Məhkəmə qərarları › İş №2(004)-4071/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4071/2023

05.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4071/2023 05.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “Müqavilələrdən əmələ gələn öhdəliklər” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “Müqavilələrdən əmələ gələn öhdəliklər” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC ilə aralarında “kooperativ binada mənzil tikintisi haqqında” xx.xx.2020-ci il tarixli 2 müqaviləyə əsasən Bakı ş. Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanı “A” bloku, 2-ci mərtəbə, sahəsi 57.5 kv.metr 7 saylı mənzilin və Bakı ş. Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanı “A” bloku, 2-ci mərtəbə, sahəsi 102 kv.metr 12 saylı mənzilin ona təhvil verilməsinin, mənzillər üzrə layihədən təsdiq edilmiş çıxarışın, eyni zamanda mənzillərin özəlləşdirilməsi, çıxarışın verilməsi, mənzillərin dövlət qeydiyyatı üçün zəruri sənədlərin ona verilməsinin, bununla bağlı bütün zəruri hərəkətlərin aparılmasının cavabdehə həvalə edilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə aralarında xx.xx.2020-ci il tarixdə 2 müqavilə bağlamışlar. Müqaviləyə əsasən aldığı və Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan “A” bloku, 2-ci mərtəbə, sahəsi 57.5 kv.metr 7 saylı mənzilin və Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Ohmədov ünvanında tikilməkdə olan “A” bloku, 2-ci mərtəbə, sahəsi 102 kv.metr 12 saylı mənzilin dəyərinin tam ödənilməsi və Cavabdeh MMC-yə borcunun olmaması ilə bağlı ona eyni tarixli 2 maliyyə arayışı verilmişdir. Mənzillərin olduğu binanın tikintisi başa çatdırılmış, bir çox sakin mənzillərini artıq təmir edib, orada yaşayırlar. Buna baxmayaraq mənzilləri ona təhvil verilməmiş, mənzil üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün zəruri sənədlər təqdim edilməmiş, təmir üçün şərait yaradılmamışdır. Ona görə də xx.xx.2023-cü il tarixli pretenziya ilə cavabdehə müraciət edərək pretenziyanı aldıqdan sonra 5 gün ərzində bağlanmış xx.xx.2020-ci il tarixli 2 müqavilədə nəzərdə tutulan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tkilən “A” bloku, 2-ci mərtəbə, sahəsi 57.5 kv.metr 7 saylı mənzili və Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilən “A" bloku, 2-ci mərtəbə, sahəsi 102 kv.metr 12 saylı mənzili müqavilələrin 4.1-ci maddəsində göstərilən vəziyyətdə ona təhvil verməyi, mənzillər üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün zəruri sənədləri təqdim etməyi və təmir işləri aparmaq üçün şərait yaratmağı xahiş etdi. Pretenziyasına verilmiş 020 saylı, xx.xx.2023-cü il tarixli cavabda cavabdeh belə bir müqavilədən xəbərsiz olduğunu bildirmişdir. Müqavilənin bağlanmasından xeyli müddət keçsə də, cavabdeh müqavilə şərtlərini icra etmir. Ona verilmiş cavabda isə ümumiyyətlə müqavilədən xəbərsiz olduğunu göstərməklə mülki münasibətlərinə qeyri-ciddi yanaşır. Ona görə də hesab edir ki, müqavilə şərtlərinə əməl edilməli, mənzillər və mənzillərə dair maliyyə arayışı və protokoldan çıxarış, mənzillərin cizgisi təhvil verilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir və izahatında bildirmişdir ki, cavabdeh bildirişləri alsa da, məhkəmə iclaslarında iştirak etmir. Odur ki, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan cəmiyyət - Cavabdeh MMC ilə payçı - İddiaçı arasında başlanmış 30 sentyabr 2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh MMC Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında yerləşən “A” bloku, 2-ci mərtəbə, sahəsi 57.5 kv.m olan 7 saylı mənzili müəyyənləşdirilmiş mənzil haqqının vaxtında ödənilməsi şərtilə İddiaçı satmışdır. Cavabdeh MMC tərəfindən verilən 30 sentyabr 2020-ci il tarixli maliyyə arayışından görünür ki, vətəndaş İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında yerləşən “A” bloku, 2-ci mərtəbə, sahəsi 57.5 kv.m olan 7 saylı mənzilin tikinti dəyərini tam ödəmişdir və Cavabdeh MMC-yə borcu yoxdur. Cəmiyyət - Cavabdeh MMC ilə payçı - İddiaçı arasında başlanmış 30 sentyabr 2020ci il tarixli müqavilədən görünür ki, Cavabdeh MMC Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında yerləşən “A” bloku, 2-ci mərtəbə, sahəsi 102 kv.m olan 12 saylı mənzili müəyyənləşdirilmiş mənzil haqqının vaxtında ödənilməsi şərtilə İddiaçı satmışdır. Cavabdeh MMC tərəfindən verilən 30 sentyabr 2020-ci il tarixli maliyyə arayışından görünür ki, vətəndaş İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında yerləşən “A” bloku, 2-ci mərtəbə, sahəsi 102 kv.m olan 12 saylı mənzilin tikinti dəyərini tam ödəmişdir və Cavabdeh MMC-yə borcu yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçılarıarasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəlisürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər 30 sentyabr 2020-ci il tarixli müqaviləyə əsasən müəyyən edilmiş öhdəliklərin icrası üçün razılaşmışlar, lakin İddiaçı müqavilədə müəyyən edilmiş öhdəlikləri icra etməsinə baxmayaraq cavabdeh tərəfindən icra olunmamışdır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq, məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbi əsaslı və qanuni olduğundan təmin edilməlidir. Cavabdeh MMC ilə aralarında “kooperativ binada mənzil tikintisi haqqında” xx.xx.2020-ci il tarixli 2 müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanı “A” bloku, 2-ci mərtəbə, sahəsi 57.5 kv.metr 7 saylı mənzilin və Bakı ş. Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanı “A” bloku, 2-ci mərtəbə, sahəsi 102 kv.metr 12 saylı mənzili ona təhvil verilməli, mənzillər üzrə layihədən təsdiq edilmiş çıxarış, eyni zamanda mənzillər özəlləşdirilməli, çıxarış verilməli, mənzillərin dövlət qeydiyyatı üçün zəruri sənədləri ona verilməli, bununla bağlı bütün zəruri hərəkətlərin aparılması cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu olaraq ödənilmiş 100 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh MMC ilə bağlanmış “kooperativ binada mənzil tikintisi haqqında” xx.xx.2020-ci il tarixli 2 müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanı “A” bloku, 2-ci mərtəbə, sahəsi 57.5 kv.metr 7 saylı mənzil və Bakı ş. Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanı “A” bloku, 2-ci mərtəbə, sahəsi 102 kv.metr 12 saylı mənzil iddiaçıya təhvil verilsin. Mənzillər üzrə layihədən təsdiq edilmiş çıxarış, eyni zamanda mənzillərin özəlləşdirilməsi çıxarışının verilməsi, mənzillərin dövlət qeydiyyatı üçün zəruri sənədlərin ona verilməsi, bununla bağlı bütün zəruri hərəkətlərin aparılması cavabdehə həvalə edilsin. Cavabdeh MMC-dən dövlət rüsumu olaraq ödənilmiş 100 manat məbləğində pul tutularaq iddiaçıya ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar