Məhkəmə qərarları › İş №2(004)-3943/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3943/2021

29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3943/2021 29.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, ilkin idda üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh “xxxx” MMC-yə qarşı “borcun silinməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə 27.05.2021-ci il tarixdə məhkəməyə müraciət edərək “xxxx” MMC tərəfindən əsassız olaraq hesablanmış 849,99 (səkkiz yüz qırx doqquz manat doxsan doqquz qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “xxxx” MMC 28.06.2021-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək İddiaçı 761,38 (yeddi yüz altmış bir manat otuz səkkiz qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pulun “xxxx” MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh “xxxx” MMC etiraz ərizəsi verərək İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin idda üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı izahat verərək bildirir ki, uzun müddətdir ki, “xxxx” MMC-yə məxsus ********** mobil nömrəsindən istifadə edir. 02.05.2021-ci il tarixdə telefonuna zəng gəlmiş, lakin zəngin kimdən gəldiyi müəyyən olunmadığından telefonda texniki nasazlıq olduğunu düşünərək yaxınlıqda yerləşən telefon təmiri ustasına aparmış, usta ona əməliyatın 20-30 dəqiqə çəkəcəyini bildirdiyindən telefonu ona vermiş, 30 dəqiqədən sonra təkrar yaxınlaşmışdır. Telefonu götürdükdən sonra zəng etmək istəmiş, lakin xəttin borcdan bağlandığını görmüşdür. Halbuki, telefonu təmirə verməzdən əvvəl balansda 88 manat pul olmuşdur. Xəttin açılması üçün balansa 5 manat pul yükləmişdir. Bundan sonra da açılmamış, balansa baxdıqda isə 761 manat borcun olduğunu görmüşdür. Təmir ustasının yanına gələrək məsələni aydınlaşdırmağa çalışmış, lakin usta günahın onda yox şirkətdə olduğunu bildirmişdir. Dəfələrlə şirkətin müştəri xidmətlərinə müraciət etmiş, ona bildirilmişdir ki, həmin tarixdə otuz dəqiqə ərzində sürətli internetdən istifadə olunmuşdur. Həmin vaxt o, internetdən istifadə etməmiş, bunu da dəfələrlə şirkətə bildirmişdir. İlkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə izahat verərək bildirir ki, abunəçi “Biznes 200” tarif paketinə qoşulmuşdur. Həmin tarifin də özünəməxsus şərtləri var. İddiaçı ilə bağlanmış müqavilədə abunəçinin hər hansı qoşulduğu xidməti dayandırmaq hüququ var. Şirkət abunəçinin interneti hansı məqsəd üçün istifadə etdiyini bilmir. Əgər abunəçi internet xidmətindən istifadə etmək istəməsə idi şirkətin hər hansı fililal və ofislərinə yaxınlaşıb bunu bildirə bilərdi. Şirkət tərəfindən heç bir pozuntuya yol verilməmişdir. Müqavilənin bəndlərindən birində göstərilir ki, üçüncü şəxsin abunəçinin xidmətlərindən istifadə etməsi abunəçinin məsuliyyətidir. Şirkət iddiaçıya yaranmış borcun 50 %-ə qədər güzəşt edilməsi ilə barışıq təklif etmiş, ilkin iddia üzrə iddiaçı bununla razılaşmamışdır. İlkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ilkin iddia rədd edilməli, qarşılıqlı iddia isə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış 00056914 nömrəli GSM müqaviləsinin surətinə əsasən **********427004690 nömrəli sim kartla ********* GSM nömrəsi İddiaçı istifadəsinə verilmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib olunmuş 25.05.2021-ci il tarixli hesab fakturaya əsasən İddiaçı “xxxx” MMC-yə 761,38 manat məbləğində borcu vardır. Sonuncu dəfə 08.06.2021-ci il tarixdə ödəniş edilmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib olunmuş arayışa əsasən ********* nömrəsi 03.03.2021-ci il tarixdən 01.05.2021-ci il saat 22:23-dək İMEİ kodu **********563901 olan mobil telefon cihazında istifadə olunmuşdur. “Biznes 200” tarif paketinin şərtlərinə uyğun olaraq 1MB internet 0,40 manatdan hesablanır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış müqavilənin şərtlərinə görə ********** nömrəsi abunəçinin istifadəsinə verilmişdir. Abunəçi borc yaranan vaxt “Biznes 200” tarif paketindən istifadə etmişdir. İddiaçının istifadəsində olan nömrədən 01.05.2021-ci il saat 19:20-dən 22:23-dək mütəmadi olaraq mobil internetdən istifadə edilmişdir. Nəticədə 827,87 manat borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, borcun İddiaçı istifadəsində olan nömrədən internetdən istifadə nəticəsində yaranması iş materialları ilə təsdiqini tapır. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə nömrədən istifadə nəticəsində yaranmış borca görə hansı səbəbdən və ya kimin istifadəsi üzrə yaranmasında asılı olmayaraq abunəçi- İddiaçı məsuliyyət daşıyır. Müqavilənin 4.3-cü bəndinə əsasən tərəflər abonentin müqavilənin titul vərəqində göstərilmiş və ya müqavilədə xüsusi olaraq göstərilməyən və “Azercell” tərəfindən hər hansı bir formada təklif oluna bilən xidmətlərin hər hansı birindən və ya hamısından, yaxud istənilən bir qismindən bu ümumi qaydalar və şərtlər çərçivəsində və abonentin cihazının imkan verdiyi həddə tariflər cədvəlində göstərilən tariflər tətbiq edilməklə istifadə edə bilər. Abonentə öz arzusuna görə göstərilənlərlə məhdudlaşmadan “Azercell” tərəfindən vaxtaşırı nəşr edilən broşür və ya cədvəllərdə əks olunan xidmətlər göstərilə bilər. Abonent “Azercell” tərəfindən təklif edilən tarif paketlərindən hər hansı birini seçmək, seçilmiş tarif paketini dəyişdirmək və başqa tarif paketi ilə əvəz etmək hüququna mallikdir. Abonent və “Azercell” hüquqların “Azercell”-in rabitə qaydaları ilə tənzimlənməsinə razılaşır. Müqavilənin 4.4-cü bəndinə əsasən abonent ona “Azercell” tərəfindən öz arzusu ilə göstərilən xidmət növlətinin hər hansı birinin cihazın yol verdiyi həddə və belə xidmət növlərinə “Azercell” tərəfindən tətbiq edilən şərtlərə əsasən ona tətbiq edilməsini və ya dayandırılması qeyri-mümkün olan xidmətlər istisna olmaqla, göstərilən xidmət növlərinin hər hansı birinin dayandırılmasını istənilən zaman tələb edə bilər. Müqavilənin 10.1-ci bəndinə əsasən müqavilə abonent tərəfindən üçüncü şəxslərə güzəşt edilə bilməz. Nömrənin üçüncü şəxs tərəfindən istismarı zamanı müqavilə şərtlərinin yerinə yetirilmə məsuliyyəti abonentin üzərinə düşür. Bu şərt SİM kartın itirilməsi və cihazın oğurlanması halında da qüvvədədir. Belə olan halda məhkəmə ilkin iddianı əsassız, qarşılıqlı iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia təmin edildiyindən qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd edir ki, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh “xxxx” MMC-yə qarşı “xxxx” MMC tərəfindən əsassız olaraq hesablanmış 849,99 (səkkiz yüz qırx doqquz manat doxsan doqquz qəpik) manat məbləğində borcun silinməsi tələbinə dair ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia təmin edilməli, İddiaçı 761,38 (yeddi yüz altmış bir manat otuz səkkiz qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul “xxxx” MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh “xxxx” MMC-yə qarşı “xxxx” MMC tərəfindən əsassız olaraq hesablanmış 849,99 (səkkiz yüz qırx doqquz manat doxsan doqquz qəpik) manat məbləğində borcun silinməsi tələbinə dair ilkin iddia təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı 761,38 (yeddi yüz altmış bir manat otuz səkkiz qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul “xxxx” MMC-nin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar