olan Bakı şəhəri, Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 28.10.2008-ci il tarixli, AZ-İ 447037 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən Cavabdeh ilə X5 arasında 28.10.2008-ci il tarixdə, 1187 nömrəli akt qeydi ilə nikah bağlanmış, nikahdan sonra ərə Ağayev, arvada Ağayeva soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri, Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 11.02.2011-ci il tarixli, AZ-İİ 614154 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən tərəflərin birgə nikahdan X1 adlı övladı vardır. İş materiallarında olan Bakı şəhəri, Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 04.02.2012-ci il tarixli, AZ-İİ 835079 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən tərəflərin birgə nikahdan X4 adlı övladı vardır. İş materiallarında olan "xxxx" şirkəti tərəfindən verilmiş 22.06.2021-ci il tarixli , 204 nömrəli arayışa əsasən İddiaçı "xxxx" şirkəti tərəfindən ünvan 1 ünvanında inşa edilmiş dörd girişli, 10+1 (texniki) mərtəbəli yaşayış binasının dördüncü giriş, altıncı mərtəbəsində yerləşən 172 saylı mənzildə yaşayır. İşin müəyyən olunmuş halları odur ki, mübahisə predmeti olan mənzil cavabdehin sahibliyində və istifadəsindədir. Həmin mənzilə dair cavabdehin adına 2005-ci il tarixli çoxmənzilli yaşayış binasının tikintisi haqqında müqavilə vardır. Tərəflər arasında nikah 2008-ci ildə bağlanmış, iddiaçı cavabdehin razılığı ilə cavabdehə məxsus mənzildə yaşamağa başlamışdır. Onların birgə nikahdan iki övladı vardır. İddiaçı uşaqları ilə birlikdə mübahisə predmeti olan evdən getmişdir. Məhkəmə hesab edir ki, cavabdehin razılığı ilə iddiaçı mübahisə predmeti olan evdə yaşamaqla onun həmin mənzildən istifadə hüququ yaranmışdır. Daha sonra iddiaçı uşaqları ilə həmin mənzildən valideyninə məxsus olan evə getmişdir. Lakin iddiaçının daimi əsaslarla mübahisə predmeti olan mənzili tərk etməsi müəyyən olunmur. Cavabdeh özü də izahatında qeyd etmişdir ki, iddiaçı arada gəlib evdən hansısa əşyalarını götürürdü. Sonra o, açarı dəyişməli olmuşdur və yeni açarı iddiaçıya verməkdən imtina etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının mübahisə predmeti olan mənzilə istifadə hüququ yarandığından iddia təmin edilməlidir. Belə ki, AR Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29.03.2016-cı il tarixli qərarına əsasən bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: 1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; 2. Yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və AR Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair AR kontsitusiya Məhkəməsinin 16.12.2014-cü il tarixli qərarında yaşayış sahəsindən “istifadə hüququ”nun mülki və ailə qanunvericiliyinə münasibətdə fərqli hüquqi rejimi olması xüsusilə qeyd edilmişdir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Yəni “istifadə hüququ” özü-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından birbirindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətlərini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətlərinin hüquqi rejimi bir-birindən fərqlidir. Buna görə, bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahyyətlərini təmin etsələr də, bu imkan təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyətləri aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək olmaz. Nəticə etibarılə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Buna müvafiq olaraq qeyd edilməlidir ki, Mənzil Məcəlləsinin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir”. Beləliklə məhkəmə qeyd edir ki, iddia təmin edilməli, İddiaçı və yetkinlik yaşına çatmayan uşaqları X1, X2 Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, ev 3a, 157 saylı mənzilə istifadə hüququ tanınmalı, İddiaçı yetkinlik yaşına çatmayan uşaqları X1 və X4 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, ev 3a, 157 saylı mənzilə köçürülməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərinə əsasən və AR MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı və yetkinlik yaşına çatmayan uşaqları X1, X2 Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, ev 3a, 157 saylı mənzilə istifadə hüququ tanınsın. İddiaçı yetkinlik yaşına çatmayan uşaqları X1 və X4 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, ev 3a, 157 saylı mənzilə köçürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar