Məhkəmə qərarları › İş №2(004)-3823/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3823/2024

17.09.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3823/2024 17.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi Cavabdeh MMC-nin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “işə bərpa və sair” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi DOST X3 şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinə (İcraçı Qurum) təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə (əvvəlki işinə) bərpa olunmağına, məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, heç bir əsaslı səbəb olmadan DOST İş Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixindən işdən azad olunmuşdur. İşdən azad olunarkən əmək kitabçası, əmrin surəti və son haqq hesabın verilməsini şifahi və rəsmi müraciətləri ilə etsə də, bugünə kimi cavab ala bilməmişdir. Ona göndərdikləri şablon məktubda qeyd olunur ki, əmək kitabçasının ona təqdim olunması ilə bağlı Mərkəzə yaxınlaşacağı və ya hansı ünvana poçt vasitəsi ilə göndərilməsi ilə bağlı müraciəti daxil olacağı təqdirdə müraiətində qeyd olunmuş sənədlər ona təqdim olunacaqdır. Halbuki əmək kitabçasının, əmrin surətinin və son haqq hesabın ödənilməsi ilə bağlı tərəfindən DOST İş Mərkəzinə rəsmi müraciət daxil olmuşdur. Onunla mərkəz arasında xx.xx.2019-cu il tarixində əmək müqaviləsi bağlanaraq Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinə təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təhkim olunmuşdur. İşdən azad olunmağı ilə bağlı ona təqdim olunmayan əmri qanunsuz və əsassız sayır. Belə ki, işəgötürən bildirir ki, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində xitam verilmişdir. Sonradan araşdırmanın nəticəsində ona məlum olmuşdur ki, onunla xx.xx.2019-cu il tarixində müqavilə bağlanılmış, həmin müqavilə əvvəl xx.xx.2019-cu il tarixində, sonradan isə xx.xx.2022-ci il tarixində xəbəri olmadan özbaşına dəyişdirilmişdir. Əmək müqaviləsinə etdikləri qanunsuz dəyişikliklər əsasında müqavilə müddətinin bitməsini əsas gətirərək onu işdən azad etmişlər. Onunla əmək müqaviləsi bağlanan zaman əmək müqaviləsinin bir nüsxəsi ona verilməmiş və bundan məlumatsız olmuşdur. İşəgötürən tərəfindən bugünə qədər Əmək Məcəlləsinin 83.2-ci maddəsinin də tələbləri pozularaq əmrin surəti, əmək kitabçası və son haqq-hesabı verilməmişdir. Daha sonra, Cavabdeh MMC-nin nümayəndəsi “iddia müddətinin tətbiq edilməsinə dair” xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində qeyd etmişdir ki, hesab edirlər ki, İddiaçı iddia müddətini buraxmış, həmçinin iddia tələbi əsassız və qanunsuzdur. Belə ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndinə əsasən xx.xx.2022-ci il tarixində xitam verilmiş və son haqq-hesab ödənilmişdir. İddiaçı mübahisənin məhkəməyədək həll edilməsi üçün ilk öncə mediasiya prosesinin tətbiqi barədə xx.xx.2024-cü il il tarixli təkliflə Cavabdeh MMC-yə müraciət etmiş, təklif Cavabdeh MMC tərəfindən müvafiq olaraq cavablandırılmış, daha sonra İddiaçı Bakı 13 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Mediasiya prosesi xx.xx.2024-cü il tarixində tərəflərin iştirakı ilə keçirilmiş və həmin tarixdə müvafiq arayış verilmişdir. Göründüyü kimi qanunvericiliyin tələblərinə uyğun olaraq işə bərpa olunmaq üçün məhkəməyə iddia qaldırmaq müddətini İddiaçı ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Bu baxımdan iddia müddətinin tətbiq edilərək İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əməkhaqqı” tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, Cavabdeh MMC-nin nümayəndəsi İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “işə bərpa və sair” tələbinə dair iddia ərizəsinə etiraz təqdim edərək etirazında qeyd etmişdir ki, İddiaçı iddia tələbi qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 84 nömrəli Qərarı ilə təsdiqlənmiş “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 1.2-i bəndinə əsasən haqqı ödənilən ictimai işlər işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşkil edilən ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir. “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 2.6-cı bəndinə əsasən isə ictimai işlər bir qayda olaraq 2 aya qədər müddətə təşkil olunur. AR ƏM-nin 47-ci maddəsinin e bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Hesab edirlər ki, İddiaçı iddia müddətini buraxmış, həmçinin iddia tələbi əsassız və qanunsuzdur. Belə ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” (əmək müqaviləsinin müddətinin qurtarması) bəndinə əsasən xx.xx.2022ci il tarixində xitam verilmiş və son haqq-hesabı ödənilmişdir. Əlavə olaraq bildirilir ki, İddiaçı xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək Rusiya Federasiyasında olduğu və işə mənfi davamiyyəti ilə bağlı xx.xx.2022-ci il tarixli akt İcraçı qurumun xx.xx.2022-ci il tarixli 320 nömrəli müşayiət məktubu ilə Mərkəzə daxil olmuşdur. İddiaçı Rusiya Federasiyasında olduğu dövrdə ona xx.xx.2022-ci il tarixi üçün ödənilmiş olan əməkhaqqını xx.xx.2022-ci il tarixində Mərkəzin hesabına geri ödəmişdir. İddia ərizəsində qeyd edilənlərə münasibətdə bildirilir ki, İddiaçı ötən dövr ərzində, yəni xx.xx.2022-ci il tarixindən hazırkı dövrə qədər əmək kitabçasının və xitam əmrininin ona təqdim edilməsi üçün Mərkəzə yaxınlaşmamış və hansı ünvana poçt vasitəsi ilə göndərilməsi ilə bağlı müraciəti daxil olmamışdır. İddiaçı əmək kitabçasının təqdim edilməsi ilə bağlı Mərkəzə yaxınlaşmağı və ya hansı ünvana poçt vasitəsi ilə göndərilməsi ilə bağlı xx.xx.2024 tarixli 3-17-7/2-M- 25256/3/2024 nömrəli məktub poçt vasitəsilə yaşadığı ünvana göndərilmişdir. İddiaçı mübahisənin məhkəməyədək həll edilməsi üçün ilk öncə mediasiya prosesinin tətbiqi barədə xx.xx.2024-cü il tarixli təkliflə Cavabdeh MMC-yə müraciət etmiş, təklif Cavabdeh MMC tərəfindən müvafiq olaraq cavablandırılmış, daha sonra İddiaçı Bakı 13 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Mediasiya prosesi xx.xx.2024-cü il tarixində tərəflərin iştirakı ilə keçirilmiş və həmin tarixdə müvafiq arayış verilmişdir. Mediasiya prosesinin keçirildiyi yer Cavabdeh MMC-yə yaxın ərazidə yerləşir. Cavabdeh MMC-nin nümayəndəsi İddiaçı bildirmişdir ki, “tələb etdiyiniz sənədləri hansı ünvana göndərilməsi ilə bağlı Sizə məktub ünvanlanmış, lakin Siz bu barədə Cavabdeh MMC-yə məlumat verməmişsiz”. Mediasiya prosesi zamanı Cavabdeh MMC-nin nümayəndəsi hansı ünvana göndərilməsi barədə məlumat almaq istəsə də, iddiaçı bu barədə məlumat verməmişdir. Cavabdeh MMC-nin nümayəndəsi İddiaçı bildirmişdir ki, mediasiya prosesindən sonra birgə Mərkəzə yaxınlaşsın, tələb etdiyi sənədlər sənədlər ona təhvil veriləcəkdir, lakin İddiaçı Mərkəzə yaxınlaşmaqdan imtina etmişdir. Bundan başqa İddiaçı iddia ərizəsində məcburi iş buraxmaya görə əməkhaqqı hesablanıb verilməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi qanunvericiliyin tələblərinə uyğun olaraq işə bərpa olunmaq üçün məhkəməyə iddia qaldırmaq müddətini İddiaçı ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq əmək müqavilələri sərbəst bağlanılır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əlavə olaraq bildirilir ki, iddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış əmək müqaviləsinə həmin dövrdə mövcud olan qanunvericiliyin tələblərinə uyğun olaraq xitam verilmişdir. İddiaçı özü də əvvəlcədən onunla müddətli əmək müqaviləsi bağlanılmasına razı olmuş və həmin dövrlərdə bu halı heç vaxt mübahisələndirməmişdir. Yalnız onunla bağlanmış əmək müqaviləsi ləğv edildikdən sonra müqavilə üzrə maddi hüquq normalarının pozulmasına istinad edərək hazırkı iddia ilə əsassız olaraq məhkəməyə müraciət etmişdir. Qeyd edilənləri nəzərə alaraq İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əməkhaqqı” tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddianı müdafiə edir. Cavabdeh tərəf ona onunla bağlanmış əmək müqaviləsinə müddətinin bitməsi ilə bağlı əmək müqaviləsinə xitam verildiyini bildirmişdir. Onunla eyni vaxtda əmək fəaliyyətinə başlamış şəxslər hal-hazırda da işləməyə davam edirlər. Onun savadının olmamasından istifadə edən qarşı tərəf onu qanunsuz olaraq işdən azad etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehə yazılı şəkildə müraciət etməmişdən qabaq, şifahi şəkildə müraciət etmiş və ona onunla bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi ilə bağlı əmək müqaviləsinə xitam verildiyi bildirilmişdir. Şifahi şəkildə müraciət etdiyi tarixi xatırlamır. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə1 izahatında bildirmişdir ki, iddianı qəbul etmir, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, iddianı qəbul etmir, iddia əsassızdır. Cavabdeh 1 il 6 ay işə gəlməsə də, əmək müqaviləsinə xitam verilməsi barədə məlumatının olmadığını qeyd edir. İddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş edir. İş materiallarında olan İddiaçı DOST İş Mərkəzinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, rəsmi olaraq əmək müqaviləsinə xitam verilməsi əmrinin surətinin, əmək kitabçasının və son haqq-hesabın verilməsinin təmin edilməsi xahiş olunmuşdur. İş materiallarında olan Cavabdeh MMC-nin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı mediasiya prosesinin tətbiqi barədə xx.xx.2024-cü il tarixli təklifinə və DOST İş Mərkəzinə ünvanladığı müraciətinə tərəflərindən aidiyyəti üzrə baxılmış və bildirilmişdir ki, ötən dövr ərzində əmək kitabçasının ona təqdim edilməsi üçün Mərkəzə yaxınlaşmamış və hansı ünvana poçt vasitəsilə göndərilməsi ilə bağlı müraciəti daxil olmamışdır. Əmək kitabçasının ona təqdim edilməsi ilə bağlı Mərkəzə yaxınlaşacağı və ya hansı ünvana poçt vasitəsi ilə göndərilməsi ilə bağlı müraciətinin daxil olacağı təqdirdə müraciətində qeyd edilmiş sənədlər ona təqdim olunacaqdır. İş materiallarında olan Bakı 13 saylı X1 mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, İddiaçı tərəfindən DOST İş Mərkəzinə mediasiya prosesinin tətbiqi barədə təklif xx.xx.2024-cü il tarixində göndərilib. İş materiallarında olan Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı Cavabdeh MMC ilə arasında olan xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 68.2-ci maddəsinin b bəndinə (əmək müqaviləsinin müddətinin qutarması) əsasən xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan DOST İş Mərkəzinin xx.xx.2022-ci il tarixli, **********2 nömrəli əmrinə əsasən Cavabdeh MMC-də müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş Lənkəran şəhəri ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində çalışan İddiaçı ilə xx.xx.2019-cu il tarixində bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 68-ci maddəsinin 2 “b” (əmək müqaviləsinin müddətinin qutarması) bəndinə əsasən xx.xx.2022-ci il tarixində xitam verilməsi əmr edilmişdir. İş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı arasında imzalanmış xx.xx.2019-cu il tarixli müddətli əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə haqqı ödənilən ictimai işlərə cəlb olunmaqla təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə işə qəbul edilmişdir. İş materialalrında olan Cavabdeh MMC ilə İddiaçı arasında imzalanmış xx.xx.2019-cu il tarixli müddətli əmək müqaviləsinə edilmiş xx.xx.2022-ci il tarixli əlavə razılaşmadan görünür ki, Cavabdeh MMC və Lənkəran rayonu ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinin 1 ay müddətinə bağlanması ilə bağlı razılığa gəlmişlər. İş materiallarında olan Cavabdeh MMC tərəfindən təqdim olunmuş İddiaçı hesablanmış əmək haqqı, məzuniyyət haqqı və tutulmalarla bağlı çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı 2022-ci ilin noyabr ayında 298,73 manat məbləğində son haqq-hesab ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh MMC ilə İddiaçı arasında imzalanmış xx.xx.2019-cu il tarixli müddətli əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2019cu il tarixdə haqqı ödənilən ictimai işlərə cəlb olunmaqla təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra Cavabdeh MMC ilə İddiaçı arasında imzalanmış xx.xx.2019-cu il tarixli müddətli əmək müqaviləsinə edilmiş xx.xx.2022-ci il tarixli əlavə razılaşmaya əsasən Cavabdeh MMC və Lənkəran rayonu ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinin 1 ay müddətinə bağlanması ilə bağlı razılığa gəlmişlər. Bundan sonra DOST İş Mərkəzinin xx.xx.2022ci il tarixli, **********2 nömrəli əmrinə əsasən Cavabdeh MMC-də müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş Lənkəran şəhəri ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində çalışan İddiaçı ilə xx.xx.2019-cu il tarixində bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 68-ci maddəsinin 2 “b” (əmək müqaviləsinin müddətinin qutarması) bəndinə əsasən xx.xx.2022-ci il tarixində xitam verilmişdir. Hazırda İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi DOST X3 şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinə (İcraçı Qurum) təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə (əvvəlki işinə) bərpa olunmağına, məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh MMC-nin nümayəndəsi isə “iddia müddətinin tətbiq edilməsinə dair” xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, qanunvericiliyin tələblərinə uyğun olaraq işə bərpa olunmaq üçün məhkəməyə iddia qaldırmaq müddəti İddiaçı tərəfindən ötürüldüyündən iddia müddətinin tətbiq edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bundan əlavə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 296.6-cı maddəsinə əsasən Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Belə ki, İddiaçı məhkəmə iclasında hakimin işdən nə vaxt çıxarılmasından xəbərinin olması ilə bağlı ona verdiyi suala cavab olaraq bildirmişdir ki, işdən çıxarıldığı tarixi dəqiq xatırlamır. İşdən çıxarıldığı ərəfədə bir neçə dəfə DOST İş Mərkəzinə şifahi müraciəti etmişdir və Mərkəzdən ona işdən çəxarıldığını bildirmişlər. Yazılı şəkildə isə, DOST İş Mərkəzinə xx.xx.2024cü il tarixli ərizə ilə rəsmi olaraq müraciət etmiş, əmək müqaviləsinə xitam verilməsi əmrinin surətinin, əmək kitabçasının və son haqq-hesabın verilməsinin təmin edilməsi xahiş etmişdir. Əmək kitabçası isə ona xx.xx.2024-cü il tarixində təqdim olunmuşdur. Buradan da müəyyən olunan odur ki, əmək kitabçası iddiaçının dediyi kimi xx.xx.2024-cü il tarixində ona təqdim olunsa da, o hüquqlarının pozulduğunu işdən çıxarıldığı tarixdən artıq bilmişdir. Əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində xitam verilmiş birinin xx.xx.2024-cü il tarixində əmək kitabçası ona təhvil verilənə qədər hüquqlarının pozulmasını bilməməsi isə absurd məsələdir. Bundan əlavə iş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan da görünür ki, İddiaçı mövcud əmək mübahisəsi ilə bağlı mediasiyaya yalnız xx.xx.2024-cü il tarixdə, yəni hüququnun pozulduğunu aşkar etdiyi gündən xeyli müddət sonra müraciət etmişdir. Həmçinin iş materiallarında olan İddiaçı hesablanmış əmək haqqı, məzuniyyət haqqı və tutulmalarla bağlı çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı 2022-ci ilin noyabr ayında 298,73 manat məbləğində son haqq-hesab ödənilmişdir. Odur ki, Cavabdeh MMC Lənkəran şəhəri ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmiş, son haqqhesab ona 2022-ci ilin noyabr ayında ödənilmiş və İddiaçı mövcud əmək mübahisəsi ilə bağlı mediasiyaya xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. İşin hallarından görünür ki, iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 1 aylıq iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir, habelə məhkəməyə iddia müddətinin üzrsüz səbəbdən buraxılmasını təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia müddəti keçdiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassızdır və İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “işə bərpa və sair” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “işə bərpa və sair” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar