Məhkəmə qərarları › İş №2(004)-3988/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3988/2024

15.10.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3988/2024 15.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə Həbib oğlunun iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh Bakı Qarnizonun mənzil istismar hissəsinə qarşı "işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh Bakı Qarnizonun mənzil istismar hissəsinə qarşı "işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, iddia tələbi təmin edilərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı Qarnizonun Mənzil İstismar hissəsinin xx.xx.2024-cü il tarixli, 81 №-li əmrinin ləğv edilməsi, onun məcburi iş buraxma müddəti üçün əmək haqqım ödənilməklə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı Qarnizonun Mənzil İstismar hissəsinin 5 nömrəli Mənzil İstismar Sahəsinə dalandar vəzifəsinə işə bərpa edilməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, 2020-ci ilin aprel ayında müraciətinə əsasən Bakı şəhər Qarnizonunun Mənzil İstismar Hissəsinə işə qəbul olmuşdur. Bir ay kadrlar şöbəsində işlədikdən sonra arxivə göndərildi və arxivdə işləməyə başladı. 4 aydan sonra rəhbərlik dəyişilmiş, yeni rəhbərlik gəlmişdir. Bu zaman ona 5 saylı M.İ.S-də dalandar vəzifəsinə təyin olunduğunu və orada müvəqqəti olaraq qalacağımı bildirərək, yaxın zamanlarda öz təhsilinə uyğun işlə təmin olunacağına vəd verdilər. Halbuki, o öz təhsilimə uyğun işlə təmin olunmaq istəyirdi. Rəhbərliyin sözlərinə güvəndi. Qeyd etdi ki, Azərbaycan Dövlət Neft Akademiyasını bitirmişəm. Ali təhsillidir. 5 saylı M.İ.S-ə qəbul olunduğu gündən heç vaxt dalandar kimi işləməmişdir. Həmin M.İ.S-də o yazı-pozu işi ilə məşğul olmuşdur. Yenə qeyd etdi ki, həmin M.İ.S-də yeganə ali təhsilli o idi. Hər dəfə M.İ.S-ə gələn Bakı Qarnizonunun MİH-nin rəisi, polkovnik-leytenantı cənab Nail Ağayeva bildirirdim ki, onu söz verdikləri kimi təhsilinə uyğun ştatla təmin etsin. Sonuncu isə həmişə ona bildirirdi ki, yaxın günlərdə mühəndis yaş həddinə görə təqaüdə gedəcək. Gedən kimi səni onun yerinə təyin edəcəkdir. Bu minvalla 2024-cü ilin aprel ayının 1-ə qədər məni yalançı vədlərlə aldatdı. Aprel ayının 1-də mühəndis təqaüdə getdi və onun yerinə təhsili olmayan bir il bizdə M.İ.S-də işləyən texnik xanımı mühəndis kimi vəzifəyə təyin etdilər. Qeyd etdi ki, bu 4 il ərzində MİS-in rəisi cənab Emin Əmiraslanova hər dəfə müraciət edərək onu təhsilinə uyğun ştatla təmin etməklərini xahiş edirdi. O da hər dəfə bldirirdi ki, “rəhbərliklə danışıbdır. Tez bir zamanda səni mühəndis təyin edəcəklər” (səs yazmaları var). Yeni mühəndis təyin olunanda o rəhbərliyə etirazını bildirirərək ona vəd verdiklərini qeyd etdi. xx.xx.2024-cü il tarixində Bakı Qarnizonunun Mənzil İstismar Xidmətinin rəisi cənab Sənan Abbasova yazılı şəkildə etirazını və 5 saylı MİS-də baş verən anarxiyanı bildirdi. Müraciətindən sonra iş yerində yoxlama keçirildi. Həmin yoxlama nəticəsində hər şey aşkar olundu. Nəticədə müəyyən işçiləri qeyri-qanuni şəkildə işlədikləri üçün işdən azad etdilər. Onun müraciətindən qəzəblənən hissə rəisi polkovnik-leytenant Nail Ağayev məni baş idarəyə çağıraraq təzyiqlər və təhdidlər göstərdi və ona öz ərizəsi ilə işdən getməli olduğunu əks təqdirdə maddə ilə qovulacağımı bildirdi. O, Nail Ağayevə qeydiyyatda olan 2-ci dərəcəli şəkərli diabet xəstəsi olduğunu, himayəsində bir azyaşlı övladının olduğunu, onu tək böyütdüyünü, evinin olmadığını, kirayədə qaldığını, heç bir yerdən gəlirinin olmadığını dedi və təkrar təhsilinə uyğun kiçik bir işlə təmin olunmağını xahiş etdi. xx.xx.2024-cü il tarixində ona qərəzli şəkildə töhmət verdilər və hissənin hüquqşünası vasitəsi ilə ona işdən çıxmağı barədə xəbərdarlıq göndərildi. İşlədiyi bu 4 il ərzində barəsində heç bir xəbərdarlıq və töhmət olmamışdır. Şikayət etdiyi üçün ona qərəzli yanaşılmış, barəsində töhmət verilməsi barədə qərar qəbul olunmuşdur. Burdan da göründüyü kimi onun bir işçi kimi bütün hüquqları kobud şəkildə pozulmuşdur. Bundan sonra onu xx.xx.2024-cü il tarixində Baş İdarəyə çağırdılar. Əmək müqaviləsinin müddəti bitdyinə görə işdən çıxarılmağım barədə ona xəbərdarlıq etdilər. Buradan da göründüyü kimi ona münasibətdə qərəzli yanaşılmışdır. Sadəcə müqavilənin bitməsi adı altında onu işdən çıxartdılar. Halbuki qaunvericiliyin də tələbindən göründüyü kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulmuş hallardan başqa əmək müqavilələri müddətsiz bağlanır. Qeyd olunan hallar xəbərdarlıq etmədən və izahatı alınmadan birbaşa mənə töhmət verən 500 nəfərin hissə rəisi olan cənab Nail Ağayevin qərəzli münasibətinin bariz nümunəsidir. Qeyd edim ki, bu təzyiqlər və təhdidlər xx.xx.2024-cü ilə qədər davam etmişdir. İlk dəfə xx.xx.2024-cü il tarixində ona xx.xx.2024cü il tarixindən etibarən əmək müqaviləsinin qurtarması əsası ilə xitam verilməsi barədə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq isə işəgötürən özbaşına olaraq müqavilənin müddətini yenidən bir ay müddətinə uzatmışdır. Bundan sonra isə ikinci dəfə xx.xx.2024cü il tarixindən etibarən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə işdən azad edilməyi barədə tarixi məlum olmayan xəbərdarlıq edilmişdir. Qeyd etdi ki, müqavilənin müddəti xx.xx.2024-cü il tarixində bitirdi. Onu baş idarəyə çağırdılar, yenə xəbərdarlıq kağızını göstərdilər və əmək kitabçanı ona təqdim edərək işdən azad olunduğunu bildirdilər və qeyd etdilər ki, bu xəbərdarlıq sizə göndərilmişdir. Burdan da göründüyü kimi onlar tamamilə qərəzli olaraq əmək müqaviləsinin müddətinin bitməsi bəhanəsi ilə əmək müqaviləsinə xitam vermişdir. O, Nail Ağayevin qəbulunda oldu. Yenə bildirdi ki, get kimə istəyirsən şikayət et. O özünə arxayındır. Qeyd etdi ki, Hərbi Baş Prokurorluqda işləyən müstəntiq qardaşına arxayındır. O bununla bağlı mediasiya təşkilatına müraciət etmişdir. Mediasiya təşkilatında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı Qarnizonun mənzil istismar hissəsinin hüquqşünası iştirak etdi. İdarənin hüquqşünasi mediasiya təşkilatında bildirdi ki, vəzifəni icra etmədiyinə görə əmək müqaviləsinə xitam verilmişdir. Sənəd və dedikləri arasında olan ziddiyyətlər bir daha təsdiq edir ki, işəgötürənin əməlləri tamamilə qanunsuzdur. Bundan əlavə olaraq qeyd etdi ki, əgər o öz vəzifəsini icra etmirdirsə, hər il rəhbər Nail Ağayev onunla necə müqavilə bağlayırdı. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə iddia tələbinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, məhkəməyə verdiyi izahatında göstərdi ki, İddiaçı ilə Bakı Qarnizonunun Mənzil İstismar Hissəsi arasında bağlanmış müqavilə müddətli xarakter daşıyır, müddəti bitdiyindən əmək müqaviləsinə xitam verilmişdir. O da nəzərə alınmalıdır ki, İddiaçı işə gəlsə də, vəzifə öhdəliklərini yerinə yetirmirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətininin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ilə Cavabdeh Bakı Qarnizonun mənzil istismar hissəsi arasında bağlanmış 20 aprel 2020-ci il tarixli müddətli əmək müqaviləsinə əsasən işçi dalandar kimi iş fəaliyyətinə başlamışdır. İddiaçı məxsus ******* saylı Əmək kitabçasının surətindən görünür ki, İddiaçı 40 saylı, 20 aprel 2020-ci il tarixli əmrlə 5 nömrəli Mənziliİ İstismar sahəsində dalandar vəzifəsinə işə qəbul olunmuşdur. 81 saylı, 20 may 2024-cü il tarixli əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən işdən azad edilmişdir. Bakı Qarnizonu Mənzil-İstismar Hissəsinin 81 saylı, 20 may 2024-cü il tarixli əmrə əsasən İddiaçı 5 nömrəli mənzil istismar sahəsinin dalandarı, AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əsası ilə 20 may 2024-cü il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. Bakı Qarnizonu Mənzil-İstismar Hissəsi 5 nömrəli Mənzil İstismarSahəsi tərəfindən tərtib edilmiş 15 aprel 2024-cü il, 16 aprel 2024-cü il , 17 aprel 2024-cü il tarixli Raportlardan görünür ki, dalandar İddiaçı işə gəlir, lakin vəzifəsini icra etmir. 24 aprel 2024-cü il tarixli Akta əsasən “İddiaçı ali təhsili olduğunu iddia edərək, dalandar vəzifəsində iş funksiyasını yerinə yetirməkdən imtina edir.“ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 11-ci maddəsinin “b” bəndi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. 45-ci maddəsinin “1”-ci bəndinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 73-cü maddəsinin “1”-ci bəndinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh Bakı Qarnizonun mənzil istismar hissəsi arasında 20 aprel 2020-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanaraq, İddiaçı 5 saylı Mənzil İstismar Sahəsinə dalandar vəzifəsinə təyin olunmuşdur. Həmin müqavilə bir ildən bir uzadılmaqla, 20 aprel 2024-cü il tarixdən bir ay müddətinə-20 may 2024-cü il tarixdək uzadılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsi əmək müqaviləsinin müddətli bağlanan hallarını müəyyən etmişdir. Həmin maddənin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Göründüyü kimi, müvafiq müqavilə tərəflərin qarşılıqlı razılığı əsasında müddətli bağlanılmışdır. Qabaqcadan xəbərdar edilməklə, 20 may 2024-cü il tarixdə Bakı Qarnizonun Mənzil İstismar Hissəsinin 81 saylı əmri ilə İddiaçı əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinə əsasıdır. İddiaçı hazırki mülki işlə 81 saylı, 20 may 2024-cü il tarixli əmri mübahisələndirsə də, məhkəmə gediştında işəgötürən tərəfindən işçi hüquqlarının pozulması müəyyən edilməmişdir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, iş materiallarına əlavə olunmuş çoxsaylı raportlardan və aktlardan görünür ki, İddiaçı (2024-cü ilin aprel-may ayları dövründə) işə gəlsə də, vəzifəsini icra etməsindən imtina etmişdir. İddiaçının özü də ərizəsində qeyd etdiyi kimi, dalandar vəzifəsindən işləmək istəmədiyini dəfələrlə işəgötürənə bildirmişdir. Halbuki bu hal iddiaçını əmək müqaviləsi əsasında üzərinə düşən vəzifə öhdəliklərini yerinə yetirməkdən azad etmirdi. Odur ki, məhkəmə iddia tələbi əsassız olduğundan, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti üçüncü şəxs qismində cəlb edilməklə, Cavabdeh Bakı Qarnizonun mənzil istismar hissəsinə qarşı "işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh Bakı Qarnizonun mənzil istismar hissəsinə qarşı "işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar