Məhkəmə qərarları › İş №2(004)-403/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-403/2022

09.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-403/2022 09.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X4 oğlunun katibliyi İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 Zeynalabdı oğlunun Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə3 iştirakı ilə İddiaçı cavabdeh X1 qızına qarşı nikahın etibarsız sayılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında 02 aprel 2021-ci il tarixdə 3 saylı Bakı “Asan Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsində 556 nömrəli akt qeydinə əsasən bağlanılmış nikahın etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər 02.04.2021-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Tərəflər 2019-cu ildə nişanlanmış, 2021-ci ildə toy etmişlər. İddiaçı gəmi kapitanı köməkçisi işləyir. Belə ki, nikah dövründə iddiaçı cavabdehə bahalı hədiyyələr almış, hətta öz gəliri hesabına aldığı avtomobili cavabdehin adına rəsmiləşdirmişdir. May ayında toyları olmuş, bal ayından qayıtdıqdan sonra cavabdeh iddiaçının anası ilə bir evdə yaşamaq istəməmişdir. Bundan sonra söz-söhbət başlamışdır. Hətta cavabdeh evi tərk etmiş və sonra iddiaçının cəhdlərinə baxmayaraq evə qayıtmamışdır. Cavabdeh ailə qurmaq niyyəti olmadan nikah bağlamışdır. O, sadəcə ev və digər maddi nemətlərin marağında olmuş, iddiaçıdan bu məqsədlərlə istifadə etmək istəmişdir. Bunları əldə edə bilmədikdə isə, evdən çıxıb getmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddia ərizəsi yalan üzərində qurulub. Belə ki, hər bir qadın, xüsusilə ailə qurduqdan sonra vəziyyətinin yaxşılaşması və daha yaxşı həyatının olmasını arzu edir. İddianın qaldırılmasında məqsəd iddiaçının öz əməllərini ört-basdır etməsi olmuşdur. İddiaçının ailəsi cavabdehin evinə “hə” mərasiminə gəlmişdir. Nikah məqsədlərinin saxta olmamasını cavabdehin qohumları da təsdiq edə bilər. Ailə münasibətləri normal olmuş, nişan və toy mərasimi keçirilmişdir. İddia ərizəsinin verilməsinin əsas səbəbi cavabdehin sadə tələblərinin iddiaçı tərəfindən qarşılanmaması olmuşdur. Bu isə nikahın etibarsızlığına səbəb ola bilməz. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən bu məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən saxta nikaha daxil olmuş şəxslər məhkəmədə işə baxılana qədər faktiki olaraq ailə qurublarsa, məhkəmə nikahı saxta hesab edə bilməz. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlardan müəyyən olunmuşdur ki, tərəflərin nikah bağlanarkən ailə qurmaq niyyəti olmuşdur. Odur ki, iddia əsassızdır və rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ : İddia rədd edilsin. Nikahın etibarsızlığı iddiası ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar