Məhkəmə qərarları › İş №2(004)-3911/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3911/2021

15.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3911/2021 15.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X3 oğlunun katibliyi İddiaçı və onun nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı cavabdeh İddiaçı qarşı mənzilə köçürülmə iddiasına dair mülki işə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* saylı çıxarışa əsasən iddiaçı ilə cavabdehin mübahisəli mənzil üzərində paylı mülkiyyət hüquqları 22.04.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Mənzilin 2/1 hissəsi ona məxsusdur. Cavabdeh onun mənzilə köçməsinə və orada yaşamasına maneçilik törədir, bununla da onun məlkiyyət hüquqlarını pozur. Odur ki, mübahisəli mənzilə köçürülməsini xahiş edir. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında cavabdeh iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, mübahisəli mənzilin ümumi sahəsi 35 kv.metrdən ibarətdir və o orada beş nəfərdən ibarət ailə üzvü ilə yaşayır. İddiaçının başqa yaşayış yeri vardır. Bundan əlavə Yasamal rayon Məhkəməsinin 06 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə mənzilin açıq hərracda satılması və satışdan əldə edilmiş vəsaitin onlar arasında paylarına uygun bölünməsi müəyyən edilsədə, iddiaçı mənzilin satışına maneçilik törədir və qətnamə icra olunmamış qalmaqdadır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1. -ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2. -ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzildə olan ona məxsus payından öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququ vardır və cavabdehin iddiaçıya həmin hüquqlarının həyata keçirilməsinə maneçilik törədilməsi qanunsuzdur. Odur ki, iddia təmin edilməli və iddiaçı ona məxsus mülkiyyətə köçürülməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 4, 9 saylı mənzilə köçülürsün. İddia üzrə ödənilmiş 10(on) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri, Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar