Məhkəmə qərarları › İş №2(004)-4162/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4162/2022

17.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Şərəf və ləyaqətin müdafiəsi üzrə - Mənəvi zərərin öd
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4162/2022 17.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Sadıqov Cəlil Cəfərbala oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi, notariat qaydasında təkzib verilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi, notariat qaydasında təkzib verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu maddi və mənəvi ziyana görə 30.000 manatın tutularaq ona ödənilməsi və “Hörmətli Səidə xanım sizi və ailəni təhqir, təhdid və iztirablar verdiyim üçün məni bağışlayın” kimi təkzib ərizəsinin notariat qaydada verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X4 ilə faktiki olaraq ailə həyatı qurmuşlar, nikahlarını 13 may 2014-cü il tarixdə rəsmiləşdirmişlər. Həmin nikahdan 3 övladları vardır. Ailə qurduqları ilk vaxtlarda münasibətləri yaxşı olmuş və xoşbəxt şəkildə yaşamışlar. 2019-cu ildə X2 davranışlarından şübhələnmiş və şübhələrini üstələmək, yoldaşını yoxlamaq, kiminlə əlaqədə olmağını müəyyən etmək məqsədi ilə onun avtomobilinə telefon yerləşdirmişdir. Bir müddət sonra telefonu götürdükdən sonra ərinin başqa birisi ilə danışıqlarını eşitmişdir. Danışıqlarından məlum olmuşdur ki, əri Cavabdeh ilə danışır və onların yaxın münasibətləri vardır. Bir neçə müddət sonra cavabdeh artıq bütün sərhədləri keçərək əri ilə olan şəkillərini “whatsapp” statusunda paylaşmağa başlamışdır. Bu azmış kimi cavabdeh onun əri ilə münasibətlərinin davam etdiyini nümayiş etdirmiş, əri ilə çəkilmiş gizli video görüntülərini ona göndərmiş və bu işdən həzz alırmış kimi ona mənəvi iztirablar vermişdir. Hətta cavabdeh ona təhqirlər etməyə, böhtanlar atmağa və təhdidlər etməyə başlamışdır. Həmçinin onu video görüntülərini paylaşmaqla şantaj etmişdir. Cavabdehin qanunsuz hərəkətlərindən müdafiə olunmaq üçün o, 17 saylı polis bölməsinə müraciət etmişdir. Lakin cavabdehin qanunsuz hərəkətləri, etdiyi təhdidlər, atılan böhtanlar onun səhhətində ciddi nöqsanlar yaratmış və nəticədə o, səhhətində yaranmış problemlə bağlı xəstəxanaya müraciət etmişdir. Bundan başqa cavabdehin onu və ailəsini təhqir etməsi niyyəti ilə edilmiş hərəkətlər səbəbindən qohumlar arasına çıxa bilmirlər. Yuxusuzluqdan əziyyət çəkir, başında səslər, ağrılar hiss edir, səhhətində gün ərzində qısa və ya uzun sürən halsızlıqlardan əziyyət çəkir. Bu hadisədən sonra ağır iztirablar keçirmiş, ictimaiyyət arasına çıxa bilmir və özlüyündə mənəvi iztirablar keçirir. Odur ki, Cavabdeh ona vurduğu maddi və mənəvi ziyana görə 30.000 manatın alınıb ona ödənilməsi və “Hörmətli Səidə xanım sizi və ailəni təhqir, təhdid və iztirablar verdiyim üçün məni bağışlayın” kimi təkzib ərizəsinin notariat qaydada verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, Cavabdeh ona vurduğu maddi ziyan və vəkil xidmətinə görə 1.500 manatın, müalicə xərcləri üçün 690 manatın, ona vurulmuş mənəvi ziyana görə 30.000 manat olmaqla, cəmi 32.190 manatın tutularaq ona ödənilməsi və “Hörmətli Səidə xanım sizi və ailəni təhqir, təhdid və iztirablar verdiyim üçün məni bağışlayın” kimi təkzib ərizəsinin notariat qaydada verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X5 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasına iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi heç bir məlumat həqiqətə uyğun deyildir. Belə ki, o, X4 ilə 6 ilə yaxın münasibətdə olmuşdur. F.F.Məhərrəmovla tanış olduqda ona bildirmişdir ki, başqa şəxslə rəsmi nikahdadır, lakin onların ailə münasibətləri formal xarakter daşıyır və faktiki olaraq öz mövcudluğunu itirmişdir. Həmçinin F.F.Məhərrəmovla münasibətləri davam etdiyi dövrdə səyahətlərə çıxmışlar, istirahət və bayram günlərini də birlikdə keçirmişlər. Bu müddət ərzində iddiaçı ona sosial şəbəkələr vasitəsilə təhqiredici sözlər yazmış və hədə-qorxu gəlmişdir, lakin o, onların münasibətlərinin formal xarakter daşıdığını bildiyi üçün iddiaçıya əhəmiyyət verməmişdir. Sonuncu dəfə 2022-ci ilin aprel ayında tərəfindən “WhatsApp” mobil tətbiqində birgə şəkillərini paylaşmışdır. Bundan sonra iddiaçı ona zəng vuraraq illərlə onların münasibətlərindən xəbəri olmasına baxmayaraq həmin şəkilləri paylaşdığı üçün ondan bununla bağlı izahat verməyini istəmişdir. O, isə münasibətlərindən xəbəri olduğunu, buna görə də ondan izahat istəməyə haqqı olmadığını bildirmiş və əlavə olaraq münasibətlərinin həqiqi olduğunu sübut etmək üçün birlikdə keçirdikləri istirahət və bayram günlərində çəkilmiş video və fotoşəkilləri iddiaçıya göndərmişdir. Həmçinin iddiaçıdan F.F.Məhərrəmovla münasibətlərinin olduğunu sübut etməsi üçün video və şəkillərin göndərməsini istəmiş, lakin münasibətləri formal xarakter daşıdığı üçün heç bir sübut göndərməmişdir. Bundan sonra iddiaçı ondan polis bölməsinə şikayət vermişdir. Polis bölməsindən çıxdıqdan sonra iddiaçı və əri F.F.Məhərrəmov onu təhqir etməyə, ona hədə-qorxu gəlməyə, təhqiredici səs yazıları göndərməyə başlamışlar. Həmçinin onu da qeyd edir ki, iddiaçı tərəfin məhkəməyə təqdim edilən tibbi arayışın və həkim tərəfindən qoyulan diaqnozun hansı səbəbdən olduğu və məhz onun hansısa hərəkəti nəticəsində olub-olmadığı sübuta yetirilmir. Həmçinin o, iddiaçıya qarşı təhqiredici sözlər istifadə etməmiş, ona böhtan atmamışdır. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 cavabdehin verdiyi izahatla eyni məzmunlu izahat verərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: -“BONADEA İnternational Hospital” tərəfindən verilmiş 20 iyun 2022-ci il tarixli 998 nömrəli tibbi arayışdan görünür ki, İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il tarixləri arasında klinikada müayinədə olmuş, müalicənin davamı üçün daha sonra psixiatra yönləndirilmişdir. - Mərkəzi Klinika tərəfindən verilmiş xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli arayışlardan görünür ki, İddiaçı qeyd olunan tarixlərdə psixiatr Azər Bağırovun qəbulunda olmuşdur. Məhkəmə ilk növbədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 46.1-ci maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Konstitusiyanın 46.2-ci maddəsinə əsasən şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edilmişsə, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il 7 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Göstərilən Qərarın 6-cı bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə müvafiq olaraq başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. Qanunvericiliyin tələblərinə əsasən hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən onun şərəf və ləyaqətinin alçaldılmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş tibbi arayışlarda göstərilən xəstəliklərin cavabdehin hərəkətləri nəticəsində baş verdiyini təsdiq edən hər hansı dəlil məhkəməyə təqdim edilmədiyindən iddia tələbi qeyd edilən hissədə əsassızdır və rədd edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən maddi və mənəvi ziyanın tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfı psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması, həmçinin onun şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi hallarında özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. “İnsan Hüquqlarının və X3 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə hesab edir ki, iddiaçı hazırki məsələ ilə bağlı mənəvi istirablar keçirməsini sübuta yetirə bilməmiş, mənəvi sarsıntılar keçirməsinə dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Ümumiyyətlə ona mənəvi zərərin vurulmasını cavabdeh tərəfindən onun təhqir, təhdid edilməsi və ona böhtan atılması ilə əlaqələndirmişdir. Lakin qeyd olunan halları sübuta yetirə bilməmişdir. Cavabdehin qeyd olunan hərəkətləri sübuta yetirilmədiyindən həmin hərəkətlər nəticəsində iddiaçıya maddi və mənəvi zərərin vurulması faktı da əsassız hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh ona vurduğu maddi ziyan və vəkil xidmətinə görə 1500 manat, müalicə xərcləri üçün 690 manat, ona vurduğu mənəvi ziyana görə 30.000 manat olmaqla, cəmi 3219 manatın tutularaq ona ödənilməsi və “Hörmətli Səidə xanım sizi və ailəni təhqir, təhdid və iztirablar verdiyim üçün məni bağışlayın” kimi təkzib ərizəsinin notariat qaydada verilməsi barədə iddia tələbi rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar