Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3922/2021 29.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02.06.2020ci il tarixli 45 nömrəli akt qeydinə əsasən bağlanmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin bacısı ilə iş yoldaşıdır. Bu vasitə ilə tanış olmuşlar. İddiaçı ABŞ-da daimi yaşamaq və işləmək hüququ verən “greencard” əldə etmək üçün müraciət etmişdir. Cavabdehin də belə fikri var imiş. Bu səbəbdən lotereyada birgə iştirak üçün saxta nikah təklifi almışdır. Çünki “greencard” lotereyası şəxsin ailə üzvünə də şamil olunur. Beləliklə saxta nikah bağlanmışdır. Lakin məqsədləri ailə həyatı yox, xaricə köçmək olmuşdur. Aralarında qısa müddətli sevgi münasibətləri olmuş, 20.10.2020-ci il tarixdə nişanlanmışlar. Lakin sonradan cavabdehlə münasibətləri pozulmuş, iddiaçı nişanı 2021-ci ilin may ayında qaytarmışdır. Ailə qurmaq niyyətləri sonradan yaranmasına baxmayaraq, nikaha 5 ay əvvəl girmişlər. Nikah formal xarakter daşımışdır. Hazırda heç bir münasibətləri yoxdur. Nikah bağlanarkən məqsəd ailə həyatı olmamışdır. Heç zaman bir yerdə yaşamamışlar. Aralarında ər-arvad münasibətləri olmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmuna uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh iddiaya etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia ərizəsi yalan üzərində qurulub. Belə ki, “Greencard” lotereyasının qalibləri əvvəlcədən müəyyən olunmur. Nikahın bağlanması ilə nişan mərasimi arasında müddətə səbəb isə pandemiya olmuşdur. 2019-cu ilin dekabr ayında cavabdehin ailəsi iddiaçının evinə “hə” mərasiminə gəlmişdir. Nikah məqsədlərinin saxta olmamasını iddiaçının iş yeri üzrə əməkdaşları da təsdiq edə bilər. 2021-ci ilin may ayına qədər münasibətləri normal olmuş, ailələri tərəfindən toya hazırlıq işləri görülmüşdür. İddia ərizəsinin verilməsinin əsas səbəbi iddiaçının böyük maddi imkan tələb edən hədiyyələri almağa cavabdehin pulunun olmamasıdır. Bu isə nikahın etibarsızlığına səbəb ola bilməz. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən bu məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən saxta nikaha daxil olmuş şəxslər məhkəmədə işə baxılana qədər faktiki olaraq ailə qurublarsa, məhkəmə nikahı saxta hesab edə bilməz. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlardan – tərəflərin nişan mərasimlərinin fotoşəkillərindən və videogörüntülərindən müəyyən olunmuşdur ki, tərəflərin nikah bağlanarkən ailə qürmaq niyyəti olmuşdur. Odur ki, iddia əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri, Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-3922/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3922/2021
29.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver