Məhkəmə qərarları › İş №2(004)-3868/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3868/2020

06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3868/2020 06.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı3 və X3 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Şahin Serdarın nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər Cavabdeh1 MMC-nin və Şahin Serdarın nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı3 və X3 cavabdehlər Cavabdeh1 MMC-yə və Serdar Şahinə qarşı “pul tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı2, İddiaçı3 və X8 cavabdehlər Cavabdeh1 MMC-yə və Serdar Şahinə qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli podrat müqaviləsinə əsasən ödənilmiş 530.000 manatın 2 mislinin, yəni 1.600000 manatın, həmin məbləğə gecikdirilmiş hər gün üçün 2%-lə hesablanmış 17066000 manatın, mənəvi zərərə görə 100.000 manatın, bank faizlərinə görə 60.000 manatın və əldən çxxmış fayda qismində 876.004 manatın cavabdehlərdən tutularaq onlara ödənilməsi və xx.xx.2014-cü il tarixli podrat müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. xx.xx.2020-ci il tarixdə iddiaçı X3 nümayəndəsi və vəkili Nümayəndə dəftərxana vasitəsi ilə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq xx.xx.2014-cü il tarixli podrat müqaviləsinə əsasən ödənilmiş 530.000 manatdan yerinə yetirilmiş təmir-tikinti işlərinin aparılmasına sərf olunmuş 230.126,5 manat çıxılmaqla, qalan 299.873.5 manat, 100.000 manat mənəvi zərər, 60.000 manat bank faizləri, 876004 manat əldən çıxmış fayda və iltizam öhdəliyinin 9-cu abzasının tələbinə əsasən 3.869.000 manat olmaqla, cəmi 5.204.877,50 manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılara ödənilməsi, xx.xx.2014cii il tarixli müqavilənin ləğv edilməsi barədə qətnaməçıxarılmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçılar yenidən dəftərxana vasitəsi ilə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq 530.000 manatın, həmin pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə illik 5 faizlə hesablanmış illik 26.500 manat olmaqla, cəmi 132500 manat məbləğində pul vəsaitinin, mənəvi zərərə görə 100000 manatın və 30 manat dövlət rüsumunun, ümumilikdə 762.530 manat məbləğindəpul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə uyğun izahat verərək bildirmişdir ki, İddiaçı2 və X4 adından etibarnamə əsasında çıxış edən X8 (birincinirı əri və ikincinin atası) ilə Cavabdeh1 MMC-nin direktoru X9 arasında xx.xx.2014-cü il tarixli podrat müqaviləsi bağlanmış, müqaviləyə əsasən Serdar Şahin ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1125 kv.m olan qeyri-yaşayış sahəsində öz materiallarından istifadə etməklə təmir və yenidənqurma işlərini aparmağı və butik otel ərsəyə gətirərək xx.xx.2014-cü il tarixdə tam hazır vəziyyətdə sifarişçilərə təqdim etməyi öhdəsinə götürmüşdür. Obyekt xx.xx.2014-cü il tarixdə təmir üçün cavabdeh Serdar Şahinə təhvil verilmişdir. Müqavilənin 3.4-cü bəndində işin sifarişçiyə vaxtında təhvil verilməməsi halında podratçının gecikdirilən hər gün üçün ödənilmiş məbləğin 2% miqdarında cərimə ödəyəcəyi nəzərdə tutulmuşdur. Həmin bəndin 13-cü cümləsində isə sifarişçinin işi yarımçıq qoyduğu halda aldığı pulun 2 mislini qaytarmalı olduğu deyilir. İşin hallarına görə, X8 razılaşdırılan işin görülməsi üçün podratçı Serdar Şahinə ümumilikdə 530.000 manat məbləğində pul vermişdir. İşin bu halı iş materiallarında olan qəbzlərlə yanaşı, cavabdeh X12 RPİ-nin xx.xx.2015-ci il tarixli “cinayət işinin icraatına xitam verilməsi barədə” qərarında verdiyi izahatla da öz təsdiqini tapmaqdadır. Belə ki, iş materiallarında olan qəbzlər ilə cavabdeh Serdar Şahinin xx.xx.2015-ci il tarixdə 420.000 manat, xx.xx.2015-ci il tarixdə 20.000 manat, xx.xx.2015-ci il tarixdə 2 ayrı nömrəli qəbz üzrə cəmi 40.000 manat, xx.xx.2015-ci və xx.xx.2015-ci il tarixlərdə 20.000 manat, xx.xx.2015-ci il tarixdə isə 10.000 manat olmaqla cəmi 530.000 manat pul aldığı müəyyən edilir. X12 RPİ-də verdiyi izahatında, Telman Səfərovdan 2014-cü ilin avqust ayınadək 100.000 manat, xx.xx.2014-cü il tarixinədək daha 200.000 manat, xx.xx.2015-ci il tarixinədək 70.000 manat, 2015-ci ilin fevral ayınadək 130.000 manat və həmin ilin mart ayınadək isə daha 20-30 min manat məbləğində pul aldığını göstərmişdir. Bu məbləğlərin toplamı yenə də 530.000 manat təşkil edir. Bununla belə, X8 ilə X9 arasında xx.xx.2015-ci il tarixdə imzalanmış “iltizam sənədi” adlandırılan sənəddə xx.xx.2014-cü il tarixli podrat müqaviləsi üzrə bəzi əlavə və dəyişiklik nəzərdə tutulmuşdur. Bu mənada həmin sənəd mahiyyət olaraq xx.xx.2014-cü il tarixli podrat müqaviləsi üzrə əlavə və dəyişiklik kimi qəbul edilməlidir. Buna əsasən, işin icra müddəti xx.xx.2015-ci il tarixədək uzadılmış, cavabdeh X17 Səfərovdan 491.450 manat pul aldığını etiraf etmiş, işin gecikdirdirməsi səbəbilə qalan 129.000 manatı almayacağı və indiyədək aldığı pulla işi tamamlayacağını öhdəsinə götürmüşdür. Həmin “iltizam sənədi” ilə eyni zamanda müqavilənin 3.4-cü bəndinin yuxarıda göstərilən tələblərinin tətbiq edilməyəcəyi razılaşdırılmışdır. xx.xx.2015-ci il tarixli dəyişikliklə tərəflər həmçinin razılaşmışlar ki, xx.xx.2015-ci il tarixədək iş başa çatdırılmasa və ya yarımçıq qoyulsa, həmin tarixədək alınan pulun hamısı (530000 manat) elə həmin tarixdə sifarişçiyə qaytarılır. Əks təqdirdə, bu halda hər gecikdirilən gün üçün ümumi məbləğin 2% əlavə olaraq cərimə ödənilməlidir. Cavabdeh Serdar Şahin xx.xx.2015-ci il tarixədək işi başa çatdırmamışdır. Göründüyü kimi, işin başa çatdırılmaması və ya yarımçıq qoyulması halında tərəflərin razılaşdırdıqları normanın tətbiqi üçün zəmin yaranmışdır. Bu isə o deməkdir ki, iddiaçılar cavabdeh Serdar Şahin tərəfındən müxtəlif tarixlərdə alınmış cəmi 530.000 manat puluiş üzrə cavabdehlərdən tam şəkildə tələb etməkdə haqlıdırlar. Bu zaman podratçının aldığı vəsaitin hansı hissəsini işə sərf etdiyini və hansı hissəsini mənimsədiyini araşdırmağa, bundan ötəri ekspert rəylərini nəzərə almağa ehtiyac yoxdur.Yuxarıdakı izahatlardan, cavabdeh Serdar Şahinin öhdəsinə götürmüş olduğu işi başa çatdırmayaraq yarımçıq qoyduğu və bu səbəblə 530.000 manat pulu iddiaçılara qaytarmağa borclu olduğu mübahisəsiz şəkildə aydın olur. Cavabdehlərin borclu olduqları həmin pul məbləğinin ödənilməsini gecikdirdikləri də mübahisə mövzusu deyildir. Belə olan halda iddiaçılar MM-nin 445.7-ci maddəsinin tələbləri baxımından 530.000 manat pul üçün illik 5%, yəni, 26.500 manat olmaqla, cəmi 132.500 manat məbləğində pul vəsaitini də cavabdehlərdən tələb etmək hüququna malikdirlər. Bundan başqa, cavabdeh Serdar Şahinin əməlləri nəticəsində iddiaçılara mənəvi zərər də dəymişdir. Belə ki, Telman Səfərov keçirdiyi iztirablar nəticəsində ağır xəstəliklərə düçar olmuş, xx.xx.2015-ci il tarixində komaya düşmüş və X2 daxil olmuş, ona kəskin dissirkulyator ensefalopatiya, şəkərli diabet tip 2, dekompensasiya, ÜİX, AKŞ əməliyyatından sonrakı vəziyyət diaqnozu qoyulmuş, 14.042015-ci il tarixinə kimi xəstəxanada yatmışdır. MNX-nın xx.xx.2015-ci il tarixli 419 saylı arayışı. Bundan sonra da o, uzun aylar bu stressdən çıxa bilməmiş və demək olar ki, otelin təmiri ilə bağlı heç bir işlə məşğul ola bilməmişdirlər. Göstərilənlərə əsasən iddia tələblərinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Sərdar Şahininnümayəndəsi və vəkili Vəkil1 iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2014-cü il tarixli podrat müqaviləsinin şərtlərinə əsasən təmir-tikinti işləri xx.xx.2014-cü il tarixdə podratçı tərəfındən təhvil verilməli idi. Podratçının öhdəliklərini yerinə yetirməməsi sifarişçiyə xx.xx.2014-cü il tarixdə məlum olmuşdur. Buna baxmayaraq sifarişçi məhkəməyə xx.xx.2020-ci il tarixdə, yəni 5 il 9 ay 7 gün sonra müraciət etmişdir. Qeyd olunanlara əsasən iddia tələbinə iddia müddəti tətbiq edilərək rədd olunmasını xahiş etmişdir. Həmçinin sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, iltizamla arayışlarda qeyd edilən məbləğlər arasındakı 40 min manata yaxın fərqi cavabdeh tərəf deyil, iddiaçı tərəf sübut etməlidir. Həmçinin 40 min manata yaxın fərq olsa da, ən sonda iltizam imzalanmışdır. Sərdar Şahin götürülən məbləğin müəyyən hissəsini təmirtikinti işlərinə sərf etmiş, yerdə qalan məbləğ isə xidmət haqqı kimi nəzərə alınmalıdır. Belə ki, işlərin görülməsi nəticəsində cavabdeh həm gəlir götürməli, həm də digər xidmət xərclərini qarşılamalı idi. İşlərin sona qədər görülməməsinin səbəbkarı iddiaçılar olmuşlar. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 MMC-nin və Şahin Serdarın nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə iddia müddəti tətbiq edilərək rədd olunmasını xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, toplanmış materialları tam və hərtərəfli araşdıraraq, məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan MH seriyalı, ******* saylı çıxarışın surətindən surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0.16659 ha torpaq sahəsində yerləşən 37/43 nömrəli binanın 3-cü mərtəbəsində 581.3 kv.m ümumi, 565.6 kv.m əsas, 15.7 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 4037 nömrəli vərəqində xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan 159388 sayli etibanamə əsasında İddiaçı2 və X4 adından çıxış edən sifarişçi X8 ilə direktor Serdar Şahin şəxsində icraçı Cavabdeh1 tikinti şirkəti arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin surətindən görünür ki, icraçı hazırkı müqavilə üzrə sifarişçiyə məxsus olan Bakı şəhəri, Ü.Həcibəyov küçəsi, 37/43 ünvanında yerləşən 1125 kv.m. qeyri-yaşayış sahəsində təmir və yenidənqurma işini müqavilə ilə müəyyən edilmiş müddət ərzində yerinə yetirməyi, sifarişçi isə icra olunmuş işi qəbul edib müqavilə ilə müəyyən olunmuş haqqı ödəməyi öhdəsinə götürür. İşin başlanma tarixi xx.xx.2014-cü il, qurtarma tarixi isə xx.xx.2014-cü il kimi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli aktın surətindən görünür ki, xx.xx.2014-ci il tarixli müqaviləyə uyğun olaraq müqavilədə göstərilən təmir obyekti (birinci mərtəbənin girişdən, ikinci mərtəbədə holl və 200 kv.m qeyri-yaşayış sahəsindən və üçüncü mərtəbədə 865 kv.m qeyri-yaşayış sahəsindən, cəmi 1125 kv.m) həmin tarixdə icraçının nümayəndəsi Serdar Şahinə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş qəbzlərdən müəyyən olunur ki, iddiaçılar tərəfindən təmirtikinti işlərinin yerinə yetirilməsi üçün tikinti şirkətinin nümayəndəsi cavabdeh Serdar Şahinə xx.xx.2015-ci il tarixdə 420.000 manat, xx.xx.2015-ci il tarixdə 20.000 manat, xx.xx.2015-ci il tarixdə 2 ayrı nömrəli qəbz üzrə cəmi 40.000 manat, xx.xx.2015-ci və xx.xx.2015-ci il tarixlərdə 20.000 manat, xx.xx.2015-ci il tarixdə isə 10.000 manat olmaqla, cəmi 530.000 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan Səbail RPİ-nin xx.xx.2015-ci il tarixli “cinayət işinin icraatına xitam verilməsi barədə” qərarın surətindən görünür ki, Cavabdeh1 tikinti şirkətinin direktoru, Türkiyə Respublikasının vətəndaşı X1 Telman Səfər oğlunun etibarından sui-istifadə edərək onunla bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə əsasında Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 37/43 saylı ünvanda yerləşən 1125 kv.metr qeyri-yaşayış sahəsində təmir işləri apararaq xx.xx.2014cü il tarixdə otel kimi tam hazır vəziyyətdə istifadəyə təqdim etməyə dair yalan vəd verib aldatmaqla onun inamını qazanmış və 2014-cü ilin iyul-oktyabr ayları ərzində həmin ünvanda hissə-hissə 530.000 manat məbləğində pulları ələ keçirərək T.Səfərovu inandırmaq üçün az miqdarda söküntü və digər işlər görüb qalan pulları vəd etdiyi təmir işlərinə deyil, öz şəxsi məqsədləri üçün sərf etməklə zərərçəkmiş şəxs Telman Səfərova külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Aparılmış istintaqla S.Şahinin əməlində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin tərkibi olmadığından cinayət işinin icraatına xitam verilmişdir. Həmin materiallarda olan məhkəmə mühəndis-texniki ekspertizasının xx.xx.2016-cı il tarixli, 9233 saylı rəyinə əsasən Bakı şəhəri, Üz.Hacıbəyov küçəsi, 37/43 saylı ünvanda yerləşən "Butik" oteldə yerinə yetirilmiş təmir-tikinti işlərinin aparılmasına sərf olunan (xidmət haqqı və istifadə ediləcək materiallar nəzərə alınmaqla) vəsaitin məbləği 230.126,50 manat olduğu müəyyən edilmişdir. İş materiallarında olan X8 ilə X9 arasında xx.xx.2015-ci il tarixdə imzalanmış “İltizam sənədi” adlandırılan sənədin surətindən görünür ki, tərəflər arasında olan xx.xx.2014-cü il tarixli podrat müqaviləsinə dəyişikliklər olunmuş, müqavilənin 3.4-cü bəndinin 10-cu abzasında nəzərdə tutulmuş 2% cərimənin, həmin maddənin 13-cü bəndində nəzərdə tutulan öhdəliyin tətbiq edilməməsi razılaşdırılmışdır. X9 yuxarıda göstərilənləri nəzərə alaraq başladığı işi xx.xx.2015-ci il tarixinə tamamlayacağına söz vermişdir. X9 ilkin şərtləşməyə görə işin tamamı üçün, yəni oteli hazır vəziyyətdə açar təhvil verildikdə, ona 620.000 manatın pul ödənilməsi nəzərdə tutulmasına baxmayaraq xx.xx.2015-ci il tarixinə 491.450 manat aldığını etiraf etmiş, öhdəsinə götürdüyü işi xx.xx.2015-ci il tarixə qədər bitirməyəcəyi və ya yarımçıq qoyacağı təqdirdə, aldığı bütün pulu həmin tarixdə geri qaytarmağı öhdəsinə götürmüşdür. İşin hallarından göründüyü kimi iddiaçılar, başlıca olaraq xx.xx.2014-cü il tarixli müqaviləyə və xx.xx.2015-ci il tarixli “İltizam sənədi”nə istinadən aralarındakı podrat müqaviləsinin şərtlərinə cavabdehlər tərəfindən riayət olunmadığını, nəticədə İddiaçı2 Mehdi qızının və İddiaçı3 mülkiyyətində olan əmlakın təmirini xx.xx.2015-ci il tarixədək işi başa çatdırmadığını (yarımçıq qoyduğunu) iddia edərək hazırkı iddia tələbləri ilə çıxış etmişlər və məhkəmə araşdırması zamanı da onların irəli sürdüyü faktiki hallar Cavabdeh1 MMC-yə münasibətdə öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarında olan sənədlərdən və tərəflərin (nümayəndələrinin) izahatlarından Cavabdeh1 MMC ilə iddiaçılar İddiaçı2 Mehdi qızı və İddiaçı3 arasında mülkiyyət hüququ üzrə sonunculara məxsus olan əmlakın təmiri və yenidən qurulması barədə xx.xx.2014cü il tarixli müqavilənin bağlandığı, xx.xx.2015-ci il tarixli “İltizam sənədi” ilə isə həmin işin icra müddətinin xx.xx.2015-ci il tarixədək uzadıldığı, habelə xx.xx.2014-cü il tarixli müqavilənin 3.4cü bəndinin 10-cu və 13-cü abzasında göstərilən tələblərinin tətbiq edilməyəcəyinin razılaşdırıldığı, bununla belə işin xx.xx.2015-ci il tarixədək başa çatdırılmaması və ya yarımçıq qoyulması halında həmin tarixədək alınan bütün pulun həmin tarixdə sifarişçilərə qaytarılacağının, əgər həmin tarixdə qaytarılmazsa, gecikdirilən gün üçün ümumi məbləğin 2% əlavə olaraq cərimə ödəniləcəyinin nəzərdə tutulduğu, həmin əqdlərin bağlanması zamanı isə iddiaçıları (sifarişçiləri) digər iddiaçı X3, Cavabdeh1 MMC-ni isə digər cavabdeh Serdar Şahinin təmsil etmiş olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 752.2-ci maddəsinə görə, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Həmin məcəllənin 762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 765-ci maddəsinə görə, məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçılar (İddiaçı2 Mehdi qızı və İddiaçı3) ilə cavabdeh (Cavabdeh1 MMC) arasında podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçıların işin görülməməsinə (başa çatdırmamasına / yarımçıq qoyulmasına) görə 530.000 manat pulun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçıların cavabdehlərə qarşı tələbi tərəflər arasında bağlanılmış xx.xx.2014-cü il tarixli müqavilədən və xx.xx.2015-ci il tarixli “İltizam sənədi”ndən irəli gəlir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı3 ilə Cavabdeh1 MMC arasında podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış və cavabdeh həmin müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən iddiaçılar, aralarındakı müqavilənin şərtlərinə uyğun olaraq pulun ödənilməsini tələb etməkdə haqlıdırlar. Bununla belə məhkəmə, xx.xx.2014-cü il tarixli müqavilə və xx.xx.2015-ci il tarixli “İltizam sənədi” üzrə Cavabdeh1 MMC-nin iddiaçılara 491.450 manat məbləğində pul vəsaitini qaytarmalı olduğu qənaətinə gəlir və hesab edir ki, həmin məbləğ adı çəkilən cavabdehdən iddiaçıların xeyrinə tutulmalıdır. Bu qənaətə gələrkən məhkəmə nəzərə alır ki, iddiaçılar iş materiallarında olan qəbzlərə əsasən 530000 manat məbləğində pulun cavabdehlərə verilməsinə istinad etsələr də, bu qəbzlərin verilməsindən sonra iş materiallarında olan razılaşmaya əsasən, işlər yerinə yetirilmədiyi təqdirdə, niyə 491450 manat məbləğində ziyanın qaytarılmasına dair razılığa gəldiklərinin - yəni, bu məbləğlər arasındakı 38550 manat fərqin ağlabatan izahını məhkəmədə iştirak edən nümayəndələri verə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh1” MMC-dən məhz 491450 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmin hissədə iddia tələbini iddiaçı X7 və cavabdeh Serdar Şahinə münasibətdə də əsaslı hesab etməyərək qeyd edir ki, həmin şəxslər müqavilənin tərəfi kimi deyil, təmsilçi (iddiaçı Telman Səfərov etibarnaməyə, cavabdeh Serdar Şahin isə qanunun göstərişinə əsasən) kimi çıxış etmişlər. Belə ki, Mülki Məcəllənin 359.1-ci maddəsinə görə, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Serdar Şahinə münasibətdə məhkəmə əlavə olaraq həmçinin onu da qeyd edir ki, o, Cavabdeh1 MMC-nin qanuni təmsilçisi (direktoru) olmaqla yanaşı, o cümlədən təsisçisi də olmuşdur. Mülki Məcəllənin 52.2-ci maddəsinə görə isə,bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə illik 5 faizlə hesablanmış 26.500 manat olmaqla, cəmi 132500 manat məbləğində pul vəsaitinin və mənəvi zərərə görə 100000 manatın cavabdehlərdən tutulub iddiaçılara ödənilməsi hissəsində də əsassızdır; belə ki, məhkəmə 491450 manat məbləğə ziyan olaraq yanaşdığından, hesab edir ki, 5% məbləğ olaraq, illik pulun tutulması ziyanın ziyanı olaraq əsassız hesab edilməlidir. Həmçinin, iddiaçılar əldən çıxmış faydanıəldə etmək üçün gördükləri tədbirlər və bu məqsədlə apardıqları hazırlıq işləri, cavabdehlərin hərəkətləri nəticəsində keçirdikləri mənəvi sarsıntılar barədə məhkəməyə kifayət qədər mötəbər sübut təqdim edə bilməmişdirlər. Buna görə də, iddia tələbinin “mənəvi zərərə görə 100000 manatın ödənilməsi hissəsi də əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarından görünür ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X11 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu xx xxxxxx 2008-ci il tarixli Qərarının 10-cu bəndində izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü,peşə və sənəti,cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmçinin, həmin Qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçılar tərəfindən iddia müddətinin ötürüldüyünə dair cavabdehlərin (nümayəndələrinin) etirazları (arqumentləri) də əsassızdır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfındən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən isə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. İş materiallarından aydın olur ki, iddiaçılar (İddiaçı2 Mehdi qızı və İddiaçı3) ilə cavabdeh (Cavabdeh1 MMC) arasında iddiaçılara məxsus daşınmaz əmlaka (Bakı şəhəri, Ü.Həcibəyov küçəsi, 37/43 ünvanında yerləşən 1125 kv.m. qeyri-yaşayış sahəsinə) dair podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, buna əsasən Şahin Serdar şəxsində təmsil olunan cavabdeh MMC həmin əmlakda təmir və yenidənqurma işlərini başa çatdırmaqla əmlakı təhvil verməyi öhdəsinə götürsə də, yuxarıdakı izahatlarda da göstərildiyi kimi bu öhdəliyini icra etməmişdir. Bu mənada məhkəmə qeyd edir ki, sözügedən podrat müqaviləsi daşınmaz əmlakla bağlı olduğundan və qanunvericilikdə bununla bağlı iddia müddəti 6 il nəzərdə tutulduğundan iddiaçıların iddia müddətini ötürmüş olduqları qənaətinə gəlmək mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.2-ci maddəsində isə göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 MMC-dən 491.450 (dörd yüz doxsan bir min dörd yüz əlli) manat pul vəsaiti və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçılar İddiaçı2 və İddiaçı3 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim :Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar