Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3848/2023 05.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhərinin Yasamal rayonunda qeydiyyatda olan və yaşayan Cavabdeh ödədiyi 350 (üç yüz əlli) manat pulun, ödənilmiş 30 manat dövlət rüsumunun, onu əlavə maddi ziyana saldığına görə isə 619 (altı yüz on doqquz), cəmi 999 (doqquz yüz doxsan doqquz) manatın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhərinin Binəqədi rayonunda ailə üzvləri ilə yaşayır. Rəsmi dövlət qeydiyyatından keçən işi yoxdur, Cavabdeh ilə tanışlığı, Abşeron rayonunun Xırdalan şəhərində yerləşən AAF adlanan yaşayış kompleksinin ərazisində yerləşən yaşayış binasının zirzəmi qatındakı onlara məxsus qeyri-yaşayış sahəsini icarəyə vermələri əsasında tanış olmuşlar. Belə ki, 2023-üçüncü ilin may ayının 22-si idi, tanışları vasitəsilə ona bəlli oldu ki, AAF parkın ərazisində icarəyə otaqlar verilir. O da gözəllik salonu işlətmək istəyi uyğun olaraq qohumu ilə getdi Xırdalana və hazırki iş üzrə Cavabdeh telefon vasitəsilə arayıb oradaca görüşdü və icarəyə verəcəyi sahə ilə tanış oldu. Görüşləri zamanı, bildirdir ki, hər şey rəsmi olmalı, otaqların durumu istəyimə uyğun hazır olmalı, ödəmələr qanunvericiliyin tələbinə uyğun aparılmalıdır. Elə də razılaşdı. İcarəyə verilən sahəyə baxarkən, təbii ki, bəzi çatışmamazlıqları ilk baxışda müəyyən etmək çətin olsa da bu, sonradan özünü büruzə verəcəkdir. İcarəyə verilən qeyriyaşayış sahəsinin aylıq ödənişini ona 350 (üç yüz əlli) manat təklif etdi, o da razılaşdı. Razılaşmaya əsasən ilkin olaraq 50 manatı, sonra isə 300 manatı terminal vasitəsilə 22 may saat 17:23-də cavabdehin ona göndərdiyi karta yüklədi. Müvafiq avadanlıqların gətirilib yerləşdirilməsindən ötrü müəyyən hazırlıqlara başlayarkən, otaqların və sanitar qovşağının bəzi problemlərilə rastlaşdıqdan sonra, bu otaqlar gözümdən düşdü və otaqların bərbad vəziyyətini öz hesabına bərpa etməyi bahasına oturacaqdı deyə onlardan və şifahi razılaşmadan imtina etməyi qərara aldı. Çünki bunlar onu aldatdıqları qənaətinə gəlmişdi. Cavabdeh zəng edərək, yuxarıda qeyd elədiyi əsaslarla şifahi icarədən imtina etdiyimi bildirdi və 50 manat onlarda qalmaqla yerdən qalan 300 manat ödədiyi pulu istədi. Çox təəssüflər olsun ki, bunlar ərsiz və uşaqlı ananı aldatmaya və pulu qaytarmamaya üstünlük verdilər. Bu barədə həm polisə və həm də Vergilər Nazirliyin ÇAĞRİ MƏRKƏZİ'nə zəng vurdu, bunlar ona bildirdilər ki, mülki xarakterli olduğundan məhkəməyə müraciət edir. Odur ki, məhkəməyə müraciət etməyi qərara almışdır. O bu adamlarla düşmən deyil, qohum-əqrəba deyil, ümumi tanışlığı, gediş-gəlişi yox, niyə böhtan atsın və ya icarəyə verilən yeri niyə qaytaraydı ki? Əvvəlan, cavabdeh tərəf ona dağdan-bağdan danışdılar, yerlərini rəsmi icarəyə verəcəklərini bildirsələr də, sanki bunlara onun 350 manat pulu lazımiymiş kimi özlərini apardılar. O bu vəsaiti qohumumdan borca almışdı, necə ola bilər ki, onu aldadıb pulunu verməyəsən? Cavabdehlər onun pulunu mənimsəməklə həm də vergidən yayınmaqda qanun pozuntusu törətmişlər. Onunla işi yox, ona rəsmi ödədiyi pulu lazımdır, ona görə də verdiyi 350 manat pul, 31 manat rüsum, onu aldatdıqlarına və ona əlavə maddi ziyan vurduqlarına görə örnək və dərs olsun deyə bunlardan tələbi 619 manatdır. Bura iddianın tərtib olunması, telefon danışıqları və nəqliyyat-taksiyə ödənilən vəsaitlər, iddianın tərtib olunması və məhkəməyə hazırlanması, poçt xərcləri və s. cəmi 999 (doqquz yüz doxsan doqquz) manatdir. Tələbi çox deyil, qanunidir və əsaslıdır hesab edir ki, məhkəmə təmin edəcəkdir. Cavabdeh əməlində dələduzluq və vergidən yayınma əməli olduğuna görə barəsində xüsusi qərardad çıxarılmalı və prokurora xəbər verilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbi ilə eyni məzmunlu izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Həmçinin izahatında bildirmişdir ki, iddiaçının digər iclasda dedikləri və hazırda dedikləri üst-üstə düşmür. İddiaçı obyekti icarəyə verikdən, pulu aldıqdan 15-20 gün sonra demişdir ki, obyekti istəmir, açarları qaytarsın. Açarı qaytarmağı tələb etdikdə isə uzun müddət keçdikdən sonra qaytarmışdır. Suyun kartını da sonradan polisə vermişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan qəbzlərdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 350 manat məbləğində pul köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 337.1-ci maddəsinin tələblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.4-cü madəsinə əsasən əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında şifahi icarə müqaviləsi bağlanmış və icarə müqaviləsinin şərtlərinə əsasən öhdəlik olaraq İddiaçı tərəfindən Cavabdeh icarə haqqı olaraq 350 manat ödənilmişdir. Hazırda isə iddiaçı müqavilənin ləğv edildiyini bildirərək icarə haqqı olaraq ödədiyi məbləği tələb edir. Beləliklə məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış şifahi icarə müqaviləsinə əsasən İddiaçı müqavilə ilə nəzərdə tutulmuş öhdəliyin əvəzi olaraq 350 manatı ödəmiş və sonradan iddiaçının özünün də qeyd etdiyi kimi açarları Cavabdeh təhvil verməklə bağlanmış şifahi icarə müqaviləsi ləğv edilmişdir. Bununla da, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 350 manat olaraq ödənilmiş icarə haqqı tərəflər arasında bağlanmış şifahi müqaviləyə əsasən öhdəlik üzrə icra edilmişdir. Odur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı "pul” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "pul” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 31 (otuz bir) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-3848/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3848/2023
05.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver