Məhkəmə qərarları › İş №2(004)-3985/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3985/2022

08.09.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3985/2022 08.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsin nümayəndələri Nümayəndə3 və Nümayəndə2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) intizam tənbehi tədbirinin qanunsuz hesab edilməsi, müvafiq əmrə düzəliş edilməsi və müvafiq məlumatlandırmanın həyata keçirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) intizam tənbehi tədbirinin qanunsuz hesab edilməsi, müvafiq əmrə düzəliş edilməsi və müvafiq məlumatlandırmanın həyata keçirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxsinin İdarə Heyəti sədrinin 29 aprel 2022-ci il tarixli **********3 nömrəli "İntizam tənbehinin verilməsi haqqında" əmrində İddiaçı münasibətdə intizam tənbeh tədbirinin (töhmət) qanunsuz hesab edilməsi, intizam tənbehi verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsi nəzərə alınaraq töhmətin ləğv edilməsi və bununla bağlı olaraq müvafiq əmrə düzəliş edilməsi, o cümlədən müvafiq məlumatlandırmanın həyata keçirilməsi barədə barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi və onun arasında 12 aprel 2021-ci il tarixdə əmək müqaviləsi bağlanılaraq Agentliyin Hüquq departamentinin Korporativ hüquq şöbəsinin məsləhətçisi vəzifəsinə işə qəbul edilmişdir. 29 aprel 2022-ci il tarixdə DOST X8 sədrinin **********3 nömrəli əmri ilə əsassız olaraq ona intizam tənbehi (töhmət) tətbiq edilmişdir. Lakin ona tətbiq olunan intizam tənbehi əsassız və ədalətsiz olduğundan bununla razılaşa bilməmişdir. Belə ki, “İntizam tənbehinin verilməsi haqqında” 29 aprel 2022-ci il tarixli. **********3 nömrəli əmrə əsasən 1 saylı Bakı DOST Mərkəzinin Monitorinq şöbəsinin əməkdaşları tərəfindən ünvanlı dövlət sosial yardımın təyinatı ilə bağlı müraciət etmiş vətəndaş X3 faktiki yaşayış ünvanında maddi-məişət şəraitinin müayinəsinin səthi və qeyri-peşəkar aparıldığı, o cümlədən Dayanıqlı və Operativ Sosial Təminat X8 sədrinin “DOST mərkəzlərində ünvanlı dövlət sosial yardımı ilə bağlı müraciət etmiş şəxslərin maddi-məişət şəraitinin müayinəsi məqsədilə monitorinq fəaliyyətinin nəticələrinin təhlil edilməsi üçün müvəqqəti komissiyaların yaradılması haqqında" 2021-ci il 5 may tarixli **********6 nömrəli əmri ilə yaradılmış müvəqqəti komissiya tərəfindən B.Məcidovanın maddiməişət şəraitinin müayinəsi nəticələrinin təhlil edilməsi zamanı əmək funksiyalarının icrasında nöqsanlara yol verildiyi göstərilərək Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən ona intizam tənbehi tətbiq edilmişdir. Halbuki, B.Məcidovanın ünvanlı dövlət sosial yardımla bağlı 2 oktyabr 2021-ci il tarixli müraciəti üzrə 1 saylı Bakı DOST Mərkəzinin Monitorinq şöbəsinin əməkdaşları tərəfindən maddi-məişət şəraitinin müayinəsi aparılmış, daha sonra 29 oktyabr 2021-ci il tarixdə komissiya (2 üzv və 1 sədrdən ibarət) iclası keçirilərək Monitorinq şöbəsinin əməkdaşları tərəfindən təqdim edilmiş məlumatlar əsasında üzvlər və komissiya sədri tərəfindən B.Məcidovaya sosial yardımın təyin olunması istiqamətində yekdil şəkildə qərar verilmişdir. Vətəndaş müraciəti zamanı verdiyi məlumatları bildirmişdir. Alimentlə bağlı verilən məlumatın həqiqiliyini yoxlamaq məqsədilə komissiya üzvləri və sədri tərəfindən monitorinq qrupunun əməkdaşlarına müvafiq orqana sorğu göndərilməsi istiqamətində göstəriş verilmişdir. Bununla belə vətəndaşın müraciətinə baxılma müddətinin ötürülməsi nəzərə alınaraq verilmiş sorğunun cavabı gözlənilmədən sosial yardımın verilməsi ilə bağlı tərəflərindən təyinat verilmişdir. Digər tərəfdən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxil nəzarət və audit şöbəsi B.Məcidovanın müraciəti üzrə araşdırmaya başlamış, vətəndaş tərəfindən ərizədə göstərilən gəlirlərin düzgün bəyan edilməməsi səbəbindən sosial yardım təyin olunmasına təyinat verilməsini səhlənkarlıq kimi qiymətləndirərək barəsində müvafiq intizam tənbeh tədbiri tətbiq edilməsi ilə bağlı göstəriş vermişdir. Şöbə bu qənaətə gələrkən yalnız vətəndaşının keçmiş ərinin aliment verməsi ilə bağlı şifahi ifadəsinə əsaslanmışdır. Halbuki, vətəndaşın aliment alıb-almamasını təsdiq edən müvafiq hüquqi sənəd təqdim edilmədiyindən və bununla bağlı monitorinq şöbəsi tərəfindən verilmiş sorğuya cavab verilməsi vətəndaşın müraciət müddətinin ötürülməsinə səbəb olduğjndan (2) təyinat verilmişdir. Komissiya tərəfindən qanunvericilikdən kənar digər vasitələrlə məlumat əldə edilməsi isə komissiyanın səlahiyyətləri xaricindədir. Məzuniyyətdə olduğum zaman B.Məcidovanın işi üzrə komissiyanın fəaliyyətinin araşdırılması istiqamətində izahat vermək üçün DOST Agentliyi tərəfindən zəng vasitəsilə Nazirliyə dəvət olunmuşdur. xx.xx.2022xx.xx.2022-ci il tarixlərdə əmək məzuniyyətində olduğundan (səhhətimdəki problemlə bağlı) gedə bilməyəcəyi barədə məlumat vermiş və izahatın elektron qaydada verilməsi ilə bağlı razılığa gəldikdən sonra, 09 fevral 2022-ci il tarixdə izahatı Agentliyin Daxili nəzarət və audit departamentinin Daxili nəzarət şöbəsinin müdiri Zaur Baxşəliyevin xidməti elektron poçt hesabına (mailto:dost_b.zaur@sosial.gov.azElektron ünvan ) göndərmişdir. 23 fevral 2022-ci il tarixdə məzuniyyətdən geri qayıdarkən ona inzibati tənbeh tədbiri tətbiq edilməsi ilə bağlı məsələ qalxmamışdı. Qeyd olunan tarixdən 2 aydan çox vaxt keçdikdən sonra, aprel ayında yenidən Agentliyin Daxili nəzarət və audit departamenti tərəfindən eyni iş üzrə ondan izahat verməsi tələb olunmuşdur. İlkin olaraq daha öncə izahat yazdığını əsas gətirmiş, yenidən izahatın əsassız olduğunu bildirmişdir. Lakin təzyiq altında qalaraq ilkin izahatla eyni məzmunda yenidən izahat verməyə məcbur olunmuşdur. Həmçinin həmin izahatda bundan əvvəl də 09 fevral 2022-ci il tarixdə eyni məzmunlu izahatın tərəfindən təqdim olunduğunu xüsusilə qeyd etmişdir. 27 aprel 2022-ci il tarixdə məcbur qalaraq yenidən izahatı yazıb aidiyyəti üzrə təqdim etmişdir. Üzərindən 2 gün keçdikdən sonra sanki tək qərarverici şəxs o olmuş kimi yalnız ona və Monitorinq şöbəsinin əməkdaşlarına 29 aprel 2022-ci il tarixdə **********3 nömrəli əmrlə intizam tənbehi (töhmət) tətbiq edilmişdir. Verilən intizam tənbehi Əmək Məcəlləsinin müvafiq maddələri pozulmaqla tətbiq edildiyindən DOST X8 sədrinin qəbuluna düşmüş, əmri qanuna uyğun hesab etməyərək töhmətin ləğvi barədə öz xahişimi çatdırmışdır. İdarə Heyətinin sədri ilə aparılan danışıq nəticəsində məlum olmuşdur ki, komissiya tərkibindən məhz ona töhmətin verilməsi Nazirlik tərəfindən verilən tapşırıqdır və töhmətin geri götürülməsi qeyri-mümkündür. Eyni zamanda Nazirliyin qərəzli münasibəti səbəbindən işinə adaptasiya olmaqda çətinlik çəkdiyindən ərizəsi əsasında işdən çıxma qərarı almışdır. Bununla da 01 iyun 2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Nəticədə tətbiq edilmiş intizam tənbehi barədə DOST Agentliyi və mərkəzlərinin 500-dən çox əməkdaşının məlumatlandırılması işgüzar nüfuzuna toxunduğundan töhmətin ləğv edilməsi ilə bağlı yeganə çıxış yolu olaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi iddia tələbinə dair etiraz ərizəsi təqdim edərək, qeyd etmişdir ki, “Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununa əsasən Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Sosial yardımın məqsədi aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsindən ibarətdir. Sosial yardım dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. Ağdaş rayon sakini X4 və “Qismət" adlı şəxsin birlikdə Bakı şəhərində “vasitəçilik" fəaliyyəti ilə məşğul olduqları və ünvanlı dövlət sosial yardımı (ÜDSY) təyin edilməsi müqabilində vətəndaşlardan 400 manat məbləğində pul tələb etmələri barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (bundan sonra-Nazirlik) məlumat və səs yazıları daxil olmuş və bu əsasla araşdırılma başlanılmışdır. Araşdırma zamanı B.Məcidovanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016- cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtna edilməsi Qaydaları"na uyğun olaraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə məlumatlarını daxil etdiyi Bakı şəhər sakinləri X9, X5, Ağdaş rayon sakinləri X21, X17 və X2 ailələrinə, habelə B.Məcidovanın özünün də ailəsinə ÜDSY təyin edildiyi məlum olmuşdur. Araşdırma dövründə sözügedən ailələrin təkrar maddi-məişət şəraitinin monitorinqi aparılmış və S.İsmayılovun, K.Qaragedəyevanın, Q.Həmidovun, G.Nəbıyevanın və B.Məcidovanın VEMTAS-a daxil edilmiş məlumatlarında uyğunsuzluqlar aşkar edildiyindən (ailənin gəlirləri barədə məlumatların düzgün göstərilməməsi səbəbindən) təyin edilmiş ÜDSY işlərinin dayandırılması barədə qanunamüvafiq tədbirlər görülmüşdür. Eyni zamanda monitorinq zamanı X10 məlumatlarında uyğunsuzluq aşkarlanmasa da, Ə.Cəfərov ÜDSY-nın təyin edilməsi üçün VEMTAS-a məlumatların daxil edilməsi məqsədilə Qismət adlı şəxsə 500 manat məbləğində pul verdiyini bildirmişdir. B.Məcidovanın ÜDSY işinin araşdırılması zaman DOST Agentliyinin 1 saylı Bakı DOST Mərkəzinin əməkdaşları tərəfindən aparılmış maddi-məişət şəraitinin müayinəsi (bundan sonra-müayinə) səthi və qeyri-peşəkar aparılmışdır. Belə ki, müayinə aktında təmsilçinin, yəni B.Məcidovanın (ailə tərkibi özü və 2 övladı) əri ilə aralarındakı nikahın pozulduğu və məhkəmə qərarı ilə hər uşağa 70 manat məbləğində aliment təyin edildiyi, lakin hazıradək ödənilmədiyi qeyd olunsa da, müayinə zamanı təmsilçi tərəfindən qeyd olunan məlumatları təsdiqləyən heç bir sənəd təqdim olunmamış, bununla da ailənin gəlirləri müəyyənləşdirilərkən qeyri-dəqiqliyə yol verilmişdir. Bundan əlavə B.Məcidovanın ünvanında aparılmış müayinənin video və foto çəkilişlərinə baxış zamanı təmsilçiyə məxsus olmayan digər vətəndaşın ünvanında çəkilmiş video və foto görüntülərin VEMTAS-da yerləşdirildiyi aşkarlanmışdır. Araşdırma zərurəti olaraq B.Məcidovanın ünvanında aparılmış müayinənin video çəkilişinə baxış zamanı müayinənin gedişində Təmsilçinin 1 saylı Bakı DOST Mərkəzinin əməkdaşlarının suallarını cavablandırmaq məqsədilə “Qismət” adlı şəxslə telefon əlaqəsi yaradaraq ondan "Ərizəbəyannamə"yə daxil edilmiş məlumatlar barədə dəqiqləşdirmələr apardığı və ÜDSY təyin olunacağı təqdirdə ona “hörmət" edəcəyini bildirdiyi məlum olmuşdur. Məlumat üçün bildiririk ki, ÜDSY ilə bağlı VEMTAS-a müraciət etmiş vətəndaşların maddi- məişət şəraitinin müayinələrinin nəticələri DOST Agentliyinin 05 may 2021-ci il tarixli **********6 nömrəli əmri ilə yaradılmış müvəqqəti komissiya (bundan sonra-Komissiya) tərəfindən təhlil edilərək müvafiq qərarlar qəbul edilir. O cümlədən B.Məcidovanın ailəsinin gəlirləri barədə təhrif olunmuş məlumatları özündə əks etdirən müayinə aktı, həmçinin VEMTAS-da yerləşdirilmiş Təmsilçiyə aid olmayan video və foto çəkiliş sözügedən Komissiyaya təqdim edildikdən sonra təhlil olunaraq onun ailəsinə ÜDSY-nın təyin olunması haqqında qərar qəbul edilmiş və 1 saylı Bakı DOST Mərkəzinin monitorinq şöbəsinin müdiri X14 tərəfindən VEMTAS-da təsdiqlənmişdir. Araşdırma zamanı sözügedən Komissiyanın sədri - 1 saylı Bakı DOST Mərkəzinin Xidmətlər şöbəsinin müdiri X6, komissiya üzvü - Agentliyin Xidmətlər departamentinin Səyyar və sosial xidmətlər şöbəsinin məsləhətçisi X25, 1 saylı Bakı DOST Mərkəzinin monitorinq şöbəsinin müdiri X14, həmin şöbənin məsləhətçiləri X22 və X11 aşkarlanmış nöqsanla bağlı təqdim etdikləri izahatlarında qeyd etdikləri əsaslandırmalar qənaətbəxş hesab edilməmişdir. Həmçinin Komissiyanın üzvü - Agentliyin Hüquq departamentinin Korporativ hüquq şöbəsinin məsləhətçisi İddiaçı araşdırma ilə bağlı Daxili nəzarət və audit şöbəsinə dəvət olunmasına baxmayaraq gəlməkdən imtina etmiş və elektron formada təqdim etdiyi izahatında B.Məcidovanın elektron müraciətində “Ərizəbəyannamə’’də qeyd etdiyi məlumatların VEMTAS vasitəsilə digər qurumların məlumat bazaları üzrə qarşılıqlı elektron yoxlanılması nəticəsində uyğunsuzluq aşkar edilmədiyindən “təyinat qərarını məqsədəuyğun hesab etdiyini” bildirmişdir. Məlumatda adı qeyd olunmuş B.Məcidovanın öncəki ildə də Ağdaş rayonunun digər sakininə qarşı qanunsuz əməlləri barədə müraciətin araşdırılmasının nəticəsinə dair materiallar hüquqi qiymətin verilməsi üçün Nazirliyin xx.xx.2021-ci il tarixli **********21 nömrəli məktubu ilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmiş, lakin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsindən xx.xx.2021-ci il tarixli 02/2-1333xid-21/1094 nömrəli məktubla araşdırma nəticəsində toplanmış material üzrə B.Məcidova tərəfindən vətəndaşa ÜDSY təyinatının aparılmasına qanunsuz olaraq cəhd edilməsi təsdiq olunsa da “Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci və 22-ci maddələrinə əsasən qanun pozuntularından çəkindirmək məqsədilə yalnız rəsmi xəbərdarlıq edildiyi barədə Nazirliyə məlumat verilmişdir. Beləliklə, maddi-məişət şəraitinin ilkin müayinəsi və müayinə nəticələrinin təhlil edilməsi zamanı öz fəaliyyətlərini peşəkarlıqla yerinə yetirmək borcuna etinadsız yanaşmaqla qanunsuz ÜDSY təyinatına şərait yaratdığı üçün İddiaçı 29 aprel 2022-ci il tarixdə **********3 nömrəli əmrlə intizam tənbehi verilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmədən İddiaçı cavabdeh DOST Agentliyinə qarşı intizam tənbeh tədbirinin qanunsuz hesat edilməsi və müvafiq əmrə düzəliş edilməsi tələbi əsassız və qanunsuz olduğundan iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbinə dair etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, nazirlikdə araşdırılma aparalmış və aşkar edilmiş hallar barədə cənab nazirə xidməti məruzə olunmuş və xidməti məruzədə qeyd edilən əməkdaşlar barəsində intizam tənbehinin tətbiq edilməsi göstərişi verilmişdir. Bundan sonra Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi tərəfindən həmin əməkdaşlardan təkrar izahat alınmışdır. Cavabdeh Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə3 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Qarayeva X7 və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsinin əməkdaşı olmuşdur. Maddi-məişət şəraitinin ilkin müayinəsi və müayinə nəticələrinin təhlil edilməsi zamanı öz fəaliyyətlərini peşəkarlıqla yerinə yetirmək borcuna etinadsız yanaşmaqla qanunsuz ÜDSY təyinatına şərait yaratdığı üçün İddiaçı 29 aprel 2022-ci il tarixdə intizam tənbehi verilmişdir.Əvvəl Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Daxili nəzarət və audit şöbəsində, sonra isə nazirlikdə Daxili nəzarət və audit şöbəsində araşdırma aparılmışdır. Araşdırma müddəti davam etdiyi üçün İddiaçı ikinci dəfə izahat alınmışdır. Hesab edir ki, iddia əsassızdır. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə1 izahatında bildirdi ki, əvəl daxili qaydada araşdırma aparılmış, daha sonra Nazirliyin Daxili nəzarət və audit şöbəsi tərəfindən araşdırma aparılmışdır. Nazirlik tərəfindən komisiyanın qərarı qanunsuz olduğundan üzvləri olan əməkdaşlar barəsində intizam tənbeh tədbirinin tətbiq edilməsi barəsinə xidməti məruzə olunmuş və Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsinə göndərilmişdir. Dayanıqlı və Operativ Sosial Təminat Agentliyində də daxili qaydada qiymətləndirilmiş və əməkdaşdar barəsinə intizam tənbeh tədbinin verilməsi barədə qərar qəbul edilmişdir. Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi əvvəl izahat aldıqlarını özləri qiymətləndirməli və bu barədə Nazirliyə məruzə olunmalı idi. Nazirliyin mövqeyi öyrənildikədən sonra qərar verilməsi daha məqsədəmüvafiq olardı. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 12 aprel 2021-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci ildən Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Hüquq departamentinin Korporativ hüquq şöbəsinin məsləhətçisi vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsinin 29 aprel 2022ci il tarixli **********3 nömrəli əmri ilə İddiaçı töhmət verilmişdir. Əsas kimi 28 aprel 2022-cı il tarixli **********7 nömrəli xidməti məruzə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili nəzarət və audit şöbəsinin 6 aprel 2022-ci il tarixli **********1 nömrəli və DOST Agentliyin Daxili nəzarət və audit departamentinin 27 aprel tarixli 2022-ci il **********5 nömrəli xidməti məruzələri göstərilmişdir. İş materiallarında olan ünvanlı dövlət sosial yardım ilə bağlı müraciət etmiş şəxslərin maddi-məişət şəraitinin müayinəsi məqsədilə monitorinq fəaliyyətinin nəticələrinin təhlil edilməsi üçün 05 may 2021-ci il tarixli **********6 saylı əmrlə yaradılmış müvəqqəti komissiyanın 29 oktyabr 2021-ci il tarixində keçirilmiş iclasının 083 nömrəli protokolunun surətindən görünür ki, Komissiyanın sədri X1 (1 saylı Bakı DOST Mərkəzinin Xidmətlər Şöbəsinin müdiri), komissiyanın üzləri X15 (DOST Agentliyinin DOST Xıdmətlən departamentinin Səyyar və sosial xidmətlər şöbəsinin məsləhətçisi) və İddiaçı (DOST Agentliyinin Hüquq departamentininvKorporativ hüquq şöbəsinin məsləhətçisi) iştirakı ilə keçirilmiş iclasında -1 saylı Bakı DOST Mərkəzinə ünvanlı dövlət sosial yardımı üçün müraciət etmiş şəxslərin maddi-məişət şəraitinin müayinəsi məqsədilə monitorinq fəaliyyətinin nəticələn qanunvericiliyə müvafiq olaraq təhlil edilməsi, habelə VEMTAS proqramına daxıl edilməmişdən əvvəl müraciətdə əks olunmuş məlumatlarla müayinə zamanı aşkar edilmiş məlumatların uyğunluğu qiymətləndirilmiş və Komissiya üzvləri tərəfindən gündəlikdə duran məsələlər barəsində təqdim olunan məlumatlar əsasında qanunvericiliyə müvafiq olaraq uyğunlaşdırma aparılaraq cədvəldə qeyd olunmuş şəxslərin məlumatlarının VEMTAS proqramına daxıl edilməsinin uyğun olub-olmaması barəsində qərar qəbul edilmişdir. İş materiallarından görünür ki, Məcidova Baharın ünvanlı dövtət sosial yardımla bağlı müraciətinə dair Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Hüquq departamentinin Korporativ hüquq şöbəsinin məsləhətçisi İddiaçı xx.xx.2022-ci il tarixində və xx.xx.2022-ci il tarixində yazılı izahatı alınmış, xx.xx.2022-ci il tarixində verilmiş izahatı Agentliyin Daxili nəzarət və audit departamentinin Daxili nəzarət şöbəsinin müdiri Zaur Baxşəliyevin xidməti elektron poçt hesabına (mailto:dost_b.zaur@sosial.gov.azElektron ünvan ) göndərilmişdir. İş materiallarında olan Daxili nəzarət və audit şöbəsinin müdiri Heybət İmanov tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinə ünvanlanmış yazılı məruzədən görünür ki, maddi-məişət şəraitinin ilkin müayinəsi və müayinə nəticələrinin təhlil edilməsi zamanı öz fəaliyyətlərini peşəkarlıqla yerinə yetirmək borcuna etinasız yanaşmaqla qanunsuz ÜDSY təyinatına şərait yaratdıqları üçün, habelə əmək funksiyalarının icrasında yol verdikləri nöqsanlara görə Agentliyin Xidmətlər departamentinin Səyyar və sosial xidmətlər şöbəsinin məsləhətçisi X25, Hüquq departamentinin Korporativ hüquq şöbəsinin məsləhətçisi X13, Agentliyin 1 saylı Bakı DOST Mərkəzinin Xidmətlər şöbəsinin müdiri X6, 1 saylı Bakı DOST Mərkəzinin Monitorinq şöbəsinin müdiri X14, həmin şöbənin məsləhətçiləri X22 və X18 barəsində intizam tənbeh tədbirinin görülməsi məqsədilə Nazirlik yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə müvafiq tapşırıq verilməsi, araşdırma zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində araşdırılması mümkün olmadığından hüququ olmayan şəxslərə ÜDSY-nın təyin olunmasına əsassız şərait yaradan, Ağdaş rayon sakinləri X4 və "Qismət” adlı şəxsin Nazirliyin nüfuzuna xələl gətirən və digər vətəndaşlar barəsində də oxşar əməlləri istisna olunmayan hərəkətlərinə hüquqi qiymət verilməsi üçün müvafiq materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi təklif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Baş prokuroruna ünvanlanmış araşdırmanın nəticəsi üzrə materialların təqdim edilməsi barədə məlumatdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində araşdırılması mümkün olmadığından hüququ olmayan şəxslərə maddi nemətlər qarşılığında ÜDSY-nın təyin olunmasına əsassız şərait yaradan, Ağdaş rayon sakinləri X16 və "Qismət” adlı şəxslərin Nazirliyin nüfuzuna xələl gətirən və digər vətəndaşlar barəsində də oxşar əməlləri istisna olunmayan hərəkətlərinə hüquqi qiymət verilməsi üçün müvafiq materiallar Azərbaycan Respublikasının Baş prokuroruna göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsinin 31 may 2022ci il tarixli **********0 nömrəli əmri ilə Agentliyin Hüquq departamentinin Korporativ hüquq şöbəsinin məsləhətçisi X12 1 iyun 2022-ci il tarixindən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış 12 aprel 2021-ci tarixli il əmək müqaviləsinə xitam verilmişdir. Qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 311-ci maddəsinə əsasən işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir. Həmin Məcəllənin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı madddənin 1-ci hissəsinə görə işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud, əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətnə cəlb edilir. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Həmin Məcəllənin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Həmin Məcəllənin 187-ci maddəsinin 2-ci hissəsinə intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Məhkəmə qeyd edir ki, hazırda cavabdeh tərəfindən təqdim edilmiş iddiaçının müvafiq vəzifə nöqsanları və ya çatışmazlıqlarına dair hallara qiymət verilməsindən qabaq bu hallar üzrə işəgötürənin vəzifələrini düzgün icra edib-etməməsinin müəyyən olunması zəruri hesab edilməlidir. Əks təqdirdə işəgötürən tərəfindən işçiyə dair görülmüş tədbirlərin hüquqi əsaslılığı şübhə altına alına bilər. Həmçinin iddiaçı da tələbində intizam tənbehi verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsini əsas gətirərək, intizam tənbehi verilməsi barədə əmrin ləğvini xahiş edir. Qeyd edilən əmək qanunvericiliyinin tələblərindən görünür ki, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilməsi imperativ norma kimi təsbit edilmişdir. Lakin, işəgötürən tərəfindən iddiaçıya intizam tənbehi verilərkən əmək, əmək qanunvericiliyinin tələblərinə əməl edilməmişdir. Belə ki, iddiaçı xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə əmək məzuniyyətində olmuş, xx.xx.2022-ci il tarixində Məcidova Baharın ünvanlı dövtət sosial yardımla bağlı müraciətinə dair İddiaçı elektron formada yazılı izahatını təqdim etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixindən işdə olmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixdə yenidən yazılı izahatın verilməsi tələb edilmiş və ona intizam tənbehi əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən (məzuniyyətdə olduğu vaxt çıxılmaqla) 1 ay keçənədək deyil, 2 ay keçdikdən sonra 29 aprel 2022-ci il tarixdə verilmişdir. Bu hal mübahisələndirilən əmrin əmək qanunvericiliyinin tələblərinə uyğun olmadığını təsdiq edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab eddir ki, iddia təmin olunmalı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsin İdarə Heyəti sədrinin 29 aprel 2022-ci il tarixli **********3 nömrəli “intizam tənbehinin verilməsi haqqında” əmrində İddiaçı münasibətdə intizam tənbeh tədbiri (töhmət) qanunsuz hesab edilərək ləğv edilməli, bununla bağlı müvafiq əmrə düzəliş edilməli və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsin vətəndaş müraciətləri və sənədlərlə iş departamenti bu əmrlə bağlı məlumatlandırmanı həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsin İdarə Heyəti sədrinin 29 aprel 2022-ci il tarixli **********3 nömrəli “intizam tənbehinin verilməsi haqqında” əmrində İddiaçı münasibətdə intizam tənbeh tədbiri (töhmət) qanunsuz hesab edilərək ləğv edilsin və bununla bağlı müvafiq əmrə düzəliş edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsin vətəndaş müraciətləri və sənədlərlə iş departamenti bu əmrlə bağlı məlumatlandırmanı həyata keçirsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar