Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-382/2022 01.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X3 iclas katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1, Cavabdeh MTK-nın etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “alqı-satqı müqaviləsinin məhkəmə qaydasında xitam verilməsi və pul tələbinə dair” mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “alqı-satqı müqaviləsinin məhkəmə qaydasında xitam verilməsi və pul tələbinə dair” iddia ərizəsi ilə 02.11.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, 10 sentyabr 2014-cü il tarixdə onunla Cavabdeh MTK arasında bağlanmış Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllədə yerləşən yaşayış kompleksində 5-ci binanın 10-cu mərtəbəsində ümumi sahəsi 143 kv.m. olan 49 saylı mənzilin alqı-satqısına dair müqavilənin MTK tərəfindən birtərəfli qaydada ləğv edilməsi ilə bağlı öhdəliyinin icrası zamanı ödəmiş olduğu 141801 manat puldan ondan qanunsuz olaraq tutulan 38040 manat pulun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 10 sentyabr 2014-cü il tarixdə onunla Cavabdeh MTK arasında bağlanmış B 6/143 saylı alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında yerləşən yaşayış kompleksində 5-cı binadakı 10-cu mərtəbəsində ümumi sahəsi 143 kv.m olan 49 saylı mənzili almışdır. O, mənzilin alqı-satqısı üçün ilkin ödənişi etmiş və hər ay nəzərdə tutulmuş ödənişlərini də vaxtında icra etmişdir. Bu qayda ilə o, Cavabdeh MTK-ya son ödənişlə birlikdə cəmi 141801 (99551+4210+38040) manat pul ödəmişdir. Lakin məlum COVİD-19 pandemiyası səbəbindən ölkə ərazisində tətbiq edilən məhdudlaşmalarla əlaqədar o, gəlir və qazanclarından məhrum olmuşdur. Ona görə də öhdəliyini vaxtlı-vaxtında yerinə yetirə bilməmişdir. Yaranmış vəziyyətdən çıxış üçün Cavabdeh MTK ona heç bir şərait yaratmamış və güzəşt etməmişdir. Əvəzində isə Cavabdeh MTK müqavilənin 3.5-ci maddəsinə istinad edərək öhdəliklərin onun tərəfindən icra edilməməsi əsas gətirib aralarında bağlanmış bu müqaviləni birtətəfli qaydada ləğv etmiş, müqavilə qiymətinin 20%-i cərimə olaraq MTK-nın xeyrinə tutmuşdur ki, bu da 38040 manat təşkil etmişdir. Bundan əlavə MTK ilə aralarında bağlanmış alqı-satqısı müqaviləsi üzrə mənzilin dəyərinin bank vasitəsi ilə ödənilməsi üçün "xxxx" ASC ilə onun arasında bağlanmış 05.11.2018-ci il tarixli 225-05-11-2018-SHM-GH nömrəli təminatlı kredit müqaviləsinin 7.3cü bəndi əsas tutularaq aldığı kredit vəsaitinin 130 ay müddətinə bərabər hissələrlə kredit üzrə faizləri isə hər ayın 5-i tarixindən gec olmayaraq ödəməli olmağı qeyd edilərək müqavilənin ləğv edildiyi tarixə əsas və faiz borcları 4210 manat hesablanmış və bunlar onun ödədiyi ümumi məbləğdən çıxılaraq ona cəmi 90551 manat qaytarılması qərara alınmışdır. O, buna etirazını rəsmi şəkildə bildirərək Cavabdeh MTK-ya rəsmi surətdə müraciət etmişdir. Lakin MTK 01 sentyabr 2021-ci il tarixli GH-M-210901-567 nömrəli cavab məktubu ilə onun müraciətinə rədd cavabı vermiş, tutulan məbləğin azaldılması üçün heç bir güzəştə getməmişdir. Ona görə də hesab edir ki, Cavabdeh MTK mənzilin alqı-satqısına dair müqaviləni birtərəfli qaydada ləğv edib ondan 42250 manat pul tutması aşağıdakılara əsasən qanunsuz və əsassızdır: 1)Qeyd edilən mənzilin alqı-satqısına dair müqavilənin 7-ci bölməsinin (Fors major) 7.2-ci bəndinə əsasən “tərəflər onların iradəsındən asılı olmayan, müqavilə imzalandığında nəzərə alınmayan və müqavilə imzalandıqdan sonra ortaya çıxan qarşısıalınmaz təbii hadisələri fors major halları kimi qiymətləndirirlər. 7.4-cü bəndinə əsasən isə fors major halları və onların davam etmə müddəti səlahiyyətli dövlət orqanı tərəfindən təsdiq edilməlidir. 2020-ci ilin mart ayından başlayan və bütün dünyada yayılan pandemiya ölkə ərazisində bütün həyati fəaliyyət sahələrinə ciddi təsir etmiş və qaçılmaz məhdudiyyətlər tətbiq edilmişdir. İş yerləri bağlanmış, gəlirlər azalmış və insanların maddi təminatı çox pisləşmişdir. O da həmin dövrdə baş verən proseslərdən zərərçəkənlərdən biri kimi gəlir və qazanclarını itirmişdir. Ona görə də Cavabdeh MTK-ya üzrlü səbəblərdən mövcud borcunu ödəyə bilməmişdir. Belə olan təqdirdə, Cavabdeh MTK yaranmış vəziyyəti nəzərə almalı və hətta müqaviləni birtərəfli qaydada ləğv etmək qərarına gəldiyi halda belə, müştəri kimi onun da mənafeyini qiymətləndirməli və hesablamalarda ona güzəşt etməli, ondan minimum məbləğdə pul tutmalı idi. Lakin MTK yaranmış vəziyyəti fors major kimim qiymətləndirməmiş və yalnız öz mənafeyindən çıxış etmişdir. 2) Bu müddət ərzində onun Cavabdeh MTK-ya ödəmiş olduğu məbləğ yəqin ki, dondurulmuş qalmamış və həmin vəsaitdən MTK maliyyə-təsərrüfat fəaliyyətində istifadə etməklə əlavə gəlir də əldə etmişdir. Göstərilənlərə əsasən hesab edir ki, onunla Cavabdeh MTK arasında bağlanmış alqı-satqıya dair müqavilə öhdəliyinə MTK tərəfindən birtərəfli qaydada xitam verilərkən, onun iradəsindən asılı olmayan səbəblərə görə öz öhdəliklərini icra edə bilməməsi nəzərə alınmadan ondan 42250 man vat pulun tutulmasına dair qərar qəbul etməsi əsassız və qanunsuzdur. Bu tutulmalar tətbiq edilmədən onun 11 sentyabr 2014-cü il tarixdən indiyə kimi Cavabdeh MTK-ya ödədiyi cəmi 141801 manat pulun tam şəkildə ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcmini artırmaqla dəqiqləşdirmə verərək, 10 sentyabr 2014cü il tarixdə onunla Cavabdeh MTK arasında bağlanmış Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllədə yerləşən yaşayış kompleksində 6-cı binanın 10-cu mərtəbəsində ümumi sahəsi 143 kv.m olan 49 saylı mənzilin alqı-satqısına dair müqaviləyə məhkəmə qaydasında xitam verilərək ödəmiş olduğu 141.801 manat pulun tam şəkildə ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddia tələbini əlavə olaraq onunla əsaslandırmışdır ki, müqaviləyə əsasən binanın tikintisi 2016-cı ildə başa çatdırılaraq mənzil ona təhvil verilməli olduğu halda Cavabdeh MTK öhdəliklərinə əməl etməmişdir. Məhz bu səbəbdən o, Cavabdeh MTK-nın mənzilin alqı-satqısına dair müqaviləni birtərəfli qaydada ləğv edib ondan 42.250 manat pul tutmasını qanunsuz və əsassız hesab edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X4 iddia tələbini müdafiə edərək bildirdi ki, mənafeyini təmsil etdiyi İddiaçı ilə 10 sentyabr 2014-cü il tarixdə "Grand Hayat" Mənzil Tikinti Kooperativi arasında bağlanmış B 6/143 saylı alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında yerləşən yaşayış kompleksindəki 6-cı binanın 10-cu mərtəbəsində ümumi sahəsi 143 kv.m olan 49 saylı mənzili almışdır. O, mənzilin alqı-satqısı üçün 32.423 manat ilkin ödənişi etmiş və qrafikə uyğun olaraq hər ay nəzərdə tutulmuş ödənişlərini də vaxtında icra etmişdir. Mənzilin dəyərini ödəmək üçün "Texnikabank"dan götürdüyü 28.974 manat krediti ödəmiş, "Texnikabank" bağlandıqdan sonra müvafiq olaraq 3400 manat, 1350 manat, 2630 manat, 2530 manat olmaqla, cəmi 10.010 manat ödəmişi bilavasitə MTK-ya ödəmişdir. Daha sonra isə Azərbaycan Beynəlxalq bankından ona kredit verilmiş, 2021-ci ilin mart ayına qədər sonuncu banka 74.037 manat ödəniş etmişdir. Bu qayda ilə o, "Grand Hayat" Mənzil Tikinti Kooperativinə son ödənişlə birlikdə nəğd və bank krediti vasitəsi ilə ödədiyi cəmi pulun məbləği 145.400 manat təşkil etmişdir. Məhkəmə iclasında da qarşı tərəf bu faktı etiraf edərək həqiqətən də İddiaçı tərəfindən mənzilə görə həmin miqdarda pulun ödənildiyini bildirmişdir. Bu fakt heç bir şübhə doğurmur, ödəniş qəbzlər və bank çıxarışları ilə sübut olunmuşdur. "Grand Hayat" Mənzil Tikinti Kooperativi müqavilənin 3.5-ci maddəsinə istinad edərək öhdəliklərin onun tərəfindən icra edilməməsini əsas gətirərək aralarında bağlanmış bu müqaviləni birtətəfli qaydada ləğv etmiş, müqavilə qiymətinin 20%-i cərimə olaraq MTK-nın xeyrinə tutmuşdur ki, bu da 38.040 manat təşkil etmişdir. Əslində "Satıcı" kimi "Grand Hayat" Mənzil Tikinti Kooperativi müqavilənin tələbini pozmuş və mənzili müqavilədə nəzərdə tutulmuş müddətdə təhvil verməmişdir. Müqaviləyə əsasən binanın tikintisi 2016-cı ildə başa çatdırılaraq mənzil İddiaçı təhvil verilməli idi. Yəni "Grand Hayat" MTK öz öhdəliklərinə əməl etməmişdir. Məhz bu səbəbdən o, "Grand Hayat" MTK ilə mənzilin alqı-satqısına dair müqaviləni birtətəfli qaydada ləğv edib 10 sentyabr 2014-cü il tarixdə onunla "Grand Hayat" MTK arasında bağlanmış Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında yerləşən yaşayış kompleksində 6-cı binadakı 10-cu mərtəbəsində ümumi sahəsi 143 kv.m olan 49 saylı mənzilin alqı-satqısına dair müqaviləyə məhkəmə qaydasında xitam verilərək cəmi ödəmiş olduğu 145.400 manat puldan bank cərimə faizləri çıxıldıqdan sonra qalan 141.801 manat pulun tam şəkildə ona ödənilməsi barədə qətnamə çıxarılmasını əsaslı hesab edir. Nəzərə almaq lazımdır ki, İddiaçı mənzili ilkin ödəniş etməklə İpoteka krediti vasitəsi ilə almış və vaxtaşırı, fasiləsiz olaraq ödənişlərini həyata keçirmişdir. İddiaçı ilə "Grand Hayat" MTK arasında bağlanmış müqaviləyə daxil edilmiş 3.5-ci bəndinin cərimə barədə tələbləri müqavilənin son dərəcə əlverişsiz şərti olmaqla mülki qanunvericiliyinin ümumi prisiplərinə ziddir. Belə ki, mənzil ipoteka krediti ilə alındığından İddiaçı bank qarşısında müvafiq öhdəlikləri yaranmış olur. MTK isə bankdan artıq mənzilin dəyərini almış olur. Banka krediti isə İddiaçı ödəmiş və bu məbləğ 2021-ci ilin mart ayına qədər 145.400 manat təşkil etmişdir. Kreditin vaxtında ödənilməməsinə görə bank tərəfindən cərimə hesablanmış və həmin cərimə "xxxx" MTK tərəfindən ödənilmişdir. Ona görə də İddiaçı cəmi ödəmiş olduğu 145.400 manatdan həmin bank cərimə faizi çıxıldıqdan sonra qalan 141.480 manat tam şəkildə müqaviləni birtərəfli qaydada pozmuş şirkət tərəfindən "Alıcı"ya, yəni İddiaçı qaytarılmalıdır. Buna görə şirkət tərəfindən İddiaçı mənzilin ümumi dəyərinin 20%-i həcmində cərimə hesablanması barədə müqavilə şərti tam qanunsuz və əsassızdır. Ona görə də hesab edir ki, "Grand Hayat" MTK ilə İddiaçı arasında bağlanmış mənzilin alqı-satqısına dair müqaviləyə məhkəmə qaydasında xitam verilməli, onun tikinti şirkətinə ödəmiş olduğu pul vəsaiti "xxxx" MTK tərəfindən 141.480 manat olmaqla tam şəkildə ona qaytarılmalıdır. Göstərilənlərə əsasən,10 sentyabr 2014-cü il tarixdə İddiaçı ilə "Grand Hayat" MTK arasında bağlanmış Bakı şəhəri, Tbilisi prospekti,1054-cü məhəllə ünvanında yerləşən yaşayış kompleksindəki 6-cı binanın 10-cu mərtəbəsində ümumi sahəsi 143 kv.m olan 49 saylı mənzilin alqı-satqısına dair müqaviləyə məhkəmə qaydasında xitam verilərək cəmi ödəmiş olduğu 145.443 manatdan, MTK-nın zamin olaraq Azərbaycan Beynəlxalq Bankına ödədiyi cərimə faizləri çıxıldıqdan sonra qalan hissənin, yəni 141.801 manat pulun tam şəkildə ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. O, məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, MTK ilə onun arasında bağlanmış müqaviləyə xitam verilməsini mübahisələndirmir və hazıradək mənzilə görə ödədiyi 145.443 manatdan puldan, MTK-nın banka zamin olaraq ödədiyi faiz borcu çıxıldıqdan sonra, qalan hissənin ona tam şəkildə qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh MTK-nın etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək bildirdi ki, İddiaçı Cavabdeh MTK-ya qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və 10.09.2014-cü il tarixli B 06/143 saylı müqaviləyə məhkəmə qaydasında xitam verilməsi və 141.801 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini qanunsuz və əsassız hesab edir. Belə ki, işin faktiki halları ondan ibarətdir ki, 10.09.2014-cü il tarixli B 06/143 saylı müqaviləyə əsasən cavabdeh MTK Bakı şəhəri Tbilisi prospekti 1054-cü məhəllədə yaşayış kompleksində 6-cı bina, 10-cu mərtəbədə yerləşən 3 otaqlı 49 saylı mənzili iddiaçıya təhvil verməyi, İddiaçı isə müqavilə ilə razılaşdırılmış pul məbləğini müəyyən edilmiş müddət ərzində ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən mənzilin ümumi dəyəri 190.202 manat müəyyən edilmiş, həmin məbləğdən 32.423 manat hissəsi ilkin ödəniş olaraq 10.09.2014-cü il tarixdə ödənilmiş, borcun qalan hissəsinin aylıq 2.629,65 manat olmaqla 60 ay müddətində (10.09.2019-cu ilədək) ödənilməsi razılaşdırılmışdır. Bu məqsədlə 10.09.2014-cü il tarixdə iddiaçı, cavabdeh MTK və "xxxx" ASC olmaqla üçtərəfli müqavilə imzalanmış, həmin müqaviləyə əsasən İddiaçı müqavilə şərtlərinə əsasən 60 ay ərzində hər ayın 10 tarixində 2629,65 manat vəsaiti bank hesabına ödəməyi öhdəsinə götürmüş, bununla bağlı ödəniş cədvəli müəyyən edilmişdir. Sonradan "xxxx" ASC-də Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ləğvetmə proseduru başladıldığından, 4 ay müddətində ödənişlər iddiaçı tərəfindən cavabdeh MTKya ödənilmişdir. Belə ki, 19.10.2015-ci il tarixdə 2.630 manat; 02.05.2016-ci il tarixdə 3.400 manat; 20.05.2016-cı il tarixdə 1.350 manat; 29.02.2016-cı il tarixdə 2.630 manat iddiaçı tərəfindən MTK-ya ödənilmişdir. Bundan sonra 10.06.2016-cı il tarixdə İddiaçı ilə "xxxx" ASC arasında təminatlı kredit müqaviləsi imzalanmış, bu müqaviləyə əsasən Bank iddiaçıya 101.942 manat məbləğində kredit ayırmışdır. Daha sonra 05.11.2018-ci il tarixdə İddiaçı ilə "xxxx" ASC arasında kredit müqaviləsi yenilənmiş, bu müqaviləyə əsasən Bank iddiaçıya 59.600 manat məbləğində kredit ayırmış, iddiaçı həmin məbləği aylıq 687 manat olmaqla 130 ay müddətində (05.09.2029-cu ilədək) qaytarmağı öhdəsinə götürmüşdür. Kredit vəsaitinin təminatı 05.11.2018-ci il tarixdə cavabdeh MTK ilə bağlanmış zaminlik müqaviləsi və ipoteka çıxış etmişdir. İddiaçı kredit müqaviləsinə əsasən öhdəliklərini uzun müddət, yəni 587 gün icra etməmiş, Bank tərəfindən dəfələrlə iddiaçıya kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişlər göndərilmiş, həmçinin zamin qismində MTK-ya da bildirişlər təqdim edilmişdir. Öz növbəsində, cavabdeh MTK da iddiaçıdan öhdəliklərinin icrası tələb edilmiş, əks halda müqavilənin birtərəfli qaydada ləğv ediləcəyi bildirilmişdir. Lakin Bankın və MTK-nın tələblərinə məhəl qoymayan iddiaçı öhdəliklərinin icrasından boyun qaçırdığına görə müqaviləyə xitam veriləcəyi barədə Respublika qəzetində 22.01.2021-ci il tarixli buraxılışında elan verilmiş, daha sonra MTK-nın təsisçilərinin ümumi yığıncağının 11.02.2021-ci il tarixli qərarı ilə 10.09.2014-cü il tarixli B 06/143 saylı müqaviləyə birtərəfli qaydada xitam verilmişdir və bununla da bağlı yenə Respublika qəzetində elan verilmişdir. Cavabdehin nümayəndəsi VəHəsənov İddiaçı iddia tələbinin “10.09.2014-cü il tarixli B 06/143 saylı müqaviləyə məhkəmə qaydasında xitam verilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, həmin müqavilə şərtləri iddiaçının özü tərəfindən dəfələrlə pozulduğuna görə müqavilənin 10-cu maddəsinin tələblərinə əsasən MTK-nın təsisçilərinin ümumi yığıncağının 11.02.2021-ci il tarixli qərarı ilə birtərəfli qaydada xitam verilmişdir. Sözügedən müqaviləyə birtərəfli xitam verilməsi müqavilənin özündə (10-cu bənd) nəzərdə tutulmuş, tərəflər müqaviləni könüllü surətdə və azad şəkildə, heç bir kənar təsir-təzyiq olmadan şərtlərini razılaşdırıb imzalamışlar və bu günədək həmin müqavilə iddiaçı tərəfindən tam və ya qismən şəkildə mübahisələndirilməmişdir. Həmçinin, qeyd edir ki, müqaviləyə birtərəfli qaydada xitam verilməsi barədə MTK təsisçilərinin ümumi yığıncağının qərarı da hal-hazırda qüvvədədir, heç bir orqan və ya məhkəmə tərəfindən qanunsuz və ya etibarsız sayılmamış, həmçinin ləğv edilməmişdir. Artıq qüvvədə olmayan, xitam verilmiş müqavilənin yenidən məhkəmə qaydasında xitam verilməsi barədə iddia tələbini absurd və əsassız hesab edir. İddia tələbinin “141.801 manat pulun tutulması” hissəsi ilə bağlı bildirir ki, İddiaçı ümumi dəyəri 190.202 manat olan mənzil üzrə 10.09.2014-cü il tarixli B 06/143 saylı müqaviləyə əsasən MTK-ya 32.423 manat hissəsi ilkin ödəniş həyata keçirmişdir. Ləğv prosesində olan "xxxx" (Texnikabank) ASC tərəfindən məhkəməyə təqdim edilmiş çıxarışdan görünür ki, iddiaçı həmin Banka ümumilikdə 28.974,50 manat ödəniş etmişdir. "xxxx" (Texnikabank) ASC-də ləğvetmə proseduru aparılan ərəfələrdə 4 dəfə aylıq ödənişlər iddiaçı tərəfindən MTK-ya ödənilmişdir ki: 19.10.2015-ci il tarixdə 2630 manat; 02.05.2016-ci il tarixdə 3400 manat; 20.05.2016-cı il tarixdə 1350 manat; 29.02.2016-cı il tarixdə 2630 manat, cəmi 10.010 manat. Daha sonra "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş çıxarışa əsasən görünür ki, iddiaçı tərəfindən götürülmüş 101.942 manat kredit vəsaitinin qarşılığında 65.556 manat, 59.600 manat kredit vəsaitinin qarşılığında isə 8480 manat ödənilmişdir. Sonuncu ödəniş gecikmələrlə 19.03.2020-ci il tarixdə 1.170 manat edilmişdir. Bundan sonra dəfələrlə müraciətlər, xəbərdarlıqlar edilməsinə baxmayaraq, iddiaçı kredit öhdəliklərini icra etməmişdir. Bu səbəbdən kreditin təminatı qismində zamin kimi 62.301,75 manat məbləğində pul 31.03.2021-ci il tarixdə Banka tərəflərindən ödənilmişdir. 62.301,75 manatın 57.399,24 manatı əsas borca, 4515,08 manatı isə faiz və cərimə məbləğinə silinmişdir. Beləliklə, İddiaçı Bank qarşısında kredit öhdəlikləri tərəflərindən tam icra edilmişdir. Tərəflər arasında imzalanmış 10.09.2014-cü il tarixli B 06/143 saylı müqavilənin 3.5-ci bəndinə əsasən müəyyən edilmişdir ki, müqavilənin 10.1-ci bəndində nəzərdə tutulmuş müqavilənin İcraçı (MTK) tərəfindən ləğvi hallarında, Sifarişçi (İddiaçı) müqavilənin 3.1-ci maddəsində razılaşdırılmış müqavilə qiymətinin 20% həcmində İcraçıya cərimə ödəməyi qəbul edir. Müqavilənin 3.1-ci bəndində müqavilə qiyməti 190.202 manat müəyyən edilmiş, bu məbləğin 20%-i 38.040 manat təşkil edir. Müqavilənin 10.1 və 10.2ci bəndlərində isə müəyyən edilmişdir ki, Sifarişçi (iddiaçı) tərəfindən hər hansı səbəbə görə müqavilə şərtləri (tam və ya qismən) pozularsa İcraçının müqaviləni birtərəfli qaydada ləğv etmək və həmin mənzilə dair üçüncü şəxslərlə yeni şərtlərlə müqavilə bağlamaq hüququ var. Sifarişçi bununla bağlı İcraçıya qarşı heç bir pretenziya (tələb) irəli sürə bilməz. Müqavilənin İcraçı tərəfindən birtərəfli qaydada ləğv edilməsi halında, Sifarişçi tərəfindən ödənilmiş vəsait müqavilə şərtlərinin pozulması ilə əlaqədar nəzərdə tutulmuş cərimələr, dəbbə pulları və İcraçıya dəymiş ziyan çıxıldıqdan sonra, həmin mənzilə dair üçüncü şəxslərdən müqavilə üzrə ödəniş qəbulundan sonrakı 7 (yeddi) iş günü ərzində Sifarişçiyə qaytarılacaqdır. Qeyd edilənlərə əsasən MTK tərəfindən iddiaçıya 01.09.2021-ci il tarixdə məktub ünvanlanmış və bildirilmişdir ki, müqavilənin 3.5-ci bəndinə əsasən müqavilə öhdəliklərinin yerinə yetirilməməsi səbəbindən müqavilə qiymətinin 20% cərimə olaraq tutulmalıdır, qeyd edilən məbləğ isə 38.040 manat təşkil edir. Həmçinin iddiaçının Bank qarşısında öhdəliklərinin icra etmədiyinə görə 11.02.2021-ci il tarixə olan əsas və faiz borcu məbləği olaraq 4.210 manat pulun tutulması qeyd edilmişdir. İddiaçı bank qarşısında öhdəliklərinin icra edilməməsi nəticəsində onun əvəzinə tərəfimizdən ödənilmiş 57.399,24 manat vəsait də çıxılmaqla, qaytarılmalı olan məbləğin 90.551 (190.202-57.399-38040-4210) manat olması barədə iddiaçıya müraciət ünvanlanmışdır. Müqavilənin 10.2-ci bəndinə əsasən qeyd edilən məbləğ həmin mənzilə dair üçüncü şəxslərdən müqavilə üzrə ödəniş qəbulundan sonrakı 7 (yeddi) iş günü ərzində iddiaçıya qaytarılacaqdır. Cavabdehin nümayəndəsi həmçinin qeyd etmişdir ki, İddiaçı tərəfindən cavabdeh MTK-ya tələbində irəli sürdüyü 141.801 manat vəsait ödənilməmişdir. İddiaçı həm "xxxx" (Texnikabank) ASC, həm də "xxxx" ASC qarşısındakı öhdəliklərinə görə ödədiyi kredit məbləğlərinin cavabdeh MTK-dan tutulmasını tələb edir, hərçənd hesab edir ki, bu tələbin maddi hüquqi əsası yoxdur. Əksinə, iddiaçının kredit öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə cavabdeh MTK onun əvəzindən 62.301,75 manat ödəmişdir ki, hansı ki bu məbləğ iddiaçının qanunsuz hərəkətlərinə MTK-ya ziyan vurulması kimi qəbul edilməlidir. Qeyd edildiyi kimi, İddiaçı qaytarılmalı olan məbləğ 90.551 manat təşkil edir, hansı ki, həmin məbləğ tərəflər arasında bağlanmış müqavilənin 10.2-ci bəndinə əsasən mənzil üçüncü şəxsə satıldıqdan və üçüncü şəxsdən mənzilə dair bağlanmış müqavilə üzrə ödəniş qəbulundan sonrakı 7 iş günü ərzində qaytarılacaqdır. O, qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı Cavabdeh MTK-ya qarşı pul tutulması barədə iddia tələbi qanunsuz və əsassızdır, heç bir sübuta əsaslanmır, iddianın hər hansı maddi və prosessual hüquqi əsası yoxdur, ona görə də məhkəmə tərəfindən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Nümayəndə məhkəmə tərəfindən verilmiş suala cavab olaraq bildirmişdir ki, cavabdeh MTK hazırda iddiaçıya mübahisəsiz məbləğ olan 90.551 manatı verməyə etiraz etmir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara tam, hərtərəfli və obyektiv baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 06/143 saylı, 10.09.2014-cü il tarixli alqı-satqı müqaviləsinini 1.1-ci bəndindən görünür ki, "xxxx" (MTK) Bakı şəhəri Tbilisi prospekti 1054-cü məhəllədə yaşayış kompleksində 6-cı bina 10-cu mərtəbədə yerləşən, ümumi sahəsi 142 m2 olan 3 otaqdan ibarət 49 saylı mənzili “Sifarişçiyə” (iddiaçıya) təhvil verməyi, sifarişçi isə müqavilə ilə razılaşdırılmış pul məbləğini müəyyən edilmiş müddət ərzində ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci maddəsinə əsasən müqavilə qiyməti (balkon sahənin qiyməti istisna olmaqla), mənzilin 1m2lik sahəsinin qiyməti 1250 (bir min iki yüz əlli) manat və balkon sahəsinin qiyməti 50% güzəştli hesablanmaqla 190.202 (bir yüz doxsan min iki yüz iki) manat müəyyənləşdirilmişdir. 3.2 və 3.3-cü bəndlərə əsasən tərəflər müqavilə qiymətinin 32.423 manat hissəsinin ödənişinin müqavilə imzalandığı tarixdə həyata keçirilməsi, qalıq borc məbləğin hər ayın 10-dək 2.629,65 manat olmaqla 60 ay müddətinə ödənilməsi və son ödəniş tarixinin 10.09.2019-cu il olmasına dair qarşılıqlı razılığa gəlmişlər. Müqavilənin 2.1.1-ci bəndinə əsasən İcraçı Sifarişçidən ilkin və aylıq ödəniş daxil olmaqla müqavilə öhdəliklərini vaxtında və tam şəkildə həyata keçirilməsini tələb edəcək. 2.1.2-ci bəndə əsasən Sifarişçi tərəfindən müqavilənin şərtləri (2.4.2-2.4.5-ci madddələr daxil olmaqla) pozulduğu halda, Sifarişçidən vurulmuş ziyanı tələb edəcək və (və ya) razılaşdırılmış qaydada cərimə tətbiq edəcəkdir. 2.4.1-ci bəndə əsasən Sifarişçi (iddiaçı) müqavilə qiymətinin ilkin və aylıq hissəvi ödənişlərini, o cümlədən digər pul öhdəliklərini vaxtında tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən mənzilin ümumi dəyəri 190.202 manat müəyyən edilmiş, həmin məbləğdən 32.423 manat hissəsi ilkin ödəniş olaraq 10.09.2014- cü il tarixdə ödənilmiş, borcun qalan hissəsinin aylıq 2629,65 manat olmaqla 60 ay müddətində (10.09.2019-cu ilədək) ödənilməsi razılaşdırılmışdır. 3.5-ci bəndə əsasən tərəflər heç bir yan təsirə məruz qalmadan azad şəkildə müəyyən və qəbul edirlər ki, Sifarişçinin müqavilədən imtina etdiyi (mənzilin geri qaytarılması) və ya müqavilənin 10.1-ci bəndində nəzərdə tutulmuş müqavilənin İcraçı tərəfindən ləğvi hallarında, Sifarişçi 3.1-ci maddədə razılaşdırılmış müqavilə qiymətinin 20 (iyirmi) %-i həcmində İcraçıya cərimə ödənilməsi ilə bağlı razılaşmışlar. 6.1.1-ci bəndə əsasən müqavilənin şərtlərinin pozulması və ya lazımınca icra olunmaması nəticəsində, tərəflər bir-birinə vurduqları zərərə (dəymiş ziyanın əvəzi və ya ziyan dəymiş tərəfin əldən çıxmış gəlirlərinin əvəzi) görə mülki hüquqi məsuliyyət daşıyırlar. 10.1.1-ci bəndinə əsasən Sifarişçi tərəfindən hər hansı səbəbə görə müqavilə şərtləri (bir və ya bir neçə maddənin tələbləri tam və ya qismən) pozularsa İcraçının müqaviləni birtərəfli qaydada ləğv etmək və həmin müqaviləyə dair üçüncü şəxslərlə yeni şərtlərlə müqavilə bağlamaq hüququ var. Sifarişçi bununla əlaqədar İcraçıya qarşı heç bir pretenziya (tələb) irəli sürə bilməz. 10.1.2-ci bəndə əsasən müqavilə İcraçı tərəfindən birtərəfli qaydada ləğv edilməsi halında, Sifarişçi tərəfindən İcraçıya ödənilmiş vəsait müqavilə şərtlərinin pozulması ilə əlaqədar nəzərdə tutulmuş cərimələr, dəbbə pulları və İcraçıya dəymiş ziyan çıxıldıqdan sonra, həmin mənzilə dair üçüncü şəxslərdən müqavilə üzrə ödəniş qəbulundan sonrakı 7(yeddi) iş günü ərzində Sifarişçiyə qaytarılması ilə bağlı tərəflər razılaşmışlar. - Cavabdeh MTK ilə İddiaçı və "xxxx" ASC arasında bağlanmış 10.09.2014-cü il tarixli üçtərəfli müqavilədən görünür ki, İddiaçı müqavilə şərtlərinə əsasən 60 ay ərzində hər ayın 10 tarixində 2629,65 manat vəsaiti bank hesabına ödəməyi öhdəsinə götürmüşdür. - İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 15-10-06-2016-SEM-GH saylı, 10.06.2016-cı il tarixli təminatlı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC İddiaçı mənzilin alınması üçün 101942 manat kreditin verilməsini öhdəsinə götürmüşdür. İddiaçı isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətə, yəni 39 ay müddətinə və ödəniş cədvəlinə uyğun olaraq əsas borc və faizləri hər növbəti ayın 10-dək aylıq 2.977,10 manat ödəmək şərtilə qaytarmağı öhdəsinə götürmüşdür. - Cavabdeh MTK ilə "xxxx" ASC arasında bağlanmış 15-10-06-2016-SEM-GH saylı, 10.06.2016-cı il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh MTK İddiaçı götürdüyü 101.942 manat kredit üzrə zamin olmuşdur. - İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 05.11.2018-ci il tarixli 225-05-11-2018- SHM-GH nömrəli zaminlik müqaviləsindən görünür ki, İddiaçı 59.600 manat məbləğində kredit ayırılmış, İddiaçı həmin məbləği aylıq 687 manat olmaqla 130 ay müddətində (05.09.2029-cu ilədək) qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh MTK isə İddiaçı götürdüyü 59.600 manat kredit üzrə zamin olmuşdur. - İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 05.11.2018-ci il tarixli 225-05-11-2018- SHM-GH nömrəli zaminlik müqaviləsinin 4.1.5-ci bəndinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. - Cavabdeh MTK-nın Ümumi Yığıncağının GH-Q02-210211-001/PMİK saylı 11.02.2021-ci il tarixli qərarından görünür ki, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 06/143 saylı, 10.09.2014-cü il tarixli alqı-satqı müqaviləsi üzrə İddiaçı ödəniş öhdəliyini 587 gün müddətə yerinə yetirmədiyinə görə həmin müqavilənin birtərəfli qaydada ləğv edilməsi və müqavilə predmeti olan mənzilin üçüncü şəxslərə yeni bazar şərtlərinə uyğun şəkildə təqdim edilməsi məqsədəmüvafiq hesab edilmişdir. -Cavabdeh MTK -nın İddiaçı ünvanladığı GH-M-210211-033 saylı, 11.02.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı müqavilə öhdəliklərinə yerinə yetirmədiyi üçün onunla bağlanmış B06/143 saylı, 10.09.2014-cü il tarixli müqavilənin birtərəfli qaydada ləğv olunduğu bildirilmişdir. -İş materiallarında olan “Respublika” qəzetindən çıxarışdan müəyyən edilir ki, Cavabdeh MTK iddiaçı ilə alqı-satqı müqaviləsi ləğv edilməmişdən əvvəl elan verərək münasibətlərin tənzimlənməsi üçün 7 gün müddətində MTK-ya müraciət etməsini təklif etmişdir. -Cavabdeh MTK-nın İddiaçı ünvanladığı GH-M-210901-567 saylı, 01.09.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında yerləşən yaşayış kompleksindəki 6-cı binadanın 10-cu mərtəbəsində ümumi sahəsi 143 kv.m olan 49 saylı mənzilə dair aralarında bağlanmış müqavilə Ümumi Yığıncağın 11.02.2021-ci il tarixli qərarına əsasən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq 587 gün icra edilmədiyi üçün MTK tərəfindən birtərəfli qaydada ləğv olunması barədə təkrarən məlumat verilmişdir. Həmçinin izah edilmişdir ki, onlar arasında bağlanmış alqı-satqı müqaviləsinin 3.5-ci bəndinə əsasən onun müqavilə öhdəliklərini yerinə yetirilməməsi səbəbindən müqavilə ləğv olunmuş, müqavilə qiymətinin 20%-i, yəni 38.040 manat cərimə olaraq MTK-nın xeyrinə tutulmuş, eyni zamanda müqavilə ləğv olunan tarixə əsas və faiz borclar çıxıldıqdan sonra İddiaçı qaytarılmalı olan borc məbləği 90.551 manat təşkil etmişdir. - 10 sentyabr 2014-cü il tarixli 0153 nömrəli kassa mədaxil orderindən müəyyən edilir ki, İddiaçı tərəfindən mənzilin alqı-satqısı müqaviləsinə əsasən ilkin ödəniş olaraq 32423 manat pul vəsaiti MTK-ya ödənilmişdir. -19.10.2015-ci il, 29.02.2016-cı il, 02.05.2016-cı il və 20.05.2016-cı il tarixli qəbzlərdən görünür ki, müvafiq olaraq 2630 manat, 2630 manat, 3400 manat, 1350 manat olmaqla, cəmi 10.010 manat İddiaçı tərəfindən MTK-ya ödənilmişdir. - "xxxx" ASC-nin 26.01.2022-ci il tarixli hesabdan çıxarışdan görünür ki, 10.06.2016-cı il tarixli kredit müqaviləsi üzrə 31.03.2021-ci ildə cəmi 62.301,75 manat qalıq borc banka ödənilmişdir. Həmin çıxarışa əsasən 62.301,75 manat qalıq borcun 57.399,24 manatı əsas borc, 4.515,08 manatı faiz borcu olmuşdur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə 10 sentyabr 2014-cü il tarixdə "Grand Hayat" Mənzil Tikinti Kooperativi arasında bağlanmış B 6/143 saylı alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında yerləşən yaşayış kompleksindəki 6-cı binanın 10-cu mərtəbəsində ümumi sahəsi 143 m2 olan 49 saylı mənzili almışdır. O, mənzilin alqı-satqısı üçün 32.423 manat ilkin ödənişi etmiş və qrafikə uyğun olaraq hər ay nəzərdə tutulmuş ödənişlərini icra etmişdir. Mənzilin dəyərini ödəmək üçün "Texnikabank"dan götürdüyü 28.974 manat krediti ödəmiş, "Texnikabank" ləğv edildikdən sonra müvafiq olaraq 3400 manat, 1350 manat, 2630 manat, 2530 manat olmaqla, cəmi 10.010 manat ödəmişi bilavasitə MTK-ya ödəmişdir. Daha sonra isə Azərbaycan Beynəlxalq Bankından İddiaçı kredit verilmiş, 2021-ci ilin mart ayına qədər sonuncu banka 74.037 manat ödəniş etmişdir. Bu qayda ilə İddiaçı "Grand Hayat" MTK-ya son ödənişlə birlikdə nəğd və bank krediti vasitəsi ilə ödədiyi cəmi pulun məbləği 145.444 manat təşkil etmişdir. Bu hal cavabdehin nümayəndəsi tərəfindən də mübahisələndirilmir. Lakin cavabdehin nümayəndəsi qeyd edir ki, tərəflər arasında imzalanmış 10.09.2014-cü il tarixli B 06/143 saylı müqavilənin 3.5-ci bəndinə əsasən 10.1-ci bəndə görə müqavilənin İcraçı (MTK) tərəfindən ləğvi hallarında, Sifarişçi (İddiaçı) müqavilənin 3.1-ci maddəsində razılaşdırılmış müqavilə qiymətinin 20% həcmində İcraçıya cərimə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə qiyməti 190.202 manat müəyyən edilmiş, bu məbləğin 20%-i isə 38.040 manat təşkil edir. Müqavilənin İcraçı tərəfindən birtərəfli qaydada ləğv edilməsi halında, Sifarişçi tərəfindən ödənilmiş vəsait müqavilə şərtlərinin pozulması ilə əlaqədar nəzərdə tutulmuş cərimələr, dəbbə pulları və İcraçıya dəymiş ziyan çıxıldıqdan sonra, həmin mənzilə dair üçüncü şəxslərdən müqavilə üzrə ödəniş qəbulundan sonrakı 7 (yeddi) iş günü ərzində Sifarişçiyə qaytarılmalıdır. Həmçinin iddiaçının Bank qarşısında öhdəliklərinin icra etmədiyinə görə 11.02.2021-ci il tarixə olan əsas və faiz borcu məbləği olaraq 4.210 manat pulun tutulması qeyd edilmişdir. İddiaçı bank qarşısında öhdəliklərinin icra edilməməsi nəticəsində onun əvəzinə MTK tərəfindən ödənilmiş 57.399,24 manat vəsait də çıxılmaqla, 90.551 (190.202-57.399-38040-4210) manatı iddiaçıya qaytarmağa razıdır. Göründüyü kimi işin mübahisəli halı MTK tərəfindən iddiaçının əvəzinə ödənilmiş 4210 manat faiz borcu və Müqavilənin 3.5-ci bəndinə əsasən müqavilə öhdəliklərinin yerinə yetirilməməsi səbəbindən müqavilə qiymətinin 20% cərimə kimi hesablanan 38.040 manatdır. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “İnsan Hüquqlarının və X2 haqqında” Avropa Konvensiyasının 8.1-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və X2 haqqında” Avropa Konvesiyasının 20.03.1952-ci il tarixli 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətinin maraqları naminə, qanunla və beynalxalq hüququnun ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Başqa sözlə, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilməsini qadağan edir. Bu zaman ən mühüm amil fərdin mülkiyyət hüququ ilə, həmin hüququ məhdudlaşdıran maraqlar arasında ədalətli tarazlığın müəyyən edilməsi və gözlənilməsidir. Mülki Məcəllənin 5.3-cü maddəsində mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olmaları öz təsbitini tapmışdır. Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə 17.01.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982-ci il tarixli qərarı; “X5rşı” işi üzrə 26.10.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Göründüyü kimi, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 06/143 saylı, 10.09.2014-cü il tarixli alqı satqı müqaviləsinə əsasən İddiaçı Bakı şəhəri Tbilisi prospekti 1054-cü məhəllədə yaşayış kompleksində 6-cı bina 10-cu mərtəbədə yerləşən 3 otaqlı 49 saylı mənzili 190.202 manat almış, həmin məbləğdən 32.423 manat hissəsi ilkin ödəniş olaraq 10.09.2014-cü il tarixdə ödənilmiş, borcun qalan hissəsinin aylıq 2629,65 manat olmaqla 60 ay müddətində (10.09.2019-cu ilədək) ödənilməsi razılaşdırılmışdır. İddiaçı müxtəlif banklarda kredit götürməklə mənzilin dəyərini ödəmiş, lakin həmin kredit müqavilələri üzrə Cavabdeh MTK zamin olduğundan İddiaçı isə borcunu ödəyə bilmədiyi üçün onun əvəzinə 62.301,75 manat pul vəsaitini banka ödəmişdir ki, həmin məbləğin 57.399,24 manatı əsas borc, 4.515,08 manatı faiz borcu olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, mənzilin ümumi dəyəri olan 190.202 manat pul vəsaitindən Cavabdeh MTKnın ödədiyi 62.301,75 manat pul vəsaiti çıxıldıqdan sonra qalan hissə, yəni 127.900,25 manat Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməlidir. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, müqavilənin 3.5-ci bəndinə əsasən müqavilə öhdəliklərinin yerinə yetirilməməsi səbəbindən müqavilə qiymətinin 20% cərimə kimi hesablanan 38.040 manat Cavabdeh MTK-ya aid edilməlidir. Belə ki, müqavilə tərəflərin hər ikisinin təqsiri ucbatından ləğv edilmiş, pandemiya şəraiti nəzərə alınmaqla iddiaçı mənzilin dəyərini vaxtlı-vaxtında ödəməmiş, cavabdeh isə mübahisəli mənzili iddiaçıya təhvil verməmiş və mənzil hazırda MTK-nın istifadəsində qalmış, həmçinin həmin mənzilin hal-hazırki bazar qiyməti 2014-cü ilə münasibətdə xeyli miqdarda artmış, gələcəkdə də onun dəyərinin artması istisna edilmir. Məhkəmə iddia tələbinin müqaviləyə xitam verilməsi hissəsində qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 06/143 saylı, 10.09.2014-cü il tarixli alqı-satqı müqaviləsi Cavabdeh MTK-nın Ümumi Yığıncağının GH-Q02-210211- 001/PMİK saylı 11.02.2021-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Hal-hazırda qüvvədə olmayan müqaviləyə xitam verilməsi qanunvericilikdə nəzərdə tutulmadığından mümkün deyildir. Ona görə də iddia tələbi bu hissədə rədd edilməlidir. Həmçinin İddiaçı bu hissəyə dəqiqləşdirmə verməsə də məhkəmə baxışı zamanı iddia tələbinin müqaviləyə xitam verilməsi hissəsini mübahisələndirməmişdir. Bunun əksinə olaraq o, izahatında qeyd etmişdir ki, müqaviləyə xitam verilməsinə etiraz etmir, yalnız ödədiyi pulun faiz məbləği çıxılmaqla ona geri qaytarılmasını məhkəmədən xahiş edir. Bu qənaətə gələrkən məhkəmə həm də nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək, ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Məhkəmə sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Grand Hayat” MTK ilə İddiaçı arasında bağlanmış 06/143 saylı, 10.09.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllədə yerləşən yaşayış kompleksində 5-ci binanın 10-cu mərtəbəsində ümumi sahəsi 143 kv.m. olan 49 saylı mənzilin ümumi dəyəri olan 190.202 manat pul vəsaitindən Cavabdeh MTK-nın zamin olaraq "xxxx" ASC-yə ödədiyi 62.301,75 manat pul vəsaiti çıxıldıqdan sonra qalan hissə, yəni 127.900,25 (bir yüz iyirmi yeddi min doqquz yüz manat iyirmi beş qəpik) manat Cavabdeh MTK-dan tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216- 220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MTK-dan 127.900,25 (bir yüz iyirmi yeddi min doqquz yüz manat iyirmi beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-382/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-382/2022
01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver