Məhkəmə qərarları › İş №2(004)-4089/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4089/2020

08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4089/2020 08.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Mağazasına qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh Mağazası tərəfindən ona satılmış “İVEA MUTFAK” elektrikli ətçəkən maşın üçün ödədiyi 233 manat pulun Cavabdeh Mağazasından tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı xx.xx.2020-ci il tarixdə məhkəməyə yazılı ərizə təqdim edərək, Azərbaycan Respublikası MPM-in 54.1-ci maddəsinin tələbinə uyğun olaraq əsl olmayan Cavabdeh Mağazasını, əsl cavabdeh X5 ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı razılığı ilə Azərbaycan Respublikası MPM-in 54.1-ci maddəsinin tələbinə uyğun olaraq əsl olmayan Cavabdeh Mağazasını, Cavabdeh mağazasının sahibi olan əsl cavabdeh X5 ilə əvəz etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, xx.xx.2019cu il tarixdə ünvan 1 ünvanda yerləşən Cavabdeh Mağazasından 233 manat dəyərində 1 ədəd “İVEA MUTFAK” elektrikli ətçəkən maşın almışdır. Ətçəkən maşını qızına cehiz almışdır. Qızının toy məclisi xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Ətçəkən maşının işlək vəziyyətində olmasının yoxlamaq istəmiş və 2020-ci ilin yanvar ayında maşına 1 tikə ət atmaqla, maşını yoxlamışdır. Lakin ətçəkən maşın işləməmiş və içinə atılmış ət tikəsi maşının içində qalmışdır. Bu səbəbdən xx.xx.2020-ci il tarixdə cıhazı götürərək Cavabdeh Mağazasına getmişdir. Mağazada cihazda nasazlıq olmasını bildirərək, ona yeni ət çəkən maşın verilməsini və ya pulunun qaytarılmasını xahiş etmişdir. Mağazanın satıcısı onu Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayonda yerləşən “İVEA MUTFAK” markasının servisinə yönəltmişdir. O, servisə getməkdən imtina etmişdir. Bundan sonra, mağazanın satıcıları ətçəkən maşını özlərində saxlayaraq, bildirmişlər ki, onlar cihazı servisə göndərəcək və nəticəsi barədə ona məlumat veriləcəklər. Sonradan, o, yenidən mağazaya yaxınlaşmış və ona servisin xx.xx.2020-ci il tarixli aktı təqdim edilmişdir. Həmin aktda göstərilmişdir ki, “İVEA MUTFAK” elektrikli ətçəkən maşın düzgün istifadə edilmədiyinə görə maşının “şesterna” adlanan hissə yeyilmişdir. Bu halda cıhazın təmiri ödənişlidir. Satıcılar ona bildirməşlər ki, guya o, 7-8 kiloqram ət çəkmiş və bununla maşında nasazlıq yaranmışdır. Halbu ki, ətçəkən maşın cehiz üçün alınmış və istifadə edilməmişdir. Bununla əlaqədar o, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X4 Dövlət Xidmətinə yazılı şəkildə müraciət etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X4 Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli 08/01-7/408 nömrəli məktubu ilə ona bildirilmişdir ki, Cavabdeh Mağazasının sahibi fiziki şəxs X5 xx.xx.2020-ci il tarixli 339 nömrəli məktubu ilə qüsurlu olan “İVEA MUTFAK” elektrikli ətçəkən maşına servis xidmətində keçirilmiş, baxış zamanı qüsurun maldan düzgün istifadə edilmədiyinə görə “şesterva” adlanan hissəsinin yeyilməsindən yarandığının aşkar edildiyini, buna baxmayaraq malın ödənişsiz təmir edilməsinin təklif edildiyini, lakin onun, yəni İddiaçı bundan imtina etdiyini bildirmiş və müayinə sənədinin surətini Xidmətə təqdim etmişdir. Həmin məktubla mübahisə ilə bağlı ona məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Hesab edir ki, aldığı mal zəmanətli olduğuna görə cavabdeh həmin malı yenisi ilə əvəz etməli və ya ödədiyi pulu geri qaytarmalı idi. Lakin cavabdeh onun müraciətinə əhəmiyyət verməmiş və malı dəyişdirməkdən və onun ödədiyi vəsaiti qaytarmaqdan əsassız olaraq imtina etmişdir. Bu səbəbdən iddiasının təmin edilməsini xahiş edir. Cavabdeh X3 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmiş, lakin bildirişləri cavabdehə təqdim etmək mümkün olmamışdır. Bu barədə “xxxxxxxx” MMC-nin AZ1073 və AZ1100 indeksi olan Poçt Şöbələri tərəfindən bildirişlərin üzərində müvafiq qeyd yazılmaqla, bildirişlər məhkəməyə qaytarılmışdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasları kimi mülki qanunvericiliyin alqı-satqı müqaviləsi, həmçinin “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun müddəaları nəzərdən keçirilə bilər. Belə ki, Mülki Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Mülki Məcəllənin 587.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə alış qiymətinin mütənasib azaldılmasını; əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını; əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etsin. Mülki Məcəllənin 587.2.1-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 1-ci bəndinə əsasən istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. Satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Həmin maddənin 2-ci bəndinə əsasən isə, satıcı (icraçı) istehlakçıdan lazımı keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. İşin faktiki hallarına qiymət verməklə və yuxarıda sadalanan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçı Mülki Məcəllənin 587.2-ci maddəsinə və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 7-ci maddəsinə əsasən satıcıdan ödədiyi məbləği tələb etməkdə haqlı olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının izahatı, işin faktiki halları, təqdim edilmiş yazılı sübutlardan müəyyən edilir ki, İddiaçı xx.xx.2019-cu il tarixdə ünvan 1 ünvanda yerləşən Cavabdeh Mağazasından 233 manat dəyərində 1 ədəd “İVEA MUTFAK” elektrikli ətçəkən maşını almışdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, ətçəkən maşını işləmir və iddiaçı xx.xx.2020-ci il tarixdə cıhaz Cavabdeh Mağazasına aparmış, cihazda nasazlıq olmasını bildirərək, ona yeni ət çəkən maşın verilməsini və ya pulunun qaytarılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən cihaz yoxlanılması üçün “İVEA MUTFAK” servisinə göndərilmişdir. “İVEA MUTFAK” servisinin xx.xx.2020-ci il tarixli aktında göstərilmişdir ki, “İVEA MUTFAK” elektrikli ətçəkən maşını düzgün istifadə edilmədiyinə görə maşının “şesterna” adlanan hissə yeyilmişdir. Bu halda cıhazın təmiri ödənişlidir. Bununla əlaqədar iddiaçı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X4 Dövlət Xidmətinə yazılı şəkildə müraciət etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X4 Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli 08/01-7/408 nömrəli məktubu ilə İddiaçı bildirilmişdir ki, Cavabdeh Mağazasının sahibi fiziki şəxs X5 xx.xx.2020-ci il tarixli 339 nömrəli məktubu ilə qüsurlu olan “İVEA MUTFAK” elektrikli ətçəkən maşına servis xidmətində keçirilmiş baxış zamanı, qüsurun maldan düzgün istifadə edilmədiyinə görə “şesterva” adlanan hissəsinin yeyilməsindən yarandığının aşkar edildiyini, buna baxmayaraq malın ödənişsiz təmir edilməsinin təklif edildiyini, lakin İddiaçı bundan imtina etdiyini bildirmiş və müayinə sənədinin surətini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X4 Dövlət Xidmətinə təqdim etmişdir. Həmin məktubla mübahisə ilə bağlı iddiaçıya məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Belə olan halda qanunverici, istehlakçıya öz seçimi ilə bir neçə hüquq vermişdir ki, bunlardan biri də məhz ödənişin geri qaytarılmasını tələb etməkdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin satılmış malı geri qəbul etməkdən və ödənişi qaytarmaqdan imtina etməsi əsassız olmaqla, istehlakçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı “İVEA MUTFAK” elektrikli ətçəkən maşının alınması üçün xx.xx.2019-cu il tarixdə cavabdeh X3 məxsus olan Cavabdeh mağazasına ödədiyi 233 manat pul cavabdeh X2 tutularaq İddiaçı qaytarılmalı, cavabdeh X1 20 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı “İVEA MUTFAK” elektrikli ətçəkən maşının alınması üçün xx.xx.2019-cu il tarixdə cavabdeh X3 məxsus olan Cavabdeh mağazasına ödədiyi 233 (iki yüz otuz üç) manat pul cavabdeh X2 tutularaq İddiaçı qaytarılsın. Cavabdeh X1 20 (iyirmi) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar