Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3803/2021 22.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı oyun konsolunun geri qaytarılması və əldən çıxmış faydanın tutulması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı oyun konsolunun geri qaytarılması və əldən çıxmış faydanın tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, elektronik əşyaların icarəyə verilməsi üzrə ********** VÖEN-i əsasında fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Qeyd edir ki, Cavabdeh müştəri kimi ona yaxınlaşaraq 19.03.2021-ci il tarixdə fərdi istifadəsi üçün icarə müqaviləsi əsasında “Playstation 4” oyun konsolunu icarəyə götürmüşdür. Bağlanmış müqavilənin 3-cü maddəsinə uyğun olaraq icarəçi Cavabdeh 1 (bir) ədəd “Playstation 4” oyun konsolunu 1 (bir) gün müddətinə icarəsi üçün icarəverənə 20 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4-cü maddəsinə uyğun olaraq 19.03.2021-ci il tarixdən 20.03.2021-ci il tarixədək bağlanılır. Müqavilənin 5-ci maddəsinə əsasən bu müqavilədə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsi və ya lazım olan şəkildə yerinə yetirilməməsi hallarında təqsirli tərəf, Azərbaycan Respublikasının qüvvədə olan mülki qanunvericiliyinə müvafiq olaraq, zərərçəkmiş tərəfə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərəri ödəməlidir. Lakin icarəçi Cavabdeh 19.03.2021ci il tarixdə müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirməyərək icarəyə götürdüyü “Playstation 4" oyun konsolunu geri qaytarmaqdan boyun qaçırmışdır. Qeyd edir ki, dəfələrlə telefon vasitəsilə oyun konsollarını geri qaytarmağı və ya dəymiş zərərin əvəzinin ödənilməsini tələb etsə də, cavabdeh buna məhəl qoymayaraq öhdəliklərini icra etməmişdir. Qeyd etmək istərdi ki, 1 (bir) ədəd “Playstation 4“ oyun konsolunun qiyməti 999 manat təşkil edir. Bildirir ki, icarəçinin müqavilənin şərtlərini pozaraq oyun konsollarını geri qaytarmaması nəticəsində fərdi sahibkar kimi həmin əşyaların başqa şəxslərə icarəyə verərək əldə edəcəyi gəlirdən onu məhrum etmişdir. Belə ki, 1 oyun konsolunun icarəsinin hər günü üçün 20 manat olmaqla 19 gün (20.03.2021-08.04.2021) ərzində əldə edəcəyi gəlirdən məhrum olmuşdur (1 oyun konsolu üçün 13 gün ərzində ümumilikdə 380 azn). Qeyd olunanlara əsasən icarəçi Cavabdeh tərəfindən icarəyə götürülmüş 1 (bir) ədəd “Playstation 4” oyun konsolunu geri qaytarılması, bu mümkün olmadıqda oyun konsolu üçün 999 manat məbləğində pulun; oyun konsolunun icarə müqaviləsinə uyğun müddətdə geri qaytarıldığı təqdirdə əşyadan mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olduğunu nəzərə alaraq əldən çıxmış faydaya görə icarəçidən “Playstation 4” oyun konsolunun 1 (bir) günlük icarəsi üçün 20 manat olmaqla 20.03.2021 -ci il tarixdən 08.04.2021-ci il tarixədək 380 manat məbləğində əldən çıxmış faydanın icarəçi tərəfindən ödənilməsi öhdəliyinin icarəçi Cavabdeh üzərinə qoyulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə məhkəmə iclasında baxılan dövrdə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi (azaldılması) barədə ərizə verərək, icarəçi Cavabdeh tərəfindən icarəyə götürülmüş 1 ədəd Playstation 4 slim 1 tb oyun konsolunun geri qaytarılması, oyun konsolunun icarə müqaviləsinə uyğun müddətə geri qaytarıldığı təqdirdə əşyadan mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirdən məhrum olduğunu nəzərə alaraq əldən çıxmış faydaya görə icarəçidən 1 ədəd Playstation 4 slim bir tb oyun konsolunun 1 günlük icarəsi üçün 20 manat olmaqla 20.03.2021-ci il tarixdən 08.04.2021-ci il tarixədək 380 manat məbləğində əldən çıxmış faydanın icarəçi tərəfindən ödənilməsi öhdəliyinin icarəçi Cavabdeh üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmişdir, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda cavabdehin faktiki yaşadığı yer məlum olmadığına görə məhkəmə tərəfindən bildiriş cavabdehin qeydiyyatda olduğu yer üzrə Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmiş, lakin cavabdehin qeydiyyatda olduğu ünvan söküldüyünə görə bildirişi təqdim etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, eləcə də, İddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair yazılı razılığını nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə uyğun olaraq işə qiyabi icraat qaydasında cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan icarəçi Məhəmmməd Məmmədov ilə icarəyəverən İddiaçı arasında bağlanmış 19.03.2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarıyəverən Playstation 4 oyun konsolunu icarəyə verir, icarəçi isə həmin əmlakı şəxsi ehiyacları üçün öz istifadəsinə qəbul edir. İcarəçi bu müqavilədə qeyd edilmiş və icarəyə alınmış əmlakın 1 gün müddətinə icarəsi üçün icarəverənə 20 manat məbləğində icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Bu müqavilə 19.03.2021-ci il tarixdən 20.03.2021-ci il tarixədək bağlanmışdır. İş materiallarında olan 19.03.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, icarəyəverən İddiaçı Playstation 4 oyun konsolunu icarəçi Məhəmmməd Məmmədova təhvil vermişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 19.03.2021-ci il tarixli icarə müqaviləsinə əsasən, iddiaçı (icarəyəverən) Rəhimzadə X1 4 oyun konsolunu cavabdeh (icarəçi) Cavabdeh 19.03.2021-ci il tarixdən 20.03.2021-ci il tarixədək icarəyə vermişdir. Eyni tarixli təhvil-təslim aktına əsasən icarəyəverən İddiaçı Playstation 4 oyun konsolunu icarəçi Məhəmmməd Məmmədova təhvil vermişdir. İcarəçi bu müqavilədə qeyd edilmiş və icarəyə alınmış əmlakın 1 gün müddətinə icarəsi üçün icarəverənə 20 manat məbləğində icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh həmin öhdəliklərin icrasını təmin etməmiş, müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin icrasından yayınaraq icarəyə götürdüyü Playstation 4 oyun konsolunu bu günə qədər geri qaytarmamış və bununlada iddiaçıya maddı ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 397.1-ci maddəsinə müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. Həmin Məcəlləsinin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəlləsinin 399.3-ci maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh, tərəfindən icarəyə götürülmüş 1 ədəd Playstation 4 Slim 1TB oyun konsolu alınaraq İddiaçı geri qaytarılmalıdır. Məhkəmə iddia tələbinin oyun konsolunun icarə müqaviləsinə uyğun müddətə geri qaytarıldığı təqdirdə əşyadan mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirdən məhrum olduğunu nəzərə alaraq əldən çıxmış faydaya görə icarəçidən 1 ədəd Playstation 4 slim bir tb oyun konsolunun 1 günlük icarəsi üçün 20 manat olmaqla 20.03.2021-ci il tarixdən 08.04.2021-ci il tarixədək 380 manat məbləğində əldən çıxmış faydanın icarəçi tərəfindən ödənilməsi öhdəliyinin icarəçi Cavabdeh üzərinə qoyulması hissəsi ilə bağlı belə qərara gəlir ki, iddia tələbi hissədə də, əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə iddiaçının hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olması, oyun konsolunun günlük 20 manata icarəyə verilməsi ilə ona əldən çıxmış faydaya görə 380 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şəhr edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan Qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Mülki qanunvericiliyə əsasən mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasını zərər vurulması faktı təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh, tərəfindən icarəyə götürülmüş 1 ədəd Playstation 4 Slim 1TB oyun konsolu alınaraq İddiaçı geri qaytarılmalı; Cavabdeh 1 ədəd Playstation 4 Slim 1TB oyun konsolunun 1 günlük icarəsi üçün 20 manat olmaqla, 20.03.2021-ci il tarixdən 08.04.2021ci il tarixədək əldən çıxmış faydaya görə 380 (üç yüz səksən) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh, tərəfindən icarəyə götürülmüş 1 ədəd Playstation 4 Slim 1TB oyun konsolu alınaraq İddiaçı geri qaytarılsın. Cavabdeh 1 ədəd Playstation 4 Slim 1TB oyun konsolunun 1 günlük icarəsi üçün 20 manat olmaqla, 20.03.2021-ci il tarixdən 08.04.2021-ci il tarixədək əldən çıxmış faydaya görə 380 (üç yüz səksən) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə rəsmi alındıqdan sonra 10 (on) gün müddətində onun ləğvi üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ərizə verilə bilər və ya qətnamədən 1 (bir) ay müddətində həmin məhkəmə vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-3803/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(004)-3803/2021
22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver