Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3940/2020 03.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Orucova Nərmin Nəriman qızının katibliyi ilə İddiaçı cavabdeh “xxxxxxxxx” MMC-yə qarşı “işə bərpa və əmək haqqı” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “xxxxxxxxx” MMC-yə qarşı “işə bərpa” tələbi ilə məhkəməyə müraciət edərək, X1 elektrik montyoru vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh MMC xx.xx.2020-ci il tarixli məhkəmə iclsında etiraz ərizəsi ilə müraciət edərək İddiaçı cavabdeh “xxxxxxxxx” MMC-yə qarşı “işə bərpa və əmək haqqı” tələbinə dair iddiasının rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bidirmişdir ki,o, Cavabdeh MMC-nin Baş direktoru ilə bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli əmək müqaviləsinə əsasən Ağcabədi rayon Telekommunikasiya Qovşağında elektrik montyoru vəzifəsinə qəbul edilmiş, xx xxx 2020-ci il tarixə kimi həmin vəzifədə işləmiş və heç vaxt intizam tənbehi almamışdır. Elməddin Mamedov təqdimat yazmazdan əvvəl o və digərləri haqqında eyni zamanda Ağcabədi rayon Polis şöbəsinə də rəsmi müraciət etmişdir. Halbuki, iddia ərizəsinə əlavə edilmiş Ağcabədi rayon Polis idarəsinin müstəntiqinin xx xxx 2020-ci il tarixli qərarından görünür ki, onun və digərlərinin xx xxxxx 2020-ci il tarixdə saat 22 radələrində X2 inzibati binasında qumar oynamaları təsdiq edilmədiyinə, yəni əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddələrinin əlamətləri olmadığına görə barələrində inzibati icraat başlanması rədd edilmişdir. O nəinki kart oynamamış, X2 rəisi vəzifəsini icra edən Elməddin Mamedovun mobil telefonu ilə çəkdiyi video görüntüdən göründüyü kimi E.Mamedov otağa daxil olub video görüntü çəkərkən o həmin otaqda olmamışdır. Onun otaqda olmamağı göstərir ki, o iş yoldaşları ilə kart oynamamış, əmək vəzifəsini tam yerinə yetirmiş, işəgötürənin və ya əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X4 izahat verərək bildirmişdir ki, iddiaçının verdiyi izahatı təsdiq edir. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxxxxxxx” MMC-nin nümayəyəndəsi X3 iddia tələbini rədd edərək izahatında bildirir ki, iddiaçı qumar oynadığına görə deyil, həmin qumar oynanılan otağına nəzarət etmədiyinə görə işdən çıxarılmışdır. Həmin otağa 4 nəfər nəzarət edir. Onlardan biri iddiaçıdır. Kənar şəxslərin həmin otağa girişi qadağandır. Həmin gün 4 nəfərdən yalnız iddiaçı işdə növbətçi olub. Orada işçilərin qumar oynamağına iddiaçı şərait yaradıb. İntizam qaydalarını pozub. Qumar oynanılması barədə cinayət işinin rədd edilməsi barədə qərar olub və inzibatı qaydada tədbir görülüb. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş, xx.xx.2020-ci il tarixli, 512 saylı işdən azad edilmə haqqında əmrin təsdiq olunmuş surətinə əsasən Ağcabədi TKQ-nin elektrik montyoru İddiaçı AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən son haqq-hesab müvafiq qaydada ödənilməklə tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan Ağcabədi rayon PŞ-nin İB-nin baş müstəntiqi, polis mayoru V.Bağırovun xx xxx 2020-ci il tarixli qərarından müəyyən olunur ki, İddiaçı əməlində AR İXM-nin 525-ci maddəsinin tərkibi olmadığından onun barəsində inzibati icraatın başlanması rədd edilmişdir. İş materiallarında olan Ağcabədi rayon PŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı E.Əlizadənin xx xxxx 2020-ci il tarixli qərarından müəyyən olunur ki, İddiaçı deyil, Ə.Həsənov və digərlərinin barəsində AR İXM-nin 525-ci maddəsi ilə inzibati iş üzrə icraat açılmasından ötrü qəbul edilmiş qərarın surəti Ağcabədi R.PŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. İşin mübahisəsiz halları odur ki, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçının əmək müqaviləsinə xitam verilmiş və əmrdə Əmək Məcəlləsinin 72-ci maddəsinin “f”, yəni iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi, bəndinə istinad olunmuşdir. Əmrdə o cümlədən, İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə istinad olunmaqla qeyd edilmişdir ki, İddiaçı ona təhkim olunmuş və cavabdeh olduğu iş otağında qanunsuz hərəkətlərin təşkilinə imkan yaratmış, o cümlədən iştirak etmiş, bununla da nizam intizam qaydalarını, həmin dövrdə ölkədə olan xüsusi karantin qaydalarının tələblərini pozmuş, öz iş vaxtı əmək funksiyalarını yerinə yetirməyərək, əmək funksiyasının şərtlərini kobud şəkildə pozaraq müəssisədaxili normativ sənədlərin, o cümlədən normativ hüquqi aktların tələblərinə zidd hərəkətlərə yol vermişdir. İşin mübahisələndirilən halı odur ki, iddiaçı bildirir ki, digər əməkdaşlar kart oyunu oynadığı vaxt o, həmin otaqda olmamışdır. Məhkəmə hesab edir ki, iddiaçın işdən azad edilməsi barədə əmr aşağıda qeyd edilənlərə görə ləğv edilməlidir. Belə ki, xx xxx 2020-ci il tarixli əmrdə Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndinə istinad olunaraq, iddiaçının qumar oyununun təşkilinə imkan yaratdığı, o cümlədən iştirak etdiyi qeyd edilsə də iddiaçının barəsində sözügedən inzibati xətanı törətməsinə dair qərar yoxdur. Cavabdeh tərəf Ağcabədi rayon PŞ-nin İB-nin müstəntiqi E.Əlizadənin xx xxxx 2020-ci il tarixli qərarını məhkəməyə təqdim etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, işdən azad olma barədə əmr xx xxx 2020-ci il tarixdə verilmişdir. Həmin əmrdən 2 ay sonra sözügedən qərar qəbul edilmişdir. Digər tərəfdən, xx xxxx 2020ci il tarixli qərarla iddiaçının barəsində deyil, digər əməkdaşların barələrində İXM-nin 525ci maddəsi ilə inzibati iş üzrə icraat açılmasından ötrü qəbul edilmiş qərarın surətinin Ağcabədi RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır və tərəflərin bildirdiklərinə görə hələ də inzibati xətanın törədilməsi ilə bağlı yekun qərar qəbul edilməyib. Göründüyü kimi inzibati xətanın törədilməsi ilə bağlı yekun qərar olmadığı halda işəgötürən əmrdə ƏM-nin 72-ci maddəsinin “f” bəndinə və İXM-nin 525-ci maddəsinə istinad etmişdir. Bundan əlavə, cavabdehin nümayəndəsi bildirir ki, kart oyunu oynalınan otaq məhz iddiaçıya təhkim olunmuşdur, iddiaçı həmin otağa nəzarət etmədiyinə görə işdən azad edilib. İddiaçı isə bildirir ki, oyun oynalınan otaq elektro otağıdır, həmin otağa onunla birlikdə 4 nəfər nəzarət edirdi, onlar həmin otaqda şəbəkəni qoşurlar. Həmin otaq bağlı saxlanılmır. Cavabdehin nümayəndəsi, həmçinin qeyd edir ki, iddiaçı işçilərin həmin otaqda qumar oynamasına şərait yaradıb. Məhkəmə, bir daha qeyd edir ki, İXM-nin 525-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi ilə bağlı yekun qərar yoxdur. Buna baxmayaraq, məhkəmə vurğulayır ki, İXM-nin 525-ci maddəsində qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə məsuliyyət nəzərdə tutulur. İddiaçı eyni zamanda bildirir ki, qeyd edilən hadisə ilə bağlı ondan izahat alınmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının işdən azad edilməsi barədə əmrdə iddiaçının barəsində inzibati xəta haqqında qərar olmadan Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndinə istinad olunmuş və əmr Əmək Məcəlləsinin 71-ci maddəsinin tələbləri baxımından əsaslandırılmamışdır. AR Əmək Məcələsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndinə əsasən iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab olunur. Azərbaycan Respublikası İnzibati Xəlalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Əmək Məcəlləsinin 71-ci maddəsinin ikinci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir və intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının işdən azad edilmə əsası qanunsuz olduğundan iddia təmin edilməli, cavabdeh “xxxxxxxxx” MMC-nin xx xxx 2020-ci il tarixli, 512 saylı əmri ləğv olunaraq, İddiaçı məcburi iş buraxmağa görə işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək hər ay müvafiq əmək haqqı ödənilməklə əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunmalıdır. Məhkəmə, həmçinin qeyd edir k, cavabdeh “xxxxxxxxx” MMC-dən 30 manat məbləğində dövlət nəfinə pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2.-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “xxxxxxxxx” MMC-nin xx xxx 2020-ci il tarixli, 512 saylı əmri ləğv olunsun. İddiaçı məcburi iş buraxmağa görə işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək hər ay müvafiq əmək haqqı ödənilməklə əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunsun. Cavabdeh “xxxxxxxxx” MMC-dən 30 manat məbləğində dövlət nəfinə pul tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-3940/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3940/2020
03.09.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver