Məhkəmə qərarları › İş №2(004)-4126/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4126/2021

13.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4126/2021 13.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və X3 qarşı mənzilə köçürülmə tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və X3 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, onu, azyaşlı uşaqları ilə birlikdə Cavabdeh2 yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, 21 oktyabr 2008-ci il tarixdə Cavabdeh2 ilə rəsmi nikaha daxil olmuşdur. Ailə qurduqdan dərhal sonra onlar, həyat yoldaşının ailəsinə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüş və 2008-ci il tarixdən 2020-ci ilin yanvar ayına qədər orada yaşamışlar. Yoldaşının əmisi, X4 məxsus olan həmin ünvanda, bir neçə fərdi yaşayış evi mövcud olmuşdur ki, həmin evlərdən biri də onlara məxsus olmuşdur. Onların birgə nikahından 12.01.2010-cü il tarixdə X9 və 06.04.2012-ci il tarixdə X10 dünyaya gəlmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli qətnaməsi ilə, onunla Cavabdeh2 arasında olan nikah pozulmuş və o, həyat yoldaşına məxsus evi tərk edərək, müxtəlif ünvanlarda yaşamağa məcbur olmuşdur. O, cavabdehlə evlənib ailə üzvü kimi cavabdehin yaşadığı ünvana köçdükdən sonra, cavabdehlə birlikdə ümumi təsərrüfat aparmaqla birgə yaşamışdır. Onun cehiz mebelləri, digər əşyaları hal-hazırda da cavabdehin yaşadığı həmin ünvanda fərdi yaşayış evindədir. Onun həmin ünvana köçdükdən sonra (birgə yaşayıb ümumi təsərrüfat aparan zaman) umumi qazanc hesabına, yaşadıqları birmərtəbəli evin 2 otaq, bir eyvan və bir mətbəxdən ibarət olan ikinci mərtəbəsini tikmişlər. Həyat yoldaşından boşandığı vaxtdan etibarən, o uşaqları ilə birlikdə müvəqqəti olaraq məcburiyyət üzündən Xırdalan şəhərində valideyinlərinin mənzilində yaşayırlar. Həmin mənzil ona məxsus deyildir, həmin mənzildə onlardan başqa atası, anası, əmisi və əmisinin uşaqları yaşayırlar. Onun körpə uşaqları vardır. Cavabdeh onları evə buraxmır. Uşaqlarının və onun özünün daimi və normal yaşayış şəraiti olmalıdır ki, bu da hal-hazırda onun ailəsi üçün mövcud deyildir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və eyni zamanda vəkili X7 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, mübahisəli ev iş üzrə cavabdeh X2 mülkiyyətində olsa da, həmin evdən bir otaq iddiaçı və Cavabdeh2 nikaha daxil olarkən, evin mülkiyyətçisi tərəfindən onlara bağışlanmışdır. İddiaçı uzun müddət həmin bir otaqda yaşamış və cehiz əşyalarını da, ora gəlin köçərkən gətirmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə etiraz edərək göstərmişdir ki, sözü gedən ev onun əmisi, iş üzrə digər cavabdeh X3 məxsusdur. Belə ki, onun evlənmə vaxtı gəldiyi üçün əmisi o və anasına yaşaması üçün həmin fərdi yaşayış evində yerləşən təxmini 24 kv.m olan bir otağı gələcəkdə işləyib özünə ev alanadək müvəqqəti yaşamaq üçün onlara vermişdir. Sonradan , iddiaçı ilə ailə qurmuş və ailə qurduqdan sonra iddiaçı da, onlarla birlikdə həmin evdə yaşamışdır. Bir otaqlı evdə onların birlikdə yaşaması mümkün olmadığı üçün anası onlardan ayrılaraq kirayədə köçmüşdür. 2020-ci ilin iyun ayında iddiaçı ilə aralarında olan nikah pozulduğundan, iddiaçı ona məxsus olan əşyaları da, götürərək, həmin evdən getmişdir. Hazırda həmin bir otaqlı evdə heç bir əşya yoxdur. Bu səbəbdən də, o da həmin yeri tərk edərək, kirayədə yaşamaq qərarına gəlmişdir. İddiaçı ilə həmin mübahisəli evdə yaşayarkən, o əmisinə kommunal xərclərin ödənilməsində köməklik göstərmiş, hətta əmisinə müəyyən məbləğdə kirayə haqqı da, ödəmişdir. İddiaçının ümumiyyətlə mübahisəli evə heç bir qeydiyyatı olmamışdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdeh X8 məhkəmədə iştirak etməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə digər cavabdeh X2 iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş və ünvan 2 ünvanında qeydiyyatdadır. ünvan 36.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Əlilbala qızı və Cavabdeh2 arasında Nərimanov rayon Qeydiyyat şöbəsində 21.10.2008-ci il tarixdə 1125 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 12.01.2010-cu il təvəllüdlü X9 və 06.04.2012-ci il təvəllüdlü X6 anaları İddiaçı Əlilbala qızının yanında qalmasının müəyyən edilməsi, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 16 mart 2020-ci iltarixli2(004)-1976/2020 nömrəli qərardadı ilə sabit pul məbləğində müvəqqəti alimentin tutulmasının dayandırılması, 12.01.2010-cu il təvəllüdlü X9 və 06.04.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanması üçün 16.06.2020-ci il tarixdən başlayaraq Cavabdeh2 hər ay hər uşaq üçün 170 manat, ümumilikdə hər ay 340 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı Əlilbala qızına ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, ünvan 1 mülkiyytəçisi X5r. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Əlilbala qızı və Cavabdeh2 arasında Nərimanov rayon Qeydiyyat şöbəsində 21.10.2008-ci il tarixdə 1125 nömrəli akt qeydi ilə nikah bağlanmış, tərəflərin birgə nikahdan 12.01.2010-cu il təvəllüdlü X9 və 06.04.2012-ci il təvəllüdlü X10 adlı övladları olmuşdur. Tərəflər nikaha daxil olduqdan sonra ünvan 1 ünvanında yerləşən 1 otaqda yaşamışlar. Tərəflər arasında olan nikan ünvan 36.2020-ci il tarixli qətnaməsi ilə pozulmuş və birgə nikahdan olan uşaqların analarının yanında qalması və cavabdehdən uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 170 manat, ümumilikdə hər ay 340 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materialları ilə həmçinin o da, müəyyən edilmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evi cavabdeh X2 mülkiyyətindədir. İddiaçı Cavabdeh2 ilə aralarında olan nikah pozulduqdan sonra, mübahisəli evi tərk edərək, öz valideynlərinə məxsus evə köçmüşdür. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 27.07.2001-ci il tarixli qərarında göstərilmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1. və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» 27.05.2008-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Məhkəmə baxışında tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edilmişdir ki, ünvan 1 mülkiyytəçisi X5r. İddiaçı cavabdeh X3 məxsus evə gəlin köçərək yaşasa da, onun həmin evə istifadə hüququ yaranmamışdır. İddiaçı hazırda mübahisəli evdə yaşamır və mübahisəli evin mülkiyyətçisi olan iş üzrə cavabdeh X2 ailə üzvü deyildir. Bundan başqa iş üzrə digər Cavabdeh2 da, evin mülkiyyətçisi olan X2 ailə üzvü deyildir. Məhkəmə qeyd edir ki, tərəflər arasında mübahisəli hüquq münasibətləri 2000-ci ilin sentyabr ayının 1-dən sonra yarandığı üçün, hazırkı mübahisə Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun həll edilməlidir. Həmin normaların tələblərinə əsasən mübahisəli mənzildən istifadə hüququnun yaranması üçün üç mütləq şərt yerinə yetirilməli, yəni iddiaçı evin mülkiyyətçisi ilə yazılı razılaşma bağlamalı, həmin razılaşma notariat qaydasında təsdiq edilməli və onların bu istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Məhkəmə baxışında yuxarıda sadalanan üç şərtin yerinə yetirilməsi ilə bağlı heç bir hal aşkar edilməmişdir. Bu səbəbdən də məhkəmə qeyd edir ki, iddiaçının mübahisəli evə istifadə hüququ olmadığından, o, ünvan 1-ə köçürülə bilməz. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir» Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddia ərizəsi əsassız olduğu üçün, İddiaçı cavabdehlər Cavabdeh2 və X3 qarşı mənzilə köçürülmə tələbinə dair iddiası rədd edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və X3 qarşı mənzilə köçürülmə tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar