Məhkəmə qərarları › İş №2(004)-3960/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3960/2025

11.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3960/2025 11.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh "Avant Group” MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh "xxxx" MTK arasında bağlanmış 25 yanvar 2023-cü il tarixli, 0717 nömrəli Payçı müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən "AVANT PARK" yaşayış kompleksinin 7-ci binasının 7-ci blok, 3-cü mərtəbə, 3 N-li, 3 otaqlı mənzilin ümumi dəyərinin daxili perimetr üzrə sahəsi olan 91.9 kv.m-ə əsasən hesablanaraq onun tərəfindən artıq ödənilmiş 27.000 (iyirmi yeddi min) manat məbləğində pul vəsaitinin, dövlət rüsumu kimi ödənilmiş 162 (yüz altmış ki) manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış 25 yanvar 2023-cü il tarixli, 0717 nömrəli Payçı müqaviləsinə əsasən, Cavabdeh MTK ünvan 1 ünvanında tikilməkdə olan “AVANT PARK” yaşayış kompleksinin 7-ci binasının 7ci blok, 3-cü mərtəbə, 3 №-li, 3 otaqlı mənzili tikib onun mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin ümumi dəyəri ƏDV daxil olmaqla 108.477 (yüz səkkiz min dörd yüz yetmiş yeddi) manat təşkil etmişdir. Lakin, mənzilin ümumi dəyəri daxili perimetr üzrə sahəsi olan 94.14 kv.m deyil, xarici perimetr üzrə sahəsi olan 108.07 kv.m-ə əsasən hesablanmışdır. Halbuki, daxili perimetr üzrə sahəsinə əsasən hesablanmalı idi. O, bununla bağlı, Cavabdeh MTK-ya xx.xx.2025-ci il tarixli pretenziya məktubu ünvanlayaraq, 25 yanvar 2023-cü il tarixli, 0717 nömrəli Payçı müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən “AVANT PARK” yaşayış kompleksinin 7-ci binasının 7-ci blok, 3-cü mərtəbə, 3 №li, 3 otaqlı mənzilin ümumi dəyərinin daxili perimetr üzrə sahəsi olan 94.14 kv.m-ə əsasən hesablanmasını, onun tərəfindən artıq ödənilmiş 23.800 (iyirmi üç min səkkiz yüz) manat məbləğində ödənişin geri qaytarılmasını və ödəniş məbləğinin ƏDV-nin (əlavə dəyər vergisi) ona verilməsini xahiş etsə də, heç bir müsbət nəticəsi olmamışdır. Cavabdeh iddia tələbinə dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı ilə rəsmiləşdirilmiş xx.xx.2023-cü il tarixli, 0717 saylı Payçı müqaviləsi üzrə müqavilənin 2.1-ci maddəsi ilk növbədə bəyan edir ki, mənzilin xarici paramentr üzrə sahəsi 108,07 kv.m. təşkil edir. Məhz həmin xarici parametrlər üzrə mənzilin ümumi dəyəri formalaşdırılmışdır. Müqavilənin 2.2-ci bəndi isə sadəcə informativ xarakter daşıyır, yardımçı müddəa olaraq mənzilin xarici parametrlərdə sahəsinə nisbətdə daxili parametrdə hansı ölçülərdə olduğu bildirilmişdir. Qeyd olunan mənzilin xarici parametrlərdə satışı müqavilənin məzmununda 8.15-ci maddədə də ehtiva olunur. Payçı müqaviləsinin 8.15-ci maddəsinə əsasən “Payçı” xəbərdardır ki, mənzil üzrə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışda oxdan-oxa mənzil sahəsi qeyd edilməyə bilər. Bu müddəa onu təsbit edir ki, iddiaçı mənzili xarici parametrlər ilə almış və dəyərini ona görə ödəmişdir. Adətən mənzillərə mülkiyyət hüquqları haqqında Reyestrdən Çıxarışlar verildiyi zaman mənzillərin sahə ölçüləri arasında fərqlərdən irəli gələrək, tələblər irəli sürülə bilər. Bu tələblərin olmaması üçün Payçı xarici parametrlərdə mənzili əldə etməsindən xəbərdar olması barədə etirafı müqavilədə öz təsdiqini tapmışdır. Hazırki pul tələbi isə iddiaçının prosessual hüquqlarından sui-istifadə etməsi deməkdir. Məhkəmə iclasında iştirak edən İddiaçınun nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirmişdir ki, iddianı müdafiə edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Ekspert rəyinə əsasən də müəyyən olunur ki, mənzilin ümumi sahəsi 93,3 kvadratmetrdir. Müqavilədə də tam sahə 94,14 kvadratmetr qeyd edilmişdir. Hesab edirlər ki, tərəflərindən hər hansı pozuntu olmamışdır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Beləliklə, məhkəmə tərəflərin izahatını dinləyib sübutlara və iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh MTK və İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli "xxxx"ndən görünür ki, MTK pay qismində çıxış edən ünvan 1 ünvanında tikilməkdə olan “Avant Park” yaşayış kompleksinin 7-ci binasında, 7-ci blok, 3cü mərtəbə, 3 nömrəli, 3 otaqlı mənzili tikib və Payçının mülkiyyətinə verməyi öhdəsinə götürür. Payçı bu müqaviləyə əsasən pay qismində çıxış edən ünvan 1 ünvanında tikilməkdə olan “Avant Park” yaşayış kompleksinin 7-ci binasında, 7-ci blok, 3-cü mərtəbə, 3 nömrəli, 3 otaqlı mənzili qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri MTK-ya ödənilməsini və həmçinin gələcəkdə “Avant Park” yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödənişlər etməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən mənzilin xarici perimetr üzrə sahəsi 108,07 kv.m, 2.2-ci bəndinə əsasən mənzilin daxili perimetr üzrə sahəsi 94,14 kv.m təşkil edir. Müqavilənin 2.3-cü bəndinə əsasən müqavilənin ümumi dəyəri ƏDV daxil olmaqla 180.477 (yüz səksən min dörd yüz yetmiş yeddi) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/5047 nömrəli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 241 ünvanında inşa edilmiş “Avant Park” yaşayış kompleksinin 7-ci binasının, 7-ci blokunun 3-cü mərtəbəsində yerləşən 3 otaqlı, 3 saylı mənzilin faktiki ümumi sahəsinin, müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan (iddiaçının layihədən kənar qaydada apardığı tikintialtı sahə istisna olmaqla) 93,3 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin qeyd edilən maddələrinə əsasən: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 770-1.4. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu payların alqı-satqı müqavilələrinə bu Məcəllənin daşınmaz əşyaların alqısatqısı haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin qeyd edilən maddələrinə əsasən: 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh “Avant Group" MTK arasında xx.xx.2023-cü il tarixli podrat müqaviləsi bağlanmışdır. Müqavilənin predmeti ondan ibarətdir ki, MTK pay qismində çıxış edən ünvan 1 ünvanında tikilməkdə olan “Avant Park” yaşayış kompleksinin 7-ci binasında, 7-ci blok, 3-cü mərtəbə, 3 nömrəli, 3 otaqlı mənzili tikib və Payçının mülkiyyətinə verməyi öhdəsinə götürür. Payçı bu müqaviləyə əsasən pay qismində çıxış edən ünvan 1 ünvanında tikilməkdə olan “Avant Park” yaşayış kompleksinin 7-ci binasında, 7-ci blok, 3-cü mərtəbə, 3 nömrəli, 3 otaqlı mənzili qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri MTK-ya ödənilməsini və həmçinin gələcəkdə “Avant Park” yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödənişlər etməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən mənzilin xarici perimetr üzrə sahəsi 108,07 kv.m, 2.2-ci bəndinə əsasən mənzilin daxili perimetr üzrə sahəsi 94,14 kv.m təşkil edir. Müqavilənin 2.3-cü bəndinə əsasən müqavilənin ümumi dəyəri ƏDV daxil olmaqla 180.477 (yüz səksən min dörd yüz yetmiş yeddi) manat təşkil edir. Məhkəmə ünvan 1 ünvanında yerləşən mənzilin faktiki ümumi sahəsini, habelə mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsini müəyyən etmək üçün xüsusi bilik tələb edildiyinə görə, iş üzrə tikinti-texniki ekspertizası təyin etmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/5047 nömrəli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 241 ünvanında inşa edilmiş “Avant Park” yaşayış kompleksinin 7-ci binasının, 7-ci blokunun 3-cü mərtəbəsində yerləşən 3 otaqlı, 3 saylı mənzilin faktiki ümumi sahəsinin, müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan (iddiaçının layihədən kənar qaydada apardığı tikintialtı sahə istisna olmaqla) 93,3 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Məhkəmə qeyd edir ki, yaşayış sahəsinin alınması ilə bağlı formalaşmış praktika, işgüzar adətlər mövcuddur. Yaşayış sahəsinə ehtiyacı olan şəxsin həmin münasibətlərə girərkən əldə edəcəyi əsas məqsədlərdən biri mənzilin yaşayış sahəsinin ölçüsüdür. Müqavilədə yaşayış sahəsinin ölçüsünün göstərilməsi, ilk olaraq alıcının həmin ölçüyə uyğun yaşayış sahəsinə sahib olacağına əminlik verir. Ona görə müqavilədəki qeyrimüəyyən hallar (sahəsinin qanunvericiliyin tələblərinə uyğun deyil, başqa qaydada hesablanması və s.) alıcının deyil, tikintini həyata keçirən və mənzil satışı ilə məşğul olan tərəfin ziyanına şərh edilməlidir. Tərəflər bağladıqları müqavilənin şərtlərini (mənzilin ümumi sahəsini, onun hesablanma şərtlərini və dəyərini) azad şəkildə özləri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. Belə olan halda, həmin şərtlərin formal əsaslarla və mülahizələrlə dəyişdirilməsi yolverilməzdir. Hazırki iş üzrə iddiaçı müqavilədə nəzərdə tutulan mənzilin qiymətinin xarici perimetr üzrə, yəni 108,07 kv.m hesaba alınmaqla müəyyən edildiyini bildirir. Bununla bağlı sübut qismində yazışma mətnlərini də təqdim edir. Cavabdeh isə iddia tələbinə etiraz edərək, mənzilin qiymətinin daxili perimetr üzrə, yəni 94,14 kv.m hesaba alındığını bildirir. Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisə ilk növbədə onlar arasında bağlanmış müqavilə bəndlərinə əsasən həll edilir. Müqavilənin bəndlərinə nəzər saldıqda görünür ki, müqavilədə mənzilin həm daxili perimetr üzrə, həm xarici perimetr üzrə sahəsi göstərilmiş, həmçinin müqavilənin 2.3-cü bəndində müqavilənin ümumi qiyməti əks olunmuşdur. Tərəflər də həmin şərtlər əsasında razılığa gəlməklə müqavilə bağlamışlar. Lakin müqavilənin həmin şərtlərinə əsasən müqavilənin qiymətinin hansı sahə üzrə hesablandığını dəqiq müəyyən etmək mümkün olmamışdır. Müqavilədə həm xarici perimetr üzrə, həm də daxili perimetr üzrə sahənin konkret göstərilməsi isə onu deməyə əsas verir ki, İddiaçı mənzilin ölçüləri qabaqcadan məlum olmuşdur. Bu halda, onun müqavilə qiyməti ilə də razılaşdığı, həmin məbləğin məhz daxili perimetr üzrə ödənilməsini müəyyən etməyə əsas verir. Lakin, formalaşmış məhkəmə təcrübəsinə görə də, analoji işlərdə mənzilin ümumi sahəsi eyvan (lociya) sahələrinə əmsal tətbiq edilmədən, daxili sahələr isə divaraltı sahələr nəzərə alınmadan hesablanır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/5047 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 241 ünvanında inşa edilmiş “Avant Park” yaşayış kompleksinin 7-ci binasının, 7-ci blokunun 3-cü mərtəbəsində yerləşən 3 otaqlı, 3 saylı mənzilin faktiki ümumi sahəsinin, müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan (iddiaçının layihədən kənar qaydada apardığı tikintialtı sahə istisna olmaqla) 93,3 kv.m təşkil etdiyi öz təsdiqini tapmışdır. Göründüyü kimi, iddiaçı müqavilənin tələblərini tam olaraq icra etsə də, cavabdeh müqavilənin şərtlərini pozaraq müqavilədə nəzərdə tutulmuş ölçüdən az sahədən ibarət mənzili ona təhvil vermişdir. Məhkəmə qeyd edir ki, müqavilə öhdəlikləri üzrə fərqin 0,84 kv.m (94,14-93,3=0,84 kv.m) olması və hər kvadrat metri üçün 1917,1 manat təşkil etməsi nəzərə alınmaqla cavabdeh tərəfindən müqavilə öhdəliklərinə əməl edilməməsi nəticəsində iddiaçı tərəfindən cavabdehə 1610,28 (0,84x1917,1) manat əsassız pul vəsaiti ödənilmişdir. Bu baxımdan həmin pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MTK-dan 1610,28 (min altı yüz on manat iyirmi səkkiz qəpik) manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə, iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumu ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 36.11 (otuz altı manat on bir qəpik) manat pul cavabdehdən tutularaq İddiaçınun xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 125.89 (bir yüz iyirmi beş manat səksən doqquz qəpik) manat (162-36.11=125.89) iddiaçıya aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri 100 (yüz) manat pul da Cavabdeh MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh "Avant Group” MTK-dan 1610.28 (bir min altı yüz on manat iyirmi səkkiz qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 36.11 (otuz altı manat on bir qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 125.89 (bir yüz iyirmi beş manat səksən doqquz qəpik) manat (162-36.11=125.89) iddiaçıya aid edilsin. İş üzrə 27 oktyabr 2025-ci il tarixdə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat pul vəsaiti cavabdeh "Avant Group” MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ **********0000003944, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar