Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3804/2025 26.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi ilə, İddiaçı üçüncü şəxs qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “zaminlik müqaviləsinə xitam verilməsi və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə borcun olmaması barədə üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məlumat verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı üçüncü şəxs qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “zaminlik müqaviləsinə xitam verilməsi və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə borcun olmaması barədə üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məlumat verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini dəqiqləşdirmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, zaminlik müqaviləsinin bitmə tarixindən 9 il müddət keçmişdir. Mərkəzləşdirilmiş Kredit Reyestrində (MKR) zaminlik öhdəliyi olduğu üçün bu iddiaçının vəziyyətini çətinləşdirir. Belə ki, həmin zaminlik öhdəliyi olduğu müddətdə mən kredit almaq üçün heç bir banka müraciət edə bilmir. Qeyd olunan məsələyə aydınlıq gətirmək üçün Mərkəzləşdirilmiş Kredit Reyestrindən (MKR) çıxarışları hazırki ərizəyə əlavə edir. İddiaçı tərəf məhkəmə iclaslarında iştirak etməmişdir. Cavabdeh tərəf və müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-447/2024 nömrəli qətnaməsinə əsasən müəyyən edilir ki, iddiaçı Cavabdeh ASCnin cavabdehlər X1 (əsas borclu) və İddiaçı (zamin) qarşı xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə “pul” tələbinə dair iddiası məhz iddia müddətinin ötürülməsi əsası ilə təmin edilməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Həmin Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına əsasən, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2021-ci il tarixli, 32/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 2.1.2-ci maddəsinə əsasən, məlumat təchizatçısı - MKR-ə kredit haqqında məlumatı təqdim edən kredit təşkilatı, o cümlədən ləğvetmə prosesində olan kredit təşkilatı. Həmin Qaydaların 3.9-cu maddəsinə əsasən, məlumat təchizatçıları MKR-ə təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidirlər. Həmin Qaydaların 3.10-cu maddəsinə əsasən, MKR-də olan məlumatlara hər hansı düzəliş məlumat təchizatçılarının yazılı müraciəti və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-447/2024 nömrəli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh ASC-nin cavabdehlər X1 (əsas borclu) və İddiaçı (zamin) qarşı xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə “pul” tələbinə dair iddiası məhz iddia müddətinin ötürülməsi əsası ilə təmin edilməmişdir. Deməli, əsas borcluya münasibətdə öhdəliyə xitam verilməsə də, zaminə münasibətdə xitam verilmişdir. Belə ki, əsas borcluya münasibətdə tələb üzrə iddia müddətinin ötməsi öhdəliyin xitamına səbəb olmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, əsas borcluya münasibətdə iddia müddətinin ötürülməsi öhdəliyin xitamına səbəb olmamaqla sadəcə iddiaçı (bank) tərəfindən tələb etmə hüququnun itirilməsi ilə nəticələnir. Yəni, iddia müddəti ötürüldükdə iddiaçı tərəfindən tələbin məhkəmə qaydasında realizə edilərək təmin edilməsi mümkün hesab edilmir. Bunun əsası qismində qanunla imperativ qaydada müəyyənləşdirilmiş iddia müddətinin ötürülməsi çıxış edir. Lakin, məhz əsas borcluya münasibətdə icra edilməmiş öhdəlik qüvvədə qalmaqda davam edir. Çünki, öhdəliyə xitam verilməsinin əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsində (həmçinin müqavilə üzrə) konkret olaraq müəyyənləşdirilmişdir. Lakin, zaminə münasibətdə zaminliklə bağlı müəyyən edilmiş müddət kəsici müddət olduğundan həmin müddətin ötməsi bütövlükdə öhdəliyin xitamına səbəb olur. Xitam verilmiş öhdəliyə münasibətdə zaminə dair öhdəlik xarakterli məlumatların "xxxx" MMC-də saxlanılması əsassız hesab edilməklə subyektin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına səbəb olur. Həmçinin, zamin İddiaçı ilə kreditor "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsinə müddətin ötməsi əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı, cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs və s.) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etmiş və məhkəmənin sorğusu əsasında müvafiq məlumatları məhkəməyə təqdim etsə də, iddia tələbinin əsassızlığı barədə üzərinə düşən sübutetmə (təkzibetmə) funksiyasını həyata keçirtməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsinə xitam verilməli, İddiaçı xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsi üzrə borcunun olmaması barədə məlumatın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi öhdəliyi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı üçüncü şəxs qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “zaminlik müqaviləsinə xitam verilməsi və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə borcun olmaması barədə üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məlumat verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddiası təmin edilsin. İddiaçı ilə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsinə xitam verilsin. İddiaçı xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsi üzrə borcunun olmaması barədə məlumatın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi öhdəliyi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulsun. Mülki iş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-3804/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3804/2025
26.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver