Məhkəmə qərarları › İş №2(004)-3958/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3958/2024

02.10.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3958/2024 02.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı oğlunun Cavabdeh MTK-ya qarşı “mənzilin təhvil verilməsi, protokoldan çıxarışın təqdim edilməsi və mənzildə təmir-tikinti işlərinin aparılmasına icazənin verilməsi” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: mənzilin təhvil-verilməsi) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Kamranlı Mahsun Şahin oğlunun katibliyi ilə, İddiaçı oğlunun Cavabdeh MTK-ya qarşı “mənzilin təhvil verilməsi, protokoldan çıxarışın təqdim edilməsi və mənzildə təmir-tikinti işlərinin aparılmasına icazənin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Mülki işin mahiyyəti

1. İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin təhvil verilməsi, protokoldan çıxarışın təqdim edilməsi və mənzildə təmir-tikinti işlərinin aparılmasına icazənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli podrat müqaviləsi üzrə iddiaçının MTK-dan aldığı 5-ci mərtəbədə yerləşən, 68 saylı evdə 2 otaqlı, tam sahəsi 105 m2 olan mənzilin və müvafiq hissədə payın (MTK tərəfindən inşa edilmiş 5-ci mərtəbədə yerləşən, 68 saylı evdə 2 otaqlı, tam sahəsi 105 m2 olan mənzilin) İddiaçı ayrılmasına dair MTK-nın ümumi yığıncağı tərəfindən qəbul edilmiş qərara dair protokolun iddiaçıya təhvil verilməsi və həmin mənzildə təmir-tikinti işlərinin aparılmasına razılıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2014-cü il tarixli podrat müqaviləsinə əsasən, cavabdeh tərəfindən inşa ediləcək 5-ci mərtəbəsində yerləşən, 68 saylı evdə 2 otaqlı, tam sahəsi 105 m2 olan mənzil tikilərək iddiaçıya təhvil verilməlidir. Sözügedən müqavilənin müddətli şərtlə, bir il altı ay müddətinə bağlanmasına və mənzilin haqqının iddiaçı tərəfindən tam ödənilməsinə baxmayaraq, mənzil hazırki tarixədək təhvil verilməmişdir. Cavabdeh MTK tərəfindən iddiaçıya təqdim edilmiş xx.xx.2014-cü il tarixli arayışdan görünür ki, İddiaçı MTK-dan aldığı 5-ci mərtəbədə yerləşən, 68 saylı evdə 2 otaqlı, tam sahəsi 105 m2 olan mənzilin haqqını tam ödəmişdir. Lakin qeyd edilənlərdən hazırkı tarixədək on il müddət ötməsinə baxmayaraq, MTK nə müvafiq hissədə payın İddiaçı ayrılmasına dair ümumi yığıncaq tərəfindən qəbul edilmiş qərara dair protokolu, nə də mənzili iddiaçıya təhvil vermişdir. Mənzilin və mevafiq sənədlərin təqdim edilməsi tələbi ilə MTK-ya müraciətlər edilsə də, o hər dəfə müxtəlif bəhanələrlə öz öhdəliklərinin icrasından yayınır. Yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, sözügedən mənzilin, müvafiq hissədə payın (MTK tərəfindən inşa edilmiş 5-ci mərtəbədə yerləşən, 68 saylı evdə 2 otaqlı, tam sahəsi 105 m2 olan mənzilin) İddiaçı ayrılmasına dair ümumiyığıncaq tərəfindən qəbul edilmiş qərara dair protokolun iddiaçıya təhvil verilməsi və həmin mənzildə təmir-tikinti işlərinin aparılmasına razılıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair məhkəmə qərarının qəbul edilməsi zəruridir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir.

5. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul edərək bildirmişdir ki, razılaşma müqaviləsi ilə mənzilin iddiaçı tərəfindən alınması onlara məlum olduğunu və etirazlarının olmadığını bildirmişdir. Həmin razılaşma müqaviləsini keçmiş sədrləri imzalamışdır.

III. Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Cavabdeh MTK-nın xx.xx.2014-cü il tarixli arayışından görünür ki, İddiaçı Cavabdeh MTK-dan aldığı 68 saylı, 5-ci mərtəbədə olan 2 otaqlı 105 m2 sahəsi olan mənzilin haqqını tam ödəmişdir. Heç bir maddi və mənəvi borcu yoxdur.

8. İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən, Cavabdeh MTK tərəfindən inşa ediləcək 5-ci mərtəbəsində yerləşən, 68 saylı evdə 2 otaqlı, tam sahəsi 105 m2 olan mənzil tikilərək iddiaçıya təhvil verilməsi öhdəliyini daşıyır.

9. Müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi podratçı tərəfindən yerinə yetiriləcək işlərin müqavilədə nəzərdə tutulmuş müddətdə tam yerinə yetirilməsinə görə payçı qarşısında məsuliyyət daşıyır.

10. Müqavilənin 4.5-ci bəndinə əsasən müqavilənin müddəti 1 il 6 aydır.

11. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır.

12. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya mənzil təhvil verilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilədən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya podrat müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

13. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

14. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

17. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

18. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

20. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.

21. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.

22. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

23. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.

24. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

25. Həmin Məcəllənin 770-1.4-cü maddəsinə əsasən tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu payların alqı-satqı müqavilələrinə bu Məcəllənin daşınmaz əşyaların alqı-satqısı haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

26. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

27. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 37.1-ci maddəsinə əsasən çoxmənzilli binada mülkiyyətə sahə əldə edilərkən bu binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda pay həmin əldə edənə keçir.

28. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən müqavilənin çoxmənzilli binada sahəyə mülkiyyət hüquqlarının keçməsi ilə bərabər binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payın keçməsini məhdudlaşdıran müddəaları əhəmiyyətsizdir.

29. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

30. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

31. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən İddiaçı ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən tam sahəsi 105 m2 olan 2 otaqlı 68 saylı mənzilin tam şəkildə dəyərini ödəmişdir.

32. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı X1 xx.xx.2014-cü il tarixli müqavilə üzrə öhdəliklərini tam icra edərək, mənzilin dəyərini tam şəkildə ödəmiş, cavabdeh MTK həmçinin müqavilə üzrə öhdəliklərini icra etməli və mənzili iddiaçıya təhvil verməlidir. İddiaçının mənzilin dəyərini tam şəkildə ödəməsi cavabdeh tərəfindən məhkəmə iclasında etiraf edilərək təsdiq edilmişdir.

33. Bundan başqa məhkəmə iddia tələbinin “müvafiq hissədə payın (MTK tərəfindən inşa edilmiş 5-ci mərtəbədə yerləşən, 68 saylı evdə 2 otaqlı, tam sahəsi 105 m2 olan mənzilin) İddiaçı ayrılmasına dair MTK-nın ümumi yığıncağı tərəfindən qəbul edilmiş qərara dair protokolun iddiaçıya təhvil verilməsi və cavabdehin üzərinə təmir işlərinin aparılması razılıq verilməsi öhdəliyinin qoyulması” hissəsində qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb olmadığından iddiaçının özünə aid edilməlidir. V. Nəticə:

36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh Mənzil-Tikinti Korperativi tərəfindən ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 105 kv.m olan 2 otaqdan ibarət 68 saylı mənzil İddiaçı təhvil verilsin. Cavabdeh Mənzil-Tikinti Korperativinin üzərinə ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 105 kv.m olan 2 otaqdan ibarət 68 saylı mənzilin və həmin hissədə payın ayrılması və ümumi yığıncaq tərəfindən qəbul edilmiş qərara dair protokolun İddiaçı təhvil verilməsi öhdəliyi qoyulsun. Cavabdeh Mənzil-Tikinti Korperativinin üzərinə ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 105 kv.m olan 2 otaqdan ibarət 68 saylı mənzildə İddiaçı tərəfindən təmir-tikinti işlərinin aparılmasına razılıq verilməsi öhdəliyi qoyulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar