Məhkəmə qərarları › İş №2(004)-3826/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3826/2024

26.09.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3826/2024 26.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, iddiaçı Əliyeva (Səfərova) Zəhra Anar qızının iştirakı ilə, İddiaçı Əliyeva (Səfərova) Zəhra Anar qızının Cavabdeh MMC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə qarşı əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Əliyeva (Səfərova) Zəhra Anar qızı Cavabdeh MMC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə qarşı əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə arasında 01 aprel 2021-ci il tarixində bağladığı əmək müqaviləsini qüvvədən salınmış hesab edib və əmək müqaviləsinin qüvvədən salınması ilə bağlı məlumatların “Əmək və Məşğulluq” alt sistemində daxil edilməsi hüquqununun X2 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 26 aprel 2024 tarixində Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh MMC-nin rəhbəri Rüfət Piriyev haqqında 9 yanvar 2024-cü ildə həbs qətimkan tədbiri görülüb və onun heç bir hüquqi təmsilçisi olmadığı üçün, Cavabdeh MMC ilə 01 aprel 2021-ci ildə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi səlahiyyətinin X2 Xidmətinə həvalə edilməsi barədə müraciət etmişdi. İddiasına əsasən, ondan Cavabdeh MMC şirkətinə işdən azad olunmağını istədiyi ilə bağlı yazılı müraciət etməyini, əgər şirkət tərəfindən geri dönüş edilməzsə Mediasiya Şurasına müraciət etməyi və onların verdiyi yekun qərar ilə məhkəməyə yenidən müraciət etməyi tələb olunmuşdur. Bu tələblərə əsasən, o, işdən azad olunmaq istəyinə dair ərizəni yazıb poçt vasitəsilə qarşı tərəfə göndərmiş, lakin Cavabdeh MMC həmin ünvanda olmadığı üçün ərizəsi özünə geri qaytarıldı. Bundan sonra isə Mediasiya Şurasına müraciət etmişdir. Şuranın təyin etdiyi gündə və tarixdə təyin olunan görüş yerində oldu, lakin qarşı tərəf bu görüşdə iştirak etmədi. Artıq o, aylardır əmək müqaviləsinə xitam verilməsi üçün çalışır. Lakin bunu da bildirmişdir ki, iş yoldaşlarından biri Sevinc Səfərova heç bir halda nə məhkəməyə, nə də Mediasiya Şurasına müraciət etmədən əmək müqaviləsinə xitam verilib. Bu isə onun tərəfindən qəbul edilməzdir və böyük ədalətsizlik, hüquq bərabərliyinin pozulmasıdır. Məhkəmədən bu məsələnin də araşdırılmasını xahiş etmişdir. İşə məhkəmədə baxılan zaman iddiaçı Əliyeva (Səfərova) Zəhra Anar qızı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onunla Cavabdeh MMC arasında bağlanmış 01 aprel 2021-ci il tarixli əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və buna dair (xitam verilməsinə dair) müvafiq qeydlərin elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Əliyeva (Səfərova) Zəhra Anar qızı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi çıxarışa əsasən Əliyeva (Səfərova) Zəhra Anar qızı Cavabdeh MMC-də ofis menecer vəzifəsində işləməklə əmək haqqı 350 manat təşkil edir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsinin Əliyeva (Səfərova) Zəhra Anar qızına ünvanladığı 06 aprel 2024-cü il tarixli cavab məktubuna əsasən müraciəti ilə əlaqədar ətraflı izahat və əmək haqqı bank hesabından çıxarış təqdim etməkləri məqsədi ilə ünvanına (Bakı şəhəri, Xətai rayonu, Sarayevo 22) 3-17-5/2-S-2016/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktub göndərilmiş, tərəflərindən araşdırmaya müvafiq qaydada izahat və əmək haqqı bank hesabından çıxarış təqdim olunmuşdur. Həmçinin müraciətdə qeyd etdiyi məsələlərin araşdırılması məqsədi ilə tərəfindən Cavabdeh MMC-nin (ünvan 3 ünvanına 3-17-5/2- 2068/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubla müraciət olunmuş, lakin tələb olunan sənədlər müəssisə tərəfindən təqdim olunmadığından müraciətinin araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. Tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsinin “Əmək və Məşğulluq” altsisteminə baxış zamanı onunla Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixində bağlanılmış əmək müqaviləsi bildirişinin qüvvədə olduğu müəyyən edilmişdir. Bildirilmişdir ki, təqdim etdiyi əmək haqqı bank hesabından çıxarışa baxış zamanı ona xx.xx.2023-cü il tarixində 2023-cü ilin yanvar və fevral aylarının əmək haqqlarının, xx.xx.2023-cü il tarixində 2023-cü ilin mart ayının əmək haqqısının, xx.xx.2023-cü il tarixində isə 2023-cü ilin aprel və may aylarının əmək haqqlarının gecikdirilərək ödənildiyi müəyyən edilmişdir. Bu səbəbdən işəgötürən barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən, xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin tətbiq edilməsi haqqında qərar qəbul olunmuşdur. Məlumat üçün bildirilmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2025ci il tarixinədək dayandırıldığından məsələnin yerində araşdırılması mümkün deyildir. Bildirilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və Məşğulluq” alt sisteminə daxil edilməsi X2 Xidmətinin səlahiyyətləri xaricindədir. Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X2 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsi məhkəmə tərəfindən qüvvədən salınmış hesab edilməli və əmək müqaviləsinin qüvvədən salınması ilə bağlı məlumatların “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi hüququ X2 Xidmətinə həvalə edilməlidir. Bildirilmişdir ki, Cavabdeh MMC tərəfindən sənədlər Xidmətin Bakı şəhər İdarəsinə təqdim ediləcəyi təqdirdə müraciətinə yenidən baxılaraq cavab veriləcəkdir. Nəzərinə çatdırılmışdır ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Müraciətində qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olduğu qeyd olunmuşdur. Beləliklə məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Cavabdeh MMC ilə Əliyeva (Səfərova) Zəhra Anar qızı arasında bağlanılmış əmək müqaviləsi üzrə iddiaçı cəmiyyətdə “ofis menecer” vəzifəsinə işə qəbul edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdehndə ofis menecer vəzifəsinə işə götürülsə də, orada işlədiyi vaxt, müəssisənin rəhbərini həbs etmişlər. İddiaçı xx.xx.2024-cü il tarixdə həmin MMC-nin direktoru X1 ərizə yazaraq, onu xx.xx.2024-cü il tarixdən tutduğu vəzifədən öz xahişi ilə azad edilməsini xahiş etmişdir. Lakin MMC-nin rəhbəri iddiaçının dediyinə görə hal-hazırda həbsdə olduğu üçün onunla bağladığı əmək müqaviləsinə xitam verilməsi qeyri-mümkündür. Onun əmək müqaviləsi hələ də aktivdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyət orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən hüquq münasibətlərini tənzim etdiyindən məhkəmə qeyd edir ki, mübahisənin həlli üçün əmək qanunvericiliyinin normaları tətbiq olunmalıdır. Həmin Məcəllənin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilir. Həmin Məcəllənin 69-cu maddəsinin 1, 2 və 3-cü bəndlərin əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa İşəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək qanunvericiliyinin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, işçi onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə, günü ərizəsində konkret göstərdiyi halda, işəgötürən əmək müqaviləsinə xitam verə bilər. Əmək müqaviləsinə həmin gün xitam verilmədiyi halda, işəgötürən bunu ən geci bir təqvim ayı ərzində etməlidir. Məhkəmə qeyd edir ki, işəgötürən əmək müqaviləsinə xitam verməli olduğu halda bunu etmədiyi üçün, o, Əmək Məcəlləsinin 68 və 69-cu maddələrinin tələblərini pozmuşdur. Məhkəmə həmçinin hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə tələb əsaslı olduğu üçün, həmin müqaviləyə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi barədə tələb də əsaslıdır və təmin edilməlidir. Belə ki, AR Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci bəndinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1 -ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Qanunvericiliyin göstərilən tələbinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və ya xitam verilməsi barədə məlumatlar elektron informasiya sistemində qeydiyyata alınmalıdır və həmin qeydiyyat müvafiq icra hakimiyyət orqanı olan X2 Xidməti tərəfindən aparılır. Belə olan halda məhkəmə hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin qeydiyyata alınması X2 Xidmətinin üzərinə qoyulmalıdır. Belə ki, hazırki işin faktiki hallarından görünür ki, işəgötürən Cavabdeh MMC-nin qanuni təmsilçisi yəni işəgötürən olduğu yeri müəyyən etmək mümkün deyil. İddiaçının bildirdiyinə görə isə MMC-nin qanuni təmsilçisi 2024-cü ilin əvvəlində barəsində dələdüzlüqla bağlı cinayət işi üzrə həbs edilmiş, o vaxtdan da, şirkət bağlanaraq faktiki olaraq fəaliyyət gösdərmir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı Əliyeva (Səfərova) Zəhra Anar qızı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilmiş hesab edilməli və buna dair (xitam verilməsinə dair) müvafiq qeydlərin elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-14.2, 77.1, 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Əliyeva (Səfərova) Zəhra Anar qızı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilmiş hesab edilsin və buna dair (xitam verilməsinə dair) müvafiq qeydlərin elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar