Məhkəmə qərarları › İş №2(004)-392/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-392/2022

18.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-392/2022 18.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X6 oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi X7 qızının iştirakı ilə İddiaçı cavabdeh Nəsirova (Ağayeva) Humay Vüsal qızına qarşı bağışlama müqaviləsindən imtina edilməklə bağışlama müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, keçid 1849, ev 1/93, mənzil 64-də yerləşən ümumi sahəsi 49,31 kv.m olan iki otaqlı yaşayış sahəsinə dair 4 saylı Bakı “ASAN xidmət” mərkəzində 18 avqust 2020-ci il tarixli daşınmaz əmlakın Cavabdeh bağışlama müqaviləsindən imtina edilməklə bağışlama müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 17 avqust 2013-cü il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 09.12.2014-cü il təvəllüdlü övladları X2 doğulmuşdur. İddiaçı cavabdehlə nikaha daxil olanadək əldə edilmiş və DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş 24.06.2013-cü il tarixli çıxarışa əsasən onun mülkiyyətində olmuş mübahisəli mənzili 18 avqust 2020-ci il tarixdə cavabdehə bağışlamışdır. Lakin cavabdeh həmin əmlakı qəbul etməmiş, həmin vaxtdan pasport qeydiyyatından çıxaraq valideynlərinə məxsus mənzilə qeydiyyata düşərək orada uşaqla yaşayır, əmlakla bağlı öhdəlikləri iddiaçı yerinə yetirir. Bundan əlavə cavabdeh rəsmi nikahda olduqları dövrdə ona xəyanət etmişdir. Suraxanı rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli 2(010)-1674/2021 saylı qərardadı ilə mülki iş aidiyyəti üzrə baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi və iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizələrin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxır. Cavabdehin nümayəndəsi Nümayəndə iddia ərizəsinə etiraz və mülahizələrini məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddiasını cavabdeh tərəfindən hədiyyə edilmiş mənzilin faktiki qəbul edilməməsi ilə əsaslandırmışdır. Halbuki həmin hal «Bağışlamaqdan imtina» barədə Mülki Məcəllənin 673.1-ci maddəsində bağışlamadan imtinanın əsaslarında nəzərdə tutulmamışdır. Bundan əlavə cavabdeh mənzili mülkiyyətinə keçirməklə həmin mənzili hədiyyə kimi qəbul etmişdir. Odur ki, iddianın əsassız olduğundanr rədd olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin nümayəndəsinin etirazını və təqdim olunmuş digər sübutları araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Yasamal rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli 2(004)-2479/2021 saylı qətnaməsindən müəyyən olunur ki, tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Həmin qətnamədən göründüyü kimi, iddiaçı cavabdehlə nikahın pozulmasına sonuncu tərəfindən ona ailə münasibətlərində xəyanət etməsi səbəbindən razı olduğunu bildirmişdir. 14 iyul 2021-ci il tarixli məhkəmə iclası protokolundan görünür ki, mülki iş üzrə şahid qismində dindirilmiş X3 ifadəsində əri X4 Nəsirova Humay Vüsal qızı ilə ona xəyanət etdiyini göstərmişdir. Binəqədi rayon Məhkəməsinin 24.08.2021-ci il tarixli 2(001)-5125/2021 saylı qətnaməsindən görünür ki, X3 ilə X5 arasında bağlanmış nikah pozulmuşdur. Dövlət Sərhəd Xidmətinin 29 aprel 2021-ci il tarixli məktubundan və Daxili Qoşunların Baş İdarəsinin 09 aprel 2021-ci il tarixli məktubundan müəyyən olunur ki, müvafiq olaraq Cavabdeh və X5 ailə-məişət normalarına tam riayət etmədiklərinə görə tutduqları vəzifədən azad edilərək aşağı vəzifəyə keçirilmişlər. İddiaçı iddiasını iki əsasla cavabdeh tərəfindən hədiyyə edilmiş mənzilin qəbul edilməməsi və ona nikah zamanı xəyanət etməklə ona qarşı ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri kobudcasına pozması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.-ci maddəsinə əsasən hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. Göründüyü kimi, istinad olunan maddədə hədiyyə alan tərəfindən hədiyyənin qəbul edilməməsi bağışlamaqdan imtinanın əsası kimi nəzərdə tutulmamışdır. Bununla belə məhkəmə qeyd edir ki, təqdim edilmiş sübutlara əsasən cavabdehin hədiyyə aldığı mənzil üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və barədə cavabdehə 22 avqust 2020-ci il tarixdə DƏDRX tərəfindən çıxarış verilmişdir. Beləliklə, cavabdeh mübahisəli mənzili mülkiyyətinə keçirməklə hədiyyəni qəbdul etmişdir. İkinci əsasla bağlı məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.4.-cü maddəsinə əsasən ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə rəsmi nikahda olduğu müddətdə iddiaçıya xəyanət etməklə iddiaçı barəsində ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri kobudcasına pozmuşdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə “MM-in 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Bağışlamaqdan imtina edildikdə tərəflərin bağışlama müqaviləsinədək olan vəziyyətinin bərpa olunması MM-in 673.4-cü maddəsində öz əksini tapmışdır. Bu maddəyə görə bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur.” Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlarla cavabdeh, yəni hazırki halda hədiyyə alan tərəfindən ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verən, yəni iddiaçı barəsində kobudcasına pozması müəyyən edildiyindən iddia təmin edilməli və tərəflər arasında bağlanmış 18 avqust 2020-ci il tarixli bağışlama müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilmədiyindən iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, keçid 1849, ev 1/93, mənzil 64-də yerləşən ümumi sahəsi 49,31 kv.m olan iki otaqlı mənzilə dair 4 saylı Bakı “ASAN xidmət” mərkəzində İddiaçı ilə Cavabdeh arasında bağlanmış 18 avqust 2020-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsi ləğv edilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar