Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3931/2022 05.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Sadıqov Cəlil Cəfərbala oğlunun katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Açıq Səmdar Cəmiyyəti “Xalq” Bankına qarşı "əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı və dəymiş mənəvi zərərin ödənilməsi” iddia tələbinə dair mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Açıq Səmdar Cəmiyyəti “Xalq” Bankına qarşı "əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı və dəymiş mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Açıq Səmdar Cəmiyyəti “Xalq” Bankın xx.xx.2022-ci il tarixli XB11/12 nömrəli əmrinin ləğv edilməsi, onun “Açıq Səmdar Cəmiyyəti “Xalq” X8 kredit şöbəsinin fiziki şəxslərin kreditləşməsi üzrə mütəxəssisi vəzifəsinə işə bərpa olunması, əmək müqaviləsinə xitam verildiyi xx.xx.2022-ci il tarixdən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq Açıq Səmdar Cəmiyyəti “Xalq” Bankı tərəfindən ona ödənilməsi, Açıq Səmdar Cəmiyyəti “Xalq” Bankından vurulmuş mənəvi ziyana görə 10.000 manat məbləğində pulun alınaraq ona ödənilməsi və mediasiyanın keçirilməsi üçün çəkdiyi 50 manat məbləğində xərcin Açıq Səmdar Cəmiyyəti “Xalq” Bankından tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, işəgötürən Açıq Səmdar Cəmiyyəti “Xalq” Bankın (bundan sonra cavabdeh) xx.xx.2019-cu il tarixli, XB11/060 nömrəli əmri ilə X8 kredit şöbəsinin fiziki şəxslərin kreditləşməsi üzrə mütəxəssisi vəzifəsinə təyin edilmişdir. O, kredit mütəxəssisi olaraq işinin öhdəsindən daim müvəffəqiyyətlə gəlmiş və öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmişdir. Lakin, heç bir əsas olmadan cavabdehin xx.xx.2022-ci il tarixli, XB11/12 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndində nəzərdə tutulmuş əmək vəzifələrinin kobud şəkildə pozulması halına görə) əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verildiyi gün son haqq hesab olaraq 700 manat hesab kartına cavabdeh tərəfindən pul köçürülməsinə baxmayaraq hesabı bloklandığından həmin tarixdə vəsaiti əldə edə bilməmişdir. Lakin sonradan hesabdan çıxarmışdır. Əmrdən çıxarış və əmək kitabçası işdən azad edildiyi tarixdən bir ay sonra cavabdeh tərəfindən ona təqdim edilmişdir. Belə ki, əmək kitabçası ona təqdim ediləndən sonra xx.xx.2022-ci il tarixli mediasiya prosesinin tətbiqi barədə cavabdehə təklif ünvanlamışdır. Nəticədə ona mediator tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli arayış verilmişdir. Bundan sonra o, məhkəməyə müraciət etməmişdən öncə cavabdehə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək işə bərpa olunması məsələsinə yenidən baxılmasını xahiş etmiş və cavab gözlədiyindən məhkəməyə üzrlü səbəblərdən vaxtında müraciət etməmişdir. Lakin, həmin müraciətinə hazıradək cavab daxil olmamışdır. İddiaçı, işdən azad edilməsinə dair cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2019cu il tarixli, XB11/060 nömrəli əmri ona görə qanunsuz hesab edir ki, barəsində tərtib edilmiş aktda borcalan Cəfərov Cəfərin girov qoyanı Orucəliyev Hacıbala guya onun əmisi olması göstərilmişdir. Hansı ki, göstərilən hal əsassızdır. Həmçinin həmin aktda qeyd olunmuşdur ki, X3 bağçalı evlərdə aldığı mənzilə görə borcunun ödənilməsi üçün aldığı kreditin ödənilməsi ilə bağlı işdə sənəd yoxdur. Hansı ki, həmin şəxs tərəfindən kreditin ödənilməsi ilə bağlı işdə rəsmi sənəd vardır. Aktda qeyd olunanlardan biri ondan ibarət olmuşdur ki, kredit alan şəxs X2 gəlirlərini şişirtmişdir. Belə ki, X2 gəlirlərini şişirtməyi barədə göstərilənlər də tam əsassızdır. Göründüyü kimi əmək vəzifələrinin kobud şəkildə pozulması kimi bir çox belə əsassız hallara istinad edilməklə əmək müqaviləsinə xitam vermişdir. Cavabdeh tərəfindən onun barəsində Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət vermiş, həmin hallar araşdırılmış lakin, öz təsdiqini tapmamışdır. Bununla yanaşı cavabdehin hərəkətləri nəticəsində o mənəvi sarsıntı keçirmiş, cavabdeh digər işəgötürənlərə onun barəsində bilərəkdən mənfi rəylər verməklə onun işgüzar nüfuzuna xələl gətirmiş və onun yenidən işə düzəlmə hüquqlarını məhdudlaşdırmışdır. Göstərilənlərə əsasən iddiaçı tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə müraciət edərək, İddiaçı iddiasının, digər əsaslarla yanaşı, həmçinin iddia müddəti üzrsüz səbəbdən ötürüldüyü üçün rədd olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək bildirmişdir ki, 14 yanvar 2022-ci il tarixdə əmrlə Açıq Səmdar Cəmiyyəti “Xalq” X8 kredit mütəxəssisi vəzifəsində işləyən iddiaçının əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmiş və son haqq-hesab olaraq əmək haqqı məbləği ona ödənilmişdir. Göründüyü kimi İddiaçı xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə həmin gün məlumatlı olmuşdur. Əmr verildiyi tarixdən 1 aydan daha artıq müddət keçdikdən sonra iddiaçı mediasiya prosesinin tətbiq edilməsi barədə təklif göndərmiş və 11 X5 X1 tərəfindən xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. İşin mediasiya vasitəsilə həll edilə bilməməsi xx.xx.2022-ci il tarixdə iddiaçıya məlum olsa da, iddiaçı dayandırılmış iddia müddətini üzrsüz səbəbdən ötürərək xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixədək mediasiyaya müraciət etməli olduğu halda bu müddətlərə əməl etməmişdir. Mediasiyaya müraciət etmə müddətini ötürməsə belə, xx.xx.2022-ci il tarixdə mediasiya arayışını əldə etdikdən sonra da iddiaçı 1 aylıq müddəti üzrsüz səbəbdən ötürərək xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Bundan başqa cavabdehin nümayəndəsi bildirdi ki, iddiaçının fəaliyyətində yol verdiyi nöqsanlarla bağlı İdarə heyətinin qərarına əsasən ətraflı araşdırma aparılmış, iddiaçının aşkar edilmiş hər bir fakta görə izahatları alınmış, yoxlama zamanı iddiaçı yol verdiyi nöqsanları etiraf etmiş və yekunda yoxlamanın nəticələrinə dair X6 idarəsi tərəfindən xidməti məktub tərtib edilmişdir. Həmin xidməti məktub əsasında isə xx.xx.2019-cu il tarixli, XB11/060 nömrəli əmr qəbul edilmişdir. Aparılan yoxlamalar zamanı iddiaçı tərəfindən kredit məbləğlərinin ayrılmasında borcalanların gəlirlərinin şişirdilməsi və xərclərinin azaldılması yolu ilə mənfəətin real rəqəmlərdən yüksək göstərildiyi, iddiaçının keçirdiyi monitorinqlər zamanı borcalanların kredit rəyində göstərilmiş fəaliyyət növü ilə məşğul olmamaları, göstərilən ərazidə fəaliyyət göstərməmələri, borcalanların "Əlavə gəlir akt"ında göstərilən gəlirlərin təsdiqedici sənədlərinin (satış üzrə dəftər qeydləri, təsərrüfat fəaliyyəti üzrə qaimələr və s.) olmaması və gəlir mənfəətin yalnız borcalanlar tərəfindən verilmiş şifahi məlumatlara istinad edilməsi; kredit və ipoteka müqavilələrində ayrılmış kredit vəsaiti üzrə müvafiq məlumatların düzgün əks etdirilməməsi; kredit vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi hallarının aşkar edilmişdir. Aşkar edilmiş nöqsanlar iddiaçının əmək vəzifələrini kobud şəkildə pozulması kimi qiymətləndirilmişdir. Bu hallar isə iddiaçının özü tərəfindən verilmiş yazılı izahatlarla təsdiq olunur. Aşkar edilmiş nöqsanlarla bağlı toplanmış materiallar araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmiş, lakin araşdırma nəticəsində cinayət işinin başlanması rədd edilmişdir. Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi iddia müddəti ötürüldüyündən, həmçinin əmək müqaviləsinə xitam verilməsinə dair qəbul edilmiş əmr qanuni və əsaslı olduğundan iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - əmək müqaviləsi və əmək kitabçasından müəyyən edilir ki, iddiaçı 31 may 2019cu il tarixdə cavabdeh Açıq Səmdar Cəmiyyəti “Xalq” Bankının “Siyəzən” filialının kredit şöbəsinin fiziki şəxslərin kreditləşməsi üzrə mütəxəssisi vəzifəsinə işə götürülmüşdür. - cavabdeh Açıq Səmdar Cəmiyyəti “Xalq” X11 sədri K.N.Məcidov tərəfindən imzalanmış 14 yanvar 2022-ci il tarixli XB-K1/12 nömərli əmrin surətindən müəyyən edilir ki, İddiaçı əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən (AR ƏMnin 72-ci maddəsinin “e” bəndində nəzərdə tutulmuş əmək vəzifələrinin kobud şəkildə pozulması halına görə) xitam verilmişdir. Əmrin qəbul edilməsinə əsas iddiaçının kreditlərin verilməsi zamanı əmək vəzifələrini kobud şəkildə pozulmasına dair X6 idarəsinin rəisi K,A.Quliyev tərəfindən tərtib edilmiş xidməti məktub olmuşdur. - Xidməti məktubdan müəyyən edilir ki, iddiaçı tərəfindən kredit məbləğlərinin ayrılmasında borcalanların gəlirlərinin şişirdilməsi və xərclərinin azaldılması yolu ilə mənfəətin real rəqəmlərdən yüksək göstərilməsi; kredit sifarişlərinin təhlili zamanı "Əlavə gəlir aktı" və Kiçik Kredit Komitəsi iclas protokollarında Borcalanların təsərrüfat fəaliyyəti üzrə rəqəmlərin təhrif edilərək yazı ilə rəqəmlər arasında fərqlərin olması və yaxud toplama, vurma əməliyyatları zamanı mənfəətin şişirdilməsi; monitorinqlər zamanı borcalanların kredit rəyində göstərilmiş fəaliyyət növü ilə məşğul olmamaları, göstərilən ərazidə fəaliyyət göstərməmələri, borcalanların "Əlavə gəlir akt"ında göstərilən gəlirlərin təsdiqedici sənədlərinin (satış üzrə dəftər qeydləri, təsərrüfat fəaliyyəti üzrə qaimələr və s.) olmaması və gəlir mənfəətin yalnız borcalanlar tərəfindən verilmiş şifahi məlumatlara istinad edilməsi; kredit və ipoteka müqavilələrində ayrılmış kredit vəsaiti üzrə müvafiq məlumatların düzgün əks etdirilməməsi; kredit vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi halları aşkar edilmişdir. Xidməti məktuba əlavə edilmiş iddiaçının xx.xx.2022-ci il tarixli izahatlarından müəyyən edilir ki, iddiaçı xidməti məruzədə aşkar edilmiş nöqsanları etiraf etmişdir. Beləliklə, məhkəmə tərəfindən aparılmış araşdırma ilə cavabdehin təqdim etdiyi sübutlarla Açıq Səmdar Cəmiyyəti “Xalq” X11 sədri K.N.Məcidov tərəfindən imzalanmış 14 yanvar 2022-ci il tarixli XB-K1/12 nömrəli əmrin qanunsuz və əsassız olmasına dəlalət edən hər hansı hal aşkar edilmədi. İddiaçı tərəfindən isə məhkəməyə bunun əksini dəlalət edən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə həmçinin iddia müddətinin tətbiqi ilə bağlı qeyd edir ki, işin faktiki halları ilə müəyyən edilir ki, iddiaçının əmək müqaviləsinə 14 yanvar 2022-ci il tarixdə xitam verilmişdir. İddiaçı etiraf edir ki, əmrdən çıxarış və əmək kitabçası ona işdən azad edilməsindən 1 ay sonra cavabdeh tərəfindən təqdim edilmişdir. Lakin cavabdeh tərəfindən əmrdən çıxarışın, əmək kitabçasının nə vaxt iddiaçıya təqdim edilməsi, o cümlədən son haqq hesabın nə vaxt iddiaçıya ödənilməsinə dair məhkəməyə sübut təqdim edilməmişdir. 03 mart 2022-ci il tarixdə iddiaçı tərəfindən cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif verilmiş, xx.xx.2022-ci il tarixdə mediasiya prosesinin davam etdirilməsinin mümkün olmamasına dair arayış verilmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı Açıq Səmdar Cəmiyyəti “Xalq” X11 sədri Kamran Məcidova müraciət edərək işə bərpa olunmasını xahiş etmişdir. İddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixdə mediasiya prosesinin davam etdirilməsinin mümkün olmamasına dair arayışı əldə etdikdən sonra Açıq Səmdar Cəmiyyəti “Xalq” X11 sədri Kamran Məcidova müraciət ünvanlanması ilə əlaqədar olaraq müddəti ötürməsini iddia etməsinə baxmayaraq məhkəmə hesab edir ki, bu dəlil əsassızdır və bu hal müddətin ötürülməsi üçün üzrlü hesab edilə bilməz. Göründüyü kimi iddiaçı xx.xx.2022-ci il tarixli mediasiya arayışını əldə etdikdən sonra 1 aylıq iddia müddətini ötürməklə, yalnız xx.xx.2022-ci il tarixdə işə bərpa olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 57-ci maddəsinə əsasən işəgötürən işçinin əmək funksiyasını - əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. Məhkəmə qeyd edir ki, əmək funksiyası əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. Əmək müqaviləsi üzrə öhdəliklər isə Əmək Məcəlləsinin 10-cu maddəsində sadalanmış əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; əməyin təhlükəsizliyi normalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; əmək qanunvericiliyinin tələblərinə əməl etmək vəzifələridir. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsində isə əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar müəyyən edilmişdir. Belə ki, aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması;təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması;qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Həmin Məcəllənin 186-cı maddəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək kimi intizam tənbehlərindən birini verə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 296.2ci maddəyə görə həmin maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296.3-cü maddəyə görə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296.6-cı maddəyə görə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. 296.7-ci maddəyə görə mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Mülki Məcəllənin 375.2-ci madəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, Açıq Səmdar Cəmiyyəti “Xalq” Bankının 14 yanvar 2022-ci il tarixli XB-K1/12 saylı əmrinin etibarsız hesab edilməsi və iddiaçının işə bərpa edilməsi üçün qanuni əsaslar mövcud deyildir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərinə əməl edilmişdir. Həmçinin iddia ərizəsi qanunla müəyyən edilmiş 1 aylıq iddia müddəti ötürülməklə, yəni xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Açıq Səmdar Cəmiyyəti “Xalq” Bankına qarşı "əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı və dəymiş mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia tələbi rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Açıq Səmdar Cəmiyyəti “Xalq” Bankına qarşı "əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı və dəymiş mənəvi zərərin ödənilməsinə” dair iddia tələbi rədd edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-3931/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3931/2022
05.09.2022 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək mübahisələri - Mənəvi zərərin ödənilməsi - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver