Məhkəmə qərarları › İş №2(004)-4158/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4158/2024

17.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4158/2024 17.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə1, Maraqlı şəxsin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Astara rayon Tara Bazasında 2 il (xx.xx.1975-xx.xx.1977) əmək stajı, Lerik rayon Çörək zavodunda 4 ay 4 gün (xx.xx.1995xx.xx.1996) əmək stajı və Lerik rayonu X6 çalışdığı 5 il 9 ay (xx.xx.1996-xx.xx.2001) əmək və sığorta stajının, cəmi 8 il 01 ay 03 gün (2 il+4 ay 4 gün+ 5 il 09 ay) əmək və sığorta stajının mövcud olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 1975-ci il 20 noyabr tarixindən 1977-ci ilin 30 noyabr tarixinə kimi (2 il) Astara rayon Tara Bazasında çalışmışdır. 1977-1978 ci illərdə və 1980-1981 ci illərdə (2 il) texnikumda təhsil almışdır. 1978-ci ilin oktyabırından 1980-ci ilin oktyabrına kimi ordu sıralarında xidmət etmişdir. xx.xx.1981 -ci il tarixdən xx.xx.1994-cü il tarixədək Lerik rayonunda işlədiyi müxtəlif sahələrdəki sığorta fəaliyyəti (21 il 6 ay 10 gün) təşkil etmiş, lakin sorakı iş fəaliyyəti nəzərə alınmamışdır. Belə ki, xx.xx.1995-xx.xx.1996 cı illər Lerik rayon X5 vəzifəsində çalışmışdır. xx.xx.1996-cı ildən xx.xx.2000-ci ilədək Baş Dövlət Vergi Müfəttişliyinin Lerik rayonu üzrə X3 rəisi vəzifəsində çalışmış, xx.xx.2000-ci ildə struktur dəyişikliyi ilə əlaqədar Vergilər Nazirliyinin Lerik rayonu üzrə Vergilər Şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. Həmin vəzifədə xx.xx.2001-ci il tarixədək çalışmışdır. İstər xx.xx.1995-xx.xx.1996-cı illər Lerik rayonundakı Çörək Zavodunda çalışdığı zamanı, istər xx.xx.1975-xx.xx.1977-ci illər X7 çalışdığı zamanı və istərsə də xx.xx.1996-cı ildən xx.xx.2001-ci il tarixədək Lerik rayonunda Vergi orqanlarında çalışdığı müddət ərzində bütün aylar üzrə əmək haqqı almış və yekun olaraq 8 il 01 ay 03 gün (2 il + 4ay 4 gün+ 5 il 9 ay) sığorta stajı təşkil etmişdir. Lakin pensiya məbləği müəyyən olunarkən düzgün hesablanma aparılmamışdır. Pensiya yaşına çatmağıla bağlı pensiya məbləğinin düzgün hesablanmasından ötrü ƏƏSMN-nə müraciət olunmuş müəyyən araşdırma aparılsada, araşdırma tam və obyektiv olmamışdır. Belə ki, xx.xx.1978-ci ildən xx.xx.1994-cü il tarixədək adına hesablanmış əmək haqqı nəzərə alınmaqla əmək fəaliyyəti onun əsasında hesablanmış sığorta stajı 21 il 6 ay 10 gün hesablamışlar. Lakin, əmək kitabçasında təsdiq olunduğu kimi, X7 xx.xx.1975-ci ildən xx.xx.1977-ci il tarixədək (2 il) əmək stajı nəzərə alınmamış və nəticədə sığorta stajına əlavə edilməmişdir. Bundan əlavə xx.xx.1995-xx.xx.1996-cı illər Lerik rayon X5 vəzifəsində çalışdığı müddət (4 ay 04 gün) nəzərə alınmamışdır. Bundan başqa, xx.xx.1996 -xx.xx.2001-ci ilədək (5 il 01 ay) Lerik rayonu üzrə Vergi Müfəttişliyinin rəisi vəzifəsində (xx.xx.2000-ci ildə struktur dəyişikliyi ilə təmin təşkilat, Vergilər Nazirliyinin Lerik rayonu üzrə Vergilər Şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. Tərəfindən DVX-yə müraciət olunmuş, verilən cavab bir daha təsdiq etmişdir ki, xx.xx.1996-xx.xx.2000-ci illər lerik rayonu üzrə X2 çalışmış və əmək haqqı almışdır. Lakin xx.xx.2000-ci il tarixdə struktur dəyişikliyindən sonrakı müddət, əmək fəaliyyəti və sığorta stajı nəzərə alınmamışdır. Bu illər pensiya hesablanarkən nəzərə alınmadığından və sığorta stajına əlavə edilmədiyindən tələb olunan 25 il sığorta stajı formalaşmamış və pensiya məbləği aşağı hesablanmışdır. Qeyd olunur ki, rayon vergi qurumu dövlət orqanı olmuş, əmək fəaliyyəti rəsmi olmuş və Dövlət vergi orqanında göstərilən müddətdə fasiləsiz fəaliyyət göstərmiş və əmək haqqı almışdır. Ona görə də nəzərə alınmamış əmək stajı bərpa edilməli və fasiləsiz əmək fəaliyyəti ilə məşğul olmağı faktı hüquqi əhəmiyyət kəsb etdiyindən müəyyən edilməlidir. Bu hüquqi əhəmiyyət kəsb edən fakt müəyyən olunarsa, qanunla müvafiq qaydada pensiya məbləğini almaq imkanı təmin olunacaqdır. Ona görə də yuxarıda göstərilən iş yerlərində əmək fəaliyyərti ilə məşğul olmağı, əmək haqqı almağı faktı (sığorta stajı) müəyyən olunmalıdır. Maraqlı şəxs etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “hüquqi əhəmiyyətli olan faktının müəyyən edilməsi” tələbinə dair 2(004)-4158/2024 nömrəli iş üzrə icraata xitam verilməsi, mahiyyəti üzrə baxıldığı halda ərizənin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Ərizəçi Astara rayon Tara Bazasında 2 il (xx.xx.1975 - xx.xx.1977), Lerik rayon Çörək zavodunda 4 ay 4 gün (xx.xx.1995 xx.xx.1996) və Lerik rayonu X6 5 il 9 ay (xx.xx.1996 xx.xx.2001), cəmi 8İİ 01 ay 03 gün (2 il 4 ay 4 gün + 5 il 09 ay) əmək və sığorta stajının mövcudluğu faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi sözügedən müəssisədə işlədiyini təsdiq edən sənədlərin mövcud olmadığını, onları əldə etməyin mümkünsüzlüyünə dair hər hansısa sübut təqdim etməməklə yanaş ərizədə də sözügedən məsələyə münasibət bildirməmişdir. Əvvəllər qüvvədə olmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarfnm 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Qaydaların 3.2.2-ci yarımbəndinə uyğun olaraq, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sığorta stajı müəyyən edilir. Yuxarıda qeyd edilən səbəblərdən heç biri mövcud olmadığından, sözügedən mübahisəyə inzibati icraat qaydasında baxılması zəruridir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" altsisteminde olan məlumatlara ve təqdim edilən əmək kitabçasının, təhsil haqqında diplomun va hərbi biletin surətlərinə əsasən ərizəçinin xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək və xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək olan əmək fəaliyyəti dövrləri həmçinin 25 10 1978-ci il tarixdən xx.xx.1981-ci il tarixədək təhsil illəri ve hərbi xidmətdə müddəti, xx.xx.1981-ci il tarixdən 15.11 1994-cü il tarixədək adına əməkhaqqı hesablanan aylar və xx.xx.1996-cı il tarixdən xx.xx.2001-ci il tarixədək Lerik rayonu üzrə X1 əmək fəaliyyəti dövrü də nəzərə alınmaqla ümumi sığorta stajı 21 il 6 ay 10 gün təşkil edir. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabın sigorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bildirirlər ki, əmək kitabçanın surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1981-ci il tarixdən xx.xx.1994-cü il tarixədək və xx.xx.1995-ci il tarixdən xx.xx.1996- cı il tarixədək əmək fəaliyyəti dövrlərinin araşdırılması təmin edilmişdir. Belə ki, ərizəçinin işlədiyini iddia etdiyi xx.xx.1995-xx.xx.1996-ci illər ərzindəki əmək fəaliyyətini təsdiq edən Lerik çörək zavodunun arxiv sənədlərində öz əksini tapmadığından sığorta stajına daxil edilməmişdir. Həmin sənədlər məhv olduğuna və əlçatmazlığına dair hər hansısa sübut olmadığından sözügedən iş üzrə icraat inzibati məhkəməmdə aparılmalıdır. Həmçinin ərizəçinin ərizəsində hüquqi əhəmiyyətli fakt qismində təsdiqlətmək istədiyi X1 əmək fəaliyyəti dövrü nəzərə alınmaqla ona sığorta stajı haqqında məlumat verilmişdir. Sözügedən sənədlərin əldə olunması əlçatan olması səbəbilə onun mövcudluqunun məhkəmədə təsdiqlənməsi yolverilməzdir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli arayışda onun 18.01,1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək sözügedən müəssisədə çalışdığı aylar üzrə əmək haqqı və digər gəlirlərin arayışa əlavə edilmiş cədvəl məlumatlarına uyqun olması bildirilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İddiaçının əmək kitabçasına qeyd edilən dövrlərin sığorta stajına daxil edilib- edilməməsi, həmin dövrlər üzrə məcburi dövlət sosial sığorta haqqının ödənilib- ödənilməməsi, əmək kitabçasının mötəbərliyi və s hallar inzibati icraat qaydasında müəyyən edilməlidir. Eyni zamanda ərizəçinin işlədiyini iddia etdiyi Astara rayon Tara Bazasında, Lerik rayon Çörək zavodunda işləyib-işləməməsi sözügedən müəssisələrdə işləməyi təsdiqləyən sənədlərin mövcud olmadığı sübuta yetirilmədiyindən inzibati məhkəmələr tərəfindən müvafiq inzibati icraat qaydasında müəyyən edilməlidir. Yuxarıda qeyd edilən sənədlərin mövcudluğu bir daha göstərir ki, sənədlərin başqa cür alınmasının mümkünsüzlüyü, yalnız məhkəmə qaydasında təsdiqlənməyinin zərurəti ərizəçi tərəfindən sübut olunmamışdır. Həmin sənədlərə hüquqi qiymət verilərək mötəbərliyinin müəyyən edilməsi zəruriliyi inzibati məhkəmənin yurisdiksiyasına aiddir. MPM-in 261-ci maddəsinə əsasən işə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə icraata xitam verilir. MPM-nin 308-ci maddəsində hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər qeyd edilmişdir. Həmin şərtlər kimi məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 305.1.1 -ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu sərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 2.5-ci maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığortaolunanların (o cümlədən, qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Hazırda məhkəmələr tərəfindən yuxarıda qeyd olunan qaydalara əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sosial sığorta stajı ən azı iki şahidin ifadələrinə əsasən və onların iddia edilən dövrdə göstərilən müəssisədə işləmələrini təsdiq edən sənədlər əsas götürülməklə müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarında əmək stajının təsdiq edilməsi barədə məsələlər öz əksini tapmışdır (12 aprel 2019-cu il, 03 saylı Qərar). Həmin Qərarın 13.4-cü bəndinə görə, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Müddəalardan göründüyü kimi, müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Həmçinin, ərizəçi məhkəməyə ünvanladığı ərizəsində iş stajını təsdiq edə biləcək sənədlərin başqa qaydada əldə edilməsinin mümkün olmadığını sübut etməmiş, bilvasitə inzibati icraat zamanı müəyyən edilməli olan halların mülki məhkəmə icraatı qaydasında baxılmasını xahiş etmişdir. Bir daha qeyd olunur ki, Sosial sığorta haqqında Azərbaycan Respublikası Qanununun 1.1.9-cu maddəsinə əsasən sığortaolunanın sığorta stajı - sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir. Əmək pesiyaları haqında Azərbaycan Respublikası Qanununun 21.1 -ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli Qərarının 13.1.-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Həmin qərarın 13.2.-ci bəndinə əsasən əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Həmin qərarın 13.3.-cü bəndinə əsasən əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. İş materialları ilə müəyyən olunur ki, ərizəçinin əmək stajını təsdiq edən əmək kitabçası mövcuddur. Bununla da hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər, yəni həmin faktı təsdiq edən sənədlərin olmaması və həmin sənədləri başqa qaydada ala və ya bərpa edə bilməməsi istisna edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, əmək və sığorta stajının mülki məhkəmə icraatı qaydasında müəyyən edilməsi yolverilməzdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının 15.4-cü bəndinə əsasən eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1.-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, məhkəmə iş üzrə icraata xitam verir. Həmin məcəllənin 170.1-ci maddsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1- 261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Beləliklə qeyd olunanalara əsasən məhkəmə hesab edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli, ərizəçiyə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170, 261.0.1, 262-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: İş üzrə icraata xitam verilsin. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi qaytarılsın. Ərizəçiyə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar