Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4035/2021 16.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Körpələr evi-uşaq bağçası MMC-yə qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh Körpələr evi-uşaq bağçası MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Körpələr evi-Uşaq Bağçasından 05.07.2019-cu il tarixli icarə müqaviləsinə görə icarə haqqları üzrə yaranmış 17680 manat və gecikdirməyə görə həmin məbləğin 5 faizi həcmində, yəni 884 manat pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 05.07.2019-cu il tarixində cavabdehlə aralarında ünvan 1 ünvanındakı ümumi sahəsi 238.88 kv.m olan həyət evinin 5 il müddətinə uşaq bağçası kimi istifadəsi üçün 5 saylı notariat ofisində icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinin 4.2-ci maddəsinə görə icarə haqqının ödənilməsinə 2019-cu ilin iyul ayının 1-dən etibarən başlanılır və hər aya görə 1360 manat həmin ayın 7-dən gec olmamaq şərti ilə “İcarəçi” tərəfindən “İcarəyə verənin” bank hesabına köçürmə yolu ilə və ya nağd şəkildə ödənilməlidir. Müqavilənin 7.1.2-ci bəndində isə “İcarəçi” icarə haqqını vaxtı-vaxtında ödəməlidir. Gecikmə 1 ay davam edərsə icarə müqaviləsi icarəçinin təqsiri səbəbindən pozulmuş sayılır. Cavabdeh 2020-ci ilin fevral ayından indiyədək aylıq icarə haqqlarını verməmişdir. Bunu onlar ölkədəki mövcud vəziyyət, pandemiya səbəbi ilə fors-major halı kimi qəbul edib razılaşmışlar. Lakin sonradan onlarda olan məlumatlar əsasında apardıqları müşahidələr və yoxlamalardan onlara bəlli oldu ki, cavabdeh icarəyə götürülən obyekti gizli olaraq uşaq bağçası kimi istifadə edərək gəlir götürür, lakin icarə haqlarını ödəmir. Belə ki, nümayəndəsi Cəfərov Anar 23.12.2020-ci il tarixində, saat 12:20 radələrində həmin obyektə gələrək vəziyyətlə tanış olmaq istəyərkən bir daha bunun şahidi olmuşdur. Cavabdehin təmsilçisi X2 giriş qapısını açıb obyektə daxil olmağa icazə verməmişdir. Lakin həyətdən çoxlu sayda uşaq səslərinin gəlməsinin şahidi olmuşdur. İcarə müqaviləsinin 3.1.1-ci maddəsinin tələbinə görə cavabdehin “icarəyə verənin” icarə obyektinə sərbəst şəkildə daxil olub vəziyyətlə tanış olmağına mane olmaq səlahiyyəti yoxdur. Yəni, bağça faktiki olaraq işləməsinə baxmayaraq cavabdeh vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyərək icarə haqlarını ödəməmiş və bununla da müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri lazımınca icra etməmişdir. Bu məsələ ilə bağlı haqlı etirazını cavabdehin qanuni təmsilçisi G.Məmmədli ilə dəfələlərlə telefonla, şəxsən görüşməklə və 24.12.2020-ci il tarixdə yazılı şəkildə müraciət etməklə bildirmişdir. Eyni zamanda cavabdeh bağçanın tam gücü ilə işləyə bilməyəcəyi təqdirdə aylıq icarə haqqının real vəziyyətə uyğun tənzimlənməsi barədə təkliflərinı belə məhəl qoymamışdır. Hətta whatsapp vasitəsilə yazışmalardan da görünür ki, cavabdeh bu məsələnin həllindən yayınmışdır. Son olaraq aylıq icarə haqqları üzrə yaranmış borcların ödənilməsi barədə pretenziya məktubu ilə müraciət etsə də nəticəsiz qalmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, uşaq bağçasının pandemiya dövründə işləməsinin sübutu təkcə orada bunun canlı şahidi olmaqla deyil, eyni zamanda bağçanın rəsmi instaqram hesabından da birbaşa sübut ilə təsdiq olunur. Belə ki, həmin səhifələrdəki paylaşımlar (müxtəlif tarixlərdə video və foto paylaşımları, o cümlədən fəaliyyət grstərməsini təsdiq edən çoxsaylı statuslar və.s) bunun bariz nümunəsidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, 05.07.2019-cu il tarixdə iddiaçı ilə cavabdeh arasında ünvan 1 ünvanındakı ümumi sahəsi, 238.88 kv.m olan həyət evinin 5 il müddətinə uşaq bağçası kimi istifadəsi üçün 5 saylı notariat ofisində icarə müqaviləsi bağlanılmışdır. Həmin icarə müqaviləsinin 4.2-ci maddəsinə görə icarə haqqının ödənilməsinə 2019-cu ilin iyul ayının 1-dən etibarən başlanılır və hər aya görə 1360 manat həmin ayın 7-dən gec olmamaq şərti ilə icarəçi tərəfindən icarəyə verənin bank hesabına köçürmə yolu ilə və ya nağd şəkildə ödənilməlidir. Müqavilənin 7.1.2-ci bəndində isə icarəçi icarə haqqını vaxtı-vaxtında ödəməlidir. Gecikmə 1 ay davam edərsə icarə müqaviləsi icarəçinin təqsiri səbəbindən pozulmuş sayılır. Cavabdeh 2020-ci ilin fevral ayından indiyədək aylıq icarə haqlarını verməmişdir. Bunu ölkədəki mövcud vəziyyət, pandemiya səbəbi ilə fors-major halı kimi qəbul edib razılaşmışlar. Lakin sonradan ididaçıda olan məlumatlar əsasında aparılan müşahidələr və yoxlamalardan bəlli olmuşdur ki, cavabdeh icarəyə götürülən obyekti gizli olaraq uşaq bağçası kimi istifadə edərək gəlir götürür, lakin icarə haqlarını ödəmir. Belə ki, iddiaçının nümayəndəsi Anar Cəfərov 23.12.2020-ci il tarixdə saat 12:20 radələrində həmin obyektə gələrək vəziyyətlə tanış olmaq istəyərkən bir daha bunun şahidi olmuşdur. Cavabdehin təmsilçisi X3 giriş qapısını açıb obyektə daxil olmağa icazə verməmişdir. Lakin həyətdən çoxlu sayda uşaq səslərinin gəlməsinin şahidi olmuşdur. Bu məslə ilə bağlı iddiaçı haqlı etirazını cavabdehin qanuni təmsilçisi Gülnarə Məmmədli ilə dəfələrlə telefonla, şəxsən görüşməklə və 24.12.2020-ci il tarixdə yazılı şəkildə müraciət etməklə bildirmişdir. Eyni zamanda cavabdeh bağçanın tam gücü ilə işləyə bilməyəcəyi təqdirdə aylıq icarə haqqının real vəziyyətə uyğun tənzimlənməsi barədə təkliflərinə belə məhəl qoymamışdır. Hətta cavabdeh bu məsələnin həllindən yayınmışdır. Son olaraq aylıq icarə haqları üzrə yaranmış borcların ödənilməsi barədə pretenziya məktubu ilə müraciət edilsə də, nəticəsiz qalmışdır. Tərəflər arasındakı müqavilənin 2.4-cü maddəsinə görə uşaq bağçası kimi nəzərdə tutulmuş sahə hər ildə 2 ay, 5 işdə cəmi 10 ay müddəti üçün icarə haqqı ödəməkdən azaddır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirdi ki, o, iddia tələbini qəbul etmir. O, bağça ilə bağlı reklam çarxları, videoroliklər hər zaman etmişdir, hal-hazırda da edir. Belə ki, həmin ərazini icarəyə götürəndən sonra 8 ay ərzində iddiaçının nümayəndəsinə hər ay üçün 1500 manat icarə və vergi haqqı ödəyirdi. Bundan əlavə bağçanın təmirinə və zəruri avadanlıqların quraşdırılıb bağça kimi fəaliyyət göstərməsi üçün evini banka girov qoyub 150000 manat vəsait götürüb həmin yerə xərcləmişdir. Onunla işləyən mühasib ölkədə mövcud pandemiya dövründə dəymiş ziyanla bağlı dövlət tərəfindən zəruri yardımların olunmasını bildirərək və bundan yararlanmağı üçün ondan ödədiyi vergi borcuna dair qəbzlərdəki kodları istəmişdir. O da aidiyyəti üzrə iddiaçının nümayəndəsi Anar Cəfərovla əlaqə saxlayıb icarə və vergi haqqı kimi ödədiyi pullara dair qəbzlərdəki kodları ona verməsini xahiş etmiş, X9 hər dəfə müxtəlif bəhanə ilə ona bu qəbzləri verməkdən yayınmışdır. Daha sonra Anar Cəfərova xəbərdarlıq etmişdir ki, onun bağçasında uşaq yoxdur, başqa bağçalardan uşaq gətirib çəkilişlər edəcək, o isə buna razılıq vermişdir. X9 və onun arvadı onun işlətdiyi bağçaya gələrək arvadı onunla kobud şəkildə ifadələr işlədərək söhbət etdiyindən o, həmin bağçanı işlətməmək və obyekti təhvil vermək qərarına gəlmişdir. Anar isə təkrarən onunla telefon əlaqəsi yaradaraq arvadı ilə danışdığını, bir daha belə bir halın baş verməyəcəyini bildirdiyindən o, fikrindən dönmüşdür. 2021-ci ilin fevral ayından ölkə ərazisində pandemiya ilə bağlı qismən yumşalmalar olmaqla bağçaların da fəaliyyətinə icazələr verilmişdi, lakin onun bağçasında uşaq olmadığı üçün o bağçanı normal işlədərək icarə haqqını verməkdə çətinlik çəkirdi. Anar Cəfərovla danışıb bağçanın icarəsinə görə 500 manat ödəməyi təklif etmiş, o, isə bağçanın onun qaynatasına məxsus olmasını, onunla söhbət etdikdən sonra ona bir söz deyə biləcəyini bildirdi. Lakin sonradan Anar Cəfərov tərəfindən hər hansı bir söz deyilməyərək o, Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində olduğu ərəfədə evinə rəsmi məktub gəlmişdir. Hal-hazırda onun iddiaçı tərəfə hər-hansı bir məbləğdə borcu yoxdur. Bağça 2 ay yay aylarında başça fəaliyyət göstərmir. O, 2021-ci ilin fevral ayından yay aylarına kimi icarə haqqı ödəməmişdir. İddiaçı tərəfə bildirmişdir ki, o, bağçanı işlədib gəlir əldə edə bilməmiş, razılıq verərlərsə 2021-ci ilin sentyabr ayında icarə haqqını ödəmək istəyir. Pandemiya dövründə bağça ümumiyyətlə fəaliyyət göstərməyib. O, 2021-ci ilin mart, aprel və may aylarının icarə haqqı və vergi ödənişini etməmişdir. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş şahid X7 ifadəsində bildirdi ki, Cavabdeh Körpələr eviuşaq bağçasının yerləşdiyi obyektin icarəyə verilməsi və icarə haqqının alınması ona həvalə olunmuşdur, pandemiya dövründə bağçanın fəaliyyət göstərməsinin şahidi olmuşdur. Bundan başqa cavabdehin nümayəndəsi bağçaya uşaq qəbuluna dair sosial şəbəkələrdə reklam edirdi və o da başqa şəxs adı altında həmin səhifəyə yazıb uşaq qəbulunun mümkün olub-olmamasını soruşduqda uşaq qəbul etdiklərini bildirdilər. Bağçanın fəaliyyət göstərməsi səbəbindən icarə haqlarının ödənilməsini tələb etdilər. Əgər bağça fəaliyyət göstərməsəydi iddiaçı icarə haqqını tələb etməzdi. Cavabdeh bağçanın işlədərək icarə haqqı üçün 500 manat ödəməsini təklif edib, lakin iddiaçı razılaşmayıb. 4 ay ərzində cavabdeh tərəfindən heç bir ödəniş olmayıb. Məhkəmə, tərəflərin izahatlarını və şahid ifadəsini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə təqdim olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 05.07.2019-cu il tarixli İddiaçı ilə Cavabdeh İcarə müqaviləsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, ev 89 ünvanında yerləşən ümumi sahəsi 238,88 kv.m olan 4 saylı mənzil icarəyə verilmişdir. Müqavilənin 2.4-cü bəndinə əsasən uşaq bağçası kimi işlədilməsi nəzərdə tutulmuş bu “sahə” hər ildə, 2 ay, beş ildə cəmi 10 ay müddətində bu aylar üçün icarə haqqı ödənilməyəcək. Müqavilənin 4.2-ci bəndinə əsasən icarə haqqının ödənilməsinə 2019-cu ilin iyul ayının 1-dən etibarən başlanılacaq və hər aya görə 1360 manat həmin ayın 7-dən gec olmamaq şərtilə icarəçi tərəfindən icarəyə verənin müvafiq bank hesabına köçürmə yolu ilə və ya nağd şəklində ödənilməlidir. Müqavilənin 9-cu bəndinə əsasən qarşısıalınmaz qüvvənin yaratdığı hallar (təbii fəlakətlər, hərbi əməliyyatlar, iqtisadi böhran, devalivasiya, qanunvericilikdə rə.ışiliklər və s.) nəticəsində Müqavilə üzrə öhdəliklərini yerinə yetirmək mümkün olmadıqda, Tərəflər onların yerinə yetirilməməsi üçün məsuliyyət daşımırlar o şərtlə ki, həmin hallar Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə bilavasitə təsir etmiş olsunlar. Bu halda qarşısıalınmaz qüvvənin yaratdığı halların təsirinin müddəti ərzində Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi təxirə salınır. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 mart 2020-ci il tarixli qərarından görünür ki, 2020-ci il martın 3-dən 9-dək Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılmış və bununla bağlı bütün tədbirlər təxirə salınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.03.2020-ci il tarixli qərarından görünür ki, 14 mart 2020-ci il tarixdən Azərbaycan Respublikasında xüsusi rejim tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.01.2021-ci il tarixli qərarından görünür ki, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2021-ci il 1 fevral tarixindən tədris və təlimtərbiyə prosesinin əyani formada təşkili sanitar-epidemioloji vəziyyətlə bağlı Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin və ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyləri əsasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin qərarına əsasən təhsil pillələri və səviyyələri üzrə mərhələli şəkildə təmin edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 05.07.2019-cu il tarixli İddiaçı ilə Cavabdeh İcarə müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, ev 89 ünvanında yerləşən ümumi sahəsi 238,88 kv.m olan 4 saylı mənzil icarəyə verilmişdir. Müqavilənin 4.2-ci bəndinə əsasən icarə haqqının ödənilməsinə 2019cu ilin iyul ayının 1-dən etibarən başlanılacaq və hər aya görə 1360 manat həmin ayın 7dən gec olmamaq şərtilə icarəçi tərəfindən icarəyə verənin müvafiq bank hesabına köçürmə yolu ilə və ya nağd şəklində ödənilməlidir. Hazırda İddiaçı Cavabdeh Körpələr evi-uşaq bağçası MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Körpələr evi-Uşaq Bağçasından 05.07.2019-cu il tarixli icarə müqaviləsinə görə icarə haqqları üzrə yaranmış 17680 manat və gecikdirməyə görə həmin məbləğin 5 faizi həcmində, yəni 884 manat pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərlə və tərəflərin izahatları ilə müəyyən edilir ki, Azərbaycan Respublikasında koronavirus (COVİD 19) xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə 2020-ci ilin fevral ayından uşaq bağçalarının fəaliyyəti dayandırılmışdır. İddiaçı iddia ərizəsi və məhkəmə iclasında verdiyi izahatlardan görünür ki, cavabdeh 2020-ci ilin fevral ayından icarə haqqını ödəmir. Beləliklə, bütün ölkə ərazisində surətlə yayılan koronovirus infeksiyasının yayılma surətinin qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır və Operativ qərargah tərəfindən virusun yayılmasının qarşısının alınması üçün zəruri tədbirlər görülür. Həmin tədbirlər içərisində tədris prosesinin dayandırılması ilk pillədə dayanmışdır (buna həmçinin bağçlar da daxildir) və həmin məhdudiyyətlər Operativ Qərargah tərəfindən dəfələrlə uzadılmışdır. Daha sonra təhsil və tərbiyə müəssisələrinin fəaliyyəti 2021-ci il 1 fevral tarixindən mərhələli şəkildə bərpa edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh Körpələr evi-uşaq bağçası Məhdud Məsuliyyətli Cəmiyyətindən 2021-ci ilin fevral ayından may ayına kimi (4 ay) müddət üçün 5440 (1360X4) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi hissəsində təmin edilməlidir. Belə ki, yuxarıda qeyd edilmiş Nazirlər Kabinetinin müvafiq qərarlarından da göründüyü ki, fevral ayının 1-dən etibarən bağçaların fəliyyətinə rəsmi olaraq icazə verilmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi də verdiyi izahatında da 4 ay yəni, fevral, mart, aprel, may ayları üçün icarə haqqını ödəmədiyini etiraf etmişdir. Lakin tələb olunan pul məbləği qalan hissədə cavabdehdən tutula bilməz. Belə ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi kimi Cavabdeh Körpələr evi-uşaq bağçasının pandemiya dövründə fəaliyyət göstərdiyini sübuta yetirə bilməmişdir. İddiaçının sözügedən uşaq bağçasının pandemiya dövründə fəaliyyət göstərməsinə dair məhkəməyə təqdim etdiyi sübutlar işin həllində səmərəli olmamış, habelə məhkəmə iclasında tərəflərin izahatları, iş üzrə digər sübutlar vasitəsi ilə təsdiq edilmədiyindən subyektiv mövqe kimi qəbul olunaraq mübahisənin həllində effektiv sayılmamışdır. Həmçinin iddia ərizəsi icarə haqqının ödənilməsinin gecikdirməyə görə məbləğin 5 faizi həcmində pulun tutulması hissəsində də əsaslı olmadığı üçün təmin olunmamalıdır. Belə ki, məhkəmə icarə haqqının cavabdeh tərəfindən iddiaçının xeyrinə ödənilməsini 2021-ci ilin fevral ayından may ayına kimi əsaslı hesab etmiş (4 ay), iddiaçı isə 02.06.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə bu qısa müddət üçün gecikdirməyə görə 5% həcmində pulun tutulmasını məqsədəuyğun hesab etmir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh Körpələr evi-uşaq bağçası Məhdud Məsuliyyətli Cəmiyyətindən 5440 (üç yüz altmış) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-4035/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4035/2021
16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver