Məhkəmə qərarları › İş №2(004)-381/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-381/2024

17.01.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-381/2024 17.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X10 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X6, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 cəlb edilməklə Cavabdeh qarşı "mənzildən çıxartma və pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 cəlb edilməklə Cavabdeh qarşı "mənzildən çıxartma və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq, Azərbaycan Ordu sıralarında 20 (iyirmi) təqvim ili və daha çox qüsursuz xidmət etmiş, mövcud fərmanın ikinci bəndinə əsasən yaradılmış müvafiq komissiya tərəfindən Bakı şəhəri, ünvan 1 ünvanında ümumi sahəsi 98,99 m2 olan 4 otaqlı daimi yaşayış sahəsi ilə təmin edilmişdir. Dövlət vəsaiti hesabına mənzillə təmin olunana qədər X5 xx.xx.2012-ci il tarixli 76 nömrəli xüsusi təyinatlı kirayə müqaviləsinə əsasən ünvan 2 ünvanında xidməti yaşayış sahəsi ilə təmin olunmuşdur. X5 Azərbaycan Respublikası müdafiə nazirinin 08 aprel 2020-ci il tarixli müvafiq əmri ilə xəstəliyə görə Silahlı Qüvvələrin ehtiyatına buraxılmış, ehtiyata buraxıldıqdan sonra ünvan 2 ünvanında yerləşən və Müdafiə Nazirliyinin mənzil fonduna aid xüsusi təyinatlı yaşayış sahəsinin ondan təhvil alınmasını xahiş etmişdir. Cavabdeh Müdafiə Nazirliyinin mənzil fondunun xəbərdarlıqlarına baxmayaraq hal-hazırki vaxta qədər xidməti yaşayış sahəsini təhvil verməmişdir. Bundan əlavə, ünvan 2 ünvanında xidməti yaşayış sahəsində yaşayan Cavabdeh tərəfindən elektrik enerjisinə görə 466,82 (dörd yüz altmış altı manat səksən iki qəpik), kommunal xidmətə görə 256,24 (iki yüz əlli altı manat yirmi dörd qəpik) məbləğində borc ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən iddiaçı mülkiyyət hüququnun pozulduğunu iddia etmiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X9 məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan 10 dekabr 2012-ci il tarixli 76 nömrəli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətinə əsasən müəyyən olunur ki, Xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi tərəfindən X3 ünvan 2 ünvanında yerləşən xüsusi təyinatlı yaşayış sahəsi kirayə verilmişdir. İş materiallarında olan X2 Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinə ünvanladığı 16 oktyabr 2023-cü il tarixli ərizədən müəyyən olunur ki, X5 10 dekabr 2012-ci il tarixli 76 nömrəli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsini və ünvan 3 ünvanında yerləşən xidməti yaşayış sahəsinin təhvil alınmasını xahiş etmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin 18 oktyabr 2023-cü il tarixli arayışına əsasən müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Mənzil-İstismar İdarəsi ilə X5 arasında bağlanmış 10 dekabr 2012-ci il tarixli 76 nömrəli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. İş materiallarında olan 23.10.23-cü il tarixli arayışa əsasən müəyyən olunur ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatsız yaşayır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 297 nömrəli arayışa əsasən müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən xidməti yaşayış sahəsinə Cavabdeh xx.xx.2023-cü il tarixə 486,82 manat elektrik enerjisinə, 256,24 manat isə kommunal xidmətə görə borcu vardır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1-ci maddəsinə əsasən, xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə xidməti yaşayış sahələri aiddir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92-ci maddəsinə əsasən, xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 102.1-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 103.3-cü maddəsinə əsasən Xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. MM-in 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, 10 dekabr 2012-ci il tarixli 76 nömrəli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətinə əsasən müəyyən olunur ki, Xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi tərəfindən X3 ünvan 2 ünvanında yerləşən xüsusi təyinatlı yaşayış sahəsi kirayə verilmişdir. İddiaçı Azərbaycan Respublikası Mənzil-İstismar İdarəsi ilə X5 arasında bağlanmış 10 dekabr 2012-ci il tarixli 76 nömrəli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Cavabdeh X1 arvadı olmaqla (hal-hazırda boşanıblar) ünvan 2 ünvanında qeydiyyatdadır və hazırda Azərbaycan Respublikası Mənzil-İstismar İdarəsinin xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yaşayır. Göstərilən xüsusat mülki işin mübahisəsiz halıdır. Deməli, Cavabdeh Azərbaycan Respublikası Mənzil-İstismar İdarəsinin xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında kirayə müqaviləsinə xitam verilməsi xüsusatı nəzərə alınmaqla kirayəçinin ailə üzvüü kimi qeyri-legitim əsaslarla yaşayır. Bununla da, mülkiyyətçinin mülkiyyət hüquqları pozulur. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 10 dekabr 2012-ci il tarixli 76 nömrəli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilməsi ilə kirayəçinin yaşayış sahəsindən istifadə hüququna xitam verilmişdir. Kirayə müqaviləsinin şərtinə əsasən yaşayış sahəsi bu müqavilə ləğv edildikdən və ya ona xitam verildikdən sonra razılaşdıqları müddətdə (lakin 30 təqvim günündən artıq olmamaq şərti ilə) təhvil-təslim aktına əsasən kirayəyə verənə təhvil verilməli idi. Müqavilənin ləğvindən 30 gün keçməsinə baxmayaraq Cavabdeh həmin yaşayış sahəsindən istifadə etməklə mülkiyyətçinin hüquqlarını pozmuşdur. İddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına qanunvericiliklə müəyyən edilmiş legitim əsaslar müəyyən edilmir. Bu səbəbdən, iddiaçının mülkiyyət hüquqlarının müdafiəsi təmin edilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, elektrik enerjisi və kommunal xidmətə görə borcun ödənilməsi tələbi Cavabdeh münasibətdə təmin edilə bilməz. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 297 nömrəli arayışa əsasən müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən xidməti yaşayış sahəsinə Cavabdeh xx.xx.2023-cü il tarixə 486,82 manat elektrik enerjisinə, 256,24 manat isə kommunal xidmətə görə borcu vardır. Məhkəmə qeyd olunan sübutu mötəbər hesab etmir. Belə ki, müqavilə münasibətləri üzrə kirayəçi qismində ayrıça fiziki şəxs olan X5 çıxış etmişdir. Müqavilə münasibətləri üzrə kirayəyə verən yalnız kirayə müqaviləsinin tərəfi olan kirayəçiyə qarşı öhdəliklərin icrasını tələb edə bilər. Hazırki mülki iş üzrə Cavabdeh isə kirayə müqaviləsinin tərəfi qismində iştirak etməmiş, yalnız kirayəçinin ailə üzvü kimi həmin mənzildən istifadə etmişdir. Bu səbəbdən, müqavilə öhdəlikləri üzrə icra edilməmiş tələb yalnız müqavilə tərəfinə qarşı irəli sürülə bilər. Həmçinin, tələb üzrə göstərilən borc xx.xx.2023-cü il tarixə olan məbləği təşkil edir ki, kirayə münasibətlərinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Yəni, sözügedən borc məbləği əsassız varlanmanın predmetini təşkil etməməklə yalnız kirayə müqaviləsi münasibətlərinin şərtləri çərçivəsində həllini tapmalıdır. Əsassız varlanmanın 3 dispozitiv şərti var : 1. Bir tərəf varlanmalıdır. 2. Digər tərəf məhrum olmalıdır. 3. Tərəflər arasında qanuni əsas və ya müqavilə əsası olmamalı, olduğu təqdirdə aradan qalxmış olmalıdır. Hər 3 dispozitiv əsas birlikdə mövcud olduqda əsassız varlanma halı baş verir. Belə ki, hazırki mülki iş üzrə Cavabdeh aid olan hissədə qeyd olunan 1 və 3-cü şərtlər yerinə yetirilmir. Belə ki, Cavabdeh varlanmamışdır (kommunal xidmətlərə münasibətdə mənfəət götürməmişdir). Həmçinin, münasibətlər üzrə qüvvədə olmuş etibarlı kirayə münasibətləri mövcud olmuşdur. Deməli, mübahisənin qanuni əsası qismində əsassız varlanmanın çıxış etməsi istisna olunur. Kirayə müqaviləsinə xitam verildikdən sonra, yəni, xx.xx.2023-cü il tarixdən sonrakı yaranmış müvafiq kommunal xidmət haqqlarına münasibətdə isə cavabdehin əsassız varlanma halı qiymətləndirilə bilərdi. Məhkəmə iddiaçıya izah edir ki, göstərilən tələblə bağlı kirayə müqaviləsinin tərəfi olmuş kirayəçi X3 qarşı iddia irəli sürülməsi yolverilən hesab edilə bilər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə qərarı qanuni və əsaslı olmalıdır. Hüquqi müəyyən, aydın, anlaşılan hüquq norması digər formada təfsir edilə bilməz. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Beləliklə, yuxarıda qeyd olunan xüsusatlar nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin mənzil fonduna aid olan ünvan 2 ünvanında yerləşən xüsusi təyinatlı yaşayış sahəsindən çıxarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 cəlb edilməklə Cavabdeh qarşı "mənzildən çıxartma və pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin mənzil fonduna aid olan ünvan 2 ünvanında yerləşən xüsusi təyinatlı yaşayış sahəsindən çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar