Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4102/2022 13.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Sadıqov Cəlil Cəfərbala oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul borcu əvəzində mənzil verilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evin təmiri üçün lazım olan tikinti materiallarının alınmasına sərf olunan 13.000 manat və əmək haqqı olaraq 10.000 manat olmaqla, ümumilikdə 23.000 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsinə dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evinin təmiri üçün lazım olan tikinti materiallarının alınmasına sərf olunan 13.000 manat və əmək haqqı olaraq 10.000 manat olmaqla, ümumilikdə 23.000 manat məbləğində pulun əvəzində ünvan 1 ünvanında yerləşən 1 otaqlı mənzilin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, keçmiş qaynatası olan Cavabdeh evində beş il işləmiş, lakin ona əmək haqqı ödənilməmişdir. Belə ki, o, cavabdehin xahişi ilə ona məxsus evi bir neçə usta ilə birlikdə təmir etmişdir. Həmin vaxt onun arvadı olan cavabdehin qızının övladının olması üçün müalicəsinə kifayət qədər pul lazım olduğundan təkliflə razılaşmışdır. Lakin cavabdeh ona təmirlə bağlı əmək haqqı ödəməmişdir. O, isə qohum olduğu üçün cavabdehdən pulunu tələb edə bilməmişdir. Cavabdeh isə hər dəfə ona əlində pulunun olmamasını əsas gətirərək ödəniş etməkdən yayınmışdır. Bir müddət sonra cavabdehin qızı ilə olan nikahı pozulmuşdur. Cavabdeh isə onun evə sərf etdiyi pulu geri qaytarmamışdır. İddiaçı qeyd etmişdir ki, o, cavabdehə məxsus evin təmirinə və bunun üçün lazım olan materiallara 20.000 (iyirimi min) manatdan artıq pul xərcləmişdir. Bu halı isə evdə işləyən işçilər təsdiq edə bilər. Faktiki olaraq onların aralarında şifahi müqavilə olmuşdur, lakin cavabdeh müqavilə öhdəliyini yerinə yetirməmiş, onlar arasında olan qohumluq münasibətlərindən və onun etibarından sui-istifadə edərək onu aldadıb pulunu mənimsəmişdir. Hazırda o, cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən evin təmiri üçün zəruri tikinti materiallarının alınmasına sərf olunan 13.000 manat və əmək haqqı olaraq 10.000 manat olmaqla, ümumilikdə 23.000 manat məbləğində pulun əvəzində qeyd olunan mənzilin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2022-ci il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı guya cavabdehə məxsus sözügedən evdə beş il işlədiyini, bu müddət ərzində ona əmək haqqı ödənilmədiyini iddia etməsinə baxmayaraq, təmir işlərinin hansı dövrləri əhatə etməsi, həmçinin hansı işlərin görülməsi və ümumiyyətlə bu işlərin hansı səbəbdən uzun çəkməsi göstərilməmişdir. İddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, cavabdeh 1993-cü ildən 2003-cü ilədək mübahisə predmeti olan evdə yaşamış, 2003-cü ilin dekabr ayından isə həmin evdən ailə üzvləri ilə birlikdə çıxmışdır. Həmin tarixdən hal-hazıradək evdən Rüstəm Zeynalov adlı tanışı istifadə edir. İddiaçıyla isə 2006-cı ildən qohum olmuşlar. İddiaçının iddia etdiyi 10.000 (on min) manat əmək haqqı və 13.000 (on üç) min manat material pulu ilə bağlı qeyd edir ki, iddiaçı heç vaxt həmin evdə işləməmiş və heç bir vaxt orada təmir işləri ilə məşğul olmamışdır. Ümumiyyətlə həmin evdə 2003-cü il tarixdən onun tərəfindən hər hansı bir təmir işləri aparılmamışdır. Yalnız son vaxtlar, yəni son bir il ərzində orada yaşayan Rüstəm Zeynalov tərəfindən müəyyən təmir işləri aparılmışdır ki, bu halı təsdiq edən kifayət qədər sübutları vardır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi və izahatında bildirdi ki, həmin mənzildə iddiaçı 2018-2019-cu illərdə təmir işləri aparmışdır. Hazırda isə iddiaçı 10.000 manat əmək haqqı, 13.000 manat isə lazım olan vəsaitlərin alınması üçün sərf olunan pulun qarşılığında mənzilin ona verilməsini tələb edir. Evin təmirində lazım olan bütün ödənişlər iddiaçı tərəfindən edilib, lakin bununla bağlı sübutları məhkəməyə hazırda təqdim edə bilmir. Həmçinin əlavə olaraq bildirmişdir ki, cavabdeh və şahidlər tərəfindən verilən ifadələr səmimi deyildir. İddiaçının tələbi əsaslıdır və təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, 1992-ci ildən ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşamış, 2003-cü ildən sonra mənzildən çıxmışlar, həmin vaxtdan mənzili ailə dostu Rüstəm Zeynalova əvəzsiz istifadə üçün vermişdir. İddiaçı ümumiyyətlə həmin evdə olmamış və heç bir təmir işləri aparılmamışdır. O cümlədən mülkiyyətçi olaraq özü də qeyd olunan evdə heç bir təmir işləri aparmamışdır, yalnız hazırki istifadəçi tərəfindən bəzi kosmetik işlər aparılmışdır. Odur ki, göstərilənlərə əsasən cavabdeh iddia tələbi əsassız olduğundan rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 cavabdehin və şahidlərin izahatlarında qeyd olunanların, o cümlədən iddiaçı tərəfindən iddia tələbinin əsaslılığına dair hər hansı sübutun təqdim olunmaması nəzərə alınaraq, iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, təxminən 20 ilə yaxın müddətdir ki, qeyd olunan fərdi yaşayış evi onun istifadəsindədir. Belə ki, o, “Şeron” qrupunun rəhbəridir, uzun müddət ev qrupun studiosu və anbarı kimi fəaliyyət göstərmişdir. Son 7 ay olar ki, o, evin konstruksiyasını dəyişərək yaşayış sahəsi kimi istifadə edir və ailə üzvləri ilə birlikdə hazırda orada yaşayır. Son dövrlər evdə aparılan təmir işləri onun göstərişi ilə öz ustaları tərəfindən və öz vəsaiti hesabına aparılmışdır. Cavabdeh tərəfindən hər hansı müdaxilə edilməmişdir. İddiaçını isə ümumiyyətlə tanımır və mənzildə onun tərəfindən heç bir təmir işləri aparılmamışdır. Cavabdehlə yaxın münasibətləri olduğundan onun qohumu olan iddiaçını yalnız bir dəfə görmüş, lakin dəqiq harada görməsini xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əziz Umarov izahatında bildirmişdir ki, fərdi qaydada usta olaraq çalışır. O, hazırki iş üzrə tərəfləri tanımır. Mübahisə predmeti olan evdə “Şeron” qrupunun rəhbəri X2 göstərişinə əsasən 2006-cı ildən başlayaraq, dövrü olaraq köməkçisi X3 ilə birlikdə müəyyən təmir işləri aparmışdır. Görülmüş işlərə görə ödənişləri Rüstəm ona ödəmişdir. Qeyd olunan evdə sonuncu dəfə pandemiyadan sonra hamam otağını təmir etmiş və istilik sistemi quraşdırmışdır. Evin təmiri üçün lazım olan bütün materialları Rüstəm alıb onlara vermişdir. Belə ki, onda olan məlumata görə “Şeron” qrupu həmin evi əvvəllər anbar kimi istifadə etmiş, sonradan isə Rüstəm yaşayış evi kimi istifadə etməyə başladığından hamam otağını təmir etmiş və digər işlər görülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 eyni məzmunlu izahat verərək digər şahidin göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə tərəflərin və şahidlərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarında olan sənədləri araşdırıb, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilən MH seriyalı 186213 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Yasamal rayonu, S.Dadaşov küçəsi, ev 8 ünvanında yerləşən 1 nömrəli mənzil Cavabdeh adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış və bu barədə reyestr kitabında xx.xx.1999-cu il tarixdə 301 nömrə ilə qeydiyyat aparılmışdır. Eyni zamanda məhkəmə qeyd edir, İddiaçı iddia ərizəsində öz dəlillərini əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı tərəfindən verilən tələbdə qeyd olunan mənzilə çəkilən xərclərlə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmçinin şahidlər tərəfindən verilən izahatlardan görünür ki, cavabdeh həmin mənzildə yaşamır və tanışı X2 əvəzsiz istifadəsinə vermişdir. Mənzilin təmiri üçün çəkilən xərclər isə X1 və vəsaiti hesabına aparılmışdır. İddiaçı dəqiqləşdirmə ərizəsində pul vəsaitinin əvəzi olaraq mənzil tələb etmiş və məhkəmə hesab edir ki, tələb əsassızdır və təmin olunmamalıdır. Odur ki, məhkəmə sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi rədd edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-4102/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4102/2022
13.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver