Məhkəmə qərarları › İş №2(004)-400/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-400/2023

09.02.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-400/2023 09.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 və onların nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “pul” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 30.kv.m təşkil edən mənzilin sökülməsinə görə verilən 105000 manat konpensasiya məbləğinin İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh arasında bərabər qaydada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin sökülməsinə görə verilən 250000 manat konpensasiya məbləğinin İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh arasında bərabər qaydada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, onlar dörd bacı bir qardaş olmuşlar. X1 14 iyul 2009-cu il tarixdə vəfat etmişdir. Anadan olduğuqları gündən isə Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsindəki 22 saylı evdə qeydiyyatda olmaqla yaşamışları. X6 24 mart 2010-cu il tarixdə, anaları X7 25 mart 2013-cü il tarixdə vəfat etmişdir. Ata və anasının vəfatından sonra Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsindəki 22 saylı fərdi yaşayış evi və Xızı rayonu, Tıxlı kəndində yerləşən 0,12 ha torpaq sahəsi miras qalmışdır. Digər vərəsələrin razılığına əsasən həmin torpaq sahəsi İddiaçı3 Xanıke qızının adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri, Yasamal rayonu, Ələkbərov küçəsindəki 27 saylı fərdi yaşayış evinin sənədi olmadığı üçün miras əmlak tərəflər arasında bölüşdürülməmiş qalmışdır. Lakin onlar həmin mirasdan vərəsə olaraq gözlənti hüquqları var. Bütün bunlara baxmayaraq 26 fevral 2013-cü il tarixli vəsiyyətnamə ilə anaları X7 hələ sağlığından ona məxsus olan bütün əmlakını İddiaçı3 Xanıke qızına vəsiyyət etmişdir. Ata və analarının vəfatından sonra valideynlərindən miras olaraq qalmış mənzilə gedib-gəlmiş və qalmışlar. Daimi əsaslarla orada yaşamaq üçün köçmək istədikdə qardaşı və onun ailə üzvləri buna mane olmuşlar. Həmin ünvanda qalmağa isə imkan verməmişlər. Bundan sonra “mənzilə köçürülmə” tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət olunmuşdur. Eyni zamanda məhkəmənin 11 noyabr 2022-ci il tarixli, 16(004)-111/2022 saylı qərardadı ilə verilmiş ərizə qismən təmin edilərək müvəqqəti təminat tədbiri kimi Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsində yerləşən 22 saylı evdə söküntü işlərinin aparılması Cavabdeh və digər şəxslərə qadağan edilmişdir. Lakin göstərilənlərə baxmayaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qardaşının razılığı əsasında göstərilən mübahisəli ev qanunsuz olaraq sökülmüşdür. Halbuki, qardaşı yalnız özünə dair hissədə sərəncam verə bilərdi. Həmin ünvandan yerləşən və onlara məxsus olan sahə 30 kv.m olmuşdur. Söküntünün əvəzi olaraq isə həmin sahəyə görə hər kv.m üçün 3.500 manatdan pul ödənilmişdir. Buna görə də hesab edirlər ki, həmin sahəyə görə verilməli olan pul 4 vərəsə arasında bölünməlidir. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinə dair etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçılar iddia ərizəsində və ona əlavə edilmiş sənədlərdə onların evin sökülməsinə görə ödənilmiş kompensasiya məbləğinin dörd yerə bölüşdürülməsi tələbi heç bir halda təmin edilə bilməz. Belə ki, nə iddia ərizəsindən göstərilən hallardan nə də ki ona əlavə edilmiş sənədlərdən müəyyən olunmur ki, iddiaçılar mübahisəli mənzildə sökülənə kimi yaşayıblar. Cavabdeh və onun ailə üzvləri mübahisəli mənzildə son qırx ildə qeydiyyatda olmaqla daimi yaşamışdılar. Lakin iddiaçıların iddia ərizəsinə əlavə etdikləri sənədlərdən onların qeyd olunan evin yerləşdiyi ünvanda bir tək qeydiyyatda olmaqları göstərilib. İddia ərizəsi təmin olunduğu təqdirdə evin yerləşdiyi ünvanda qeydiyyatda olan digər şəxlər də iddia ərizəsi ilə məhkəməyə müraciət edib alınmış kompensasiyadan onlarada payın verilməsi üçün qətnamə çıxarılmasını xahiş edə bilərlər. Belə ki, iddiaçılar həmin ünvanda qeydiyyatda olsalar da, həmin ünvanda faktiki yaşadıqları müəyyən edilmir. Eyni zamanda, həmin mübahisəli evin ümumi sahəsinin nə qədər təşkil etməsi, həmin ünvanda yaşayan digər şəxslərin istifadəsində olan və tikinti şirkətinə satılmış hissələrdən əlavə həmin ünvanda başqa sahənin olub-olmaması, iddiaçıların istifadəsində olan sahənin məhz 30 kv.m olması barədə işdə heç bir sübut mövcud deyildir. İddiaçıların istifadəsində evin 30 kv.m hissəsinin istifadələrində olması iddia ərizəsinə əlavə edilmiş heç bir sənədlə müəyyən edilmir. Məhkəmə tərəfindən qanuni və əsaslı qətnamə qəbul edilməsi üçün məhkəmə hər bir halı diqqətlə araşdırmalı və məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Belə ki, iddia ərizəsində iddiaçılar sübutları sadalamaqla kifayətlənmiş və onları heç bir sənədlə və ya faktla təsdiq etməmişdilər. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Qanunvericilik aktlarının mənasından belə aydın olur ki, İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilə fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə iddiaçı tərəfin iddia ərizəsində göstərilən halların xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir. Bu səbəbdən hesab edir ki, məhkəmə heç bir sübutla təsdiq olunmayan və iddia ərizəsində göstərilən hallara ehtiyatla yanaşmalıdır. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə iddiaçının iddia ərizəsində göstərilən hallar yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan iddia ərizəsində göstərilən hər bir hal məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib edilməməsi aydınlaşdırılmalıdır. Göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçıların iddia ərizəsində göstərilən hallarla onların sökülməsinə görə kompensasiya ödənilmiş evdə son 15-20 ildə yaşamaları iddia ərizəsinə əlavə eilmiş sənədlərlə təsdiq olunmur və bu səbəbdən hesab edir ki, iddia ərizəsi üzrə tələb edilməməli və iddianın rədd edilməsi barədə müvafiq məhkəmə aktı qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndə və vəkilinin dedikləri ilə razı olduğunu bildirmiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 nümayəndə və vəkilinin dedikləri ilə razı olduğunu bildirmiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı3 Xanıkə qızı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, mübahisəli evdə yaşamışlar. Evdə onların da hüququ var. Evə getmişlər, gəlmişlər və qalmışlar. O, evdə qeydiyyatda deyil, amma onun da evə hüququ var. Atasına və anasına o baxmışdır. Bacısı Sabirənin 60 yaşı var, qızı ilə birlikdə onlarda yaşayır. Hesab edir ki, kompenasiya məbləği onlar arasında bərabər şəkildə bölünməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinə dair etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Cavabdeh əşyalarını götürdükdən sonra mübahisəli mənzil sökülmüşdür. Mənzildə söküntü işlərinə oktyabr ayında başlanmışdır. İddiaçılar cavabdehlə müqavilə bağlandıqdan sonra onlara müraciət etmişlər. Mübahisəli mənzildə söküntü işləri aparılmamışdan qabaq həmin evin videoçəkilişini aparmışlar. Cavabdehdən başqa digər şəxslərin həmin mənzildə əşyaları olmamışdır. Onlar evə sahiblik edən cavabdehlə müqavilə bağlamışlar. Hesab edir ki, iddia tələbi əsassızdır. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, İddiaçı1 01 dekabr 2004-cü il tarixdən qeydiyyatdadır. Həmçinin, İddiaçı2 qeyd edilən ünvanda qeydiyyatdadır. İş materiallarında olan xx.xx.1959-cu il tarixli J-ИE seriyalı 835831 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı1 Xanıke qızı xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. Ata qrafasında Xanıke Bəndəli oğlu, ana qrafasında X7 qeyd edilmişdir. İş materiallarında olan xx.xx.1996-cı il tarixli AЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.1966-cı il tarixdə anadan olmuşdur. Ata qrafasında Xanıke Bəndəli oğlu, ana qrafasında X7 qeyd edilmişdir. İş materiallarında olan Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, İddiaçı1 Xanıke qızı 01 dekabr 2004-cü il tarixdən qeydiyyatdadır. Həmçinin, İddiaçı2 Xanıke qızı qeyd edilən ünvanda qeydiyyatdadır. İş materiallarında olan 25 iyul 2009-cu il tarixli AZ-İ seriyalı 370277 nömrəli ölüm haqqında şəahdətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 xx.xx.2009-cu il tarixdə ölmüşdür. İş materiallarında olan 03 aprel 2010-cu il tarixli AZ-İ seriyalı 416814 nömrəli ölüm haqqında şəahdətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Xanıke Bəndəli oğlu xx.xx.2010-cu il tarixdə ölmüşdür. İş materiallarında olan 03 aprel 2013-cü il tarixli AZ-İ seriyalı 612329 nömrəli ölüm haqqında şəahdətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.2013-cü il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2013-cü il tarixdə reyestrdə 2V-01-52 nömrə ilə qeyd edilmiş vəsiyyətnamənin surətindən görünür ki, X7 ölən günədək ona məxsus olan bütün əmlakını ünvan 2 ünvanında yaşayan İddiaçı2 Xanke qızına vəziyyət etmişdir. İş materiallarında olan xx.xx.2010-cu il tarixdə reyestrdə 2V-01-365 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik şəhadətnamənin surətindən görünür ki, «24» mart 2010-cıı il tarixdə vəfat etmiş Xamke Bəndəli oğlunun vərəsələri İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdehdur və onlardan hər biri miras əmlakdan bərabər hissələrdə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2006-cı il tarixdə verilmiş JN-061F, KOD 30609018N2-H şəhadətnaməyə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Daşınmaz Əmlakın Xidmətinin Abşeron Ərazi idarəsi tərəfindən xx.xx.2010-cu ildə verilmiş 3933 nömrəli arayışda göstərilən mərhuma məxsus Xızı rayonu, Tıxlı kəndində yerləşən 0.121 ha torpaq sahəsindən ibarətdir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 24 oktyabr 2022-ci il tarixli 1 nömrəli ilkin razılaşmaya əsasən, Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində yerləşən 22 saylı evdə "xxxx" MMC tərəfindən tərtib edilmiş sxem üzrə 107.4 m2 sahədən ibarət olan mənzili sökmək məqsədi ilə Cavabdeh təhvil alır, əvəzində müəyyən edilmiş qaydada "xxxx" MMC Cavabdeh 250000 manat pul verir. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh hesabına 250000 manat ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, iddiaçıların və cavabdehin bibisidir. İddiaçılar mübahisəli mənzildə yaşayıblar. İddiaçıların atası xəstə idi, onlar 8 il atalarına qulluq etmişlər. Cavabdeh isə atasına baxmamışdır. Sabirə atasına baxırdı, onun evi yoxdur. Ataları rəhmətə gedəndən sonra bacısı ilə birlikdə yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə qeyd edir ki, işin hallarından göründüyü kimi, Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində yerləşən 22 saylı dövlət reyestrində qeydiyyatdan keçməmişdir və statusu etibarilə özbaşına tikili olmaqla sökülərkən də belə olmuşdur. Nəticə etibarilə nə tərəflərin valideynlərinin, nə də özlərinin həmin evə mülkiyyət hüququ olmamışdır. Bununla da, iddiaçıların həmin evə dair sahiblik, istifadə və sərəncam hüquqları mövcud olmamışdır. Həmçinin, İddiaçı1 və İddiaçı2 həmin ünvanda qeydiyyatda olsalar da, mənzil sökülənə qədər uzun müddət orada yaşamamışlar. İddiaçı3 isə həmin ünvanda uzun müddət yaşamamaqla yanaşı, qeydiyyatda da deyildir. İddiaçıların atalarının sağlığında mənzilə gəlib-gəlmələri, orada qalmaları və valideynlərinə qulluq etmələri mənzildə daimi yaşamaları kimi qəbul edilə bilməz. Bundan başqa, iddiaçıların valideynləri uzun müddət əvvəl vəfat etmişdir. Həmin ünvanda Cavabdeh daimi olaraq yaşayaraq faktiki sahiblik etmişdir. Ona görə də, Cavabdeh yaşadığı mənzilin sökülməsi ilə bağlı yaşayış sahəsindən məhrum olduğundan, bunun üçün ona kompensasiya ödənilmişdir. İddiaçılar isə həmin mənzildə yaşamadığından onların mənzilin sökülməsi ilə əlaqədar kompensasiya almaq hüquqları olmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçılar valideynlərinin yaşadığı evin 30kv.m ibarət olduğunu, cavabdehin yaşadığ evin ayrı olduğunu bildirsələr də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişlər. "xxxx" MMC ilə Cavabdeh arasında razılaşma isə Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində yerləşən 22 saylı evdə "xxxx" MMC tərəfindən tərtib edilmiş sxem üzrə 107.4 m2 sahədən ibarət olan mənzil üçün bağlanmış və həmin mənzil üçün kompensasiya ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “pul” tələbi əsassız olduğundan təmin edilməməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar İddiaçı2 tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “pul” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar