Məhkəmə qərarları › İş №2(004)-3978/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3978/2024

17.09.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3978/2024 17.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmək kitabçasında düzəliş edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “əmək kitabçasında düzəliş edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus əmək kitabçasında düzəliş etmək və həmin əmək kitabçasında "işçinin öz təşəbbüsü ilə tutduğu vəzifədən azad edilsin" sözləri yazmaq öhdəliyin "xxxx" X4 Cəmiyyətin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 04 may 2012-ci il tarixdən Cavabdeh Açıq Səhəmdar Cəmiyyətinin “NUR“ filialında Kredit Şöbəsinin İstehlak Kreditlər bölməsinin kiçik mütəxəssisi vəzifəsinə qəbul olunmuşdur. İşlədiyi müddət ərzində Bankn qoyduğu daxili tələbləri icra etdiyinə, yüksək nəticələr verdiyinə görə mütəxəssiz, böyük mütəxəssiz, aparıcı mütəxəssiz, Baş İstehlak Kreditlər bölməsinin rəhbəri, Kredit Şöbəsinin müdir müavini vəzifəsinə qədər qalxmışdır. Cavabdeh Açıq Səhəmdar Cəmiyyəti tərəfindən göndərilən bütün tədbirlərdə, belnəlxalq, daxili kurslarda müvəffəqiyyətlə iştirak etmişdir. Təltifləri var. 12 mart 2018-ci il tarixdən isə verilən əmri icra etmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işdən uzaqlaşdırılmışdır. Hesab olunur ki, bu "xxxx" X3 Cəmiyyətin rəhbərliyi tərəfindən iddiaçı ilə əlaqədar qəbul edilmiş edilmiş qanunsuz qərardır. İşlədiyi müddətdə rəhbərlik tərəfindən heç bir cəza almamışdır. Hal-hazırda bu maddə ilə işdən çıxarıldığına görə başqa bir yerdə işə qəbul olunmaqda çətinlik çəkir. Bütün bunlar onun məddi vəziyyətinin və səhətinin pisləşməsinə gətirib çıxarır. Ailəlidir, iki övladı var. Ailədə tək işləyə biləcək şəxsdir və ailənin maddi təminatını təmin etmək onun üzərinə düşür. Belə bir vəziyyətdə işləməməyi çox pis təsir etmiş olur. Cavabdehin nümayəndəsi Nümayəndə3 iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məkəməyə müraciət edərək, İddiaçı Cavabdeh ASC-yə qarşı əmək kitabçasına müvafiq düzəliş edilməsi öhdəliyinin Cavabdeh ASC-nin üzərinə qoyulmasına dair iddia tələbinə iddia müddətini tətbiq edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qanunvericiliyin tələbləri baxımından Bankın səlahiyyətli orqanı tərəfindən qəbul edimiş qərar - əmr tam qanunidir. Belə ki, İddiaçı işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilmişdir. X2 Departamenti tərəfindən aparılmış yoxlama nəticəsində “Nur” filialının istehlak kreditləri portfelində çoxsaylı nöqsanlar aşkar edilmiş, Bankın bir neçə əməkdaşına, o cümlədən filialın direktoruna və nəzarət şöbəsinin müdirinə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş, İddiaçı isə tutduğu vəzifədən azad edilmişdir. Göründüyü kimi intizam tənbehi təkcə İddiaçı barəsində deyil, digər əməkdaşların barəsində də aparılmışdır. Bu səbəbdən də, iddia əsassızdır. Bundan əlavə qeyd edilməlidir ki, onun işdən çıxarıldıqdan 2 il sonra müraciət edərək sənədləri alması və eləcədə ümumilikdə 6 ilə yaxın zaman ərzində nə Əmək Müfəttişliyinə nə də məhkəməyə müraciət etməməsi onu göstərir ki, İddiaçı həqiqətən də özünü yol verdiyi nöqsanlarda təqsirkar bilmiş və buna görə də heç bir yerə müraciət etməmişdir. Normal halda o həqiqətən də haqsız yerə çıxarılmış olsa idi, şikayət verərək hüququnun bərpasına cəhd edərdi. Eyni zamanda, iddia tələbi üzrə müddət keçmişdir. Belə ki, iddiaçı məhkəmədə iddianı 2024-cü ildə qaldırmışdır. İş materiallarından da göründüyü kimi iddiaçı 2018-ci ildə işdən azad edilmiş, əmək kitabçasını və müvafiq əmrin surətini isə xx.xx.2020-ci il tarixdə təhvil almışdır, əmək kitabçasını və əmri aldıqdan sonra da nə əmək müfətişliyinə nə də məhkəməyə mürciət etməmişdir. Beləliklə iddia müddətinin axımı başlamış və davam edərək uzun zaman ötmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. İş materiallarında olan 143894 nömrəli əmək kitabçasının notariat qaydasında təsdiq edilmiş surətinə əsasən İddiaçı xx.xx.2012-ci il tarixdə Cavabdeh ASC-nin “Nur” fialında Kredit Şöbəsinin İstehlak Kreditlər bölməsinin kiçik mütəxəssisi vəzifəsinə təyin olunmuş, xx.xx.2013-cü il tarixdə həmin bölmənin mütəxəssisi vəzifəsinə təyin olunmuş, xx.xx.2013cü il tarixdə həmin bölmənin böyük mütəxəssisi vəzifəsinə təyin olunmuş, xx.xx.2014-cü il tarixdə həmin bölmənin baş mütəxəssisi vəzifəsinə təyin olunmuş, xx.xx.2014-cü il tarixdə həmin bölmənin rəhbəri vəzifəsinə təyin olunmuş, xx.xx.2015-ci il tarixdə kredit şöbəsinin müdir müavini vəzifəsinə təyin olunmuş, xx.xx.2018-ci il tarixdə AR Əmək Məcəlləsinin 70ci maddəsinin ç bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən tutduğu vəzifədən azad edilmiş və bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli 3-17-5/2-A- 30356/2024 nömrəli məktubuna əsasən Cavabdeh ASC tərəfindən xx.xx.2024-cü il tarixli məktubla X1 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilmiş sənədlərə baxış keçirilərkən İddiaçı xx.xx.2012-ci il tarixində Cavabdeh ASC-yə “kredit şöbəsinin müdir müavini” vəzifəsinə işə qəbul edildiyi, İddiaçı ilə Cavabdeh ASC-nin işəgötürəni arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2018-ci il tarixində AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verildiyi məlum olmuşdur. Lakin müraciət ilə əlaqədar tələb olunan aidiyyəti sənədlər Cavabdeh ASC tərəfindən X1 Xidmətinin Bakı şəhər İdarəsinə natamam təqdim edildiyindən İddiaçı əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq xitam verilib-verilməməsi məsələsinə tərəfimizdən münasibət bildirilməsi mümkün olmamışdır. İş materiallarında olan Bakı 8 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli MŞB/8/2024-01363 nömrəli “İlkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışına əsasən mediasiyanın tətbiqi barədə təklif xx.xx.2024-cü il tarixdə göndərilmiş, ilkin mediasiya sessiyası xx.xx.2024-cü il tarixdə keçirilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 296-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin maddənin 4-cü hissəsinə əsasən pul və və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Həmin maddənin 6-cı hissəsinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. "Mediasiya" haqqında Azərbaycan Respublikasının Qanununun: 21.5-ci maddəsinə əsasən mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır. 32.4.2-ci maddəsinə əsasən Bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir. 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. İddia müddəti ilə bağlı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Cavabdeh ASC-də müxtəlif vəzifələrdə işləmiş və xx.xx.2018-ci il tarixdə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən tutduğu vəzifədən azad edilmiş və bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hazırda bu maddə ilə işdən çıxarıldığına görə başqa bir yerdə işə qəbul olunmaqda çətinlik çəkdiyi üçün məhkəmədə iddia qaldıraraq əmək kitabçasında "işçinin öz təşəbbüsü ilə tutduğu vəzifədən azad edilsin" sözləri yazmaq öhdəliyin "xxxx" X4 Cəmiyyətin üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək, iddia müddətinin keçməsi əsası ilə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı əmək müqaviləsinə xx.xx.2018-ci il tarixdə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı fərdi əmək mübahisəsinin həll edilməsi üçün hüququnun pozulduğunu aşkar etdiyi gündən xeyli müddət sonra, xx.xx.2024-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərmiş, xx.xx.2024-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş və hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət edərək qanuvericilikdə nərəzdə tutulmuş iddia müddətini ötürmüşdür. Beləliklə, məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi əsasında iddia müddətini tətbiq edərək hesab edir ki, İddiaçı cavabdeh ”Turanbank” ASCyə qarşı İddiaçı məxsus əmək kitabçasında düzəliş etmək və həmin əmək kitabçasında "işçinin öz təşəbbüsü ilə tutduğu vəzifədən azad edilsin" sözləri yazmaq öhdəliyin "xxxx" X4 Cəmiyyətin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar