Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3847/2023 31.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 iştirakı ilə, Ərizəçi müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 cəlb olunmaqla maraqlı şəxs 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı “notariat hərəkətlərinin aparılmasından imtina edilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı “notariat hərəkətlərinin aparılmasından imtina edilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X.Əliyevanın xx.xx.2023-cü il tarixli, 435 saylı qərarının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X5 2021-ci ilin avqust ayında “Covid-19” xəstəliyinə tutalaraq yaşadığı evdə xəstə yatarkən, ona baş çəkməyə gəlmiş bacısı, onun bibisi X4 öz vəsiyyətini açıqlayaraq bildirmişdir ki, bütün var dövlətini ona, evini isə arvadına, yəni onun anası X1 vəsiyyət edir. Həmin vaxt atasının vəziyyəti ağırlaşdığından ona oksigen balonu qoşulmuşdur. Bu səbəbdən atası vəsiyyətnaməsini şəxsən yaza bilməmiş və vəsiyyətnaməni yazmağı bibisi Asya Muradovadan xahiş etmişdir. Bibisi də atasının dediklərinə uyğun vəsiyyətnamə tərtib edib atasının tapşırığı ilə özündə saxlamışdır. Atasına xəstəxanada “Covid-19 + ikitərəfli pnevmaniya” diaqnozu qoyulmuş və o, xx.xx.2021-ci ildə həmin xəstəlikdən vəfat etmişdir. Atasının vəfatından bir müddət sonra bibisi Asya Muradova atasının dediklərinə uyğun yazdığı vəsiyyətnaməni üzə çıxardaraq 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə təqdim etmişdir. Lakin 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X.Əliyevanın xx.xx.2023-cü il tarixli, 435 saylı qərarı ilə ona həmin vəsiyyətnamənin əsasında vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, vəsiyyətnamənin mərhumun özü tərəfindən yazılmaması və notarial qaydada təsdiq edilməməsi vəsiyyətnamənin etibarlılığına şübhə yaradır. Lakin notarius nəzərə almamışdır ki, həmin vaxt atasının vəziyyəti ağır olduğundan, o və anası yalnız atasının müalicəsinə kömək etməklə məşğul olduqlarından, atasının vəsiyyətinin notarial qaydada rəsmiləşdirilməsinə imkan olmamışdır. Vəsiyyətnamənin etibarlılığına təsir edəcək hər hansı bir hal mövcud olmadığından notariusun qərarı qanunsuz və əsassızdır. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 izahat verərək bildirmişdir ki, ərizəçinin hazırki tələbi ona vərəsəlik haqqında şəhadətnamənin verilməsinin qarşısını almaq, müxtəlif yollarla məhkəmə prosesini uzadaraq hüquqlarından sui-istifadə etməklə onun mənafelərinə bərpa olunmaz zərər vurmaq məqsədi daşıyır. Belə ki, hesab edir ki, tələb tam olaraq əsassızdır və təmin olunmamlıdır. xx.xx.2023-cü il tarixdə Ərizəçi nümayəndəsi və vəkili Vəkil1 “Elektron Məhkəmə” sisteminə vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizədə qeyd olunan halı təsdiq edən sənədlər ərizəyə əlavə olunmadığından, ərizə əsassız hesab edilməli və təmin olunmamlıdır. Məhkəmə AR MPMnin 185.6-cı maddəsinə əsasən məhkəmə baxış iclasının ərizəçinin nümayəndəsi və vəkilinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli, 435 saylı “Notariat hərəkətini aparmaqdan imtina edilməsi haqqında” Qərarın surətindən görünür ki, Ərizəçi 25 fevral 2022-ci ildə notariat ofisinə müraciət edərək 31 avqust 2021-ci ildə vəfat etmiş mərhum atası X2 qalan daşınmaz və daşınar əmlaklara - miras əmlaklara dair mərhum atasının xahişi və sözləri əsasında bibisi X6 tərəfindən tərtib edilmiş 27 avqust 2022-ci il tarixli ev vəssiyyətnaməsi əsasında vəsiyyətnamə və məcburi pay üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Vəsiyyətnamənin mərhumun özü tərəfindən yazılmaması və notarial qaydada təsdiq edilməməsi vəsiyyətnamənin etibarlılığına şübhə yaratmış, eyni zamanda mərhum Y.Muradovun vərəsəlik işi ilə bağlı digər vərəsəsi Maraqlı şəxs2 arasında məhkəmə mübahisəsi mövcuddur. Qeyd olunanlara əsasən, "Notariat haqqında” Azərbaycan Respublikası qanununun 40-cı maddəsinin 1-ci bəndini rəhbər tutularaq, qərara qəbul edilmiş, Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 15(112)-264/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, ərizəçi 2-1(112)-10434/2023 saylı inzibati iş üzrə mübahisə qanuni həllini tapanadək X3 adına açılmış xx.xx.2021-ci il tarixli, V- 702/2021 saylı vərəsəlik işi üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinin 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinə qadağan edilməsi barədə Ərizəçi tərəfindən verilmiş müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizə mümkün sayılmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16(004)-299/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, ərizə təmin edilmiş, iş üzrə mübahisə qanuni həllini tapanadək Ərizəçi adına açılmış xx.xx.2021-ci il tarixli, V-702/2021 saylı vərəsəlik işi üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinə qadağan edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1167-cı maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. 1168-ci maddəsinə əsasən vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. 1169-cü maddəsinə əsasən vəsiyyətnamədə bir miras qoyanın sərəncamı olmalıdır. Vəsiyyətnamənin iki və ya daha çox şəxs tərəfindən birgə tərtibinə yol verilmir. Yalnız ərlə arvad qarşılıqlı vərəsəlik haqqında birgə vəsiyyətnamə tərtib edə bilərlər. Bu vəsiyyətnamə ərin və ya arvadın tələbi ilə, lakin onların hər ikisinin sağlığında ləğv edilə bilər. 1174-cü maddəsinə əsasən vəsiyyət edən mirasdan kimin və hansı miqdarda pay almalı olduğunu müəyyənləşdirməyi başqa şəxsə tapşıra bilməz. 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. 1179.2-ci maddəsinə əsasən notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. 1184-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar, fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxslər, vəsiyyət üzrə vərəsələr və onların yüksələn və enən xətt üzrə qohumları, bacıları, qardaşları, arvadı (əri) və vəsiyyət tapşırığını alan (leqatari) vəsiyyətin şahidləri ola bilməzlər. 1186-cı maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 40-cı maddəsinə əsasən Notarius və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər aşağıdakı hallarda notariat hərəkətlərini aparmaqdan imtina etməlidirlər: 1) hərəkətin aparılması qanuna zidd olduqda; 2) hərəkəti başqa notarius və ya digər vəzifəli şəxs aparmalı olduqda; 3) hərəkətin aparılması barədə fəaliyyət qabiliyyəti olmayan şəxs və ya lazımi səlahiyyəti olmayan nümayəndə müraciət etdikdə; 4) hüquqi şəxsin adından bağlanan əqd onun nizamnamə və ya əsasnaməsində göstərilən məqsədlərə zidd olduqda; 5) qanunun tələblərinə uyğun olmayan əqd bağlandıqda; 6) notariat hərəkətinin aparılması üçün təqdim olunan sənədlər qanunvericiliyin tələblərinə zidd olduqda və ya həmin sənədlərdə ayrı-ayrı şəxslərin şərəf və ləyaqətini ləkələyən məlumatlar olduqda; 7) əqdin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun olmadıqda. Notariuslar və notariat hərəkətini aparan digər vəzifəli şəxslər hərəkətin aparılmasına rədd cavabı almış şəxsin xahişi ilə üç gün müddətində imtina barədə əsaslandırılmış qərar çıxarmalı və ondan şikayət verilməsi qaydasını izah etməlidirlər. : Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli, 435 saylı “Notariat hərəkətini aparmaqdan imtina edilməsi haqqında” Qərarının ləğv edilməsi üçün qanuni əsaslar mövcud deyidir. Belə ki, sadalanan maddi hüquq normalarından göründüyü kimi notariat ofisinin imtina barədə qərarı tam olaraq əsaslıdır. Odur ki, iddia tələbi rədd olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 cəlb olunmaqla maraqlı şəxs 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı “notariat hərəkətlərinin aparılmasından imtina edilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair ərizəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-3847/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3847/2023
31.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver