Məhkəmə qərarları › İş №2(004)-3925/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3925/2021

23.09.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3925/2021 23.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı və nümayəndəsi Nümayəndə1 Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh1 ASC-yə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Azərsu” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 rəisinin 23.04.2021-ci il tarixli 17 saylı əmrinin ləğv edilməsi və Cavabdeh2nə nəzarətçi vəzifəsinə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh "Azərsu” ASC-nin Suraxanı rayonu Sukanal idarə rəisinin 10.03.2020-ci il tarixli № 5 nömrəli əmrinə əsasən Müştəri xidmətləri şöbəsinin debitor borclarla iş qrupuna su kəməri təsərrüfatında nəzarətçi vəzifəsinə təyin olunmuşdur. 23.04.2021-ci il tarixdə Suraxanı Sukanal idarəsinin rəisi S.Babayev tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə ( əmək vəzifələrini kobud şəkildə pozduğuna görə, heç bir üzrlü səbəb olmadan işə gəlməmək) əsasən əmək müqaviləsinə xitam verilmişdir. Buna əsasən işəgötürən tərəfindən 23.04.2021-ci il tarixli № 17 saylı qərar qəbul edilmiş və əmək kitabçasına müəyyən qeydlər əlavə olunmuşdur. Həmin əmr qanunsuz və əsassız olduğundan ləğv olunmalı işə bərpa olunmağına dair qətnamə qəbul edilməlidir. Belə ki, əmr qəbul edilən zaman Azərbaycan Respublikasının qanunverici orqanları tərəfindən qəbul edilən normativ hüququ aktlar nəzərə alınmamışdır. Himayəsində iki azyaşlı övladı var. Respublikada “Covid-19 pandemiyası” geniş vüsət aldığı zamanlarda Nazirlər Kabinetinin qərarına əsasən ölkədə fəaliyyət göstərən təhsil müəssiəsələrinin fəaliyyəti dayandırılmışdır. Bundan sonra azyaşlı övladının evdə tək qalması səbəbi ilə işə çıxmasında müəyyən problemlər yaranmışdır. Covid-19 pamdemiyasından əvvəl işinə diqqətlə yanaşmış və hər zaman iş həyatında vəzifə öhdəliklərini tam şəkildə həyata keçirmişdir. Övladlarının evdə tək qalması səbəbi ilə işəgötürənə şifahi müraciət edərək ona Nazirlər Kabineti yanında Operativ Qərargahın “Xüsüsi rejimdə iş üzrə təlimatı”nın 3cü hissəsində, öhdəsində azyaşlı uşağı olan qadınların iş davamiyyətinə güzəştli şərtlərin tətbiq olunması qaydalarını xatırtlatmışdır. Lakin müraciətinə müsbət nəticə əldə edə bilməmişdir. Bundan sonra Əmək Müfəttişliyinə müraciət etmişdir. X1 ünvanladığı 14 oktyabr 2020-ci il tarixli məktuba əsasən işəgötürənə təlimatın tələblərinə riayət oluması tövsiyə olunmuşdur. Məktubdan sonra da Suraxanı Sukanal idarəsi Təlimatın tələblərini kobud şəkildə pozmuş və heç bir güzəşt tətbiq etmədən əmək müqaviləsinə xitam vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi iddia tələbini tam müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək izahatında göstərdi ki, iddiaçıya 04.04.2020-ci il tarxidən 02.05.2020-ci il tarixədək 18 günlük əmək məzuniyyəti verilmiş və o, 04.05.2020-ci il tarixdə işə çıxmalı idi. Lakin iddiaçı həmin tarixdən başlayaraq 8 ay müddətində işə gəlməmişdir. Əgər iddiaçı işə çıxaraq güzəştlə bağlı müraciət etsəydi, bəlkə də ona güzəşt tətbiq edilərdi. Cavabdeh tərəf iddiaçının ünvanına məktublar, xəbərdarlıqlar göndərmişdir. Lakin iddiaçıdan heç bir cavab daxil olmamışdır. Pandemiya ərəfəsində onların işçini işdən çıxartmaq hüququ olmadığı üçün iddiaçını işdən azad edə bilməmişlər. Həmkarlar İttifaqı da buna görə iddiaçının xeyrinə rəy vermişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. İş materiallarında olan "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin iddiaçı ilə bağlıdığı 74 saylı əmək müqaviləsindən və 01.03.2012-ci il tarixli 23-k saylı əmrdən görünür ki, 01.03.2012-ci il tarixində İddiaçı su kəməri təsərrüfatının 2 saylı xidmət sahəsinə 5-ci dərəcə nəzarətçi işinə qəbul edilmişdir. İş materiallarında olan "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Suraxanı rayon Sukanal Departamentinin 13.11.2014-cü il tarixli 187-Ş saylı əmrindən görünür ki, İdarənin Müştəri xidmələri şöbəsinin su kəməri təsərrüfatında nəzarətçisi olan İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 125-ci maddəsinin İ hissəsinə əsasən 12.11.2014-cü il tarixdən 27.03.2015-ci il tarixədək hamiləlik dövrü və doğuşdan sonrakı dövr üçün 126 təqvim günü sosial məzuniyyət verilmişdir. İş materiallarında olan "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Suraxanı rayon Sukanal Departamentinin 19.03.2015-ci il tarixli 16-Ş saylı əmrindən görünür ki, İdarənin Müştəri xidmətləri şöbəsinin su kəməri təsərrüfatında nəzarətçisi olan İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 125-ci maddəsinin İ hissəsinə əsasən uşağın 3 yaşı tamam olana qədər 18.03.2015-ci il tarixdən 10.01.2018-ci il tarixədək qismən ödənişli sosial məzuniyyət verilmişdir. İş materiallarında olan "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Suraxanı rayon Sukanal Departamentinin 01.06.2016-ci il tarixli 51-Ş saylı əmrindən görünür ki, İdarənin Müştəri xidmətləri şöbəsinin su kəməri təsərrüfatında nəzarətçi olan İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 127-ci maddəsinin İ hissəsinə əsasən uşağın 3 yaşı tamam olana qədər 01.06.2016-cı il tarixdən 09.03.2019-cu il tarixədək qismən ödənişli sosial məzuniyyət verilmişdir. İşə başlama tarixi 11.03.2019-cu il. İş materiallarında olan "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Suraxanı rayon Sukanal Departamentinin 10.03.2020-ci il tarixli 05-Ş saylı əmrindən görünür ki, İdarənin Müştəri xidmətləri şöbəsinin su kəməri təsərüfatında nəzarətçi ilə bağlanmış İddiaçı əmək müqaviləsinə edilmiş dəyişiklikliyə əsasən 10.03.2020-ci il tarixdə 5-ci dərəcə ilə İdarənin Debitor borclarla iş qrupunda su kəməri təsərüfatında nəzarətçi peşəsinə təyin edilmişdir. İş materiallarında olan "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Suraxanı rayon Sukanal Departamentinin 29.04.2020-ci il tarixli 141-Ş saylı əmrindən görünür ki, İdarənin Müştəri xidmətləri şöbəsinin Debitor borclarla iş qrupunda su kəməri təsərüfatında nəzarətçi olan İddiaçı 01.03.2015-ci il tarixədək 18 təqvim günü əmək məzuniyyəti verilmişdir, işə başlama tarixi 04.05.2020-ci il. İş materiallarına əlavə edilmiş may 2020-ci il – mart 2021-ci il tarixi üçün iş vaxtının uçotu tabellərindən görünür ki, iddiaçı 2020-ci ilin 04 may tarixindən 2021-ci ilin mart ayının 17-ə kimi işə çıxmamışdır. İşdə olan işəgötürən tərəfindən iddiaçıya ünvanlanmış müraciətlərdən görünür ki, ona işə gəlməməsi səbəbləri barədə məlumat verilməsi xahiş olunmuşdur. Belə ki, iş materiallarında olan "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Suraxanı rayon Sukanal Departamentinin İddiaçı ünvanladığı 20.05.2020-ci il tarixli məktubundan görünür ki, o, 04.05.2020-cu il tarixindən (20.05.2020-ci il tarixədək) etibarən hər hansı bir səbəb bildirmədən iş yerində olmamısdır. Məlumat olaraq bildirilir ki, Cavabdeh2nə yaxın müddət ərzində işdə olmama səbəblərini açıqlayan sənəd nümunələri ilə birgə gəlməsi xahiş edilir. "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Suraxanı rayon Sukanal Departamentinin İddiaçı ünvanladığı 31.05.2020-ci il tarixli məktubundan görünür ki, ona Cavabdeh2 20.05.2020-ci il tarixli, 449 saylı məktubuna heç bir məhəl qoymadıqlarını nəzərə alaraq yenidən xəbərdarlıq edib, 04.05.2020-ci il tarixindən 31.05.2020-ci il tarixədək heç bir üzrlü səbəb olmadan işə gəlməməi səbəbi barədə təcili olaraq idarəyə məlumat verməsi ondan xahiş edirlər. Əks təqdirdə qanunvericiliyə uyğun olaraq barəsində müvafiq qaydada tədbir görüləcəkdir. Bakı şəhəri Sukanal müəssisələri Həmkarlar İttifaqının Bakı şəhər komitəsinin 21 aprel 2021-ci il tarixli NG 12 saylı məktubundan görünür ki, komitə Cavabdeh2 04 mart 2021-ci il tarixli məktubuna baxmış və araşdırma zamanı idarənin müştəri xidmətləri idarəsinin nəzarətçisi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən əmək vəzifəsini pozması müəyyənləşmişdir. Komitə İddiaçı Cavabdeh2 arasında olan əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərinə uyğun olaraq ləğv edilməsinə etiraz etməmişdir. "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin "koronavirus (COVİD19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı profilaktik tədbirlərin gücləndirilməsi barədə” 17.03.2020-ci il tarixli 113 saylı əmri ilə təsdiq edilmiş koronavirus (COVİD19) infeksiyasının yayılmaması məqsədi ilə "Azərsu” ASC-nin fəaliyyəti, vətəndaş müraciətlərinə baxılması, vətəndaşların və xarici qonaqların qəbulu, daxili görüş və iclasların təşkili qaydalarının 5.3-cü bəndinə əsasən, öhdəsində azyaşlı uşağı olan qadınların və 60 yaşdan yuxarı işçilərin işə davamiyyətlərində qanunvericilik çərçivəsində güzəştlər tətbiq edilə bilər. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, iddiaçının iki övladı - 20.01.2015-ci il təvəllüdlü X3, 09.03.2016-cı il təvəllüdlü X6 vardır. İşin materiallarından görünür ki, iddiaçı faktiki olaraq 04.05.2020-ci il tarixdən özü işə çıxmamış, cavabdeh tərəf onun ünvanına göndərdiyi məktublara, xəbərdarlıqlara heç bir cavab verməmişdir. Cavabdeh tərəfin izahatlarından da görünür ki, iddiaçıya güzəşt tətbiq edilməsi üçün onun işə çıxması gərək idi və o, yalnız işə çıxarkən güzəştlə bağlı müraciət etsəydi, ona məzuniyyətdən sonrakı müddətdə ölkə üzrə karantin rejimin tələblərinə uyğun olaraq, himayəsində azyaşlı övladlarının da olması nəzərə alınaraq, işə cəlb edilməməsi üçün bu qrupdan olan digər işçilərlə yanaşı güzəşt edilərək şərait yaradılması məsələsi müzakirə edilərdi. Pandemiya ərəfəsində onların işçini işdən çıxartmaq hüququ olmasa da, bunun üçün Həmkarlar İttifaqına müraciət edilsə də, sonuncu pandemiya dövrünün şərtlərini də nəzərə alsaq onun işdən çıxarılmasına müsbət rəy verməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 3(103)-1910/2021 saylı qanuni qüvvəyə minmiş qərarından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi Suraxanı Sukanal idarəsinin rəisi X4 tərəfindən İddiaçı əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci bəndinin tələblərinin pozulması qənaitinə gələrək S.Babayev barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə 04 iyun 2021-ci il tarixli, ******* MN nömrəli inzibati xəta haqqında protokol tərtib etmiş və MN seriyalı ******* saylı 14.06.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinib 1.500 manat cərimə edilmişdir. Həmin qərardan X2 şikayəti Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 iyul 2021ci il tarixli, 3(010)-913/2021 saylı qərarı ilə təmin edilməmişdir. Suraxanı rayon məhkəməsinin qərarından apellyasiya şikayəti təmin edilərək, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə tənbeh edilməsinə dair qərardan verdiyi şikayətinin təmin edilməməsinə dair Suraxanı Rayon Məhkəməsinin qərarı ləğv edilmiş, X2 inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti təmin edilmiş və onun İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsi ilə 1.500 manat cərimə edilməsinə dair X7 Xidmətinin Bakı şəhər İdarəsinin MN seriyalı ******* saylı 14 iyun 2021ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi X7 Xidmətinin inzibati tənbeh vermə haqqında qərarını ləğv edərkən aşagıda göstərilənlərə əsaslanmışdır: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Cavabdeh1 ASC-nin Cavabdeh2 rəisi vəzifəsini icra edən Sərvər Babayev tərəfindən Bakı şəhəri Sukanal müəssisələri Həmkarlar İttifaqının “Bakı şəhər Komitəsi”nin sədri Natiq Cəbrayılova ünvanlanmış 04 mart 2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə münasibət bildirilməsi xahiş edilmişdir. Bakı şəhəri Sukanal müəssisələri Həmkarlar İttifaqının “Bakı şəhər Komitəsi”nin sədri Natiq Cəbrayılov tərəfindən Cavabdeh1 ASC-nin Cavabdeh2 rəisi vəzifəsini icra edən Sərvər Babayevə ünvanlanmış 21 aprel 2021-ci il tarixli cavab məktubundan görünür ki, araşdırma zamanı İddiaçı Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən əmək vəzifəsini pozduğu müəyyən olunmuş və onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilməmişdir. Cavabdeh1 ASC-nin Cavabdeh2 rəisi vəzifəsini icra edən Sərvər Babayevin 23.04.2021-ci il tarixli əmri ilə İddiaçı bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Göstərilənlərə əsasən işə apellyasiya qaydasında baxmış məhkəmə işə götürən X4 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinə əsasən üzərinə düşən vəzifələri vaxtında və lazımınca yerinə yetirməsi, işçi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə tam riayət edilməsi nəticəsinə gəlmişdir. İddiaçının istinad etdiyi Azərbaycan Respublikasının Baş Nazirinin 2020-ci il 16 mart tarixli 1/384 nömrəli məktubunda qeyd edilir ki, "Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə” Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkil edilməsini təmin etmək məqsədilə aşağıdakıların təmin edilməsi və icrasına ciddi nəzarət edilməsi tapşırılmışdır. Həmin məktubun 3-cü hissəsində deyilir ki, öhdəsində azyaşlı uşağı olan qadınların iş davamiyyətinə güzəştli şərtlər tətbiq edilsin. Həmçinin qeyd olunur ki, "iş davamiyyətinə güzəştli şərtlər tətbiq edilsin” ifadəsi "əmək funksiyalarının evdə yerinə yetirilməsi” kimi, "azyaşlı uşaq” ifadəsi isə "7 yaşınadək olan uşaq” kimi başa düşülməlidir. Nazirlər Kabinetinin güzəştlərin tətbiq edilməsi ilə bağlı müvafiq qərarı cavabdeh ASC-nin idarələrinin müştəri şöbəsinə aid olmamışdır. Buna baxmayaraq müəyyən edilmişdir ki, 17.03.2020-ci il tarixli 113 saylı əmrə əsasən öhdəsində azyaşlı uşağı olan qadın kimi iddiaçıya qanunvericilik çərçivəsində güzəştlər tətbiq edilməsinə cavabdeh tərəf etiraz etməmiş, lakin, o, faktiki olaraq işə çıxmadığı və işdə olan belə bir güzəştlə bağlı rəsmi müraciəti olmadığı üçün cavabdeh haqlı olaraq ona münasibətdə heç bir güzəşti təmin etməmişdir. Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə əməl etmək və sair vəzifələrin icra edilməsi işçinin əsas vəzifələrindəndir. İş materiallarından göründüyü kimi, iddiaçı 04.05.2020-ci il tarixdən 2021-ci ilin mart ayına kimi işə çıxmamış və bunu həmin dövrdə təhsil müəssisələrinin fəaliyyətinin dayandırılması səbəbindən iki azyaşlı uşağının evdə tək qalması ilə əsaslandırmışdır. Lakin Nazirlər Kabinetinin «Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədbris və təlim-tərbiyə prosesinin təşkili barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 avqust tarixli 312 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında 09 sentyabr 2020-ci il tarixli 330 saylı Qərarının 1.1-ci bəndinə əsasən Bakı şəhərində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin 2020-ci il oktyabrın 1-dən əyani formada təşkili təmin edilmişdir. Nazirlər Kabinetinin 29 oktyabr 2020-ci il 430 saylı qərarı ilə xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkilinin təmin edilməsi qərara alınmışdır. Nazirlər Kabinetinin 22 yanvar 2021-ci il 12 saylı qərarının 1-ci bəndinə əsasən xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2021-ci il 1 fevral tarixindən tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkilinin təmin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68.2-ci maddəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarına aiddir. Həmin Məcəllənin 70-ci maddəsinin ç) bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilir. Həmin Məcəllənin 72-ci maddəsinin a) bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Göründüyü kimi, iddiaçı uzun müddət heç bir üzürlü səbəb olmadan işə gəlməmiş və bu səbəbdən cavabdeh əsaslı olaraq onun əmək müqaviləsinə xitam vermişdir. Odur ki, məhkəmə hesab iddia əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Maddəsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar