Məhkəmə qərarları › İş №2(004)-3801/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3801/2024

02.09.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3801/2024 02.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: mənzildən çıxarılma) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Kamranlı Mahsun Şahin oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 qarşı “cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və mənzildən çıxarılma” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. İddiaçı Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 qarşı “cavabdehlər tərəfinədən yaradılmış maneələrin aradan qaldırılması və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzildən istifadə üçün adıçəkilən cavabdeh şəxslərin tərəfindən ona yaradılmış maneələrin aradan qaldırılması, cavabdeh şəxslərin qeyd olunan mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil onun mülkiyyətindədir. Adıçəkilən cavabdeh şəxslər ona məxsus mənzili məcburi köçkün kimi zəbt edərək onun hüquqlarını pozaraq mənzili tərk etməkdən imtina etmişdir. Bu səbəbdən də, pozulmuş hüquqlarının bərpası, mülkiyyət hüququma yaranmış maneələrin aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası" təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi, istismarı və s. qaydasını müəyyən edir. Həmin Qaydaya əsasən, məcburi köçkünlər müvəqqəti yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun istifadə etməlidirlər. Məcburi köçkünlərə müvəqqəti istifadə üçün verilmiş mənzillər xüsusi təyinatlı yaşayış sahəsi olmaqla Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin balansındadır. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin1999-cu il 24 dekabr tarixli 200 nömrəli qərarı ilə təqsdiq edilmiş Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi qaydasının 4-cü bəndinə əsasən Müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar. Yuxarıda qeyd olunan qanunvericilik aktını rəhbər tutaraq, cavabdeh şəxslərin mənzilin boşaldılması barədə dəfələrlə sözügedən inzibati orqana müraciət etsə də, müraciəti nəticəsiz qalmışdır. Həmçinin cavabdeh şəxslərə mənzilin boşaldılmasını bildirsə də, buna məhəl qoymamışlar. Bunun nəticəsində isə o, ona məxsus olan mənzildə mülkiyyət hüquqlarını həyata keçirə bilmir, mənzildən sahiblik və istifadə edə bilmir. Hesab edir ki, mənzildən istifadə üçün adıçəkilən cavabdeh şəxslər tərəfindən ona yaradılmış maneələrin aradan qaldırılması, cavabdeh şəxslərin qeyd olunan mənzildən çıxarılması barədə qətnamə qəbul edilməlidir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, mənzil Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı ilə atasına verilmişdir. Atası vəfat etdiyindən həmin əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı notariusa müraciət etsə də, lakin yekun qərar əldə edə bilməmişdir.

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çəxarılmasını xahiş etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir.

III. Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi rədd olunmalıdır.

8. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 30 mart 1994-cü il tarixli 020984 saylı Orderinə əsasən ünvan 2 ünvandakı mənzil X2 verilmişdir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 9 saylı Notariat Ofisi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər ərazi İdarəsinə ünvanlanmış məktubundan görünür ki, xx.xx.2013-cü il tarixdə vəfat etmiş, 1934 -cü il təvəllüdlü X1 vərəsəlik işi ilə əlaqədar olaraq, vərəsəsi oğlu- İddiaçı notariat kontoruna müraciət etmişdir. Bakı şəhər Yasamal RİHB tərəfindən verilmiş, 020984 saylı, xx.xx.1994 il tarixli «Order»ə əsasən, ünvan 4 ünvandakı mənzilin mərhum-X2 məxsus olması müəyyən edilmişdir. Mərhumun ölümü ilə əlaqədar həmin mənzil sənədləşdirilməmişdir.

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

11. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

12. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

13. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

14. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

15. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

16. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi “əmlakın qeyri-qanuni sahiblikdən geri götürülməsi və mülkiyyət hüququnun müdafiəsi” ilə bağlıdır.

17. İş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhər, Y.Yasamal y/m-1, ev 13, 20 nömrəli mənzil 30 mart 1994-cü il tarixli 020984 saylı Orderinə əsasən X2 verilmişdir. İddiaçı atasından miras qalan əmlaka mülkiyyət hüququnun olduğunu iddia edir. Halbuki, miras qoyan X1 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Bir sözlə, iddiaçı hazırki iddia üzrə subyektiv hüquqa malik deyil.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair 30 iyul 2008-ci il tarixli qərarında aşağıdakıları qeyd etmişdir:

19. “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

20. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.

21. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.”

22. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən məhkəməyə müvafiq ünvanda yerləşən mübahisəli mənzilin onun mülkiyyətində olması barədə iddia ərizəsində qeyd edilənlərə dair sübutlar təqdim edilmədiyindən və iddia tələbi əsassız olduğundan rədd edilməlidir.

23. Həmçinin iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

24. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. Nəticə:

25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia tələbi təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar