Məhkəmə qərarları › İş №2(004)-397/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-397/2021

04.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-397/2021 04.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququ olmayan şəxs hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququ olmayan şəxs hesab edilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Ələsgər Ələkbərov küçəsi 507/511-ci məhəllədə yerləşən 14 A nömrəli evin 31 nömrəli mənzilinə istifadə hüququ olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, xx.xx.2007-ci il tarixli MH seriaylı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu Ələsgər Ələkbərov küçəsi 507/511-ci məhəllədə yerləşən 14 A nömrəli evin 31 nömrəli mənzili İddiaçı tam mülkiyyətindədir. Cavabdeh iddiaçının oğlu X2 ilə xx.xx.2016-cı il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşdur, birgə nikahdan onların övladı yoxdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-cı il tarixli qətnaməsi ilə Cavabdeh və X2 arasında bağlanmış nikah pozulmuşdur. İddiaçı keçmiş gəlini Cavabdeh mülkiyyətində olan mənzilə qeydiyyata salsa da, onun həmin mənzildən istifadə hüququ yaranmamışdır. Nikah pozulduqdan sonra cavabdeh iddiaçıya məxsus mənzildə yaşamır. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Cavabdeh qeydiyyatda olduğu ünvan üzrə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmişdir. Lakin cavabdeh həmin ünvanda yaşamadığı üçün bildirişi ona təqdim etmək mümkün olmamışdır. Bu barədə 21 saylı MKİS-nin tərəfindən müvafiq qeyd yazılmaqla bildiriş məhkəməyə qaytarılmışdır. Həmçinin, “AZEMİS” vasitəsilə +**********49 mobil nömrəsinə SMS bildirişi göndərilməklə cavabdehə məlumat verilmişdir. Lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri baradə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı işin mübahisəsiz halları kimi müəyyən edilir ki, MH seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu Ələsgər Ələkbərov küçəsi 507/511-ci məhəllədə yerləşən 14 A nömrəli evin 31 nömrəli mənzili İddiaçı tam mülkiyyətindədir. Cavabdeh iddiaçının oğlu X2 ilə xx.xx.2016-cı il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşdur, birgə nikahdan onların övladı yoxdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-1913/2020 nömrəli qətnaməsi ilə Cavabdeh və X2 arasında xx.xx.2016-cı il tarixdə 2746 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Nikahın pozulması barədə xx.xx.2020-ci il tarixdə 370 nömrəli akt qeydi aparılmışdır. Cavabdeh iddiaçının oğlu X2 ilə xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olduqdan sonra İddiaçı tam mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Ələsgər Ələkbərov küçəsi 507/511-ci məhəllədə yerləşən 14 A nömrəli evin 31 nömrəli mənzilinə qeydiyyata alınsa da, cavabdehin həmin mənzildən istifadə hüququnun yaranmasına dair noratial qaydada təsdiqlənmiş yazılı razılaşma mövcud deyildir. Yəni, cavabdeh iddiaçının mülkiyyətindəki mənzilə istifadə hüququ əldə etməmişdir. Cavabdeh nikah pozulandan sonra iddiaçıya məxsus olan mənzildə faktiki olaraq yaşamır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Göründüyü kimi, cavabdeh iddiaçının oğlu ilə nikahda olduğu dövrdə iddiaçının mülkiyyətindəki mənzilə qeydiyyata alınsa da, həmin mənzildən istifadə hüququ yaranmamışdır, bu baradə gəlin-qaynana arasında notarial qaydada təsdiq edilmiş heç bir razılaşma olmamış və halhazırda iddiaçının oğlu ilə cavabdehin ailə münasibələrinə də xitam verilmişdir. Bu səbəbdən, məhkəmə qeyd edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə qeydiyyata alınması, onun həmin mənzil üzərində daimi istifadə hüququnun yaranmasını özündə ehtiva etmir. Cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə qanunla müəyyən edilmiş qaydada istifadə hüququ yaranmamışdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən şəxsin hər hansı mənzildə rəsmi qeydiyyatda olması, onun həmin mənzildən daimi istifadə etmək hüququnun mövcud olmasına dəlalət etmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdur və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdeh iddiaçının mülkiyyətindəki mənzilə istifadə hüququ olmayan şəxs hesab edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Ələsgər Ələkbərov küçəsi 507/511-ci məhəllədə yerləşən 14 A nömrəli evin 31 nömrəli mənzilinə istifadə hüququ olmayan şəxs hesab edilsin. Bu qətnamə Cavabdeh Bakı şəhəri Yasamal rayonu Ələsgər Ələkbərov küçəsi 507/511-ci məhəllədə yerləşən 14 A nömrəli evin 31 nömrəli mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar