Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4156/2024 26.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Respublika Təcili və X2 Mərkəzi publik hüquqi şəxsə qarşı “əmrin ləğv olunması, işə bərpa, ödənilməmiş dövrə görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Respublika Təcili və X2 Mərkəzi publik hüquqi şəxsə qarşı “əmrin ləğv olunması, işə bərpa, ödənilməmiş dövrə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 41 ildir ki, Respublika Təcili və X2 Mərkəzində işləyir. Barəsində əvvəllər heç vaxt intizam tədbiri tətbiq edilməmiş, daima nümunəvi işçi olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 13:10-da birinin qucağında azyaşlı uşaq olan 2 nəfər şəxs xəstəxanaya daxil olmuş, iddiaçı uşağın başı nahiyəsində xəsarət olduğunu görmüş, lakin bölmədə həkim olmadığını bildirmiş, dərhal şöbə müdirini çağırmaq istədikdə onlar 20-25 saniyə ərzində bölməni tərk edib getmişlər. Həmin şəxslər dərhal təyinatı üzrə polikinikaya yaxınlaşmışlar və tibbi yardım almışlar. Həmin şəxslər daha sonra iddiaçı barədə müvafiq orqanlara şikayət etmişlər və bu barədə sosial şəbəkələrdə məlumatlar paylaşılmışdır. Həmin şəxslər xaraktercə şikayətə meylli şəxslər olmuşlar. Hətta həmin poliklinikadan da şikayət etmişlər. İşəgötürən sosial şəbəkələrdə yayılmış məlumatlara əsasən əsassız olaraq iddiaçını işdən azad etmişdir. Bu səbəbdən, iddiaçının mübahisələndirdiyi əmək müqaviləsinə xitam verilməsi barədə əmr əsassızdır və ləğv edilməlidir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli əmrə əsasən müəyyən edilir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İş materiallarına Respublika Təcili və X2 Mərkəzi publik hüquqi şəxsin Həmkarlar ittifaqı komitəsinin xx.xx.2024-cü il tarixli 644 nömrəli rəyi əlavə edilmişdir. Rəyə əsasən müəyyən edilir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilmir. İş materiallarına Təcili və X2 Stansiyası üzrə vəzifə təlimatı əlavə edilmişdir. Həmin təlimatın 2-ci fəslində tibb bacısının vəzifələri qeyd edilmişdir. İş materiallarına Təcili və X2 stansiyasının təchizat otağının tibb bacısının vəzifə təlimatı əlavə edilmişdir. İş materiallarına Çağırış üzrə tibb bacısının əmək funskiyasına dair məlumatlar əlavə edilmişdir. İş materiallarına vətəndaş (xəstənin valideyni) X1 şikayət ərizəsi əlavə edilmişdir. Ərizədə qeyd edilmişdir ki, .......Uşaq çox qan itirmişdi. Uşağın alın nahiyyəsindən yaralandığını və qanaxması olduğunu dedik. Köynəyinin üstü və sifəti tamam qan içində idi. Lakin, içəridə olanlardan heç biri müdaxilə etmədi. Biz uşağa baxmırıq deyərək bizi qəbul etmədilər. Hətta oturduqları yerdən qalxmadılar. Amma insanlıq xatirinə adi bir bintlə spirtlə uşağın yarasını saraya bilərdilər... İş materiallarında olan 20 saylı şəhər poliklinikasının xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, 1 yaş 7 aylıq uşaq X4 atası və babası tərəfindən poliklinikaya gətirilmiş və xəstəyə tibbi yardım göstərilməklə müvafiq tədbirlər görülmüşdür. İş materiallarına Respublika Təcili və X2 Mərkəzi publik hüquqi şəxsin nizamnaməsi əlavə edilmişdir. Nizamnamənin 3-cü fəslində mərkəzin vəzifələri qeyd edilmişdir. İş materiallarına xəstəyə yardım edilməməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatlar, rəylər və yazılar əlavə edilmişdir. İş materiallarına müvafiq tibbi müəssisənin kameralarında qeydə alınmış videogörüntülər əlavə edilmişdir (CD disk). Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı normalar çıxış edir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə əsasən, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud pozuntusu hesab edilir. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, İddiaçı Təcili və X2 stansiyasının təchizat otağının tibb bacısı vəzifəsində işləmişdir. Əvvəllər barəsində hər hansı intizam tənhebi tətbiq edilməmişdir. xx.xx.2024-cü il tarixdə saat 13:10-da birinin qucağında azyaşlı uşaq olan 2 nəfər şəxs xəstəxanaya daxil olmuş, iddiaçı uşağın başı nahiyəsində xəsarət olduğunu görmüş, lakin bölmədə həkim olmadığını bildirmiş, onlar 20-25 saniyə ərzində bölməni tərk edib getmişlər. Həmin şəxslər dərhal təyinatı üzrə yaxınlıqda yerləşən polikinikaya yaxınlaşmışlar və tibbi yardım almışlar. Xəstənin valideyni iddiaçı və tibb müəssisəsi barədə müvafiq şikayət etmiş və bu barədə sosial şəbəkələrdə işəgötürən barəsində neqativ məlumatlar paylaşılmışdır. Baş vermiş hadisənin həssaslığı, sosial mahiyyəti və xarakteri nəzərə alınmaqla məhkəmə hesab edir ki, hadisə ictimailəşmiş və işəgötürənin ünvanına neqativ rəylər ünvanlanmışdır. Lakin, iş materiallarına əlavə edilmiş, sosial şəbəkələrdə yazılmış rəylərə əsasən müəyyən edilir ki, həmin rəylər əsassız olmaqla bir qrup sosial şəbəkə istifadəçisinin bilavasitə baş vermiş konkret situasiya və ya işçi barədə deyil, ümumi narazılıq ifadəsidir. Ümumi narazılığın, orqana qarşı olan neqativ fikirlərin sıravi işçiyə yüklənməsi, insanların razı salınması məqsədilə işçinin əsassız olaraq işdən çıxarılması ədalətli və əsaslı hesab edilə bilməz. İşçinin təqsiri varsa da, təqsir müəyyən edilməli, sübuta yetirilməli və işçi intizam məsuliyyətinə cəlb edilməlidir. Nəzərə alınmalıdır ki, sıravi işçi də vətəndaşdır və başqa bir şəxsin hüquqlarının müdafiəsi naminə (əgər varsa da) digər şəxs olan işçinin hüquqlarının pozulması yolverilməzdir. Əks halda, hüquqa inamsızlıq artar, insanlar problemləri hüquqla deyil, digər faktiki məsələlərlə (qanunsuz və s.) həll etməyə çalışarlar, dövlət orqanlarına etimad azalar. Nəzərə alınır ki, iddiaçı uzun illərdir ki (41 il), tibb sahəsi üzrə sözügedən müəssisədə çalışın və indiyə kimi heç bir intizam məsuliyyətinə cəlb edilməmişdir. Nümunəvi işçinin kənar şəxslərin hadisə barədə heç bir məlumatları olmadan, öz mülahizələri əsasında sosial şəbəkələrdə yazdıqları əsassız rəylərə işdən çıxarılması qanuni hesab edilmir. Əksinə, həmin rəyləri yazan sosial şəbəkə istifadəçilərinin özlərini hüquqi nizam-intizama, etika, əxlaq qaydalarına riayət etməyə dəvət etmək lazımdır. İş materiallarında olan videogörüntülərin təhlili zamanı müəyyən edilir ki, sözügedən proses həqiqətən də 15-20 saniyə ərzində baş vermişdir. Lakin, görüntülər üzrə şəxslərin yalnız tibb müəssisəsinə girişi və çıxışı qeydə alınmış, bilavasitə hadisə baş vermiş tibb otağında baş vermiş proseslər barədə qeydlər mövcud deyildir. Həmin video görüntülər mübahisə predmeti olan əmrin əsaslılığına dair heç bir ip ucu vermir. Tibb müəssisəsinin qüsuruna görə (əgər varsa) sıravi tibb bacısının cəzalandırılması məsələnin (problemin) həllinə səbəb olmur. Müəyyən edilir ki, müvafiq hadisə üzrə xəstə yaxınları xəstəni Təcili və X2 stansiyasının bilavasitə yanında yerləşən cərrahi müdaxilənin zəruriliyi nəzərə alınmaqla aidiyyatı üzrə səlahiyyətli (tibbi baxımdan) qurum qismində poliklinikaya İddiaçı müvafiq məsləhəti, rəyi əsasında aparmışlar və uşağa keyfiyyətli tibbi yardım göstərilməklə sağlamlığına yarana biləcək təhlükə aradan qalxmışdır. Məhkəmə qeyd edir ki, məhkəmələr hüquq tətbiq edən orqan olmaqla qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən hüququ tətbiq etməli, yalnız qanunda boşluq olduqda hüquq prinsipləri nəzərə alınmaqla qanunun və hüququn anologiyasından istifadə etməlidirlər. Məhkəmənin qanunvericiliyin aydın, müəyyən olan konkret normasını digər formada şərh etmək hüququ yoxdur. Nəzərə almaq lazımdır ki, qanunun hər hansı norması açıq-aşkar ədalətsiz olsa da, həmin normanın dəyişdirilməsi və ya qüvvədən salınması hüququ dövlətin hüquq yaradıcı (qanunverici) orqanlarına məxsusdur. Məhkəmələr isə hüquq tətbiq etmə prosesində müvafiq normanın şərh edilməsi və ya normaya yenidən baxılmasına dair səlahiyyətli orqanlara müraciət edilməsi məsələsini müzakirə edə bilərlər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi, mülki icraatda “formal həqiqət”in müəyyən edilməsi prinsipi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən əmrin əsaslılığı sübuta yetirilməmiş, şəxsi mülahizələr əsasında məhkəmədə müvafiq mövqe formalaşdırılmağa çalışılmışdır. Məhkəmə isə izah edir ki, işçinin barəsində tətbiq edilən intizam tədbirinin qanuniliyi və əmələ münasibətdə proporsionallığı sübuta yetirilməlidir. Münasibətin xarakteri nəzərə alınmaqla hazırki mülki iş üzrə sübutetmə yükü daha üstün tərəf olan cavabdehin üzərindədir. Məhkəmə yalnız mülki işdə olan sənədlər əsasında qərar qəbul etməyi zəruri hesab edir. Müəyyən edilir ki, mübahisələndirilən əmr qanunsuzdur və ləğv edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara və proses iştirakçılarının izahatlarına əsasən yuxarıda qeyd olunan hüquqi əsaslar nəzərə alınmaqla hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Respublika Təcili və X2 Mərkəzi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 18-1-88/3-1-2167/2024 nömrəli əmri ləğv edilməli, İddiaçı vəzifəsinə bərpa edilməli və məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqı hesablanaraq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh Respublika Təcili və X2 Mərkəzi publik hüquqi şəxsə qarşı “əmrin ləğv olunması, işə bərpa, ödənilməmiş dövrə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh Respublika Təcili və X2 Mərkəzi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 18-1-88/3-1-2167/2024 nömrəli əmri ləğv edilsin. İddiaçı vəzifəsinə bərpa edilsin. Məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqı hesablanaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-4156/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4156/2024
26.09.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver