Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3769/2025 14.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Akademik A.Qarayev küçəsi, 29 ünvanında yerləşən evin satılmasından əldə olunmuş pulun 100.000 manat hissəsinin alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsi onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus olmuş Akademik Yasamal rayonu, A.Qarayev küçəsi, 29 ünvanında yerləşən evi Yasamal rayon İcra Hakimiyyəti tərəfindən kompensasiya ödənilməklə satın alınmışdır. Həmin vəsaitin alınmasını İddiaçı keçmiş arvadı olan Cavabdeh həvalə etmişdir. 130.000 manat pul vəsaiti cavabdehə ödənilmişdir. Cavabdeh həmin vəsaitdən 30.000 manata özünə avtomobil almışdır. İddiaçı həmin avtomobili satdırmaqla pulunu özünə götürmüş, qalan 100.000 manat vəsaiti isə ala bilməmişdir. Cavabdeh həmin pulu özündə saxlamışdır. Bu səbəbdən, iddia tələbi təmin edilməlidir. İddiaçı tərəf məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək bildirmişdir ki, iddiaçı onun keçmiş əridir, iddiaçı uzun müddətdir ölkə xaricində yaşayır. İddiaçı ölkə xaricində olduğundan sözügedən evə görə ödənilən 130.000 manat kompensasiya məbləğini iddiaçının tapşırığı və xahişi ilə almışdır. İddiaçının tapşırığı ilə həmin məbləğdən 30000 manat hissəsini onun dostuna vermiş və dostu da iddiaçı üçün Range Rover markalı avtomobil almışdır. İddiaçı avtomobil alınan zaman bildirmişdir ki, başqa şəxslərə güvənmədiyi üçün avtomobili əsas etibarnamə ilə avtomobilin Cavabdeh verilməsini xahiş etmişdir. Onlar ər-arvad olduqlarından cavabdeh bununla razılaşmış, daha sonra iddiaçı Azərbaycan Respublikasına gəldikdə isə avtomobili özü istifadə etmiş, daha sonra isə sataraq ölkədən getmişdir. Məbləğin qalan hissələrini də iddiaçı Azərbaycanca olduqda cavabdeh ona təhvil vermiş, lakin ailə, ər-arvad olduqlarından təhvil verilmə barədə hər hansı qəbz, sənəd almamışdır. Daha sonra iddiaçı yenidən ölkə xaricinə getmiş, hazırda ölkə xaricindədir. O, xaricə gedərkən uşaqlarını, ailəsini özü ilə aparmamışdır. İddiaçı və cavabdeh hazırda boşanmışlar. İddiaçının uşaqların saxlanılması üçün aliment borcu toplandığından bu tipli əsassız iddialar qaldırmaqla cavabdehi narahat etmək məqsədi güdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən müəyyən edilir ki, əldə edən ünvan 2 ünvanında yerləşən evin paylı mülkiyyətçisi İddiaçı həmin payı 133735 manat məbləğində əldə etmiş və pul vəsaiti İddiaçı etibarnamə üzrə nümayəndəsi Cavabdeh ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 15.1, 560, 359, 1091, 1092 və 1095-ci maddələri çıxış edir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasəm, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1092.3-cü maddəsinə əsasən, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən, əldə edən ünvan 2 ünvanında yerləşən evin paylı mülkiyyətçisi İddiaçı həmin payı 133735 manat məbləğində əldə etmiş və pul vəsaiti İddiaçı etibarnamə üzrə nümayəndəsi Cavabdeh ödənilmişdir. Məhkəmənin hüquqi qiymətləndirməsinə görə iddiaçı iddia edir ki, cavabdeh tərəfindən təmsilçilik səlahiyyətləri aşılmış, cavabdeh əsassız varlanmış, həmin məbləğ cavabdeh tərəfindən mənimsənilmiş və iddiaçıya verilməmişdir. İddia ərizəsində qeyd edilən xüsusatlar əsaslandırılmamış, ilkin sübutlar, izahatlar, mülahizələr məhkəməyə təqdim edilməmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iştirak etsə də, o, tələb üzrə ilkin əsaslı mülahizələr bildirməmiş, tələbi əsaslandırmamış, məhkəmənin suallarına cavab verə bilməmiş, tələbin əsaslılığı barədə məlumatları yalnız iddiaçıdan soruşduqdan sonra ona məlum olacağını bildirmişdir. Yəni, iddiaçı tərəf özü də bilmir ki, tələbin faktiki əsasları nədən ibarətdir. Daha sonrakı məhkəmə baxış iclasında isə vəkil iştirak etməmişdir. Yəni, iddia ərizəsində 100.000 manat pul tələb edilsə də, hakimi, məhkəməni inandırmaq, daxili inam formalaşdırmaq üçün sübutdan əlavə, izahat formasında da olsa hər hansı fikir bildirilməmişdir. Tələb yalnız 1 səhifəlik iddia ərizəsindən ibarətdir və tələbin predmeti 100.000 manat puldur. Cavabdehin arqumentləri və izahatları əsaslı və ağlabatan hesab edilir. Tərəflər arasında ər-arvad münasibətlərinin olması və ailə olmaları nəzərə alınır, ki bu hallarda arvadın ərini pulu verməsi barədə hər hansı rəsmi sənədin tərtib edilməsi cəmiyyətdə formalaşmış ümumi münasibətlərə uyğun deyildir. Əgər vəsait kənar şəxs tərəfindən əldə edilmiş olsa idi, məhkəmə əldə edəndən (təmsil edən) vəsaitin iddiaçıya verilməsi ilə bağlı müvafiq sübutlar tələb edə bilərdi. Lakin, vəsaitin ödəniş əsasının iddiaçının nənəsindən qalmış paya görə ödənilməsi, iddiaçı ilə cavabdehin həmin vaxt ər-arvad olması, ümumi övladlarının olması nəzərə alınmaqla arvadın etibarnamə əsasında əldə etdiyi pulu ərinə (iddiaçı) verməsi barədə ödəniş qəbzi, notarial əməliyyat və s. formasında sənədlər tərtib etməsi və sübutları özündə saxlaması ağlabatan deyildir. Bundan əlavə, məbləğin 2022-ci il tarixdə əldə edilməsi və 3 il ərzində iddianın irəli sürülməməsi, hazırki iddia tələbinin faktiki hallarının əsaslandırılmaması ona əsas verir ki, hazırki iddia tələbini qaldırmaq hüquqdan sui-istifadədir, cavabdehə şəxsi münasibətlər zəminində təsir etmək xarakteri daşıyır. Ehtimal etsək ki, həmin məbləğ cavabdeh tərəfindən iddiaçıya verilməmişdir, həmin verilməməni iddiaçı öz hərəkətləri ilə bəyənmişdir. Yəni, sonradan bəyənmə xüsusatı əsas götürülməklə, əldə etmə etibarlı hala gəlmişdir. Lakin, hər bir halda vəsaitin cavabdeh tərəfindən mənimsənilməsi və əsassız varlanması xüsusatı sübuta yetirilmir. Hazırki iddia tələbi üzrə sübutetmə yükü iddiaçının üzərindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanmanın 3 dispozitiv şərti var: 1. Bir tərəf varlanmalıdır. 2. Digər tərəf məhrum olmalıdır. 3. Tərəflər arasında qanuni əsas və ya müqavilə əsası olmamalı, olduğu təqdirdə aradan qalxmış olmalıdır. Belə ki, qeyd olunan hər 3 dispozitiv əsas birlikdə mövcud olduqda əsassız varlanma halı baş verir. Hazırki mülki iş üzrə dispozitiv şərtlərin heç biri yerinə (sübuta) yetirilmir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Mülki iş üzrə 5 (beş) məhkəmə hazırlıq iclası, 1 (bir) məhkəmə baxış iclasının keçirilməsinə baxmayaraq iddiaçı tərəfindən iddia tələbinin sübuta yetirilməsi təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-3769/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3769/2025
14.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver