Məhkəmə qərarları › İş №2(004)-3935/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3935/2022

08.07.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3935/2022 08.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Xudayev Kərim Bahəddin oğlunun sədrliyi ilə, İdddiaçı İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X2 cəlb edilməklə) “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişində dəyişiklik edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı ASC cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X2 cəlb edilməklə) əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişində dəyişiklik edilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin 16 saylı X3 Sahəsinin 5-ci dərəcəli dispetçer-kargüzar peşəsində işləmiş X1 əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişində əmək müqaviləsinə xitam verilmə səbəbinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinin bu Məcəllənin 73.1-ci maddəsi ilə (müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir) dəyişdirliməsinin X4 Xidmətinə həvalə olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edilməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı ASC cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə qarşı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişində dəyişiklik edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə müraciət edərək, mərkəzləşdirilmiş elektron İnformasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə xitamla bağlı daxil edilmiş əmək müqaviləsi bildirişində xitam maddəsinə dəyişiklik edilməsinə köməklik göstərilməsi göstərilməsini xahiş edilmiş, sonuncu tərəfindən isə iddiaçının müraciətindən imtina edilmişdir. Bildiririlmişdir ki, elektron informasiya sisteminə real vaxt rejimində daxil edilmiş əmək müqaviləsi bildirişinin işəgötürən tərəfindən etibarsız edilməsi 24 saat ərzində mümkündür. Müəyyən edilmiş həmin vaxt müddəti bitdikdə bununla bağlı müvafiq qaydada rayon məhkəməsinə müraciət edilməli, X4 Xidmətinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, məhkəmə tərəfindən əmək müqaviləsi bildirişinin etibarsız edilməsi barədə qərar qəbul edilməli və həmin bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsistemində etibarsız edilməsi hüququ X4 Xidmətinə həvalə olunmalıdır. Hazırda iddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişində əmək müqaviləsinə xitam verilmə səbəbinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinin bu Məcəllənin 73.1-ci maddəsi ilə (müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir) dəyişdirliməsinin X4 Xidmətinə həvalə olunmasını tələb edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinə görə isə, inzibati aktın ləğvinə (mübahisələndirilmə), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Yuxarıda göstərilən qanunvericilik aktlarının tələblərindən göründüyü kimi, inzibati aktın ləğvinə (mübahisələndirilmə), inzibati orqanların üzərinə öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara inzibati məhkəmədə baxılmalıdır. Məhkəmə hesab edir ki, hazırkı mübahisə inzibati orqanın üzərinə öhdəliyin qoyulması və inzibati icraat qaydasında baxılmalı olduğundan iddia ərizəsinin qəbul olunmasından imtina edilməli və iddiaçıya məsələ ilə bağlı müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməldir. Azərbaycan Respublikasının MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizəyə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X2 cəlb edilməklə) “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişində dəyişiklik edilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan, iddianın yolverməzliyinə görə imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikasının MPM-nin 153.5-ci maddəsinin tələbləri izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X2 cəlb edilməklə) “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişində dəyişiklik edilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan, iddianın yolverməzliyinə görə imtina edilsin. İddiaçı ASC-yə izah edilsin ki, hazırkı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar